Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə64/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   60   61   62   63   64   65   66   67   ...   95
İxtisas: RİM

Kurs: 3

Fənn: Psixalogiya

Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com


MÖVZU 12: TƏXƏYYÜL

PLAN

1.Təxəyyül anlayışı, təxəyyülün fizioloji əsasları.

2.Təxəyyülün növləri

3.Təxəyyül surətlərinin yaradılması prosesi

4. Təxəyyül və oyun.

5. Təxəyyül və yaradıcılıq

ƏDƏBİYYAT
1.Bayramov Ə. S.Tərccümə red.ilə Ümumi psixologiya,B.1982
2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə. Psixologiya, B.1989,2006
3.Məhərrəmov M. C. Psixologiya B.1968
4.Əliyev R. Psixologiya ,B.2006

1.Təxəyyül anlayışı, təxəyyülün fizioloji əsasları. Keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə təxəyyül deyilir.

Təxəyyül başqa idrak proseslərindən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir.



  1. Keçmiş qavrayış materialının olması.

  2. Materialın yenidən işlənməsi.

  3. Bu əsasda yeni surətin yaradılması.

Eksperimental surətdə aydınlaşdırılmışdır ki, insanda hipotalamik- limbik sistem zədələndikdə, psixikada xarakterik pozğunluqlar baş verə bilər. Əgər belə xəstəyə alınacaq şeylərin siyahısını verib mağazaya göndərsək, o tapşırığı olduqca səlqə ilə yerinə yetirəcəkdir. Lakin şeyləri aldıqdan sonra o, artıq onlarla nə etmək lazım olduğunu başa düşə bilməyəcək. Belə xəstələr hər hansı bir işin sadə planını belə müəyyən etmək, onların nəticəsini qabaqcadan görmək iqtidarına malik deyildirlər. Davranışın ən adi, lakin ola bilər ki, eyni zamanda ən mühüm rolu isə elə davranış planının, proqramının işlənilməsindən ibarətdir.

Təxəyyül surətləri yaradan insan beyni orqanizmin periferik hissələrinə tənzimedici təsir göstərir, onların fəaliyyət prosesini dəyişir. Hələ orta əsrlərdə qeyri-adi bir fakt məlum idi: əsasən sinir pozuqluğu (isteriya) xəstəliyi olan bəzi adamlar İsa peyğəmbərin incil rəvayətinə görə, çarmıxa çəkildiyi əzablar haqqında düşündükdən sonra onların ovuclarının içərisində və ayaqlarının pəncələrində qançır və hətta yara şəklində çarmıx əlamətləri əmələ gəlirdi. Belə əlamətlər stiqmatlar ( yunan dilində stiqma “yara yeri” deməkdir ) adlanırdı.

Təxəyyülün fizioloji əsasını beyin yarımkürələri qabığının fəaliyyəti, talamus, hipotalamus və limbik sistem təşkil edir.

Təxəyyül və təfəkkür arasında həm oxşar, həm də fərqli cəhətlər vardır. Oxşar cəhətlər bunlardır:



  1. Həm təxəyyül, həm də təfəkkür problem situasiya zamanı yaranır.

  2. Həm təxəyyül, həm də təfəkkür insanın motivlər sistemi ilə bağlıdır.

  3. İstər təxəyyül, istərsə də təfəkür gələcəyi qabaqcadan görməyə imkan verir.

Fərqli cəhətlər isə bunlardır:

  1. Təfəkkür cisim və hadisələrin mahiyyətini açmağa xidmət edir. Təxəyyül isə məlum hadisələrə istinad edir, yeni naməlum surət yaradır.

  2. Təfəkkür hesabına anlayışlar formalaşır, təxəyyül isə anlayışları seçməyə xidmət edir.

  3. Təxəyyül məsələ həlli zamanı təfəkkürü qabaqlayır.

Təxəyyül prosesində insan xarici aləmdə bilavasitə olmayan yeni surətlər yaradır. Lakin insan təxəyyül prosesində nə qədər yeni surətlər yaratsa da, heç bir şeyi özündən uydurmur, yeni surətin ayrı-ayrı əlamət və ünsürlərini ancaq həyatdan götürür. Təxəyyül surətlərinin keyfiyyəti, hər şeydən əvvəl insanın təsəvvür ehtiyatının, bilik təcrübəsinin zəngin, çoxcəhətli olmasından asılıdır; onlar nə qədər əhatəli olsa təxəyyüldə yeni surətlər yaratmaq üçün də gərəkli material çox olar.

2.Təxəyyülün növləri. Təxəyyülün iki növü vardır: passiv və fəal təxəyyül.

Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf mühiti dəyişdirməyə yönəlmiş yaradıcı fəaliyyət kimi özünü göstərmir. İnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda insan fantastik təsəvvürlər aləminə qapılır, özünün çətin vəzifələrini həyata keçirmək naminə, sanki təxəyyülünün yaratdığı surətlərin arxasında gizlənir. Bu cür təxəyyül növü passiv təxəyyül adlanır. Passiv təxəyyül özü də iki növə, niyyətli və niyyətsiz təxəyyül növlərinə ayrılır. Yuxarıdakı misalda verdiyimiz təxəyyül prosesi niyyətli passiv təxəyyül prosesidir. Niyyətli şəkildə gedən təxəyyül prosesində həyatda təcəssümü mümkün olmayan surətlər yaradılırsa, buna xülya deyilir.

Xoş, sevincli xülyaya qapılmaq hər kəsə xas olan bir cəhətdir. Xülya obrazları ilə insanın tələbatları arasında bir başa rabitə, əlaqə mövcuddur. Bu cəhət şəxsiyyəyin mənfi cəhəti olub, onu passivləşdirən, fəaliyyətdən qoyan bir cəhətdir.

Passiv təxəyyülün niyyətsiz növü adətən şüurun, insanda ikinci siqnal sisteminin fəaliyyəti zəiflədiyi zaman baş verir. Məsələn, siz sərin otaqda yatmısınız və üstünüzü qalın yorğanla örtmüsünüz. Gecə sizin əliniz ya da ayağınız yorğandan kənara çıxır. Bu zaman siz soyuğu hiss etməyə başlayırsınız. Bu duyğu sizdə təxəyyül prosesinin əmələ gəlməsinə səbəb olur, siz yuxu görürsünüz. Görürsünüz ki, qarın üstə ayaqyalın gəzirsiniz, soyuqdan gizlənməyə çalışırsınız və s. Bütün röya obrazları niyyətsiz passiv təxəyyül fəaliyyətinin nəticəsi kimi özünü göstərir.



Fəal təxəyyül həmişə niyyətli xarakterə malik olub, bərpaedici yaradıcı təxəyyül növlərinə bölünür. Bərpaedici təxəyyül təsvirə, sxemə əsasən surətlərin yaradılması prosesidir. Mövcud olmuş, yaxud mövcud olan, lakin bizim tərəfimizdən heç zaman bilavasitə qavranılmamış obyektlərin təsvirə əsasən surətlərinin yaradılmasına bərpaedici təxəyyül deyilir. Məsələn, bədii əsərlərdə təbiət təsvirlərinə aid parçaları oxuyarkən gözümüzün qarşısında, yəni təxəyyülümüzdə bizim heç vaxt olmadığımız bir yerin, ərazinin obrazı yaranır. Şagird tarix, coğrafiya fənləri ilə bağlı materialları öyrənərkən, dərslikdə verilən təsvirlərə əsasən, müxtəlif coğrafi əraziləri, tarixdə baş verən döyüş səhnələrini, onların obrazlarını təxəyyülündə yaradır. Bütün bunlar da öz növbəsində təlim materialının mənimsənilməsində, uzun müddət yadda saxlanılmasında çox böyük önəm daşıyır. Təxəyyülün bu növü təlim fəaliyyətində müstəsna əhəmiyyətə malikdir.

Yaradıcı təxəyyül fəaliyyətin tərkib hissəsini təşkil edən yeni surətlərin yaradılmasıdır. Təxəyyülün bu növü heç bir sxemə, təsvirə istinad etmədən, müstəqil olaraq yeni surətlərin yaradılmasından ibarətdir. Bəzən yanlış olaraq yaradıcı təxəyyüllə, yəni yeni obrazların yaradılması prosesi ilə yaradıcılıq deyılən fəaliyyət prosesini eyniləşdirirlər. Təbii ki, insanın yaradıcılıq fəaliyyəti yaradıcı təxəyyüllə çox bağlıdır. Lakin bunlar eyniləşə bilməz.

Xəyal. Təxəyyülün növlərindən biri də xəyaldır. Xəyal arzu edilən gələcəyə yönəlmiş obrazların yaradılması prosesidir. Xəyal xülya deyil. Xəyalı xülyadan ayıran odur ki, xəyal əsasən real, həyata keçirilməsi mümkün olan surətlərin yaradılması prosesidir. Xəyal insanın fəallığının çox qüvvətli stimullarından biridir. Xəyal insana fəaliyyətində bir güc, qüvvə verir. Xüsusilə gənclərin, məktəblilərin gələcək peşələri, həyat mövqeləri haqqındakı xəyalları onları yaxşı oxumağa, çalışmağa, özlərinin təhsil fəaliyyətlərinə daha ciddi yanaşmağa sövq edir. Göstərdiyimiz bütün bu cəhətlərinə görə xəyal insanı passivləşdirən xülyadan fərqlənir. Xəyal insanın reallaşa bilən, yaxud reallaşması mümkün olan fantaziyasıdır. Xəyal insanın fəaliyyətinin təhrikedici səbəbi, motivi kimi, meydana çıxır. Elə bu baxımdan demək olar ki, insan əli ilə düzəldilmiş hər şey öz tarixi mahiyyətinə görə maddiləşmiş, həyata keçirilmiş insan xəyalıdır.

3.Təxəyyül surətlərinin yaradılması prosesi. Təxəyyül surətlərinin yaradılması prosesi önəmli fikri proseslər olan təhlil-tərkib fəaliyyəti ilə bağlıdır. Təhlil və tərkib təkcə təfəkkür fəaliyyətinin əsasını deyil, həm də təxəyyül surətlərinin yaradılmasının əsasını təşkil edir. Bu cəhət yaradıcılığın bütün sahələrində həm elmi, həm də ədəbi yaradıcılıq sahəsində çox aydın şəkildə özünü göstərir. Yazıçı bu və ya digər surəti yaratmaq üçün müşahidələr aparır, həyatda rastlaşdığı insanları, onların hərəkətlərini təhlildən keçirir, daha sonra müxtəlif adamlarda müşahidə etdiyi xüsusiyyətləri, əlamətləri birləşdirir.

Surətlərin yaradılmasında yazıçının həyata keçirdiyi bu tərkib, sintezləşdirmə fəaliyyəti adlanır. Təxəyyül surətlərini yaradarkən istifadə edilən sintezləşdirmə tərzlərindən biri aqqlutinasiya adlanır. Aqqlutinasiya elə sintezləşdirmə tərzidir ki, bu zaman real həyatda bir-biri ilə birləşməyən müxtəlif keyfiyyətləri, xassələri, hissələri birləşdirərək yeni bir surətin yaradılması prosesi baş verir. Məsələn, su pərisi surətinin yaradılması prosesi real həyatda birləşməsi mümkün olmayan qadının başı və balığın gövdəsi kimi hissələrin birləşdirilməsi əsasında baş verir. Çoxəlli ilahələrin, yeddibaşlı əjdahaların obrazlarının yaradılması da sintezləşdirmənin aqqlyutinasiya deyilən tərzinin köməyi ilə edilmişdir.

Təxəyyül prosesində özünü göstərən sintezləşdirmə tərzlərindən biri də hiperbolizsiyadır. Hiperbolizasiya təxəyyül obrazlarının yaradılmasında mübaliğədən istifadə etmək deməkdir. Mübaliğə iki istiqamətdə gedə bilər: şişirtmə və kiçiltmə istiqamətində. Məsələn, nağıllarımızda və dastanlarımızda xalq öz qəhrəmanlarının obrazını yaradarkən mübaliğədən istifadə etmişlər.

Təxəyyül prosesində surətlərin yaradılmasında istifadə edilən tərkib üsullardan biri də nəzərə çarpdırmaq, yaxud aksentləşdirmədir. Aksentləşdirmə zamanı xarakterik olan cəhət odur ki, surətlərin yaradılması prosesində birləşdirilən elementlərdən biri qabarıq, daha nəzərə çarpacaq şəkildə olur. Yoldaşlıq şarjlarının, karikaturaların yaradılmasında rəssam həmin tərzdən istifadə edir.



4. Təxəyyül və oyun. İstər öncəki dövr, istərsə də məktbəqədər yaş dövrü olsun, ümumiyyətlə, uşaqlarda təxəyyül oyun prosesində inkişaf edir. Uşaq öz oyununda təqlid yolu ilə bu peşə sahiblərinin zahirdə olan hərəkətlərini yamsılayır. Uşaq oyun prosesində cisimlərin əlamətlərini, insanların funksiyalarını, insanlar arasındakı münasibətləri dərk etməyə başlayır. Uşağın oyun fəaliyyətində yaradıcılıq ünsürləri nəzərə çarpır. Uşağın təxəyyülünün yaradıcı funksiysı özünü büruzə verir. Uşaq şəraiti dəyişdirir, predmetləri yeni qaydada yerləşdirməyə can atır, əşyalara özü bidiyi funksiyaları həvalə edir. Oyun prosesində uşağın təxəyyülü ixtiyari xarakter daşımağa başlayır. Belə ki, təxəyyül obrazları əvvəlcədən müəyyən olunmuş məqsədlə bağlı olaraq yaradılır. Lakin məktəbəqədər yaş dövrünün əvvəllərində bu məqsəd uşağın özü tərəfindən deyil, böyüklər tərəfindən uşağın qarşısında qoyulur. Məsələn, kubikləri uşağın qabağına tökür və deyirik: “Bu kubiklərdən evcik qur”. Uşaq da öz bacarığı dairəsində bu işi görür və bu prosesdə onda istər-istəməz təxəyyül fəaliyyəti canlanır.

Məktəbəqədər yaşın sonrakı dövrlərində uşaq özü fəaliyyətə başlamamışdan qabaq qarşısına müəyyən məqsədlər qoyur. Beləliklə də, nəticə etibarı ilə uşağın təxəyyül fəaliyyəti ümumən onun fəaliyyətinə bir ixtiyarilik gətirir. Təxəyyülün uşaqlarda inkişafı onların oyunlarını daha mürəkkəb və davamlı edir. Psixoloqlara görə, oyun 3-4 yaşlı uşaqlarda 10-15 dəqiqə, 5 yaşlı uşaqlarda 40-50 dəqiqə, 6-7 yaşlı uşaqlarda bir neçə saat davam edə bilir. Oyun prosesində uşağın duyğuları, qavrayışı, hafizəsi və təfəkkürü inkişaf edir və bütün bunlar onun təxəyyül fəaliyyətinin də inkişafına səbəb olur.



5. Təxəyyül və yaradıcılıq. Yaradıcılıq insanın elə bir mürəkkəb fəaliyyətinə deyilir ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində yeni əsərlər meydana gəlir. Yaradıcılıq prosesində insanın bütün psixi prosesləri, onun duyğu, qavrayış, hafizə, təfəkkür və təxəyyülü iştirak edir. Burada təxəyyül böyük rol oynayır. Xüsusilə bədii yaradıcılıqda təxəyyül müstəsna dərəcədə önəmlidir. Hər bir ədəbi-bədii əsər ideya məzmuna malik olur. Sənətkar, yazıçı bu ideyanı elmi əsərlərdəkindən fərqli olaraq konkret obrazların vasitəsilə əks etdirir. Fransız psixoloqu Ribonun fikrinə görə, təxəyyül fəaliyyətinin yeri elmi, texniki yaradıcılıqda olduğundan da artıqdır. Təbiidir ki, alimin, ixtiraçının fikri prosesində anlayışlarla yanaşı əyani obrazlar da bu və ya başqa şəkildə iştirak edir. Lakin qavrayış, eləcə də hafizə obrazlarının mövcudluğu təfəkkürün qarşısında duran məsələni həll etməyə imkan vermir. Belə olduqda qavrayış, hafizə obrazları dəyişdirilir ki, bu da yeni bir nəzəriyyənin, kəşfin meydana çıxması ilə nəticələnir. Bu prosesdə hakim rol təxəyyülün üzərinə düşür.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin