Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 3,82 Mb.
səhifə18/60
tarix01.01.2022
ölçüsü3,82 Mb.
#104062
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
Çıxıbdır namüsəlmanım,

Qılıbdır qəsdi-imanım,

Fələkdə ahü suzanım,

Gözümdə əşki-qəltanım,

İçimdə dərdi-pünhanım,

Təbiba, yoxmu dərmanım,

«Şəbi-hicran yanar canım,

Tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfğanım,

Qara bəxtim oyanmazmı?»
Onun sə­nətinə hörmət əlaməti olaraq özbək şairləri Muxlis və Munis də hərəsi Əndəlibin bir qəzəlinə təxmis yazmışlar. Belə­liklə, Əndəlib Orta Asiyada nəzirəçiliyin, dolayısı ilə, ədəbi əlaqə­lərin inkişafında mühüm rol oynamışdır. O, məşhur fars şairi Ca­minin on bir qəzəlini türk­mən dilinə eyni ilhamla tərcümə etmiş və türkmən ədəbiy­ya­tında tərcümə sənətinin təməlini qoymuşdur.

Böyük sənətkar yazdığı poemalarla özündən sonrakı şa­ir­lərə də nümunə olmuşdur. Onun «Risa­le­yi-Nə­si­mi», «Oğuz­na­mə», «Sə­əd Vəqqas» və «Qisseyi-firon» adlı dörd po­e­­ması var.

«Oğuznamə» bizim üçün son dərəcə vacib əsərdir. Çünki Azər­baycan xalqı türklərin oğuz qoluna mənsubdur və Oğuz xan bizim ulu babamızdır. Oğuzların dini-fəlsəfi baxışlarını, tarixi-mi­foloji görüşlərini, ic­ti­mai-siyasi sistemini, həyat tərzini, bədii tə­fəkkürünü əks etdirən əsərlər oğuznamə­ adlanır. Türk ədə­biy­ya­tın­da oğuznaməçilik ənə­nə­si çox güclüdür, indiyədək iyir­mi­dən çox oğuznamə qələmə alınmışdır. Bunlardan ilki Də­va­dari­nin bizə gə­lib çatmayan «Dürər üt-tican» adlı tarixi xro­ni­kası­dır. «Ki­tabi-Də­də Qorqud»un «Kitabi-Də­dəm Qor­­­qud əla lisani-tai­feyi-oğu­zan» adlanan Drezden nüs­xə­si, «He­­­ka­yəti-oğuznameyi-Qazan bəy və qeyri» adlanan Va­­ti­kan nüs­xə­si birər oğuzna­mə­dir. Bunlardan baş­qa, elm alə­mi­nə uy­ğur hərfləri ilə yazılmış «Oğuz xaqan» das­ta­nı (XIII əsr), Uzunköprü «Oğuz­namə»si (XIII-XIV əsr), Fəz­lullah Rə­şi­dəd­di­nin «Oğuznamə»si (1303), Yazı­çıoğ­lu Əli­nin «Oğuz­na­mə»­si (1436), Salur Baba Qul Əli oğlu Xiridarinin «Oğuz­­na­mə»­si (XVI əsr), Da­na Ata Ehsan Şey­xin «Oğuzna­mə»si (XVI əsr), Əbül­qazi Ba­hadır xanın «Şə­cə­reyi-tür­ki»­­si və «Şəcə­re­yi-təraki­mə»­si (1660), Cü­vey­ninin «Ta­rixi-ca­han­güşa»­sı, «Məc­mə­il-əm­sali-Məhəm­məd­əli» (XVII əsr), «Əmsali-tərakimə» ki­mi atalar söz­lərini əhatə edən əlyazmalar, Ən­dəlibin «Oğuz­na­mə»­­si və baş­qa əsərlər mə­lumdur. Bun­lar Azərbaycanda geniş şə­kil­də təd­­qiq edil­­mişdir. Bu sahədə Həmid Araslının, Fərhad Zey­nalovun, Samət Əlizadənin, Tofiq Hacı­ye­vin, Füzuli Bayatın, İsmixan Os­man­lının əməyi xüsusi olaraq vurğulanmalıdır. Faruq Sümərin «Oğuzlar» (Bakı, 1992) və Ba­həd­din Ögəlin «Türk mifo­logi­yası» (Bakı, 2004, hər ikisini mən çevirmişəm) kitabında bu oğuzna­mələr haq­qın­da geniş bilgi ve­rilmişdir.

Əndəlibin «Oğuznamə»si digər oğuznamələrlə məzmun eti­barilə ümumən səsləşə, əksər məqamlarda üst-üstə düşsə də, bir sıra fərqlər də müşahidə edilir, yəni bu­rada şairin orijinal dəst-xətti, bə­dii üs­lubu və təh­­kiyəsi özünü gös­tərir. Əndəlibdə Oğuz xanın türk ca­han haki­miyyəti uğrunda mübarizəsi daha yığcam, daha fərqli epizodlarla təsvir edilir. Hətta ey­ni de­tal­larda belə bəzi fərq­lər görmək mümkündür. Oğuz xanın ölümünə şairin mərsiyəsi onun ən orijinal tərəfidir.

Əndəlibin «Risa­le­yi-Nəsimi» poeması da bizə tarixi və ədə­bi cəhətdən tanış olan Nəsimi obrazından xeyli fərqli bir Nə­simi təqdim edir. Bizim bil­di­yimiz Nəsimi hekayəsində nə şeyx Mənsur, nə də Ənəl ad­lı qız, nə də Zünnun Misri adlı şəxs yox­dur. Üstəlik, real Nə­simi hə­yat­da qeybdən dürlü xəbərlər söylə­yən, gələcəyi gö­rən bir vəli, Bağdad hakimi Əmirin qardaşı de­yildir. Əndə­lib öz poema­sı­nın süjet xəttini bu adamlar üzə­rində qursa da, Nəsiminin əqi­dəsini, üsyankar ruhunu ümumən doğru təsvir etmişdir. Şair po­emanın kompozisiyasına müxtəlif surət­lərin dilindən qəzəl­lər əlavə etməklə həm əlvanlıq yarat­mış, həm də süjetə dina­mika və can­lılıq vermişdir. Əruz vəzni ilə məs­nəvi şəklində yazılan əsərin dili xeyli ağır və do­laylıdır. Bə­­­zən şairin nə de­mək istədiyi bir ne­çə beyt son­ra anlaşılır. Ha­mının başa düş­məsi üçün əsəri heca vəzni ilə çe­virdik.

«Səəd Vəqqas» və «Qisseyi-firon» adlı po­e­­malar dini sə­ciy­­yə­­li əsərlərdir. Səəd Vəqqas məşhur islam sərkərdəsi və döv­lət xa­dimi, öz səxavəti və xeyirxahlığı ilə əfsanəvi şöhrət qa­zanmış tarixi şəxsiyyətdır. Poemada onun mərdliyi və co­mərdliyi, bu yolda hətta oğlunu qurban verməsi təsvir olunur.

«Qisseyi-firon» isə yəhudi peyğəmbəri Musanın doğul­ması və zülmkar Misir fironunu devirməsi haqqındadır.

Əndəlib türkmən ədəbiyyatında ilk dəfə olaraq dastanları, rə­va­yətləri, xalq hekayələrini nəzmə çəkmiş, onları ədəbi cə­hət­dən cilalamış, süjet xəttinə əl gəzdirmiş, şeirlərini yeni­dən iş­ləmişdir. Bu proses bizim ədəbiyyatda bir az fərqli şə­kildə cə­rəyan etmişdir. Bizdəki dastanlar (məsələn, «Kor­oğlu», «Qa­çaq Nəbi» və s.) na­mə­lum aşıqlar tərəfindən qo­şul­muşdur. Bununla yanaşı, bəzi aşıq­lar öz dastanlarını ya­ratmışlar (məsə­lən, «Va­leh və Zərnigar», «Ələs­gər və Səh­nə­banu»). Türkmən­lərdə isə xalq dastanları şairlər tərəfindən işlənmiş, aşıqlar öz fərdi das­tanlarını qoşmağa xüsusi meyl göstərməmişlər.

Əndəlib «Leyli və Məcnun», «Yusif və Züleyxa», «Baba Röv­şən» və «Zeynal Ərəb» dastanlarını işləmişdir. Başqa bir mə­lumata görə, „Mirzə Həmdəm» dastanı da ona məxsusdur. Şairin yo­lu ilə gedən ulu Məxdumqulu artıq on bir dastandan iba­rət an­to­lo­giya (bu silsilə «İbra­him­ və Sara» ilə başlayır, «Aşıq Qə­­rib və Şahsənəm»lə başa çatır) hazır­lamışdır. Bu ənə­nə da­ha sonra di­gər şairlər tərəfindən uğurla davam et­di­rilmiş, Molla Nəfəs isə «Zöh­rə və Ta­hir» das­­tanını işləmişdir.

Əndəlibin bu dastanlarından ikisi, daha doğrusu, «Ley­li və Məcnun»la «Yusif və Züleyxa» eynən Azərbaycan versiya­sı ilə səsləşir və bizə məlum olan məzmundadır. Şa­irin dini-mən­qibə­vi səciyyə daşıyan «Baba Rövşən» və «Zey­nal Ərəb» das­tanları isə bizdə çox da bilinmir və aşıq­la­rımızın dastan re­per­tuarında yoxdur. Doğrudur, uşaqlıqda Ağbaba aşıq məktəbi nü­mayəndələri tərəfin­dən «Baba Röv­şən» dastanının ifasını din­­­ləyib-dinləmədiyimi tam xatırlaya bilməsəm də, bu əsərdə həz­rət Əliyə verilən poetik Qə­şəm­şəm adı nə üçünsə yaddaşı­ma möhkəm həkk olunub.

Şairin dastanlarının hamısı süjet və sə­nətkarlıq baxı­mın­­­­dan çox mükəmməl, şeirləri isə çox gözəldir. «Zeynal Ərəb» dasta­nı isə bəzi cizgiləri ilə bizim Ərəb­zəngini andırır.

Əndəlib ana dilində əsərlər yazmağı milli bir vəzifə saymış, bu barədə «Yusif və Züleyxa» dastanının girişində maraqlı bir mə­lumat ver­­mişdir. Həmin məlumatdan anlaşıldığına görə, şair bu dastanı kiminsə sifarişi ilə yazmışdır. Ehtimal ki, onun yanı­na gə­lən şahsuvar Şirqazi xanın özü, ya da elçisi imiş:



... Necə müddət idi farağat işim,

Yox idi heç kimsə ilə danişim...
Gəldi mənim qaşıma bir şahsuvar,

Nitqi nəzih, yaxşı sözə intizar...
Dedi onlar: – Əndəlibi-binəva,

Könlümüzə düşdü əcəb macəra...
Yusif siddiqi və Züleyxanı sən,

Türki xəlayiqə qılgil əncümən...
Əndəlibin məqsədidir ki bustan,

Könlünə xoş gəldi bu əcəb dastan ...
Eylədi türki dil ilən ibtida,

Gahi nəsr, gahi qəzəl, xoş nəva ...

Əsərlərini türkcə yazmaq düşüncəsi Əndəlibdə bir həvəs de­yil, tutqudur. Məsələn, «Risa­leyi-Nəsimi»də də yuxarıdakı beyt­lə­ri azca dəyişdirərək be­lə yazmışdır:


Gəldi mənim qaşıma bir şahsuvar,

Yaxşı fəza, lütfi-sözə intizar.
Başqaları ərdi mənə həmnişin,

Üzəri gül, sözü şəkər-əngəbin.
Dedi onlar: – ey Əndəlib, binəva,

Könlümizə düşdü əcəb macəra.
Var ki «Qisas» içrə əcəb dastan,

Nə oladır qılsan onu bustan...
Bunca sözü qılsan, hekayət olar,

Seyid Nəsimidən rəvayət olar...
Eylədi türki dil ilən ibtida,

Gahi nəsr, gahi qəzəl, xoş nəva.
Bir neçəsin nəzmi-müxəmməs qılıb,

Aşiqi-məşuqlara əlbəs qılıb...
Məqaməti-Nəsimi, şeyx Mənsur,

Qılıram nəzmi-türki, gəl, oxu, gör.

2011-ci il Əndəlibin 350 illik yubileyi ilidir. Bu il ölkənin müxtəlif şə­hər­lərində bir sıra yu­bi­­ley tədbirləri, təntənəli məra­sim­lər keçirildi. 10-12 mart ta­rixlərində isə şairin vətəni Daş­oğuzda Türkmənistan Elmlər Aka­­demiyasının və Daşoğuz vila­yət icra hakimiyyəti­nin birgə əməkdaşlığı ilə Əndə­li­bə həsr edi­lən beynəl­xalq elmi konfrans təş­kil edildi. Bu bayram əslində bütün Türk Dün­yasının bay­ra­mıdır.




Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin