Növbəli əkində yeri. Vegetasiyanın əvvəlində darı zəif inkişaf edərək alaqlardan ziyan
çəkdiyinə görə sələflərə çox tələbkardır.
Darı üçün ən yaxşı sələf qara herik tarlası, paxlalı bitkilər, kartof və çuğundur hesab edilir. Bu
bitkilərin əkinləri alaqlardan yaxşı təmizlənməli və düzgün gübrələnməlidir ki, bunlardan sonra darı
bitkisi yaxşı inkişaf edərək yüksək məhsul versin. Payızlıq taxıllar və çoxillik otlar altından çıxmış
sahələri düzgün becərdikdə darı səpini üçün istifadə edərək yüksək məhsul götürmək mümkündür.
Xəstəliklərin kütləvi yayılmasına görə darının təkrarən öz yerinə əkilməsi yolverilməzdir. Darı
əkinləri əvvəlki yerinə 5-6 ildən tez qaytarılmamalıdır.
Gübrələmə. Aparılmış tədqiqatlar nəticəsində müəyyən olmuşdur ki, hektardan 30 sentner
dən və 60 sentner küləş məhsulu əldə edildikdə darı bitkisi torpaqdan 90 kq azot, 42 kq fosfor və
106 kq kalium aparır. Azot elementinə tələbi təxminən yazlıq buğdanın tələb etdiyi miqdardadır.
Darı bir ton əsas və əlavə məhsulla (küləş) torpaqdan 30 kq azot, 13-15 kq fosfor, 20-34 kq kalium
ıə 10-13 kq kalsium elementi aparır. Darı altına verilən gübrələrin səmərəliliyi torpaq tipindən
asılıdır. Şabalıdı torpaqlarda fosfor daha çox məhsul artımı verir. Boz meşə torpaqları və
qələviləşmiş qaratorpaqlarda azot gübrəsi səmərəlidir.
Fosfor və kalium gübrələri payızda əsas şum altına, azot isə səpinqabağı kultivasiya altına
verilir.
Taxıl bitkiləri içərisində vahid quru maddə əmələ gətirməsinə sərf etdiyi kalium, kalsium və
fosfor qarğıdalıdan başqa digər dənli taxıl bitkilərindən üstündür. Qida maddələrinə ən çox tələbi
kollanma fazasından dənin dolması dövrünə (40-50 gün) qədərdir. Buna görə də şum altına verilən
gübrələrdən səmərəli istifadə edir. Əsas gübrə kimi hektara 10 ton peyin, 30 kq təsiredici maddə
hesabı ilə fosfor və kalium verilir.
Səpinqabağı kultivasiya altına hektara 10-15 kq azot və 15-20 kq fosfor verilməsi bitkinin
vegetasiya müddətində yaxşı inkişaf etməsinə köməklik göstərir. Vegetasiya dövründə iki dəfə
əlavə yemləmənin aparılması (kollanma və borulaşma fazasında) yaxşı nəticə verir.
Birinci yemləmə gübrəsi (kollanma fazasında) hektara 60 kq azot və 30 kq fosfor, ikinci
yemləmə gübrəsi isə boruya çıxma fazasında 60 kq fosfor verdikdə bitkinin inkişafının əsas fazaları
optimal qida şəraitində gedir, süpürgələri iri, dənləri sağlam, dolğun olmaqla xəstəlik və
zərərvericilərə tutulma faizi aşağı düşür. Fosforun verilməsi dənin kütləsini artırır, onun yetişməsini
sürətləndirir. İkinci yemləmədə azot gübrəsinin verilməsi bitkinin yatmasının qarşısını alır. Birinci
yemləmə 6-7 sm, ikinci isə 10-12 sm dərinliyə verilir.