ELMİ SİRLƏR
Təfsirçilərin məlum ayə (Şura, 29) haqqında söylədiklərinə nəzər salaq.
Əllamə Təbatəbai yuxarıdakı ayə haqqında yazır:
“Ayənin zahirindən başa düşülən mənaya əsasən göylərdə də Yerdə olduğu kimi canlılar yaşayırlar. “"دابة" [dabbə] sözündən məqsəd mələklərdir deyənlər” yanılırlar. Çünki “دابة” [dabbə] sözü mələklər haqqında işlənmir”1.
“Təfsiri-nümunə”də oxuyuruq:
“دابة” [dabbə] sözü ən kiçik həşəratdan başlayaraq nəhəng heyvanlara qədər bütün varlıqları əhatə edir. Məlum ayədən göylərdə canlı varlıqların yaşadığı anlaşılır. Alimlər isə bu haqda hələ də qəti bir söz deyə bilmirlər. Onlar sadəcə bəzi planetlərin həyat üçün əlverişli olduğu ehtimalını irəli sürürlər”2.
Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə deyilir:
“Səmada müşahidə etdiyiniz ulduzlarda da Yerdə olduğu kimi şəhərlər mövcuddur”3.
Əbd ər-Rəzzaq Nofel bu haqda geniş söhbət açaraq yazır:
“Quranda əsrlər öncə göylərdə də canlı varlıqların yaşadığı bildirilir”.
O, bunun sübutu üçün Şura surəsinin 29-cu ayəsinə əsaslanır və bildirir ki, Allah göylərdə və Yerdə mövcud olan canlı varlıqların hamısını bir yerə toplaya bilər4.
Əbd əl-Qəni əl-Xətib məlum ayə haqqında danışarkən göy cisimlərində həyat olduğu haqda fikirləri qeyd edir.5
Zəməxşəri öz təfsirində yazır:
“Çox güman ki, göylərdə də Yerdə yaşayan canlıların bənzəri yaradılmışdır”1.
Əbu Səid öz təfsirində yazır:
“Göy cisimlərində də Yerdə olduğu kimi canlılar mövcuddur”.
Fəxr Razi yazır: “Ehtimal ki, Allah göylərdə müxtəlif heyvanlar yaratmışdır”2.
Ayətullah Hüseyn Nuri yazır:
“Son zamanlar sovet alimləri bizim qalaktikada milyardlarla həyat üçün əlverişli olan cisim olduğunu kəşf etmişlər. Maraqlı burasıdır ki, Quran 14 əsr öncə elmin bu nailiyyətindən xəbər verir”.
O, məlum ayədə iki mühüm məqamın mövcudluğunu qeyd edir.
1. Göylərdə də Yerdə olduğu kimi canlı varlıqlar mövcuddur.
2. Allah istədiyi zaman bu varlıqlar bir-birindən xəbərdar olacaqlar (bir-birlərini görəcəklər)3.
Əllamə Təbatəbaiyə aid edilən “Quranın ecazkarlığı” adlı kitabda məlum ayəyə (Şura, 29) istinad olunaraq göy cisimlərində də həyat olduğu açıqlanır.
Bir çox yazarlar yuxarıda qeyd olunan ayələrə əsaslanaraq (Şura, 29; Nəhl, 53; Nur, 45) göy cisimlərində canlıların, hətta bitkilərin və abadlıqların (Buruc, 2) mövcudluğu ehtimalını irəli sürmüşlər4.
YEKUN
Məlum ayəni (Şura, 29) Yerdənkənar sivilizasiya ilə uyğunlaşdırmaqla bağlı bir neçə məqamı diqqətdən qaçırmaq olmaz.
1. “سماء” [səma] və “سموات” [səmavat] ifadələri Quranda bir neçə fərqli mənada işlənmişdir. Sözügedən açıqlama (təfsir) o zaman doğru olar ki, ayədə qeyd olunan “سموات” [səmavat] sözündən məqsədin göy cisimləri olduğu isbat edilsin. Bir halda ki, “سماء” [səma] sözündən məqsəd Yeri əhatə edən qaz örtüyü (atmosfer), “دابة” [dabbə] sözündən məqsəd isə adi gözlə görülməyən kiçik varlıqlar (mikroblar) və ya göydə uçan quşlar olduğu fikri də irəli sürülə bilər. Lakin buna baxmayaraq, ayənin hər iki açıqlamaya aid olduğu istisna edilmir.
2. Əgər Yerdənkənar sivilizasiyanın mövcudluğunun elmi baxımdan isbat edilmədiyini, hələ də güclü bir ehtimal olduğunu nəzərə alsaq, bu fikri qəti olaraq Qurana aid edib onun elmi möcüzəsi hesab edə bilmərik.
3. Əgər ikinci ehtimalın üzərində dayansaq, o zaman ayədə hamının müşahidə etdiyi real həyatdan söhbət açıldığının şahidi olacağıq. Bu, Allahın nişanələrindəndir. Yəni Allah havanı elə bir şəraitdə yaratmışdır ki, quşlar orada sərbəst hərəkət edə bilirlər. Mikroblara gəldikdə isə erkən çağ ərəblərinin bu haqda məlumatsızlığını nəzərə alsaq, buna elmi rəng verib Quranın möcüzələrindən hesab etmək olar.
Dostları ilə paylaş: |