Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə14/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   10   11   12   13   14   15   16   17   ...   95
İxtisas: RİM

Kurs: 3

Fənn: Psixalogiya

Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com

MÖVZU 4: FƏALİYYƏT

Plan

1.Fəaliyyət haqqında anlayış

2. Fəaliyyət və fəallıq

3.Fəaliyyətin quruluşu

4.Fəaliyyətin mənimsənilməsi

5.Fəaliyyətin əsəs növləri

ƏDƏBİYYAT
1.Bayramov Ə. S.Tərccümə red.ilə Ümumi psixologiya,B.1982
2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə. Psixologiya, B.1989,2006
3.Məhərrəmov M. C. Psixologiya B.1968
4.Əliyev R. Psixologiya ,B.2006


1. Fəaliyyət haqqında anlayış. İnsan fəal varlıqdır. O, ətraf aləmə, təbiətə fəal təsir göstərir, onu dəyişdirməklə özü də dəyişir. İnsanla təbiət arasında bu cür fəal qarşılıqllı təsir prosesi fəaliyyət adlandırılır. Bu prosesdə insan subyekt kimi çıxış edir, obyektə məqsədəyönəlmiş şəkildə təsir göstərməklə özünün təlləbatlarını ödəyir. Fəaliyyət insanın dərk olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığıdır. Deməli, fəaliyyət zamanı insanın həm psixi, həm də fiziki fəallığı baş verə bilir. Bunların hər ikisində insanın fəallığı onun öz qarşısına qoyduğu dərk olunmuş məqsədləri ilə tənzim edilir. Fəaliyyət və şüur qarşılıqı vəhdət təşkil edir. Fəaliyyət prosesində insan onu əhatə edən cism və hadisələri haqqında məlumat və bu məlumatlar əsasında onda həmin cisim və hadisələrə qarşı münasibət formalaşır. Fəaliyyət prosesində subyektin bilik çərçivəsi genişlənir, psixikası inkişaf edir və beləliklə də şüurluluq səviyyəsi güclənir. Şüurun inkişafı isə öz növbəsində fəaliyyətin məqsədəuyğunluq səviyyəsini, onun dəqiqlik dərəcəsini inkişaf etdirir.

2. Fəaliyyət və fəallıq. Fəaliyyət insanın onu əhatə edən aləmlə, onun özünə və başqalarına fəal münasibətini əks etdirən, onun tələbatlarını ödəməyə yönəldilmiş prosesdir. Hər hansı bir fəaliyyətin başlanmasının əsasında mütləq müəyyən tələbat və tələbatlar sistemi durur. Tələbatlar orqanizmin önəmli daxili gücünü təşkil etməklə onu fərdin və nəslin yaşaması və inkişafı üçün gərəkli olan keyfiyyətcə müəyyən fəallıq formasını (fəaliyyəti) həyata keçirməyə təhrik edir. Tələbatlar insanın konkret həyat şəraitindən asılılığını ifadə edən və onun bu şəraitdə fəallığını şərtləndirən özünəməxsus psixi halətdir.

İnsanı əhatə edən cisim və hadisələr heç də daimi deyil, onun həyatının müxtəlif vaxtlarında tələbatlarının obyekti olur və onu uyğun fəaliyyətə təhrik edir. Bununla yanaşı olaraq insanın bu və ya digər tələbatını ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur. Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək insanı fəaliyyətə təhrik edə bilir. Tələbatların ödənilməsi ilə bağlı olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə, fəaliyyətə təhrik edən motivlər dərk edilən və dərk edilməyən olmaqla daha iki qrupda birləşdirilir. Dərk edilən motivlər nəyin bizi bu və ya digər işə, fəaliyyətə təhrik etməsini anlamağımız, dərk etməyimizlə fərqlənir. Dərk edilməyən motivlərə gəldikdə elə təhriklər nəzərdə tutulur ki, həmin təhriklərin mahiyyətini biz tam aydınlığı ilə dərk edə bilmirik. Bu cür motivlərə həvəsi, ustanovkanı aid etmək mümkündür.



3. Fəaliyyətin quruluşu. İnsanın hər cür fəaliyyəti eyni quruluşda, eyni sistem və ardıcıllıqla həyata keçir. İnsanın istər maddi, istərsə də mənəvi fəaliyyətinin quruluşunu təhlil etdikdə onun təxmini məzmununu təşkil edən aşağıdakı əsas elementləri, komponentləri aşkara çıxarmaq mümkün olur: fəaliyyətin motivləri, fəaliyyətin məqsədifəaliyyətin vasitələri. Motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən, yönəldən səbəblərdir. Məqsəd insanın fəaliyyət zamanı hansı nəticəyə nail olmağa yönəlməsidir. Son nəticə hər zaman fəaliyyətin məqsədi kimi özünü göstərir. Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düşsə də çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənir. Məsələn, tələbədə olmayan hər hansı bir kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv, həm də məqsəd rolunu oynaya bilər. Lakin psixologiya dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi, həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaşması üçün getməsi isə motiv ola bilər. İnsanın qarşısına qoyduğu məqsədə çatmaq üçün düzgün yol və vasitələrin seçilməsi önəmli şərtdir. İnsan fəaliyyəti üç mərhələni keçir: hazırlıq, icra və qiymətləndirmə. Fəaliyyət zamanı icra olunan işlər daima özünəməxsus idarəolunma və nəzarət tələb edir. Təcrübə göstərir ki, iş və hərəkətlərin icrası zamanı nəzarəti yerinə yetriə bilməyən adamlar ən sadə işi də yerinə yetirmək imkanına malik olmurlar. Məsələn, bu cür uşaqlar sətir boyu xətt çəkməyi belə bacarmırlar, sətrləri bir-birinə qarışdırırlar.

4. Fəaliyyətin mənimsənilməsi. İnsan həyatı boyu müxtəlif fəaliyyət növlərini, iş və hərəkətləri icra etməli olur. Lakin bu iş və hərəkətlərin icrası həmişə eyni şəkildə asanlıqla getmir. İnsan artıq icra tərzlərinə yiyələndiyi iş və hərəkətləri çətinlik çəkmədən, sərbəst və səhvsiz olaraq yerinə yetirir, onun icrasına artıq vaxt sərf etmir. Bu onu göstərir ki, insan həmin fəaliyyəti mənimsəmişdir. Məsələn, I sinfin sonlarına doğru şagird ona verilən mətni oxuya bilmirsə, bu zaman çoxlu səhvlərə yol verirsə deməli o, bu işi mənimsəməmişdir. Fəaliyyətin mənimsənilməsi nəticəsində insanda uyğun vərdişlər və bacarıqlar yaranır və onun həmin fəaliyyəti uğurla yerinə yetirilməsini təmin edir. İnsan fəaliyyəti üçün şüurluluq əsasdır. İnsan hər hansı bir fəaliyyətin icrasına ilk dəfə başlayarkən işin müəyyən cəhətlərini öncədən müfəssəl şəkildə şüurlu tənzim etməli olur. Həmin işin dəfələrlə icrası, təkrarı nəticəsində get-gedə həmin işi şüurun daha az iştirakı ilə yerinə yetirməyə başlayr, həmin iş avtomatlaşır. Şüurlu təkrarlar nəticəsində insanda fəaliyyətin avtomatlaşmış şəkli vərdiş adlanır. Vərdişlər yaranarkən işin strukturunda bir sıra dəyişikliklər özünü göstərir. Bunlara aşağıdakıları aid etmək olar:

1. Vərdiş yaranarkən biz hərəkətləri ardıcıl olaraq fasiləsiz şəkildə, sürətlə yerinə yetirə bilirik. Məsələn, hər hansı bir musiqi parçasını çalmağı ilk dəfə öyrənən adam öncə uyğun notları ayrı-ayrılıqda icra edir. Vərdiş yarandıqdan sonra həmin musiqi parçasını sürətlə ifa edir.

2. Vərdiş yaranarkən artıq, lazımsız hərəkətlər aradan çıxır. Məsələn, xarici dili yenicə öyrənməyə başlayan adam danışarkən tez-tez dayanır, fikirləşir, artıq sözlər işlədir, ana dilinin strukturundan uzaqlaşa bilmir. Lakin vərdiş yarandıqdan sonra bu kimi artıq hərəkətlərə yol verilmir.

3. İş üzərində sensor nəzarət üsulları dəyişir, görmə nəzarəti hərəkət nəzarəti ilə əvəz olunur. Məsələn, kompyüterdə işləməyə təzəcə başlayan adam daima gözü ilə əlini nəyin üzərinə aparacağını, nəyə toxunacağını izləyir. Lakin bu sahədə vərdişə yiyələnmiş təcrübəli adam nəyi edəcəyini gözü ilə axtarmadan sanki barmaqları lazımi nöqtəyə yönəlir.

Fəaliyyətin mənimsənilməsi bacarıq və vərdişlərlə nəticələnir. Hər hansı bir vərdiş hər hansı bir fəaliyyətə nə qədər çox, tez-tez tətbiq olunarsa və həyatda təkrar edilərsə bir o qədər avtomatlaşmış və möhkəm olur. Əksinə, qazanılmış vərdişdən uzun zaman fəaliyyətdə istifadə olunmadıqda, bu cür vərdişlər get-gedə sönür. Təcrübə göəstərir ki, insanın qazandığı vərdişlərdən bəziləri yeni vərdişin yaranmasına və fəaliyyət göstərməsinə kömək edir. Həmin vərdişin təsiri altında fəaliyyətin digər cəhətlərinin yerinə yetirilməsi asanlaşır. Bu prosesdə yeni vərdişlərin yaranmasına keçmiş vərdişin mexanizmi bir növ köməkçi rol oynayır. Öncə yaranmış vərdişlər heç də həmişə vərdişin yaranmasını asanlaşdırmır, bəzən yeni yaranmış vərdişlərin yaranmasını çətinləşdirir. Öncə yaranmış vərdişlərin yeni vərdişlərin yaranmasına bu cür müsbət və mənfi təsiri psixologiyada vərdişlərin qarşılıqlı təsiri adlanır. Öncə yaranmış vərdişlər yeni vərdişlərin yaranmasına müsbət təsir göstərir, onu asanlaşdırırsa bu hal müasir psixologiyada vərdişlərin keçirilməsi adlanır. Əksinə, öncə yaranmış vərdişlərin yeni vərdişlərin yaranmasına mənfi təsir göstərməsi, onu ləngitməsi isə interferensiya adlanır. İnsanda mənimsənilmiş işlərin keçirilməsi halları nə qədər genis olarsa o, bir o qədər çox öyrənir, onun öyrənilməsinin nəticəsi bir o qədər məhsuldar olur. Məsələn, bir musiqi alətində çalmaq vərdişlərinə yiyələnən adam digər musiqi alətində çalmağı asanlıqla öyrənir. Çox zaman şagirdlərin indi keçdikləri qayda əvvəl keçdiklərinə və ya əksinə əvvəl keçdikləri qayda hazırda keçdiklərinə ləngidici təsir göstərir. Adətən bu hal mənimsəmənin ilk mərhələsində özünü göstərir və psixologiyada retroaktiv proaktiv ləngimə kimi qeyd edilir. Bəzən belə hal müəllimləri çox təəccübləndirir. Şagird öyrəndiyi qaydanı çox gözəl izah edir, qaydanı yazıya tətbiq etməyi də bacarır. Lakin bundan sonra yeni bir qayda öyrənərkən buna aid yenicə yaranan müvəqqəti əlaqələrin təsiri altında öncəkinə aid səhvlərə yol verməyə başlayır. Bu cür halda retroaktiv ləngimə özünü göstərir. Fəaliyyətin mənimsənilməsi zamanı vərdişlərlə yanaşı bacarıqlar da formalaşır. Vərdişlərədən fərqli olaraq bacarıqlar həmişə fəal əqli fəaliyyətə əsaslanır və mütləq təfəkkürü həmin fəaliyyətə daxil edir. Gərəkli zehni nəzarət bacarıqları vərdişlərdən fərqləndirən başlıca cəhətdir.



Adətlər də vərdişlər kimi işin, hərəkətlərin icrasının avtomatlaşmasıdır. Lakin vərdişlərdən fərqli olaraq adət yarandıqda həmin iş və ya hərəkətin icrası insanın tələbatına çevrilir. İnsan daima özünün həmin tələbatını ödəməyə can atır. Məsələn, insanda oxu vərdişi yarandıqda o, çətinlik çəkmədən götürdüyü kitabı səhvsiz və sürətlə oxuya bilir, lakin bu işi yalnız gərəkli olduqda həyata keçirir. Adətdə isə belə deyildir. Məsələn, hər gün yatağa uzanmadan qabaq kitab oxumağa adət etmiş adam bu işi görmədən yata bilmir. Yaxud, həmişə yeməkdən qabaq əllərini yumağa adət etmiş adam buna əməl etməyə bilmir. Vərdişlər şüurlu təkrarlar- mümasirələr sayəsində yaranır. Adətlər isə bu cür şüurlu təkrarlar olmadan da yarana bilir. Məsələn, şagird dərsdə yerindən danışmağı qarşısına məqsəd qoymur. Təsadüfən bir neçə dəfə yerindən danışır və nəticədə danışqanlığa adət edir. Həyati faktlardan aydın olur ki, insanın yiyələndiyi vərdiş əgər xeyirli deyildirsə o qədər ziyanı da olmur. Lakin insanda formalaşan adət həm xeyirli, həm də ziyanlı ola bilər. Məsələn, böyük gələndə ayağa qalxmaq, başqasının sözünü kəsməmək xeyirli, müsbət adət olduğu halda, böyüyə qarşı laqeydlik, kobudluq və s. ziyanlı, mənfi adətdir.

5. Fəaliyyətin əsas növləri. Adətən insanlar həyatları boyu öz tələbatlarını ödəmək üçün müxtəlif fəaliyyət növlərindən istifadə edirdilər. Bunlardan bəziləri ötəri, dəyişkən, digərləri isə uzun müddətli, insanın bütün həyatı boyu onun tələbatlarını ödəyəcək fəaliyyət kimi özünü göstərir. İnsanın bütün həyatı boyu istifadə etdiyi əsas fəaliyyət növlərinə oyun, təlim və əmək fəaliyyətini aid edirlər. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünəxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyundan, həm də əməkdən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə adamlar oyundan və təlim fəaliyyətindən də istifadə edirlər. Oyun, təlim və əməklə yanaşı olaraq psixoloji ədəbiyyatda ünsiyyəti də əsas fəaliyyət növü kimi qeyd edirlər. Həqiqətən həyatının bütün dövrlərində insanlar ünsiyyətə hədsiz tələbat hiss edir, bir-biriləri ilə informasiya mübadiləsi, qarşılıqlı təsir və bir-birini qavrama, anlama prosesini həyata keçirirlər.



Oyun-elə fəaliyyət növüdür ki, onun nəticəsində heç bir maddi və mənəvi məhsul əldə edilmir ( yaşllıların və uşaqların işgüzar və quraşdırma oyunlarından başqa). Oyun ən çox əyləncə xarakteri daşıyır, istirahət məqsədi güdür. Oyunun müxtəlif növləri vardır: əşyavi və süjetli, hərəki və didaktik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s. Əşyavi oyunlar insanın oyun fəaliyyətinə hər hansı bir əşyanı daxil etməsi ilə bağlıdır. Əşyalarla bağlı olaraq aparılan oyunlar insanların həmin şeylərə münasibətləri ilə bağlı funksiyaları kimi çıxış etməyə başlayır. Süjetli oyunlar müəyyən ssenari üzrə aparılır və bu zaman həmin ssenarinin əsas detalları əks etdirilir. Bağça yaşının sonunda uşaqlarda sosial təcrübənin genişlənməsi süjetli oyunların məzmununun genişlənməsinə səbəb olur. Nəticədə tədricən oyunun məzmunu praktik işləri təkrar etməkdən insanların əlaqələrinin təsvirinə keçir. Hərəki oyunlar birbaşa olaraq hərəkətlərlə icra olunur. Bu cür oyunlar hərəki vərdişlərin inkişafına kömək edir. Didaktik oyunlar isə öyrətmə xarakteri daşıyır. Oyunlar fərdi və ya qrup halında da aparılır. Rollu oyunlar zamanı oynayan adam müəyyən rolu öz üzərinə götürür və rola uyğun hərəkət edir. Məsələn, uşaq müəllim, həkim rollarını oynayır. Qaydalı oyunlar müvafiq qaydalara əsasən aparılır və oynayanlar bu qaydalardan kənara çıxa bilmirlər. Oyun məktəbəqədər dövrdə aparıcı fəaliyyət növü olub uşaqların həm fiziki, həm də psixi inkişafında önəmli rol oynayır. Oyun uşağın tələbatını ödəməklə yanaşı, yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək və bir növ gələcək həyata hazırlaşmaq işində önəmli vasitəyə çevrilir. Təlim fəaliyyəti- məktəblilərin və tələbəllərin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. Təlim insanın fəaliyyət və davranışının bəşəriyyətin sosial təcrübəsini mənimsəməsinə yönəldilən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına da əsaslı təsir göstərir. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət etmir, o eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında önəmli rol oynaır.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin