SəNDƏn payim



Yüklə 0,81 Mb.
səhifə17/18
tarix24.05.2018
ölçüsü0,81 Mb.
#51364
1   ...   10   11   12   13   14   15   16   17   18

On səkkizinci fəsil


Ertəsi gün səhər tezdən qayınatam gəldi. Səhər yeməyi hazırlayırdım. Dedi: “Gecə yuxuda Səttarı gördüm. Qanı qara idi. Dedim ki, Səttar can, halın necədir? Başını çevirib dedi ki, mən Səmədəm. Öpmək üçün yaxınlaşdım, gözümdən itdi”.

Sonra ağlayıb dedi: “Uşağımdan ötrü darıxmışam. Yəqin düşmən torpağında kafir Bəəs-çilərin yanında əzab çəkir. Bilmirəm məndən niyə incimişdi. Yəqin yeri yaxşı deyil”.

Səməd atasını narahatlıqdan çıxarmaq üçün gülüb zarafata dedi: “Yox, ata, təsadüfən, yeri çox yaxşıdır. Səttar indi özü üçün pərvaz edir. Məncə, narahatdır ki, niyə bizim adlarımızı belə qarışdırmısız”.

Səmədə göz ağardıb dodağımı dişlədim. Səməd sözünü dəyişib dedi: “Məndən inciyib ki, niyə adını götürmüşəm”.

Sonra üzünü mənə tutub dedi: “Hətta xanımım da məndən inciyib. Elə deyil, Qədəm xanım?”

Çiynimi çəkdim.

Dedi: “Deyirəm ki, mənə Hacı Səttar deməyə alış, amma razılaşmır. Bir də gördün sabah-birigün gəlib dedilər ki, Hacı Səttar şəhid olub. Gərək biləsən ki, ərini deyirlər. Daha deməyəsən ki, Səttar qayınımdır və çoxdan şəhid olub”.

Bunu deyib güldü. Bizi də güldürmək istəyirdi.

Qaşqabağımı saldım. Atası da ona tərs-tərs baxdı.

Səməd vəziyyəti görüb dedi: “Əslində, hamısı Ağacanın təqsiridir. Adlarımızın başına gör nə oyun açıb!”

Qayınatam həmin narahat görkəmində dedi: “Mən sizin başınıza heç bir oyun açmamışam. Əvvəldən sənin adın Səməd idi. Şəmsullahla Səttar dünyaya gələndə şəhərə gedib hamınıza bir yerdə kimlik almaq istədim. O vaxt hamı belə edirdi. Uşaqlarını məktəbə göndərməyənlər evləndirəndə onlara kimlik götürürdülər. Bu, qeydiyyat şöbəsinin günahıdır. Orada səhvən böyük qardaşın, yəni sənin adını Səttar yazdılar. Şəmsullahla Səttar əkiz idilər. Bilmirəm fikri harada idi, Şəmsullahın təvəllüdünü 1965, Səttarınkını isə 1958 yazdı. Adınızı məktəbə yazdıranda dedilər ki, ən böyük hansıdır? Səni göstərdik. Dedilər ki, bu, Səttardır, gərək birinci sinfə getsin, o birilərin də məktəbə yaşları düşmür. Pasportlarınızı dəyişdirmək üçün oyan-buyana çox qaçdıq, amma alınmadı”.

Səməd gülümsəyib dedi: “Əvvəllərdə mənə çox çətin idi. Müəllim Səttar İbrahimi deyəndə durub üzünə baxırdım. Dostlarım və sinif yoldaşlarım da mənə Səməd deyirdilər. Bu duruma alışınca çox çəkdi”.

Səməd yenidən üzünü mənə tutub dedi: “Hər halda, xanım, Hacı ağana Hacı Səttar deməyə vərdiş elə”.

Dedim: “Məgər Hacı ağa demədi ki, sən əvvəldən Səməd idin?!”

Səməd daha mövzunu davam etdirmədi və atasına dedi: “Ağa can, yaxşı olar ki, sən bir duş qəbul edəsən, əhvalına yaxşı təsir edər. Mənim də bir az işim var. Sən hamamdan çıxınca mən də hazırlaşaram”.

Qayınatam razılaşdı. Süfrə sərib Xədicəni və Məsuməni yuxudan oyatdım. Səhər yeməklərini verəndə Səməd gəlib süfrədə yanımda oturdu.

- Qədəm!

Ona baxdım. Hövsələm yox idi. Özü də bilirdi ki, hər dəfə cəbhəyə gedəndə narahat və əsəbi oluram.

- Ürəyimdə bir sirr var, getməzdən öncə sənə deməliyəm”.

Təəccüblə ona baxdım. Bir çörək parçası ilə oynamağa başladı.

- Əməliyyat gecəsi Səttara demişdim ki, üçüncü bölüyə getsin. Birinci qayıq bizi çayın o tərəfinə daşımağa hazır idi. Adamlarımı saydım. Gördüm ki, bir nəfər artıqdır. Kimin artıq olduğunu nə qədər soruşsam da, heç kim cavab vermədi. Məcbur olub fənərlə bir-bir üzlərinə baxdım. Birdən Səttarı gördüm. Əsəbiləşib dedim: “Məgər demədim ki, üçüncü bölüyə gedəsən?!” Xahiş etməyə başladı. Kaş razılaşmayaydım! Necə oldusa, qəbul etdim və o da gəldi.

Həmin gecə çox əziyyətlə Ərvənd çayını keçdik. Güclü atəş altında və zülmətin içində düşmənin tikanlı məftillərini qırdıq. İnanmazsan, o az sayımızla düşmənin postunu alıb dalğıcları gözlədik. Lakin dalğıc batalyonu irəliləyə bilməmişdi. Biz yalqız qaldıq. Vəziyyət elə oldu ki, iraqlılarla üz-üzə dayanıb həmin silahlarımızla çox yaxın məsafədən vuruşmağa başladıq. Birdən Səttar məni səslədi. Gedib gördüm ki, ayağına güllə dəyib. Ayağını çəfiyəmlə4 bağlayıb dedim ki, qardaş can, bizimkilər gələnə qədər tab gətir.

Silahlarımızla o qədər atəş açmışdıq ki, çox qızmışdı, əllərimiz yanırdı.

Əllərini açıb göstərdi. Yanıq izləri hələ qalmışdı. Qabaqca da görmüşdüm, amma nə o bir söz demişdi, nə də mən soruşmuşdum.

Dedi ki, mənə çay süz. Hamamdan suyun şırıltısı gəlirdi. Süməyyə, Zəhra və Mehdi yatmışdılar. Xədicə və Məsumə səhər yeməklərini yeyə-yeyə təəccüblə atalarına baxırdılar. Çayı yanına qoyub soruşdum ki, sonra nə oldu?

- İraqlılar dəstə-dəstə adam göndərirdilər. Biz bir neçə nəfər az silahla özümüzü müdafiə etməyə məcbur qaldıq. O vəziyyətdə və elə atəş altında yenidən Səttarın səsini eşitdim. Yanına qaçıb gördüm ki, bu dəfə qolunu tutub. Ağır yaralanmışdı. Qolunu bağlayıb üzünü öpdüm və dedim: “Qardaş can, uşaqların çoxu yaralanıb. Möhkəm dayan”. Yenidən qayıtdım. Vəziyyət pis idi. Əsgərlərimiz bir-bir ya şəhid olurdular, ya əsir düşürdülər, ya da yaralanırdılar. Səttarın səsini bir də eşidəndə qanın içində olduğunu gördüm. Ayağının yanına əl qumbarası düşmüşdü və bütün bədəni dəlik-deşik olmuşdu. Onu kürəyimə atıb iraqlıların beton səngərinə apardım. Dedim ki, döz, səni özümlə qaytaracağam. Dərvişi adlı bir əsgər də yaralanmışdı. Onu da kürəyimdə həmin səngərə apardım. Səttarı kürəyimə atıb qaytarmaq istəyəndə Dərvişi dedi: “Hacı, məni tək qoyursan?! Sən Allah, məni də apar, məgər mən sənin əsgərin deyiləm?!” Səttarı yerə qoyub Xeyrullah Dərvişiyə yaxınlaşdım. Onu kürəyimə götürəndə Səttar dedi ki, mərifətsiz, mən qardaşınam, birinci məni apar, mənim vəziyyətim daha pisdir. Çətin an idi, çox çətin. Nə edəcəyimi bilmirdim.

Səməd çayını şirinləşdirmədən başına çəkdi.

- Qədəm, iki yolayrıcında qalmışdım, nə edəcəyimi bilmirdim. Axırda qərara gəlib dedim ki, mən yalnız birinizi apara bilərəm. Özünüz deyin, hansınızı aparım? Yenidən hər ikisi israr etməyə başladılar. Gedib Səttarın üzündən öpüb dedim: “Əlvida, qardaş, məni bağışla, demişdim ki, gəlmə”. O halda dedi ki, qızlarımdan muğayat ol. Soruşdum ki, bir şey istəyirsənmi? Dedi ki, susuzam. Ona su vermək üçün qumqumamı çıxardım, ancaq boş idi, bomboş.

Səməd bunu deyib stəkanı süfrəyə qoydu və dedi: “Qədəm can, məndən sonra bunu atama danışarsan. Bilirəm ki, indi eşitməyə taqəti yoxdur, amma həqiqəti bilməlidir”.

- Onda Səttar belə şəhid oldu?

- Yox. Onunla vidalaşandan sonra üzünü öpdüm. Bu vaxt iraqlılar səngərin önündən bizə atəş açmağa başladılar. Mən onda çiynimdən yaralandım. Səngərdə bir dəlik vardı, oradan özümü bayıra atıb suya girdim. Uşaqlar deyirlər ki, Xeyrullah Dərvişi orada əsir düşdü, Səttara isə atəş açıb susuz halda şəhid etdilər.

Sonra qalxıb ayaq üstə dayandı. Dedim ki, gəl, səhər yeməyini ye. Dedi: “İştahım yoxdur. Mən şəhid olandan sonra bunları bir-bir ata-anama danışarsan. Əgər oğullarını qurtarmaqda səhlənkarlıq etmişəmsə, halallıq istəyərsən”.

Sonra üzünü Xədicəyə və Məsuməyə tutub dedi: “Qızlarım, qalxın məktəbə gedək”.

Səməd uşaqları aparanda atası hamamdan çıxdı, səhər yeməyini yeyib hazırlaşmağa başladı. Qayıdandan sonra Səmədə dedim: “Əgər getmək istəyirsənsə, uşaqlar yatmışkən get. İndi oyanıb səni istəyəcəklər”.

Səməd çantasını hazırlayanda Mehdi oyandı, sonra da Süməyyə və Zəhra. Səməd uşaqlarla bir qədər oynadı, sonra sağollaşdı. Mehdi arxasınca qaçdı. Qapını o qədər çırpıb ağladı ki, Səməd yenidən qayıtdı. Mehdini öpüb otağa apardı, oyuncaqlarını verdi. Başı qarışandan sonra ayağa qalxdı. Lakin bu dəfə Süməyyə onun arxasınca qaçdı. Qayınatam küçədə idi. Səməd dedi: “Get atama de, içəri gəlsin”.

Qayınatam qayıdıb pillələrin üstündə oturdu. Səbri tükənmişdi. Qanı qara idi, deyinib Səmədi səsləyirdi. Səməd kətili gətirib dedi: “Az qala yadımdan çıxmışdı. Qədəm, bir neçə ədyal ver, bu pəncərələri tutum. Gecə çox soyuq idi. Həyəcan siqnalı zamanı səssizlik üçün də yaxşıdır”.

Süməyyə, Zəhra və Mehdinin başı oynamağa qarışmışdı. Sanki atalarının daha getməyəcəyinə əmin olmuşdular. Səməd uşaqların anlamayacağı tərzdə kətili aparmaq bəhanəsilə sağollaşıb getdi.

Bir neçə dəqiqədən sonra yenidən qapı döyüldü. Fikirləşdim ki, bu gün Səmədə nə olub!

Qapını açıb soruşdum ki, nə olub? Dedi ki, açarlarımı yaddan çıxarmışam.

Gedib açarları gətirdim. Pilləkənin altında bir an tək qaldıq. Üzünü yaxınlaşdırıb alnımı öpdü və dedi: “Qədəm, haqqını halal et. Bu bir neçə ildə sənə ancaq əzab-əziyyət vermişəm”.

Nəsə demək istəyirdim ki, gördüm gedib. Pillələrin üstündə oturub fikrə getdim. Ürəyim sıxılırdı. Neft gətirmək bəhanəsilə həyətə düşdüm. Neft yanacaq qabını götürdüm. Ağır idi. Zorla balkona gətirirdim. Hava da soyuq idi. Həyətdə qar buz bağlamışdı. Ayağımda çəkələk vardı, soyuqdan əsirdim. Uşaqlar ədyalı kənara çəkib pəncərədən mənə baxırdılar. Ədyalın arxasından gözüm Səmədin taxçanın üstündəki şəklinə düşdü. Vəsiyyətnaməsini qoyduğu Quranın yanında idi.

O, demişdi: “Uşaqların ürəyi məni istəyəndə bu şəkli göstərərsən”.

Hər dəfə şəklə baxanda pis olurdum; ürəyim sıxılırdı, nəfəsim çatmırdı və bütün dünyanın qəm-kədəri qəlbimə çökürdü. O şəkli görəndə beynimə min cür pis fikir gəlirdi. Yanacaq qabını yenidən götürüb otağa aparmaq istəyəndə ayağım sürüşdü və yerə yıxıldım.

Ağrıdan qıvrılırdım. Ayağım qabın altında qalmışdı. Birtəhər qabı kənara çəkdim. Ağrı iynə kimi iliyimə işləyirdi. Uşaqlar əllərini şüşəyə çırpırdılar. Ayağa qalxa bilmirdim. Həyətdə qarın üstündə oturmuşdum və ixtiyarsız olaraq, zar-zar ağlayırdım.

Baş barmağımın dırnağı qaralmışdı. Taqətim çəkilmişdi. Uşaqlar məni o halda görüb qorxudan ağlayırdılar. O anda yenidən gözüm şəklə düşdü. Uşaqların yanında ağlamaq istəmirdim. Dişimlə dodağımı möhkəm dişləyirdim ki, ağlamayım, qəlbimdə isə tufan idi: “Səməd! Səməd can! Bəs sən nə vaxt arvad-uşağının hayına gələcəksən?! Bəs sən nə vaxt bizim olacaqsan?!”

Dodaqlarının hərarəti hələ alnımda idi. Güc-bəla ilə yerimdən qalxıb evə girdim.

Uşaqlar ağlayırdılar. Onları heç cür sakitləşdirə bilmirdim. Bir tərəfdən də onlara ürəyim yanırdı. Çətinliklə ayağa qalxıb şəkli taxçadan götürdüm. Dedim: “Gəlin, uşaqlar. Baxın, ata sizə gülür”.

Uşaqlar sakitləşib şəklin ətrafında oturdular. Mehdi Səmədin şəklini öpdü. Süməyyə də yaxınlaşıb Mehdiyə baxdı və onun kimi şəkli öpdü. Zəhra çərçivəni nazlayıb şirin dili ilə “ata, ata” deyir, mənə baxıb bərkdən gülürdü. Uşaqların əllərinin və ağızlarının yeri çərçivəni ləkələyirdi.

Əlimlə gicgahımı tutub möhkəm sıxdım. Süməyyəyə dedim ki, anaya bir stəkan su gətir.

Suyu içib orada uşaqların yanında uzandım. Lakin qalxmalı idi. Uşaqlar nahar yeməyi istəyirdilər. Zəhranın əskilərini yumalı və səhər yeməyinin süfrəsini yığmalı idim.

Günortaya yaxın idi. Xədicə və Məsuməni məktəbdən gətirmək lazım idi. Qaba bir neçə naringi qoydum. Uşaqların başları naringinin qabığını soymağa qarışanda gizlicə ayağa qalxıb çadramı başıma atdım, axsaya-axsaya Xədicə və Məsuməni gətirməyə getdim.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin