İSMAİLİN QURBANLIQ OLMASINI İSBAT EDƏN DƏLİL-SÜBUTLAR
Bunun özü bir dəlildir ki, qurbanlıq olaraq təqdim olunan İsmail idi. Çünki o zaman Məkkədə o yaşayırdı. İshaqın kiçik yaşlarında oraya gəlməsi isə təsdiq olunmayıb. Daha doğrusunu Allah bilir.
Quranın zahiri dəlaləti də bunu söyləyir. Elə bu Quran ayələri də qurbanlığın İsmail olduğunu təsdiqləyir. Çünki qurbanlığın hekayəsi danışılır və bundan sonra belə deyilir: «Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.» (əs-Saffat: 112). Qurbanlıq hadisəsindən sonra ona dərhal peyğəmbərlik verildiyini iddia edənlər özlərini daha çətinliyə salırlar. Qurbanlığın İshaq olmasını deyənlər israiliyyatdan olan rəvayətlərə əsaslanırlar. Amma onların kitabları təhrif olunmuşdur, xüsusən də bu məqamda təhrifin baş verməsi kəskindir. Onların kitablarında157 deyilir ki, Allah İbrahimə yeganə oğlunu, ərəbcə nüsxələrin birində isə deyilir ki, ilk övladı İshaqı kəsməyi əmr etdi. Burada (İshaq) sözü əlavə olunmuş və yalandan iftira edilmişdir. Çünki, İbrahimin yeganə və ilk oğlu İshaq deyil, İsmail idi. Onları bunu dəyişdirməyə vadar edən amil ərəblərə qarşı olan həsədləridir. Belə ki, İsmail körfəzdə yaşayan ərəblərin, o cümlədən Muhəmməd Peyğəmbərin atasıdır. İshaq isə Yaqubun atasıdır. Yaqub isə onların, özlərini nisbət etdikləri İsraildir158. Onlar bu şərəfli məqamı özlərinə aid etmək üçün Allahın kəlamını təhrif etdilər və ona əlavələr yazdılar. Onlar böhtançılardır. Onlar üstünlüyün Allahın əlində olduğunu və istədiyini başqasından üstün etdiyini iqrar etmirlər.
Bir çox sələf alimləri və qeyriləri qurbanlığın İshaq olduğunu deyiblər. Daha doğrusunu Allah bilir amma deyəsən onlar bu məlumatı Kəəb əl-Əhbardan, yaxud əhli kitabın kitablarından götürüblər. Belə ki, Peyğəmbərimizdən bunu təsdiqləyəcək heç bir səhih hədis rəvayət olunmayıb. Buna görə də biz Quranın zahiri mənasından yan keçə bilmərik. Qurandan İshaqın qurbanlıq olması anlaşılmır. Əksinə ayələrin məfhumu, məzmunu və quruluşu qurbanlığın İsmail olduğunu təsdiqləyir.
Muhəmməd ibn Kəəb əl-Qurəzi qurbanlığın İshaq deyil, İsmail olduğunu təsdiq edən gözəl bir əsas gətirib demişdir: «Biz onu İshaqla, ardınca da Yaqubla müjdələdik.» (Hud: 71). O deyir: "Necə ola bilər ki, ona İshaqla və ardınca isə onun dünyaya gələcək övladı Yaqubla müjdə verilir. Sonra isə İshaq uşaq ikən və övladı olmamış onu kəsmək əmr olunur?!"159
Bu mümkün olan şey deyil. Çünki, bu əvvəlki müjdəyə ziddir. Daha doğrusunu Allah bilir.
Suheyli bu əsasa etiraz edərək demişdir və onun dediklərinin xülasəsi belədir: "Ayədəki «Biz onu İshaqla müjdələdik.» – sözləri tam cümləni ifadə edir. Ayənin digər hissəsi «İshaqın ardınca da Yaqubla müjdələdik.» – sözləri isə digər cümləni ifadə edir. Bunun əvvəlki müjdəyə aidiyyatı yoxdur. Çünki, ərəb dilçiliyi baxımından ikinci hissənin birinciyə aid olması üçün bağlayıcı söz "hərfu cərr" təkrar edilməlidir. Ərəb dilinin qaydalarına görə belə demək olmaz: "Zeyd ilə qarşılaşdım, ardınca da Amr." Bunun doğru ifadəsi belədir: "Zeyd ilə qarşılaşdım, ardınca da Amr ilə." Daha sonra sözünə davam edib deyir: "«İshaqın ardınca da Yaqubla müjdələdik.» bu cümlə nəzərdə tutulmuş fe`lin təsirinə düşmüşdür. Həmin fe`l ilə cümlənin ifadəsi belə olur: "İshaqa da Yaqubu müjdə verdik"."
Onun bu dediklərində əmma vardır. Sonra o qurbanlığın İshaq olduğu fikrini dəstəkləyir və dediklərini bu ayə ilə əsaslandırır: «O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda...» (əs-Saffat: 102). O deyir ki, İsmail İbrahimin yanında deyildi. O kiçik yaşlarından anası ilə bərabər Məkkə dağlarında idi. O atası ilə bərabər necə böyüyə bilər? Amma onun bu dediklərində də əmma vardır. Çünki, rəvayətlərdə deyilir ki, İbrahim Xəlil "Buraq"ı minib Məkkəyə çox gedərdi. O gedib oğlunu görər və qayıdardı. Daha doğrusunu Allah bilir.
Qurbanlığın İshaq olduğunu deyənlər sırasında Kəəb əl-Əhbar da vardır. Ömərin, Abbasın, Əlinin, İbn Məsudun, Məsruqun, İkrimənin, Səid ibn Cubeyrin, Mücahidin, Ətanın, Şəbinin, Muqatilin, Ubeyd ibn Umeyrin, Əbu Məysərənin, Zeyd ibn Əsləmin, Abdullah ibn Şəqiqin, Zuhrinin, Qasimin, İbn Əbu Burdənin, Məkhulun, Osman ibn Hadirin, Suddinin, Həsən əl-Bəsrinin, Qatadənin, Əbu Huzeylin və İbn Sabitin də belə dediyi rəvayət olunur. Bu, İbn Cəririn məqbul saydığı fikirdir. Təbii ki, bu da onun tərəfindən atılmış qəribə addımdır. Həmçinin bu fikir İbn Abbasdan söylənən iki rəvayətdən biridir.
Amma daha doğru fikir budur ki, qurbanlıq İsmail idi. Bu həmçinin adları yuxarıda sadalananların əksəriyyətinin də fikridir. Mucahid, Səid, Şəbi, Yusuf ibn Məhran, Əta və digərləri İbn Abbasdan rəvayət edirlər ki, qurbanlıq İsmail idi.
İbn Cərir160 İbn Abbasdan rəvayət edir ki, fəda olunan İsmail idi. Yəhudilər bunun İshaq olduğunu iddia ediblər, amma bu yalandır.
Abdullah ibn İmam Əhməd ibn Hənbəl atasından rəvayət edir ki, o İsmail idi.
İbn Əbu Hatim161 deyir ki, mən atamdan qurbanlıq haqqında soruşdum və o dedi: "Daha doğru fikrə əsasən o İsmail idi".
İbn Əbu Hatim deyir: "Əlidən, İbn Ömərdən, Əbu Hureyrədən, Əbu-t-Tufeyldən, Səid ibn əl-Museyyibdən, Səid ibn Cubeyrdən, Həsən əl-Bəsridən, Mucahiddən, Şəbidən, Muhəmməd ibn Kəəbdən, Əbu Cəfər Muhəmməd ibn Əlidən və Əbu Salehdən belə dedikləri rəvayət olunur ki, qurbanlıq İsmail idi". Bəğəvi eyni məzmunu Rabidən, Ənəsdən, Kəlbidən və Əbu Amr ibn əl-Əladan rəvayət etmişdir.
Mən deyirəm ki, eyni fikir Müaviyədən də rəvayət olunur. Ömər ibn Əbdüləziz və Muhəmməd ibn İshaq ibn Yəsar da bu fikri dəstəkləyirlər. Həsən əl-Bəsri isə belə deyərdi: Bunda heç bir şəkk-şübhə yoxdur.
Muhəmməd ibn Kəəb danışır ki, o Ömər ibn Əbdüləzizdən xəlifə olandan sonra Şamda səfərdə olarkən bu barədə soruşur. Yəni, qurbanlıq hadisəsindən sonrakı ayənin dəlil gətirilməsi haqqında soruşur. «Biz onu İshaqla, İshaqın ardınca da Yaqubla müjdələdik.» (Hud: 71). Ömər isə ona belə dedi: "Mən əvvəlcə bu məsələyə fikir vermirdim, mən də sən deyən kimi düşünürəm."
Sonra o Şamda yaşayan bir nəfərin yanına adam göndərdi. O İslamı qəbul edib dinini gözəl şəkildə yaşayan bir yəhudi idi. Ömər ibn Əbdüləziz onu yəhudilərin alimlərindən hesab edirdi. Ömər ibn Əbdüləziz ona sual ünvanlayıb soruşurdu: "İbrahimin hansı oğlunun qurban kəsilməsi əmr olunmuşdu?" O dedi: "Ey möminlərin əmiri! Allaha and olsun ki, o İsmail idi. Yəhudilər də bunu bilirlər. Amma onlar siz ərəblərə həsəd aparırlar ki, Allahın qurban kəsilməsini əmr etdiyi şəxs sizin atanızdır. Onun Allahın əmrinə səbr etməsi ilə əldə etdiyi üstünlüyə də həsəd aparırlar. Onlar bunu inkar edir və qurbanlığın İshaq olduğunu iddia edirlər. Çünki, İshaq onların atasıdır."
Biz bu məsələni "Təfsir" kitabımızda162 dəlil-sübutları ilə tam şəkildə açıqlamışıq. Həmd olunmaq da, minnət qoymaq da Allaha məxsusdur.163
Dostları ilə paylaş: |