Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan


Bakıda Şərq Millətlərinin Konqrəsi



Yüklə 0,98 Mb.
səhifə8/16
tarix19.10.2017
ölçüsü0,98 Mb.
#3110
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

Bakıda Şərq Millətlərinin Konqrəsi

(1920-ci il 1-8 sentyabr)


Avropa tərəfindən təcrid edilərək iqtisadi mühasirə altında bulunan sovet dövləti Qərbin müstəmləkəsi olan Şərq ölkələrində imperialistlərə qarşı mübarizə başlatmaq qərarına gəlir. 1919-cu ilin mart ayında Leninin təsis etdiyi Üçüncü İnternasional Konqrəsinin (komintern) hədəflərindən biri də müstəmirə ölkələrdə antiimperialist fikirləri gücləndirərək müttəfiqlərin əlini bu ölkələrdən kəsmək idi. 1919-cu ilin noyabr ayında Rusiya Müsəlmanları Komitəsi müsəlman şərqin ikinci konqrəsini keçirdi. Konqrə Şərq ölkələrində kommunist partiyaları quraraq onları kominternlə birləşdirməli idi. Lenin toplantıya qatılanlardan beynəlxalq proletariyanın tək dostunun dünya işçiləri olduğunu öz xaqlarına anlatmalarını istəmişdi. Beləliklə imperialistlərə qarşı vahid cəbhə oluşdurma planı hazırlandı. Müttəfiqlər bolşevizm yayılımının önünü kəsmək üçün Türkiyənin güneyində, Suriyədə və Mesopotamiyada savunma mövqeyinə keçdilər. Bir kürd dövlətinin təsisi söz qonusu oldu. Qızıl ordunun Azərbaycana girişindən sonra Ermənistana və Gürcüstana maddi yardımlar edildi. Burada bolşeviklərin önünü kəsmək istədilər. Çünkü sırf bu bölgədən bolşevizmin bütün Şərq ölkələrinə yayılma imkanı var idi. Belə təhlükəli bir durumda Rusiya Kommunist Partiyasının mərkəzi komitəsi Bakıda Şərq millətlərinin konqrəsini keçirmək qərarına gəlir. Bu konqrədə ilk dəfə olaraq Şərq və Qərb nümayəndələri bir arada bulunacaq və ortaq çözüm haqqında fikir alış-verişində bulunacaqlardı. İyun ayının 29-da icraiyə komitəsi İran, Ermənistan və Türkiyənin “zəhmətkeş və əsir kütlələrinə” konqrəyə qatılmaq üçün məsaj göndərdi. Bu məsaj Çiçerin və yardımçısı Karaxan tərəfindən yazılmışdı. Qafqaza yaxın olduqlarından dolayı ilk öncə bu üç ölkəyə göndərildi. Sonunda bütün Şərq və Asiya millətlərinə göndərilir: “Kommunist İnternasional İcraiyə Komitəsi ilk öncə Ermənistan, İran və Türkiyənin əsir işçilərinə xitab edir. Ancaq xoşbəxtlikdən toplatıya qatılacaq olan heyyətlərin arasında Hind və digər Şərq ölkələrinin nümayəndələri ilə də qarşlaşmışdır.”31 Məsajda kapitalist ölkələrin etdikləri talançılıq haqqında ayrıntılı bilgi verilmiş və dünya işçilərinin kapitalist dünyaya qarşı birləşmə zərurəti açıqlanmışdı. “Avropa işçiləri dünya kapitalizmini hələ məğlub edə bilməsələr də, dünya kapitalistləri artıq istədikləri kimi işçiləri sömürüb qanlarını axıda bilməzlər. Fransa, İngiltərə və Amerika kapitalistlərinin sovet inqilabını məğlubetmə planları suya düşmüşdü. İngiltərə, Fransa, Almaniya, İtaliya və Amerika işçilərinin nümayəndələri Bakıya gələrək konqrəyə qatılacaqlar. Avropa proletaryatının kapitalizmə qarşı mübarizəsinin şəkli və yöntəmi qurultayda dartışılacaqdır.”32 Bu bəyaniyəni icraiyə komitəsinin rəisi Zinovyev və komitənin katibi Radek imzalamışlar.

Toplantının keçəcəyi məkan kimi Bakının seçilməsi təsadüfi deyildi. Bakı bir çox erməni, gürcü, Türkiyəli, iranlı və digər ölkə kommunistlərinin sığındığı yer idi. Azərbaycanın coğrafi mövqeyindən asılı olaraq bu şəhrə gəlmək asan idi. 25 milyon rubl şəhərin bəzənməsi və qonaqları qarşılaması üçün xərclənir. Müsafirlərin əylənməsi üçün konsertlər və teatrlar təşkil edilir. 25 milyon rubl bu toplantıya xərclənərkən qıtlıq Bakıda və Rusiyada xalqı məhv etmək üzrə idi.

Qurultayın təşkili sırasında Şərq xalqlarının siyasi mövqeyi necə olmuşdur? Türkiyədə Mustafa Kamal qurtuluş savaşı başlatmış və daha öncə müttəfiqlərə qarşı ortaq cəbhə oluşdurma və işbiriliyi Leninə təklif etmişdi. İranda bir neçə inqilabi hərəkət var idi. Onlardan biri Mirzə Küçükxanın ingilislərə qarşı başlatdığı mübarizə idi. Mirzə Küçükxanı İran işçilərinin təşkil etdiyi “Ədalət” partiyası dəstəkləyir. Mirzə Küçükxanın öndərlik etdiyi “Cəngəl” qiyamı Vüsuqəddövlənin anqlofik hökümətini devirib “Gilan Cümhuriyyəti” qurmağı başarmışdı. Bakıda bulunan İran işçiləri 1920-ci ilin iyun ayında İran Kommunist Partiyasını təsis edirlər. Əski elektrik işçisi olan Heydər Əmoğlu partiyanın rəhbəridir. Heydər Əmoğlu İran Kommunist Partiyasını təmsilən qurultaya qatılır. Bu zaman Əfqanistan, Sudan, Misir, Hind, Əlcəzayir, Mərakeş kimi başqa ölkələrdə də İngiltərə və Fransa müstəmləkəçiliyinə qarşı qiyamlar baş qaldırmışdı.

Konqrənin təşkilatçılığı Orconikide, Stasova, Nərimanov, Mikoyan və Səid Quliyevin də üzv olduqları bir komitəyə tapşırılmışdı. Sonunda konqrə sentyabr ayının 1-də öz işinə başlayır. Rəsmi rəqəmə görə konqrəyə 1891 nümayəndə qatılmışdı. Bunlardan 1070 nəfər kommunist, 542 nəfər partiyasız, 344 nəfər sempatizan və digər partiyaların üzvləri. 26 ölkədən 37 millət təmsil edilməkdədir. “Rusiyanın şərqi qövmləri” Ermənistan, Azərbaycan, Gürcüstan, Türküstan, Xeyvə və Buxara, Başqurdistan, Dağıstan, Şimali Qafqaz, Tataristan, Kamuk muxtar cümhuriyyəti, Fərqanə və Uzaq Doğu cümhuriyyətləri nümayəndələri timsalında təqdim olunur. Orta Doğu isə, Türkiyə, İran, Əfqanistan, Misir, ərəb ölkələri nümayəndələri ilə təmsil olurlar. Asiya da Çin, Hind, Japoniya, Korə nümayəndələri ilə toplantıya qatılır. Avropa isə, Üçüncü İnternasionalın üzvü olan kommunistlərlə toplantıya qatılır. Macaristan, Polşa, Fransa, İspaniya, Avsturiya, Balkan kommunistləri də qatılmaqdadırlar. Almaniya və İtaliya kommunistləri toplantıya qatılmamışlar. Amerika Birləşik Dövlətlərinin kommunistlərini təmsil edən Can Rid toplantıda çox aktivdir. O, “Dünyanı titrədən on gün” adlı kitabın yazarıdır. Bəzi heyyətlərin nümayəndəlikləri daha çox idi: Azərbaycan 469 nəfər, İran 202 nəfər, Gürcüstan 137 nəfər, Ermənistan 131 nəfər, Türkiyə 105 nəfər, Dağıstan və Şimali Qafqaz 461 nəfər. Toplatıya 109 nəfər də rus nümayəndə qatılmışdı.33 Azəri, türk, erməni gürcü, iranlı kimi bəzi heyyətlərin daha çox nümayəndələrinin olmasını başqa səbəbdən asılı idi. Onlar daha öncədən Bakıda yerləşmişdilər. Sırf qurultaya qatılmaq üçün öz ölkələrindən gəlməmişdilər. Örnəyin 131 erəmi nümayəndəsindən, yalnız 51 nəfər Ermənistandan gəlmişdi. 137 gürcü nümayəndəsindən, ancaq 20 nəfər Gürcüstandan gəəlmişdi. 40 nəfər nümayəndəsi olan Əfqanistan heyyətinin 5 nəfəri Əfqanistandan gəlmişdi. Bu 5 nəfərdən biri də Mərv ermənisi idi. Çin nümayəndələri Fərqanə və Kaşqar sakinləri idi. Yəni Çini görməmiş və çincə bilməyən nümayəndələr idi. Türkiyə heyyətindən, ayınız 15 nəfər Türkiyədən gəlmiş, qalanları daha öncədən bakıda idilər. Konqrəyə 55 qadın nümayəndə qatılmışdı. Toplantının getdiyi vaxtda bir çox müsəəlman səccadəsini sərib namaz qılırdı.

Toplantı Zinovyev rəisliyində Nərimanov və Radek yardımçılığı ilə açılışını elan edir. Zinovyev uzun bir nitq söylədi və sovet rejimini təhdid edən imperialistlərin planlarından danışdı. Şərq xalqlarını imperialistlərə qarşı mübarizəyə səslədi: “Hələ də Varşovada ağ bayraq dalğalanmaqdadır. Qızıl ordunun Polşadakı məğlubiyyətinin sizləri də üzüdüyünü bilirəm. Sovet federal cümhuriyyətinin Polşa ilə savaşı, yalnızca Qərb proletaryatının savaşı deyildir. Bu, Şərq zəhmətkeş xalqlarının ortaq düşmənə qarşı savaşıdır.”34

Konqrə Blakon, Kleç, Rusmer, Rid, Ştaynhart (Avsturya), Şablin (Balkan) kimi iştirakçıların nitqləri ilə başladı. Blakon, zülm altında yaşayan xalqların yardımlaşmasını gücləndirmənin və imperializmə qarşı vahid cəbhə oluşdurmanın zamanı gəlmişdir dedi. Rusiyaya qarşı savaş elanetmə təhdidində bulunan İngiltərəyə qarşı nitqlər söyləndi. İngiltərə işçilərinin basıqısı üzündən ingilislərin sovet Rusiyasına qarşı savaş açmaqdan vaz keçdiyi dilə gətirildi. Andre Rusmer dedi ki, Fransanın Polşada Vrangeli rəsmiyyətə tanıması işçi sinifinə qarşı açıqca savaş açması anlamındadır. Can Rid Şərq millətlərindən imperializmə qarşı birləşməyi önərdi.35 Konqrənin açılışından iki saat sonra ilk toplantı təşkil edildi. Zinovyev sözə başlayıb türklər haqqında dedi: “Tam olaraq bizimlə eyni cəbhədə olmasalar da, bəzi ortaq tərəflərimiz olan hərəkətləri dəstəkləyirik. Türkiyəni buna örnək olaraq söyləyə bilərik. Bilirsiniz ki, biz Mustafa Kamal hərəkətini dəstəkləmə qərarı almışıq. Biz bilirik ki, Onun başlatdığı mübarizə kommunist bir hərəkət deyildir. Kamal paşa deyir: “Sultanın şəxsiyyəti müqəddəs və toxunulmazdı.” Sultana bu şəkildə inanmağı ortadan qaldırmaq və sovet düşüncəsini yerləşdirmək sizlərin görəvidir. Panislamizm və digər bu kimi nasionalist hərəkətlərin bizimlə əlaqəsi yoxdur. Şərq ölkələrində feodalların və din adamlarının xalqları necə ustalıqla aldatdıqlarını çox yaxşı bilirik. Onlar sizi əsarətdə saxlamağa çalışırlar. Ancaq siz onlara inanıb aldanmayın. Daha öncə serf olaraq bilinən rus kəndlisi özünü azad edə bilmişsə, nədən Türkiyə, İran, Hind, Çin, Ermənistan kəndliləri də bu işi görməməlidirlər?”36 Lenin və Stalin Moskvada din adamlarına sözdə də olsa saldırılmamasını vurğulamışdılar. Zinovyevin din adamlarına bu şəkildə saldırması müsəlmanların rahatsızlıqlarına səbəb oldu.

Toplantının ikinci günündə Radek uluslar arası durum haqqında geniş danışdı və Ermənistan haqqında danışarkən dedi: “Biz öz-özümüzdən soruşuruq ki, erməniləri kürdlərə və türklərə qarşı savaşdıran ingilislər, fransızlar və amerikalılar necə ola bilər Ermənistana azadlıq gətirə bilsinlər? New Yorkda nəşr olunan ”Yeni Ermənistan” qəzeti yazır ki, “Fransa Maraşa könüllü savaşçı göndərmək üçün Amerikanı təhrik etmişdir. Ancaq həssas bir durumda onlar ermənilərin arxasından çəkildilər və 20 min erməninin ölümünə səbəb oldular.”37 Radekdən sonra danışan İranın nümayəndəsi Bünyadzadə idi. O Türkiyəni Almaniyanın yanında savaşa girməklə müttəhim etdi. Ona görə Türkiyənin amacı zəngin Azərbaycan ölkəsini işğal edib sömürmək olmuşdur. Türkiyənin işğalçı siyasəti Qafqazda da bəzi təşkilatlar tərəfindən təqdir edilmişdi. “Onlar bu savaşı başqa cür açıqlayırdılar. Onlar düşünürdülər ki, Türkiyə Azərbaycanı Rusiya imperializminin əlindən azad etmək və onlara istiqlal bağışlamaq üçün Azərbaycana saldırmışdır. Bu isə, açıq yalandan başqa bir şey olmamışdır.”38 Toplantıya qatılanlar Bünyadzadənin bu nitqinin tərcümə edilməsini istədilər. Nitq tərcümə edildikdən sonra Türkiyə təmsilçiləri etiraza başladılar. Bəhaəddin Şakir müttəfiqlər qarşısında Türkiyənin mövqeyini dəstəkləyərək dedi: “Türkiyə müttəfiqlərin qələbəsindən qorxurdu. Çünkü onlar qalib olsaydılar Türkiyənin bağımsızlığı təhlükəyə girə bilərdi. Sırf bu üzdən Türkiyə Almaniyanın yanında yer almışdı.Savaş zamanı Avusturya və Almaniya birliyinin qalib olacağı sanılmaqda idi. Türkiyə dövləti və milləti bir dəfəlik və həmişəlik olaraq Rusiya və özü arasında Gürcüstan, Ermənistan və Azərbaycan dövlətlərini təsis etmək istəmişdi. Türkiyənin imperialist siyasi izlədiyi tezisini savunacaq olsanız, o zaman bu planı necə açıqlayacaqsınız?39 İran nümayəndəsi Heydər Əmoğlu ona cavab verərərək dedi: Türkiyə müttəfiqlərlə birləşərək, yalnızca öz imperialist hədəflərini izləmişdi.

Toplantının üçüncü günündə Rusiya müsəlmanları nümayəndələri sərt dartışma başlatdılar. Onlar bolşeviklərə qarşı etirazlarını dilə gətirdilər. Onlara görə bolşeviklər Rusiya müsəlmanlarının istəklərinə laqeyd yanaşmaqdadırlar. Türküstan nümayəndəsi Tabikov dedi ki, 400 milyon müsəəlman özünü sovet rejimi ilə həmahəng etmək istəyirsə, o zaman bolşeviklər müsəlmanların məzhəbi və sosial istəklərinə diqqət etməlidirlər. “Biz bərabərliyi, azadlığı, gündəlik yaşamımızda istəyirik, sözlərdə və rəsmi yazılarda deyil. Çox yaxşı olar ki, burada rəsmi görəvlilər olaraq bulunan cənab Zinovyev və Radek şəxsən gəlib bolşevik məmurların bizim ölkələrdə nələr etdiklərini öz gözləri ilə görsünlər. Onların davranışları xalqı sovet rejiminə qarşı bədbin edir. Lütfən bizi kommunizm adı altında gizlənmiş olan istismarçıların əlindən azad edin”40 Sovet məqamlarına bu saldırını yumşaltmaq üçün Dağıstan kommunistlərinin nümayəndəsi Kurkmasov sərt təpki göstərdi: “Şahzadələrdən, xanlardan, mollalardan, və feodallardan oluşan hakim təbəqələr var. Bunlar Böyük sosialist inqilabı və Qafqaz dağlarının yoxsul təbəqəsi üçün problem oluşdururlar. Az öncə duyduğumuz söhbətdən sonra nələr söyləyə bilərik? Burada söhbət cahanşümul inqilabdan gedirsə, hansı “özəllik”dən danışa bilərik?”41 Söhbətlərin ləhni çox dəyişib yüksəldiyindən, yalnız İngiltərə, Fransa, Hind və Balkan nümayəndələrinə söz vermə qərarlaşdırıldı.

1919-cu ildə Ənvər paşa Berlində Radeklə görüşmüşdü. 1920-ci ilin avqustunda yenə də Berlində ingilislərlə gizli irtibata keçmişdi. Ruslar bunu bilsələr də, yenə də onu Moskvada yaxşı qarşıladılar. O, toplantıya qatılmaq üçün sürətlə Bakıya getdi. Əski Osmanlı müdafiə nazirinin toplatıya qatılması konqrə üzvləri arasında gərgin vəziyyət yaratdı. Toplantı üzvləri Ənvər paşanın panturançılıq görüşlərini hələ unutmamışdılar. Ənvər paşa nitqini bu sözlərlə başladı: “Mənim təmsil etdiyim Mərakeş, Əlcəzayir, Tunus, Trablos, Misir, Ərəbistan, Hindistan inqilabi təşkilatların hamısı bizimlədir, bu toplantını dəstəkləyirlər. Türkiyə müttəfiqlərə və çar Rusiyasına qarşı savaşaraq, Rusiyanın sovetləşməsinə yardım etmişdi.”42 Onun bu iddiası toplantı iştirakçılarının etirazına səbəb oldu və səslər yüksəldi. Bu üzdən də Zinovyev Ənvər paşadan söhbətini kəsməsini istəyib dedi ki, fikirlərinizi yazılı olaraq konqrənin heyyətinə verə bilərsiniz.

Bəzi müsəlman nümayəndələr qızıl ordunun Gəncədə və Türküstanda törətdiyi qətllərdən narahat idilər.43 Moskvanın müsəlman millətlərlə ilişkisi toplantının gündəmindən çıxarılmışdı. Bu da müsəlman iştirakçıları sinirləndirmişdi. “Təzəpir” məscidinin ətrafında toplaşıb müzakirəyə başladılar. Təzəpir məscidinin ətrafında toplaşan müsəlman nümayəndələrə Ənvər paşa nitq söyləməyə başlayıb dedi: “Yeni Rusiyanın Çar Rusiyası ilə bir əlaqəsi yoxdur. Sovetlər və Üçüncü İnternasional bütün dünya məzlumlarının qurtuluşu üçün mübarizə aparır.”44 Ənvər paşa Orconikide və Kirovun hakimiyyəti altında olan azərilərin qorxusunu gedərmək üçün də davam etdi: “Azərbaycandakı indiki rejim keçicidir. Tezliklə iqtidar yerlilərə təslim ediləcəkdir.” Ancaq Azərbaycanlı bir erməni nümayəndə ona qarşı danışdı və dedi ki, Ənvər paşa söylədiklərində səmimi deyildir, o yaxşı bilir ki, “Türklər kimi bolşeviklər də çox erməni öldürəcəklər.”45 Erməni nümayəndə müsəlmanların da haqqını savunaraq 1915-ci ildə ermənilərin qətlində Ənvər paşanın əlinin olduğunu söylədi. Bu mərasim məscidin içində “İslamın qələbəsi üçün dualar”la sona çatdı. Bu zamansız toplantıya son qoymaq üçün Nərimanov tələm-tələsik məscidə gəldi. Ənvər paşa bu hadisədən sonra dərhal Moskvaya çağrıldı. O, bolşeviklərin onu tərk etməsindən sonra Türküstana sığınaraq Basmacı üsyançılara rəhbərlik etdi və qırmızıların gülləsi ilə öldürüldü.

Türkiyə Böyük Millət Məclisinin nümayəndəsi İbrahim Talinin nitqi mülayim idi: “Türkiyə öz sınırlarını qorumaq və bütün qövmlərə həyat haqqı tanımaq üçün savaşmaqdadır.” O yunanları və erməniləri imperialistlərin işbirlikçiləri kimi sərt tənqid etdi və təkid etdi ki, “Kamalist hərəkət burjuaziyaya dayanmamışdır. Bu, tam olaraq xalq hərəkətidir.” Bu şəkildə də Zinovyevin də ittihamlarına cavab vermiş oldu və belə nəticə aldı: “Türkiyə sovetlərin uzatdığı dostluq əlini tərəddüd etmədən sıxmışdır.”46

Blakonun təklifi üzərinə Türkiyənin üç nümayəndəsinin (Bəhaəddin Şakir, Tali və Ənvər paşa) qonuşmaları bir qətnamənin mövzusu oldu. Qətnamənin məzmunu belə idi: “Konqrə Türkiyə millətinin antiimperialist savaşını dəstəkləyərək bəyan edir ki, türk inqilabı hərəkəti, ancaq yabancı mütəcavizlərə qarşıdır. İşçiləri, kəndliləri istismar edən düzənə qarşı deyildir. Bu da Şərqin qurtuluşuna bir yardımda bulunmaz. Türkiyə rəhbərləri öz əməlləri ilə xalqın mənafeyi yolunda olduqlarını göstərməlidirlər. Onlar keçmiş xətalarını bərtərəf etməlidirlər.” Burada Ənvər paşaya da bir göndəridə bulunaraq davam edir: “Konqrə hesab edir ki, keçmişdə imperialist güclərin mənafeyi yolunda türk zəhmətkeşlərini qətl edən rəhbərlər qanun qarşısında cavab verməlidirlər.”47 Daha sonra Can Ridin nitqinin tərcüməsinə başladılar. Can Rid bir ay sonra tifus xəstəliyindən öləcəkdi. O, Amerika imperializminə bir həcv yazmışdı. Şərq millətlərini bu “azad Amerika” qarşısında duyarlı olmağa çağırırdı. O dedi ki, Amerika ərzaq və yardım göndərərk ölkələri öz istilasına almaqdadır. Nədən Amerika Ermənistana yardım təklifində bulunmuşdur? Bu onun insansevərliyinimi göstərməkdədir? Amerika kapitalizmi bu ölkəni ələ keçirərək erməni millətini əsir almaq istəyir.48

Beşinci oturum milli məsələlərə və müstəmləkəçilik mövzularına həsr edildi. Toplantıya qatılanlara görə bu məsələ, əslində birinci dərəcəli mövzu sayılırdı. 1920-ci il avqust ayında kominternin Moskva konqrəsində də Lenin bu məsələyə işarə etmişdı. Lenin bu toplantıda milli burjuaziyası gəlişməmiş ölkələrin sosializmə keçişlərini məqbul saymışdı. Bu nəzəriyyə konqrənin icraiyə komitəsinin üzvü Sultanzadənin (Mikailiyan) və Hind nümayəndəsi Ruy´un müxalifəti ilə qarşılaşmışdı. Bu nəzəriyyə iqtidarı birbaşa olaraq kommunistlərin ələ keçirməsini məqbul sayırdı. Belə anlaşılır ki, müttəfiqlərin müstəmləkəsi olan Şərq ölkələri ilə bağlı Lenin bu nəzəriyyəsini geri çəkmişdi. Çünkü Zinovyev konqrənin açılış qonuşmasında bəyan etmişdi ki, “Yoldaşlar, burjuaziyası gəlişməmiş olan Şərq ölkələrinin sosial bir inqilab gerçəkləşdirərək sosializmə keçmələri mövzusu Moskva toplantısında dartışılmışdı. Bilirsiniz ki, uzun zamandır sosializmə keçmək üçün burjuaziyanın öncə inkişaf etməsi məsələsi nəzərdə tutulmuşdu. İşçilərin inqilab etmələri üçün öncə bir işçi sinifinin olması lazımdır. İndi biz fikirləşirik ki, bu nəzəriyyə yüzdə yüz doğru deyildir. Türkiyə, İran, Hind, Çin, Ermənistan kimi ölkələr kommunist rejimin istiqrarı üçün mübarizə apara bilərlər və aparmalıdırlar.”49 Bu oturumda kominternin seçkin üzvlərindən biri olan Pavloviç bu nəzəriyyəni savundu. Daha öncə önə sürülən Rusiya müsəlmanlarının narazılığına işarə edərək dedi: “Bir neçə kommunist partiyasının üzvləri, yəni saxta kommunistlər sovetlərin Rusiya sınırları içindəki iqtidarını etibarsızlaşdırdılar. Bütün bunlar mümkündür və hətta qarşısı alınmazdır. Ancaq fırtına keçəcək və hər şey öz yerində oturacaq. Nədən İngiltərə və Fransa Vrangeli savunurlar? Onlar Kırımı ayırmaq və inqilabçı Türkiyəni sovetlərin yardımından məhrum etmək istəyirlər. Kiçik Asiya müttəfiqlərin əlində bulunduğu müddətcə bizim arxamızda təhlükə var deməkdir. Avropa imperializmi nədən Ermənistan daşnak hökümətinə və Gürcüstan menşevik hökümətinə para, silah və digər yardımlar göndərir? Çünkü onlar bu yolla sovetlərlə Türkiyə, Hind və İran arasında tampon bölgə oluşdurmaq istəyirlər.”50

İkinci İnternasional sərt tənqidlərə məruz qaldı. Zinovyev açılış nitqində Gürcüstanı tənqid atəşinə tutaraq bu təşkilata da hücum etdi: “İkinci İnternasionalın nə olduğunu bilmək istəyirsinizmi? Gürcüstanda İkinci İnternasionala bağlı olan menşevik hökümət iqtidarı əlində bulundurmaqdadır. Yəni Gürcüstan höküməti hər an öz ölkəsini imperialistlərə satmağa hazırdır. Əkin yerləri və tarlalar hələ də əski xanların əlində isə, Gegeçkorinin və digərlərinin gözəl şüarlarının kəndlilərə nə yararı ola bilər? Yoldaşlar, ikinci və üçüncü internasional arasındakı fərq də bundan ibarətdir.”51 Bu ümumi mətləblərdən sonra növbət iki müsəəlman nümayəndəyə çatdı. Onlar “islami düzən”ə olan meyllərini imalarla ifadə etdilər. Onların fikirləri “Qərb modeli marksizm” üsulu ilə uyğun deyildi. Qazan tatarı olan Musuşevin fikirlərinə görə Türkiyənin Şərqdə çox böyük rolu vardır. İttihad və Tərəqqi cəmiyyəti 12 illik iqtidarı boyunca əkinçi sinifini müflisləşdirmişdi. Ancaq indi durum dəyişmişdir. Mustafa Kamalın başlatdığı qurtuluş savaşı Türkiyə xalqının və zəhmətkeşlərinin mənafeləri yolundadır. O belə davam etdi: “ proletariya kültürü bəşərin qurtuluşunu axtaran mübariz bir kültürdür. Ancaq bu, hələ klasikləşməmiş romantik bir kültürdü. Bu üzdən də xəta və yanlışlıq edə bilər.”52

Qazaqıstanlı Riskolov da bu məzmunda danışdı. “Şərqdə durum sosial bir inqilab üçün uyğundur. Ancaq Qərbdə ictimai hərəkətlər kommunist xarakterə sahib isə, Şərqdə də bunu gözləməməliyik. Şərqdəki hərəkətlər xırdaburjua xarakterli olacaq. Milli və Şərq millətlərin birliyi kimi özəlliklərə dayanacaq. İşçi təşkilatları zəif olan Şərq ölkələrində milli və burjuazi özəllikdə olan hərəkətlər kommunist hərəkətlərdən daha güclü olacaq. Bu hərəkətlər müttəfiqlərlə savaşmamız üçün bizə çox lazımdır.”53

Zinovyev və Radekə qarşı milli məsələlərlə bağlı bu şəkildə nitqlərdən sonra dərhal müzakirələrə son verildi. Sentyabrın 6-da oturum milli-burjuazi hökümətlərin təşkilinin tənqidi və təkzibi ilə başladı. Qərb proletariyasının Şərqin qurtuluşunda öz üzərinə götürdüyü missiyanı açıqlamaq üçün söz Blakona verildi. “Kommunist partiyalarının Qərbdəki uğurları Şərqdəki istismara son verəcəkdir... Şərq ölkələrinin zəhmətkeş kütləsinin mənafeyi öz ölkələrində kommunist bir rejim qurmağı icab etməkdədir.”54 Torpaq islahatı mövzusunda məlumat Skaçkov tərəfindən verildi. Bu məlumatda qurtuluşçu qeyri-kommunist hərəkətlərlə keçici olaraq işbirliyi qəbul edilirdi. Burjuaziyanın davamının işçi sinifinin mənafeyi ilə uyum içində olmadığını söylədi: “Mustafa Kamal höküməti, ya da İranın və Hindistanın liberal hökümətləri İngiltərəni uzaqlaşdırıb milli burjuaziyalarını gəlişdirsələr, yenə də xarici sərmayənin istilasına uğrayacaqlar. Bu durumda kommunist rejimin qurulması üçün bu ölkələrdə mübarizə aparmaq gərəkcək.” O, erməni əkinçilərinin hallarına təəssüfləndi: “Öz ərazilərindən qoparılaraq bərəhut dağlara aparılmış və orada xanların qarətinə məruz qalmışlar.”55

Konqrənin bitişində Zinovyev bir daha müsəlmanlara güvəncə vermək istədi: “Türküstanda Şərqin digər yerləri kimi, bəzi uyğun olmayan ünsürlər kommunist partiyasına nüfuz edərək partiyanın adını ləkələmişlər.” O, rus yoldaşlardan və rus əsgərlərdən bölgə əhalisinə sayqı göstərmələrini istədi. Daha sonra da ermənilərə və gürcülərə xitabən danışdı: “Burada Ermənistan haqqında çox danışıldı. Nüfuzunun çoxu kəndli olan Ermənistana biz dostluq əlimizi uzadırıq. Burjua bir Ermənistan daşnak cəlladlarına məxsusdur. Eyni durum Gürcüstan üçün də keçərlidir. Jurdaniya əski ərbabı olan Mixa Tsxakaya ilə tutuqlu kimi davranmaqdadır. Gürcü nümayəndələri boyunları bükük şəkildə Avropa nazirlərinin bəkləmə odalarında dilinçilik payı ummaqdadırlar.”56 Konqrənin bitiminə rəsmiyyət qazandırmaq üçün qətl edilmiş 26 komiseri Bakıya gətirib konqrə qatılımcılarının iştirakı ilə sentyabrın 8-də Bakıda dəfn etdilər.

Başqa təşkilatların göndərdikləri məlumatlar konqrədə oxunmadı: Yəhudi Sosialist Partiyası, Cənub Qərbi Qafqaz Müsəlmanları (Qars məntəqəsində qısa zaman qurulub devrilən şura cümhuriyyəti) ki, daşnakların və menşeviklərin o bölgədəki vəhşiliklərinə etiraz etmişdilər. Bu məlumatları konqrənin protokoluna sancaqladılar. Eyni işi “Erməni Zəhmətkeş kütlələri”nin bəyaniyəsi və onların heyyətləri ilə də etdilər. Bəyaniyədə ermənilərin yüzillər boyunca ermənilərin çar və sultanların zülmü altında yaşadıqlarına işarə edilmişdi. Bu zülmlər üzündən erməni-müsəlman arasında düşmənçilik yaranmışdı. Indi isə, bu düşmənlikdən imperialist ölkələrin qullandığı alətə çevrilmişdir. “Erməni burjuaziyasının əski arzusu olan Azad və müstəqil Ermənistan inqilab düşməni bir ölkəni təsvir etməkdədir. Onların hədəfi bütün müsəlmanları öz ölkələrindən uzaqlaşdırmaqdır. Ermənistan iqtidarı olmayan, viran olmaqda olan bir ölkədir. Özəlliklə imperialistlər bolşeviklərlə savaşmaq üçün Ermənistana möhtacdırlar. Yalnız kommunist partiyası daşnak hökümətinə qarşı çıxmışdır.”57 Sentyabrın 8-də konqrənin sonuc manifesti yayılır. Manifestdə kommunizm bayrağı altında bütün Şərq xalqları və qövmləri imperializmə qarşı savaşa çağrılırlar. Daha sonra da Türkiyəyə, İrana, Ermənistana, Gürcüstana məsajlar göndərilir. Türkiyəyə göndərilən məsaj bu məzmundadır: “Bilirsinizmi İngiltərə Türkiyəyə nə etmişdir? Sizə “Sevr” adlı bir müqaviləni zorla təhmil etmişlər. Bu müqaviləyə görə əhalisinin tamamı Osmanlı uyruqlusu olan ərazilərinizin üçdə dördü İngiltərəyə, Fransaya, İtaliyaya və Yunanistana buraxılmışdır. Qalan hissəsinə də o qədər maliyat yükləmişlər ki, Osmanlılar əbdəiyətə qədər İngiltərəyə vergi vermək zorunda qalmalıdırlar... Türk milləti belə aşağılayıcı müqaviləni qəbul etmədiyində xilafətin mərkəzi və müsəlmanlarca qutsal olan İstanbulu İngiltərə işğal etdi.”58 (Burada Zinovyevin xətasını düzəltmək istəmişlər.) İrana göndərilən məsajda deyilir: “İngiltərə İranda nə edir? İngilis sərmayədarlar kəndlilərin şaha və xanlara qarşı qiyamını boğaraq, iqtidarı şaha qaytarmışlar. Əkin yerlərini kəndlilərdən almışlar. Rəftarları da məğlub edilmiş bir ölkədə fatehlərin rəftarına bənzməkdədir.”59 Ermənistana və Gürcüstana göndərilən məsajlar çox qısadır: “İngiltərə Ermənistanda və gürcüstanda nə edir? Öz parası ilə zəhmətkeş xalqları mənfur daşnakların və menşeviklərin boyunduruğu altında saxlamaqdadır. Daşnaklar və meşeviklər öz millətlərini azad Azərbaycan və Rusiya xalqı ilə savaşmağa zorlamaqdadırlar.”60

İkinci İnternasional da unudulmamışdı: “İngilislər Hind xalqını küçələrdə yağmaladığında, imperialistlərin ortaq gücləri Çində və Filipində xalqı güllələdiyində biz İkinci İnternasionalın nümayəndələrini öz aramızda görməz olduq.”61 Konqrənin bitimindən on gün sonra İkinci İnternasionalın nümayəndələri menşevik gürcü hökümətini dəstəkləmək üçün Tiflisə gəlirlər.

Bakı konqrəsini təşkil etməkdən amac nə idi? Üç il sürən savaşlardan sonra sovetlər Şərq ölkələrində özünə məşruiyət qazanmaq istəmişdi. Zinovyev və digərləri Bakıda İngiltərəyə qarşı atəşin nitqlər söylərkən sovetlərin nümayəndəsi Krasin Londonda ticarət müqaviləsi imzalamaq üçün müzakirələr aparırdı. Bu, İngiltərənin sovet dövlətini rəsmiyyətə tanıması üçün sovetlər tərəfindən atılan addım idi. Bu nitqlərin təsirini azaltmaq üçün konqrənin dördüncü günündə Kelç dedi: “Sovet Rusiyası kapitalist Britaniya dövləti ilə müzakirələrə başlamışdır. Ancaq İngiltərə işçiləri bilirlər ki, bu müzakirə müvəqqəti barış üçündür. Federal sovetlərin möhtac olduğu barış”62 Bütün bunlara baxmayaq 1921-ci il mart ayında imzalanan müqaviləyə görə tərəflər bir-birlərinə qarşı düşməncə davranmayacaqlarını öz üzərlərinə götürürlər. Müqavilədə Britaniya imperatorluğunun qurumlarına qarşı heç bir təbliğatın edilməyəcəyi və İngiltərənin sovetlərə qarşı təbliğat aparmayacağı yasallaşdırılır.

Konqrə davam etdiyi müddətcə müsəlmanların Rusiyaya və Qərbə qarşı bədbinlikləri açıqca görünürdü. Bəlkə bu, sovetlərin İslama xas özəllikləri anladıqları ilk toplantı idi. Kommunistlər açıqca gördülər ki, Allaha inanmayan marksistlərin təlimlərinə müsəlmanlar çox da əhəmiyyət vermirlər. Müsəlman aydın rəhbərlər düşünürdülər ki, hər şeydən öncə özlərini yabancıların əsarətindən qurtarmaq gərəkir. Bu yolda bolşevik təlimlərin tərsinə olaraq milli burjuaziya ilə də əməkdaşlıq etmək olardı. Sinfi mübarizəni daha sonra da başlatmaq olardı. Birinci şərt olmadan, yəni yabancılar ölkəni tərk etmədən sinfi mübarizənin də anlamı olmazdı. Bu üzdən də konqrədə birbaşa olaraq sosializmə keçiş düşüncəsi qəbul edilsə də, bunun tərsinə olaraq Lenin Mustafa Kamalın başlatdığı millətçi hərəkəti dəstəkləmə qərarı aldı. Bu da Türkiyənin Ermənistana saldırması üçün yaşıl ışıq yaxmaq idi. Mustafa Kamal mart ayında Ermənistana saldırmağı planlamışdı. Ancaq Moskvanın istəyi üzərinə bu saldırı ertələnmişdi.

Bakı konqrəsi göstərdi ki, nasionalizm, panislamizm və imperializmin mənafeləri, idealları və duyğuları arasındakı ziddiyət onları qarşı-qarşıya gətirmişdir. Belə bir durumda bolşeviklərin təqib etdiyi siyasətin Şərqdə böyük çətinliklərlə rastlanacağı bəlli idi. Bu gün də elə deyilmi?



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin