Bir cüt at
Bir cüt atı qoşduraraq, düz Kazana düşdüm yola;
Faytonçum da muşquraraq cilov çırpır sağa-sola.
Axşam düşür. Şadlıq ilə nurlar saçıb ay şellənir;
Sakit əsən külək ilə yarpaq, ağac, ot yellənir.
Hər yan səssiz. Duyğularım sanki mənə layla oxur;
Göz yumulur yavaş-yavaş, basır məni şirin yuxu.
Birdən açdım gözlərimi, yad çöllərdə nəsə olur;
Ah, yoxsa bu, ayrılıqdır? Ömrümdə ilk dəfə olur.
Salamat qal, gəl bağışla, doğma yerim, ayım-nurum,
İstəyirəm yeni yerdə özümə bir yuva qurum.
Sağ ol, ömrüm keçən şəhər! İndi iraqda qaldınız,
Siz, ey mənə doğma yurdlar, xeyli uzaqda qaldınız.
İçimdə dərd, yanır ürək, həsrət ilə fikirdə mən,
Nə dostum var, nə həmdəmim, ikimizik: fikir və mən.
Ah, günahım nədir görən, bu faytonçu susdu nədən,
Oxumadı bir gözəlin üzüyündən, örpəyindən.
Sanki nəsə yox kimidir; bir nəsnə yox, bir nəsnə kəm;
Hər şey var da, doğmalar yox, həm öksüzəm, həm yetiməm.
Burdakılar yaddır mənə: bu Minqali, Bikmolla kim?
Bikməhəmməd, ya Biktəmir, mən nə bilim, nə molla kim!
Sizdən ayrıldım, doğmalar! Keçmədi ah-vaysız ömür;
Bilməm, bunu necə deyim, günəşsiz, həm aysız ömür.
Belə-belə fikirlərlə bir daş kimi şişdi başım,
Çeşmə kimi, ixtiyarsız gözlərimdən axdı yaşım.
Bir səs gəldi qulağıma, uğuldadı elə bu an:
–Dur, ey şagird! Lap az qaldı, önümüzdə durur Kazan!
Açıldı bu səslə könlüm, şadlığımdan gəldim cana:
–Ey faytonçu, qov atları, tez yetişək biz Kazana!
Çağırır sübh namazına lətafətli, gözəl əzan,
Sən ey Kazan, dərdli Kazan, qəmli Kazan, nurlu Kazan!
Onda bizim babaların otaqları, ocaqları,
Onda dərdli könüllərin huriləri, uçmaqları1.
Ondadır hikmət, mərifət, həm onda irfanım, nurum;
Onda mənim incəbelim, cənnətim, həm onda hurim...
Görsədir
Bu adam dışdan üzündə yaxşı xislət görsədir,
Yaxşıya rəğbət, yaman işlərə nifrət görsədir.
Bir xuda bilsə bilər içindəki bəd niyyəti,–
Əhli-dünyaya dışından istiqamət görsədir.
Əmri-həq qursaq ilə qarşıya-qarşı gəlməsə,
O, daim dinə və Qurana itaət görsədir.
Dəyməsə gər özünə doğru deməkdən zərər, –
O da doğruluq sevir, sözdə sədaqət görsədir.
Birinə bir borcu olsa, ömrü billah ödəməz,
Borcluya isə: yanarsan der, qiyamət görsədir.
Çox qürurludur, sənə heç ehtiyacı olmasa;
Bir işi düşsə əgər, bal tək fəsahət görsədir.
O, tütün çəkəndə od yandırmaz dostundan qabaq;
Əvvəl od tutur ona – ikram və hörmət görsədir.
Bir dostun məclisində olsa o, saqi əgər,
Düppədüz süzər badə – guya ədalət görsədir.
Mən şirəm deyir, sənin malını tələf edəndə,
Sən möhtac qalsan, fəqirəm, der, cəbanət görsədir.
Saplasa da könlünə yavuz lisani-xəncərin,
Niyə keyfin yoxdur, dostum, der, məhəbbət görsədir.
Dinləsən dışdan, sənin qeybət onun ağzındadır;
İçəri qirsən, açıq, məsum qiyafət görsədir.
Dostları ilə paylaş: |