İslamda bir xüsusiyyət vardır: ibadətin ruhu və məğzi bəndənin Allah ilə olan rabitəsini bərqərar etmək, qəflət pərdələrini yırtmaq, Allaha diqqət yetirməkdir. Amma buna diqqət yetirilməlidir ki, islam ibadətə xüsusi şəkil vermiş, onun zahiri formasına da son dərəcə əhəmiyyət yetirmiş, elə o formada da ibadət edənin libasında bir sıra tərbiyəvi proqramları bəyan etmişdir. Məsələn, insan Allaha qəlbən nəzər yetirmək istəyirsə, bunun insan bədənin pak olub-olmaması ilə nə əlaqəsi vardır? “Həqiqətən Allah sizin üzlərinizə, surətlərinizə deyil, sizin qəlblərinizə nəzər edir”.1 Biz ki, Allahın hüzuruna öz bədənimzlə getmək istəmirik, belə isə bədənimizin pak olub-olmamasının nə əhəmiyyəti var? Biz Allahın hüzuruna pak qəlblə getmək istədiyimizdən qəlbimiz də pak olmalıdır. İslam ibadəti şəriət qanunu halına saldığı bir zaman onun tərbiyəvi cəhətdən də xüsusi əsərə malik olmasını nəzərə aldığından ibadətə çox da mühüm əlaqəsi olmayan, lakin təlim-tərbiyədə təsirli sayılan şeyləri ibadət olunan zaman şəxsin libasında da – istər vacib, istərsə də müstəhəb əməllərdə – şərt etmişdir. Məsələn, qüsl və dəstəmazda: həmişə dəstəmazlı və təharətli olmaq və sair kimi işlər islami sünnələrdəndir. Müxtəlif ünvanlarda olan müstəhəb qüsllər də həmin qayda ilə. Ümumiyyətlə, islam deyir ki, namaz qılan zaman bədəniniz və paltarınız pak-pakizə olmalıdır. Bu da ibadət əsnasında olan bir pakizəlik nümunəsidir.2
İslam axirəti dünyanın, dünyanı da axirətin mətnində qərar vermişdir. Namazın xalis axirət yönü bundan ibarətdir ki, insan Allahı yad etsin, Allahdan xovflu olsun. Hüzuri-qəlbli olmaq, Allaha diqqət yetirmək kimi bu qədər adabının zərurəti yoxdur: get dəstəmaz al, bədənin yu, özünü pak-pakizə et. Məgər Allahın hüzuruna getməkdə bədəni yumağın nə təsiri vardır? Allahın hüzuruna getmək baxımından insanın üzünün yuyulub-yuyulmamasının heç bir təsiri yoxdur, lakin Allah-taala buyurur: “Ey iman gətirənlər! Namaz qılmaq istədiyiniz zaman üzünüzü və əllərinizi yuyun (dəstəmaz alın)”.3
Gördüyünüz kimi, Allah-taala paklıqla ibadəti bir-biri ilə yanaşı qərar vermiş və “əgər cənabətli olsanız bütün bədəninizi yuyun” deyə əmr etmişdir. Bu ayədə ibadət nəzafət və paklıqla yanaşı qeyd olunmuşdur.4
HÜQUQA RİYAƏT ETMƏK
Digər bir məsələ hüquqla əlaqədardır. Yenə də qeyd edirik ki, həqiqi ibadətin ruhu və məğzi nəzərindən bizim hər hansı bir qəsbi, yoxsa mübah şeyin üzərində oturmağımızın heç bir fərqi yoxdur. “Filan mal mənim olsun, filan mal sənin”, “mən sənin malından istifadə etməyim, sən də mənim malımdan istifadə etməyəsən” kimi şeylər ictimai şərtlərdir və ictimai həyat üçün faydalıdır, amma həqiqi və real bir şey deyildir ki, misal oçün, əgər bu xalça mənim olsa, bir cür həqiqi keyfiyyətə, sizin və ya başqasının olduqda başqa cür həqiqi keyfiyyətə malik olsun. İbadət həqiqi və real bir məsələdir, yəni insanla Allahın arasında bərqərar olunan ruhi rabitə və halət baxımından bu kimi işlər doğrudan ibadətə təsirli ola bilməz. Bəzi şeylərin isə təsiri vardır. Məsələn, əgər insan müəyyən fiziki və ya ruhi narahatlıqlara düçar olsa, ümumiyyətlə ibadətin ardıcıllığı pozulur və bu kimi səbəblər də insanın hüzuri-qəlbinə, Allaha diqqət yetirməsinə mane olur. Lakin yuxarıda qeyd olunan şeylərin belə bir əsəri, təsiri yoxdur. Buna baxmayaraq, islam buyurur ki, namaz qıldığın yer, dəstəmaz aldığın su, hətta dəstəmaz suyunun töküldüyü yer, onunla namaz qıldığın paltar və ümumiyyətlə sənin bu əməlinlə əlaqədar olan bütün şeylər mübah olmalıdır, yəni haram olmamalıdır, əgər paltarında bir qəsbi sap da olsa onunla edilən ibadət qəbul deyildir.1
Burada da hüquq ibadətlə yanaşıdır. İslam dini Allaha pərəstişi vacib etməklə yanaşı başqalarının hüququnu möhtərəm saymağı da vacib hesab edir. Yəni islam buyurur ki, ictimaiyyətin hüququna riayət edilmədiyi halda olunan pərəstiş ümumiyyətlə qəbul edilmir. Belə olduqda şəxs namaz qılmaq istədikdə əvvəlcə bunu fikirləşməlidir ki, mənim oturduğum və içində namaz qılmaq istədiyim bu evi camaatdan zorla almışam, yoxsa xeyr? Əgər zorla almışamsa namazım batildir. Deməli, namaz qılmaq istədikdə evi elə tərtibə salmalıdır ki, onun üçün halal olsun, yəni onun əsl sahibindən almış olsun, ya da əsl sahibini razı salsın. Ayağının altındakı palaz, xalça, əynində olan paltar da eynilə. Hətta əgər fəqirlərin müəyyən bir hüququ (xums və zəkat kimi) onun üzərinə gəlmişsə onun xüms və ya zəkatını verməlidir. Əgər verməsə namazı batildir.2
İNZİBATÇILIQ VƏ VAXTA RİAYƏT ETMƏK
Həmçinin demişlər ki, etmək istədiyin ibadətin müəyyən və konkret vaxtı vardır və onun hər dəqiqəsi belə hesablanacaqdır. Sübh namazının vaxtı sübh açılandan günəş çıxana qədərdir. Əgər qəsdən sübh açılmamışdan bir dəqiqə qabaq, yaxud günəş çıxandan sonra başlayarsa namazı batildir. Sübh namzı bu iki vaxt arasında qılınmalıdır. Əgər bir kəs “Cənab, mənim indi yuxum gəlir, mən dünən gecə oyaq qalmışam, hələlik sübhə bir saat qalır. Allahın ki, yuxusu-oyaqlığı yoxdur. Məgər Allah (belə sözlərdən Allaha pənah aparırıq!) sübhlə günəşin çıxması arasında “Öz rəsmi paltarını geyinir” və namazları qəbul etmək üçün hazırlaşır?! Allah üçün bütün saatlar və bütün anlar eyni səviyyədədir: “Allahı nə yuxu, nə də mürgü tutmaz”1 mən gecə oyaq qaldığım üçün çox yuxum gəlir, namazı vaxtından yarım saat qabaq qılmaq istəyirəm!” - desə, bu iş əsla mümkün deyildir! Namazın vaxtını bilib inzibatçı olmalı, onu öz vaxtından başqa vaxtlarda qılmamalısan. Görəsən, Allahın nəzərində namazın hansısa bir vaxtda qılınmasının fərqi varmı? Xeyr. Amma sənin nəzərində fərqlidir. Sən bu namazla mənən tərbiyə olunmalısan. Əgər gecənin ikinci yarısına qədər də oyaq qalsan, sübh namazını sübh açılandan günəş çıxanadək qılmalısan. Zöhr və əsr, məğrib və işa namazları da eynilə belədir, öz vaxtından əvvəl qılınsa qəbul olunmaz. Vaxtından sonra da qəbul deyildir.2
Namaz haqqında diqqət yetiriləsi məsələlərdən biri də onun vaxtına çox dəqiq və həddindən artıq diqqət yetirilməsidir, onun hər dəqiqə və saniyəsi üzərinə belə hesab aparmaq lazımdır. Şübhəsiz, bu məsələ ibadətin ruhunda və insanın Allah ilə olan rabitəsində təsirli deyildir ki, məsələn, biz zöhr daxil olmamışdan bir dəqiqə qabaq zöhr namazını qılmağa başlasaq Allahın hüzurunda hüzuri-qəlb yaranmayacaq, lakin zöhr daxil olandan sonra qılınan həmin namazla Allah dərgahına yaxınlaşmaq mümkün olacaq. Amma islam bunu şərt qərar vermiş, zaman və vaxt baxımından hərc-mərcliyin yaranmasını istəməmişdir. Bu da bir növ vaxtı tanımaq, vaxt və zamanın nəzminə ehtiram qoymağı məşq etdirməkdir.
Məsələn, bir şəxs namazı qıldıqdan sonra öz vaxtı daxilində qılmadığını, yaxud onun bir hissəsini öz vaxtında, digər bir hissəsini isə vaxtından əvvəl qıldığını bilsə, bu namaz batildir. Lakin əgər bir şəxs bilmədən namazını vaxtından əvvəl başlasa və misal üçün, onun bir rəkəti vaxt daxilində olsa namazı düzgündür.
Dostları ilə paylaş: |