İdeal şəxsiyyət Mühəndis Əhməd Ustad Baqir
Tərbiyə elminin böyükləri deyirlər ki, bir gənci yaxşı yetişdirmək və istədiyin yola gətirmək istəyirsənsə, birinci onun qəlbini fəth eləməlisən. Gərək gənc səni bir ideal kimi qəbul etsin.
Bu ekspertlərə görə, gənc elə bir adamı örnək qəbul edir ki, ən azı bu xüsusiyyətlərin birinə malik olsun: gözəl siması olsun, idmançı olub digərlərinin bacarmadığı işləri görə bilsin. Üçüncüsü budur ki, yaxşı səsi olsun. Müğənni və məddahlar istər-istəməz gənclərə örnək olurlar. Ən mühümü budur ki, bir gəncin qəlbini fəth etmək üçün gərək yaxşı əxlaqın olsun və gənclərin fikirlərinə hörmət edəsən. Gərək zarafatcıl və deyib-gülən olasan. Elə olmalısan ki, gənc sənin yanında olmaqdan həzz alsın.
Bu ekspert fikirlərini yan-yana qoyanda əmin olun ki, ağa İbrahim Hadinin şəxsiyyəti canlanır.
İbrahimin yaraşıqlı və mənəvi çöhrəsi var idi, üzünə baxanda insanı cəlb edirdi. Onun idmanı haqda isə danışmasaq da olar. Yadımdadır, mən onunla ilk dəfə rastlaşanda jim edirdi. Mən də saymağa başladım: Bir, iki, üç... otuz bir, otuz iki... yüz, iki yüz, üç yüz...
Əməlli başlı yoruldum. Onun jimi bizim yol yeriməyimiz kimi idi. Yol yeriyəndə heç kim addımlarını saymır və bununla öyünmür. İbrahim belə jim edirdi.
O həmçinin voleybol, güləş, stolüstü tennis və digər idmanlarda da usta idi. Yadımdadır, tək əllə atəş açırdı. Silahın qundağını çiyninə qoymurdu, o qədər güclü idi ki, tək əllə tutub atəş açırdı.
İbrahimin çox gözəl səsi vardı və çoxları onun səsinə vurulmuşdu. Bəzən Əhli-beytin mədhinə qəzəllər oxuyurdu. Məddahlığına söz ola bilməzdi.
Gilanqərbdə bir Quran qiraətçimiz vardı, təcvid qaydalarını da yaxşı bilirdi. İbrahim isə Quranı xüsusi yanğı ilə oxuyurdu. Hamı İbrahimin Quran oxumasından həzz alırdı. Zarafat və gülüşdə də birinci idi. İki saat yanında otursaydıq, yenə yorulmazdıq. Yalnız mən yox, bütün dostlar onun haqqında belə düşünürlər.
Hamı İbrahimi bir örnək kimi qəbul edirdi. Korpus komandiri bir iş görmək üçün məntiqi dəlil gətirirdi ki, digərləri razılaşsınlar. İbrahimin isə heç bir işdən ötrü dəlilə ehtiyacı yox idi. O, "mən bu işi görmək istəyirəm" – deyən kimi hamımız arxasınca qaçırdıq. Çünki hamımız onu qəbul edirdik.
Digər tərəfdən, İbrahimin şəxsiyyəti örnək olmaq gücündə idi. O, bütün əməllərinin İslama uyğun olmasına çalışırdı.
Müharibənin əvvəllərində iki qrup önə çıxdı: Biri dindar uşaqlar idilər və onlara Məktəbi deyilirdi, ikinci qrupun uşaqlarına isə Dadaşməşdi deyirdilər.
Dadaşməşdilərin də qayda-qanunları var idi, çox mərd və qeyrətli idilər. Bəzən onlarda lotu əlamətləri, söyüş və digər işlər də görünürdü, iş vaxtı isə çox cəsarətlə mübarizə aparırdılar.
Mən bəzi dostlardan fərqli olaraq, İbrahimi ikinci qrupa daxil edirəm. O, bir dadaşməşdi idi. O, öz hərəkətləri ilə bizi dolayı yolla tərbiyə etdi. O, bütün döyüşçülərə əsl örnək idi. Cəsarətlə deyə bilərəm ki, heç kim İbrahimlə yoldaşlıqdan ziyan görmədi.
Bekar olanda deyib-gülür, oyunlar təşkil edib uşaqların vaxtını doldururdu. Yeri gələndə böyüklər və komandirlər qarşısında ədəb-ərkanı bizə öyrədirdi. Əlbəttə, lazım olanda komandirlərə faydalı tənqidlərini də bildirirdi.
Bütün bunlarla yanaşı deməliyəm ki, İbrahimdə çox da kollektiv iş ruhiyyəsi yox idi. Komandirlik etmişdi, amma bacardığı qədər vəzifədən qaçırdı. Komandirlərə isə çox kömək edirdi.
O, insanları tanımaqda çox dəqiq idi. Bizim çoxlu araşdırmadan sonra gəldiyimiz qənaəti əvvəldən bilirdi.
Müharibənin əvvəllərində bəzi qruplaşmalar cəbhələrə nüfuz etdilər, bəzi sadəlövh adamlar da onlara aldandılar. Onların bir neçəsi Gilanqərbə gəldi. İbrahim onları çox tez tanıdı və bizi onlara yaxınlaşmağa qoymadı.
İbrahimin başqa bir özəlliyi eyibləri örtməsi idi. Kimsə bir səhvə yol versəydi, heç vaxt başqalarının yanında danışmazdı, səhv edən adamla əlaqəsini də kəsməzdi. Sonra bilirdik ki, təklikdə onunla danışmış və səhvini başa salmışdır.
İbrahim çoxlarına, hətta komandirlərə də sirdaş idi. Onun böyük qəlbi var idi, hamı onu yaxın dost bilirdi.
Bütün bu xüsusiyyətlərlə yanaşı, şagird və mürid həvəskarı deyildi, hansısa məqsədlərə nail olmaqdan ötrü insanları özünə yaxınlaşdırmağa nifrət edirdi.
Həm özünə, həm digərlərinə xüsusi məxfi zona tanıyırdı. İşlərinin çoxluğuna baxmayaraq, tək qalmaq üçün özünə vaxt ayırırdı, yalnız Allahla özü olurdu. Bütün bunlar İbrahimi örnək bir şəxsiyyətə çevirdi.
Həyatda İbrahimi qarşıma çıxardığı üçün həmişə Allaha şükür edirəm. O, qısa müddətdə mənə düzgün yaşamaq dərsini öyrətdi. Mənə elə dərslər öyrətdi ki, onların hamısı böyük bir kitab deməkdir. Mən sonradan müəllim oldum və tərbiyə sahəsində çoxlu kitablar oxudum. Buna görə əminliklə deyirəm ki, İbrahimin şəxsiyyəti hamıya örnəkdir.
Dostları ilə paylaş: |