* Cənazə namazı.
Cənazə namazını qılmağın böyük fəziləti vardır.
Əbu Hüreyra (r.a) rəvayət edir ki, Peyğəmbər buyurdu: “Cənazədə iştirak edib namazını qılana bir, (ondan sonra) dəfn olunana qədər onu təqib edənə isə iki qirat qədər savab yazılır”. Səhabələr: “İki qirat nə qədərdir?”- deyə soruşduqda, Peyğəmbər : “İki böyük dağ kimidir”- deyə cavab verdi”.43 Başqa rəvayətdə “Qiratların ən kiçiyi Uhud dağı kimidir” deyilir.44
Cənazə namazı dörd təkbirdən ibarət rüku və səcdəsiz, səssiz qılınan namazdır.
Əbu Hüreyra (r.a) rəvayət edir ki, Peyğəmbər Nəcaşinin ölüm xəbərini elan etdikdən sonra namaz qılınan yerə gəldi, cərgələri düzdü və dörd təkbirli (rüku və səcdəsiz) namaz qıldı.45
Bu hədis dəlalət edir ki, qəriblikdə ölən şəxsə cənazə namazı qılınmayıbsa onun üçün bu namazı qılmaq lazımdır. Cənazə namazını camaatla qılmaq əfzəldir. Hətta bu namazı qəbiristanlıqda da qılmaq olar. Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər meyit dəfn olunduqdan sonra qəbrin önündə dayanıb dörd təkbirli (rüku və səcdəsiz ) namaz qıldı.46
Kişiyə cənazə namazı qılınarkən imam onun baş tərəfində, qadına cənazə namazı qılınarkən isə onun tən orta tərəfində dayanmalıdır.
Cənazə namazından öncə meyitin kişi, qadın yaxud da uşaq olduğunu bildirmək lazımdır.
Cənazə namazının qılarkən birinci təkbirdən sonra Fatihə surəsi, ikinci təkbirdən sonra Peyğəmbərə salavat oxunur, üçüncü təkbirdən sonra vəfat edən şəxs üçün dua edilir və dördüncü təkbirdən sonra sağ tərəfə salam verməklə namaz tamamlanır.
Dostları ilə paylaş: |