Becərilmə texnologiyası. Xardal üçün payızlıq taxıllar, dənli-paxlalılar və başdan-başa
becərilən bitkilər daha yaxşı sələfdirlər. Eyni zərərvericilər (torpaq birəsi) daşıdıqları üçün xardali
kələmkimilər ailəsinin yağlı bitkilərindən sonra növbələndirmək olmaz.
Bir ton məhsul yaratmaq üçün xardal payızlıq buğdadan təxminən iki dəfə çox qida maddələri
tələb edir: azot 72 kq, fosfor 28 kq, kalium isə 54 kq. Ona görə də gübrə verilməsinə yaxşı reaksiya
göstərir.
Torpağın becərilməsi erkən dənli taxıl bitkilərində olduğu kimidir.
Səpin üçün toxumlar 97% təmiz və 90% cücərmə qabiliyyətinə malik olmalıdırlar. Səpindən
əvvəl toxumlar tona 5-6 kq hesabı ilə 80%-li TMTD, yaxud heksaxloranın qamma izomeri ilə tona
3 kq hesabında səpindən bir ay əvvəl işlənilir.
Səpin müddəti erkən səpilən dənli taxıl bitkiləri ilə eynidir. Səpin üsulu daha geniş yayılan adi
cərgəvi səpindir. Alaqlarla zibillənmiş tarlalarda gencərgəli, cərgəarası 45-70 sm olan səpinlər yaxşı
nəticə verir.
Səpin norması göy xardal üçün adi cərgəvi səpində hektara 9-12 kq, ağ xardalda 15-18 kq
gencərgəli səpində müvafiq olaraq 6-8 kq və 10-12 kq (2-3 mln. cücərmə qabiliyyətli), toxum
səpilir. Toxumun basdırılma dərinliyi 3-4 sm-dir.
Əkinlərə qulluq dedikdə cücərtilər göründükdə yüngül malalarla malalamanın aparılması,
gencərgəli əkinlərdə cərgə aralarının becərilməsi və zərərvericilərə qarşı mübarizə tədbiridir.
Mum yetişkənlik fazasında bitki saralmağa başlayarkən, qının içərisindəki toxumlar sorta
münasib rəng alır, bu dövrdə göy xardalda hissə-hissə (iki mərhələdə) məhsulun yığılmasına
başlanılır. Məhsul itkisinə və dənin xırdalanmasına yol verməmək məqsədilə biçilmiş kütlə PKK-5
tərtibatlı «Niva» kombaynı ilə döyülür.
Demək olar ki, ağ xardalın qınları açılmır (çatlamır), ona görə də yaxşı olar ki, yığım birbaşa
kombaynla tam yetişmə dövründə aparılsın.
Xardal toxumlarını saxlamaq üçün tərkibində nəmlik 10%-dən artıq olmamalıdır.