Əqli nəticə- vahid məqsədə tabe olan, bir sıra əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə mürəkkəb fikri fəaliyyətə deyilir. Əqli nəticə prosesində təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır. Əqli nəticədə və ya yekun hökmlərdə əldə olunan biliklər əsasında yeni biliklərə yiyələnmək olur, biliyə bilik vasitəsi ilə yiyələnilir, birbaşa təcrübənin hesabına yeni biliklər mənimsənilir, obyektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır. Əqli nəticənin əsas qiyməti bundadır. Əqli nəticə bir və ya bir neçə hökmə əsasən yeni hökmün çıxarılmasından ibarət təfəkkür formasıdır. Məsələn, “ikinci kursun bütün tələbələri təşəkkür aldılar” və “Təranə də ikinci kurs tələbəsidir” hökmlərinə əsasən “Təranə də təşəkkür almışdır” hökmünü çıxarırıq. Əqli nəticənin üç əsas növü vardır: induktiv, deduktiv əqli nəticə və analogiya (təşbeh)
İnduktiv əqli nəticə xüsusi hallardan, misallardan (hökmlərdən) ümumi nəticə çıxarmaqdan ibarətdir. Məsələn, dəmirin, misin, poladın, gümüşün və s. istidən genişləndiyini və onların metal olduğunu müəyyənləşdirmək əsasında “Bütün metallar istidən genişlənir” hökmünü çıxarırıq.
Deduktiv əqli nəticə isə ümumi hallardan, misallardan (hökmlərdən) xüsusi nəticə çıxarmaqdan ibarətdir. Məsələn, “Bütün xüsusi isimlər yazıda böyük hərflə başlayır”. “Bakı xüsusi isimdir” hökmlərinə əsasən “Deməli, Bakı böyük hərflə yazılır” nəticəsini çıxarırıq.
Analogiyaya gəldikdə bu zaman ayrı-ayrı hallardan bənzətmə üzrə nəticə çıxarılır.
6. Təfəkkürün fərdi xüsusiyyətləri. İnsanların hamısında təfəkkür eyni şəkildə inkişaf etmir. İnsanlar ağlın keyfiyyətlərinə görə bir-birilərndən daha çox fərqlənirlər. Buraya ağlın dərinliyi, çevikliyi, müstəqilliyi, tənqidiliyi və s. aid etmək olar.
Ağlın dərinliyi cisim və hadisələr arasındakı, onların daxilindəki ən əsas, başlıca əlamətləri tapmaq bacarığından ibarətdir. Dərin ağla malik olan insan gərəkli sualları qoymaqla hadisənin mahiyyətini aça bilir, cisim və hadisələri dərindən və hərtərəfli öyrənir. Bu cür adamlar əsas cəhətləri ikinci dərəcəli cəhətlərdən ayıra bilirllər. Lakin ağıl dayaz olduqda belə adam öyrəndiyi faktlarda ən gərəkli, əsas cəhəti aşkara çıxara bilmir, formal, gərəkli cəhətlərə istinad etdiyinə görə onun fikirlərində dərinlik olmur.
Ağlın çevikliyi də insan üçün gərəkli olan müsbət keyfiyyətlərdəndir. Bu keyfiyyət xüsusilə insandan ani bir vaxtda qərar qəbul etmək lazım gəldikdə tələb olunur. Ona görə də həmin keyfiyyətə malik olan insan düşdüyü vəziyyətdən baş çıxarmağı, dərhal qərar qəbul etməyi bacarır. Ağlın çevikliyi və dərinliyi birləşdikdə insanda ağlın itiliyi keyfiyyətinin meydana gəlməsinə səbəb olur.
Dostları ilə paylaş: |