Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan


Gürcüstanda sovet rejiminin qurulması



Yüklə 0,98 Mb.
səhifə11/16
tarix19.10.2017
ölçüsü0,98 Mb.
#3110
1   ...   8   9   10   11   12   13   14   15   16

Gürcüstanda sovet rejiminin qurulması
Azərbaycanda sovet rejimi qurulmasının ardından Gürcüstan zahirən Qafqazda bir ada görüntüsü verməkdə idi. Gürcü höküməti qonşuların aqibətinə uğramaması üçün əlindən gələni edirdi. Ancaq 1920-ci il may ayının 7-də sovetlərin və yanvarın 17-də Türkiyənin Gürcüstanın bağımsızlığını tanımasına rəğmən gürcü höküməti özünü güvəndə hiss etmirdi. Mayın 7-də sovetlərin Gürcüstanla imzaladığı müqavilə, əslində keçici olaraq Qafqaz sınırlarında barışı sağlamaq üçün idi. Vrangelin məğlubiyyəti, Polşa ilə barış müzakirəsinin başlaması, Moskvada türklərlə müqavilənin imzalanması sovetlərin Qafqazda güclənməsinə səbəb oldu. Bu sıralarda türklər gürcü ərazilərinin bir qismini işğal etməyə hazırlaşırdılar. Batumi müqaviləsinə görə rusların Gürcüstana saldırmaları durumunda Gürcüstanın bu əraziləri türklərə qalmalı idi. Ancaq bu, Moskva anlaşmasına qarşı idi. Daha sonra görəcəyimiz kimi Moskva müqaviləsini imzalayan türk və rus tərəflər hər biri öz yararına görə bu anlaşmanın mətnini açıqlayacaqdılar. Bu təhlükəni görən Gürcüstan müttəfiqlərin dəstəyini qazanmaq istəyir və İkinci İnternasionaldakı dostlarını savunur. 1920-ci il sentyabr ayında gürcü menşevik höküməti Kautski* kimi məşhur sosialistlərə yaxşı münasibətlər göstərdilər. İkinci İnternasionalın tərəfdarları da Gürcüstan hökümətinin dünyada tanınması üçün əllərindən gələcəklərini etməyə söz verirlər. Ancaq Gürcüstanın iqtisadi durumu yaxşı deyil. 50 min nəfərlik ordusuna çox büdcə ayırdığı üçün iqtisadi vəziyyət gündən günə pisləşir. 1918-ci ilin sonlarında torpaq islahatı da gerçəkləşdirdilər. Torpaqsızlara torpaq verildi. Ancaq bu da gözlənilən inkişafı qısa müddətdə ortaya qoymadı. Qiymətlərin artmasını önləmək üçün təsis edilən komitə başarılı ola bilmir. Fransanın Tiflisdəki nümayəndəliyi Gürcüstanda da Azərbaycan və Ermənistan hadisəsi yaşanmaması üçün öz dövlətinə bu təkliflərdə bulunur:

  • “İndi çox güclü durumda olan” sovetlərə təlqin edilsin ki, Gürcüstandan ötürü müttəfiqlərin sovetlərlə savaşmaq niyyəti yoxdur. Hər iki tərəfə yararlı olması üçün gürcüstanın tərəfsiz qalması üzərinə anlaşılsın.

  • Kazım bəy vasitəsi ilə İsmət paşaya anladılsın ki, Gürcüstanı da Ermənistan kimi itələyib rusların qucağına atmasınlar. Rusların Gürcüstana saldıracağı təqdirdə türklərin müttəfiqlərin yanında yer alması sağlansın. Türklər Batumini işğal edəcəklərini inkar edirlər, ancaq necə olursa olsun, Qarsı buraxmaq istəmirlər.”158

1920-ci il dekabr ayının əvvəllərində 11-ci qızıl ordunun hərbi komitəsinin üzvləri Orconikidze və Kirov Gürcüstana saldırma qərarı alırlar. Ordunun komutanı dekabr ayının 4-də Orcokinizdeyə məlumat verir ki, aşağıdakı şərtlərə görə Gürcüstanda uğurlu əməliyyat keçirmək mümkündür:

1- Kazım Qarabəkirin tərəfsizliyini əldə etmək. 2- Güclərin (6 piyadə və 4 süvari batalyon) üç istiqamətdə mərkəzləşməsi: Qazaq, Qarakilsə, Akıstafa. Bunlar gerçəkləşərsə, Gürcüstana saldırı səfərbərliyinə gərəkən iki aylıq zaman 6 həftəyə enə bilər.159 Moskva Gürcüstana saldırının uğurlu olmayacağından əndişələnir. Dekabrın 17-də bir teleqram göndərərək bu plana qarşı müxalif olduğunu bildirir. 1921-ci il yanvarın 2-də Kirov və Orconikidze Moskvaya gedilər. On maddədən ibarət bir hesabat mərkəzi komitəyə təqdim edirlər. Gürcüstanın əks-inqilabçıların bazasına dönüşdüyünə diqqət çəkirlər və bir an öncə işğal edilməsi gərəkdiyini bildirirlər. Yanvarın 12-də keçən ümumi toplantıda Lenin bu təklifi rədd edir. Stalin bu təklifdən yanadır və menşevik rəqibləri ilə hesablaşmaq istəyir. Gizlin yolla mərkəzi komitənin çoxunun bu təkliflə müvafiq olmalarını sağlayır. Onun bu gizlin əməliyyatından mərkəzi komitənin üzvləri Trotski və Kamenev xəbərsizdilər. Daha sonra Bakıya dönmüş olan Orconikidzeyə və Gürcüstanda bolşevik təşkilatlarına Stalin “qiyama başlama və qiyamçılara yardım” əmri göndərir.160

Qızıl ordunun müdaxiləsinə şərait yaradacaq olan qiyam Loruda başladı. Loru Gürcüstan və Ermənistan arasında ixtilaflı bölgə idi. Bu bölgə uğrunda 1918-ci il dekabr ayında Ermənistan-Gürcüstan arasında savaş olmuşdu. Müttəfiqlərin Qafqazdakı gücləri bu bölgəni tərəfsiz olaraq duyurmuşdular. Bu bölgənin əhalisinin əksəriyyəti erməni idi. 1920ci il noyabrın 13-də Ermənistan və Gürcüstan arasında bağlanan müqaviləyə görə “Bu bölgə türklərin işğalına uğramasın deyə, keçici olaraq 3 ay müddətinə gürcülərin kontroluna buraxılırdı.” Ermənistanın türk və bolşevik orduları tərəfindən işğal edilişindən sonra gürcü höküməti bu bölgədəki işğalını genişlədərək Ermənistana ərzaq daşıyan dəmir yolunu ələ keçirdi. Qafqaz bolşevikləri də Tiflisdə iqtidarı ələ keçirməyə tələsirdilər. Gürcüstanın bu işğal hərəkəti bəhanə oluşdurmuşdu. Qiyam planını hazırlamışdılar. Ermənistan İnqilabi Komitəsi Tiflisə bir ultimatom göndərərək Lorudan gürcü ordusunun çəkilməsini tələb etdi. Ermənistana ərzaq daşıyan qatar yolundan da gürcülərin tamamən çəkilməsi istəndi. Gürcü höküməti bu ultimatoma əhəmiyyət vermədi. Gürcülər onları təhdid edən təhlükəni görmürdülərmi? Fransanın Qafqazdakı hərbi nümayəndəsi durumu bu şəkildə açıqlayır: “Borçalıda yerləşən ermənilər Ermənistanın və rusların yardımı ilə qiyam etdilər və bu, gürcü hökümətinə böyük zərbə oldu. Gürcülər ağır itki verərək bu tərəfsiz bölgəni tərk etmək zorunda qaldılar. Bununla da Tiflis yolu üzərindəki strateji mövqeyi buraxmaq zorunda qaldılar.”161 Bolşeviklər saldırıya hazırlanırkən gürcülər fevralın 7-də müttəfiqlər tərəfindən “de yuri” olaraq ölkələrinin müstəqilliyinin tanınmasının ildönümünü qutlayırdılar. Bu ziyafətdə Rusiya səfiri də iştirak edirdi. Səfir bir gün sonra dedi ki, Rusiya Gürcüstanın tanınmasından məmnundur və Gürcüstanla barış içində bir ilişki qurmaq istəyir. Bolşeviklərin Gürcüstana saldrımaları fevralın 12-də gerçəkləşəcəkdi. Yəni Ermənistan və Gürcüstan arasında mövcud olan müqavilənin erməni tərəfindən yırtıldığı gündə.

Bolşeviklərin saldırıları başladıqdan sonra gürcülər bir çox yerdə qəhrəmanca dirənirlər. Ancaq sürətlə məğlub olub əzilirlər. Daha öncədən hazırlanan plan üzərinə qiyamçıların qərargahı menşeviklərlə savaşmaq üçün bolşeviklərdən silah tələb edir. Orconikidze bu macəranı bu şəkildə anladır: “O civarda olan qızıl ordu şübhəsiz ki, tərəfsiz qala bilməzdi. Menşeviklərin inqilab edən zəhmətkeşləri edam etmələrinə seyirci qala bilməzdi.”162 Fevralın 16-da Loruda sovet rejimi təsis edildi. Qızıl ordu əsgərləri Tilfisin 60 km kənarına çatmışdılar. Fevralın 25-də qızıl ordu İnqilabi Komitə ilə bir yerdə tiflisə girdi. Eyni gün Orconikidze Lenin və Stalinə teleqram göndərdi: “Al bayraq Tiflisdə dalğalanmaqdır. Yaşasın Gürcüstan Sovet Cümhuriyyəti!”163 Beləcə Qafqazın son müstəqil ölkəsi də bolşevikləşdirildi. Böyük qəhrəmanlıq göstərən gürcü ordusu Qərbə tərəf, yəni Suram ovalığına çəkildi. Bu ovalıq gürcülərin təbii savunma cəbhəsi idi. Hökümət ölkənin ikinci böyük şəhri olan Kutaisə yerləşdi. Xarici səfirliklər də bu şəhrə daşındı. Gürcülər bu şəhərdə toparlanıb dirənmək istəyirdilər. “London konferansından çıxacaq müttəfiqlərin yardım qərarlarını gözləmək üçün bu şəhərə sığınıb” dirənişə davam etdilər.164 Digər tərəfdən nümayəndələri Moskvada və Londonda müzakirə ilə məşğul olan Türkiyə Tiflis hökümətinə fevralın 23-də bir ultimatom göndərdi. Türk ordusunun sovetlərdən imtiyaz ala bilməsi amacı ilə Batumiyə, Ərdhana və Artvinə girməsi üçün gürcü hökümətinin izn verməsini istəyir. Gürcü hökümətinin bunu qəbul etməkdən başqa çarəsi qalmamışdı. Gürcü höküməti hesab edirdi ki, bu bölgələrin türk ordusu tərəfindən işğal edilməsi Türkiyə-sovetlər savaşına gətirib çıxara bilər.

Menşevik hökümət 80 min bolşevik ordusu tərəfindən mühasirə edilmişdi. Müttəfiqlərdən də heç bir yardım gəlmirdi. Sadəcə Fransa donanması bir neçə top gülləsi Qaradəniz sahilindəki qızıl orduya tərəf fırlatdı. Gürcü hökümətinin bolşeviklərlə müzakirədən başqa çarəsi qalmamışdı. Martın 18-də Kutaisdə müzakirə başlayır və qarşıdurmaya son verəcək bir müqavilə imzalanır. Eyni gün menşevik rəhbərlər Batumidə bir İtaliya dəniz donanmasına minirlər. Bu böyük liman martın 11-dən etibarən türklərin işğalına keçmişdi. Ancaq dünənə qədər menşevik olub və bu gün məsləhət icabı bolşevikləşərək şəhərin güvənliyini ələ keçirən İnqilabi Komitənin basqısı üzündən şəhəri tərk etmək zorunda qalmışlar.165

Gürcüstanın sovetləşməsi Leninlə Stalinin arasında ziddiyyət oluşdurdu. Stalinin təsdiqlədiyi Orconikidzenin yanlış hesabatı Leninin münasibətini şəkilləndirirdi. Daha sonra Lenin daha güvənilir qaynaqdan xəbərdar oldu ki, gürcü bolşeviklər və gürcü xalqı buna qarşı imiş. Leninin Stalinə qarşı bədgüman olması da burdan başlar. Lenin xəstələndiyində öz katibəsinə gizlincə yazdırdığı yazılarında bu mövzuya işarə etmişdi. Lenin ölmədən bir neçə gün öncə Stalinə demişdi ki, onunla bütün ilişkilərini qıracaqdır. Trotski Gürcüstanın qızıl ordu tərəfindən işğal edilməsindən yana deyildi. O, türk ordusu ilə qarşı-qarşıya gəlməkdən qorxurdu. Çünkü türk ordusu ilə savaş başlasa idi, müttəfiqlərin də Türkiyədən yana Rusiyaya qarşı savaşa girməsindən əndişələnirdi. Bu üzdən də Trotski mərkəzi komitənin təcili toplantısının çağrılmasını təklif etdi və Orconikidzenin məsuliyyətinin soruşdurulmasını istədi. O, menşeviklərə qarşı zamansız saldırını “böyük cinayət” adlandırdı. Trotskinin təklifinə önəm verilmədi. Üç gün sonra Lenin ümumi bir toplantında dedi: “Erməni vətəndaşlar menşeviklərə qarşı qiyam etsələr də, qiyam ıldırım sürəti ilə gürcülər arasında yayılmışdır.”166 Lenin israrla demişdi ki, Rusiya örnəyindən yararlanmamaq gərəkir. Fevralın 19-da Tiflisə yola düşən Maxaradzeyə dedi: “Gürcüstan menşeviklərin kontrolunda bulunan kiçik burjua bir ölkədir. Bu üzdən də bu ölkənin milli dəyərləri və ərazisi qonusunda ehtiyatla davranmaq gərəkir.” Maxaradze Tiflisə getmədən öncə Vladiqafqaza uğradı. Bu şəhərdə ziddiyyətli durumla rastlandı və martın 1-də Leninə yazdı: “Moskvadan bir çox məmur göndərilmiş. Hər birinin fərqli işləri var. Çox təəssüf edici bir durumdur.”167



Lenin martın 10-da İnqilabi Hərbi Komitəyə teleqram göndərir. Onların İnqilabi Komitə ilə həmahəng olmalarını, ölkənin müstəqil qurumlarına hörmət göstərmələrini, xalqa mülayim davranmalarını istəyir.168 Daha öncə də Orconikidzeyə yazdığı məktubda etidalla davranmış olan menşeviklərə saldırılmamasını istəmişdi. Daha sonra gürcü bolşevik Luminadze partiyanın üçüncü konqrəsinə yazdığı məktubda bildirdi: “Gürcüstan qızıl ordunun süngüləri hesabına fəth edildi.” Gürcüstan Kommunist Partiyasını “bolşeviklər saldırdığında hərəkətsiz qalmaqla” suçlayıb tənqid etdi. Gürcüstan Kommunist Partiyası mərkəzi komitəsinin üzvü olan Tsin Tsadze Buxarin vasitəsi ilə Leninə bir məktub yazdı və Orconikidzenin “silah gücünə Gürcüstanı bolşevikləşdirməklə siyasi cinayət işlədiyini” iddia etdi. Bunlar göstərir ki, Tiflis bolşevikləri ölkələrinin bolşevikləşdirilmə planından xəbərsiz saxlanmışlar.

Oraq və aypara arasında
Moskvada “dostluq və qardaşlıq” müqaviləsinin imzalanmasına baxmayaraq, Türkiyə-Rusiya ilişkiləri hələ də gərgin idi. Sağlanmış olan dəngə sabit deyildi. Müttəfiqlərin təpkisi ilə ortadan qaldırıla bilərdi. Rusiyada brokrasidəki sui-istifadələr böyük böhranlara yol açmışdı. Bu böhranları Lenin özü də etiraf edib dilə gətirmişdi. Bu böhranlar partiya daxili ziddiyyətləri dərinləşdirmişdi. Partiyanın müxalif cinahlara bölünmə ehtimalı ortaya çıxmışdı. Özəlliklə Petroqradın durumu çox qarışıq idi. Çünkü ilk gündən bolşeviklərin tərəfdarı olan dənizçilər etiraza başlamışdılar. Çox ağır nəticəsi ola biləcək bu durumdan qurtulmaq üçün Rusiya Kommunist Partiyasının 10-cu konqrəsində Lenin yeni “NEP” adlı siyasi iqtisad proqramını açıqlayır. Müttəfiqlərin bolşevik rejimin devrilməsinə olan ümidləri hələ də güclüdür və Moskvaya qarşı planlar hazırlayırlar. Bu plan Polşa, Rumuniya, Türkiyə və Qafqazda tətbiq edilməli idi. Güya Bəkir Sami 1920-ci ilin dekabrında Polşanın Tiflisdəki nümayəndələri ilə görüşüb və sovetlərə qarşı hərbi ittifaq önərmişdi. Daha sonra İstanbulda və Parisdə də bu doğrultuda müzakirlər aparmışdı. Osetin kökənli olan Bəkir Saminin atası Rusiya çar ordusunda general idi.169 Mart ayının 23-də gürcü nümayəndləri Çxen Keli, Avalov və Sumbatov müttəfiqlərin nəzəri altında Bəkir Sami ilə Londonda müzakirə apardılar. Bu nümayəndələr 1914-ci il Türkiyə-Rusiya sınırlarına dayanaraq Bəkir Samiyə Qafqaz kondeferasionunun təşkilini təklif edirlər. Ayrıca, böyük dövlətlərin birinin (böyük ehtimala görə Fransanın) yardımı ilə kommunistlərə qarşı birlik cəbhəsinin oluşmasını önərirlər: “Türklərin buraxmaq istəmədikləri Ərdhan qonusunda da müzakirə oldu... Müzakirə 15 dəqiqə davam etdi. Zahirən xoş niyyətlə dopdolu olan türklər daha sonra Elysee sarayına getdilər.”170 Bəkir Sami bu müzakirəni Xatisyanla davam etdirir. Bəkir Sami ona deyir ki, indiki durumda türk ordusunun əlində bulunan əraziləri ermənilərə buraxmaq, əslində bu əraziləri ermənilərə deyil, ruslara vermək anlamındadır. Qafqazda konfederasion təşkil edildikdən sonra bu məsələ gözdən keçirilə bilər.171 May ayında Parisdə Azərbaycan nümayəndə heyyətinin qərargahında bir görüş keçirilir. Görüşdə üç Qafqaz ölkəsi və Şimali Qafqazın nüməyəndə heyyəti iştirak edirlər. Bu görüşdə müttəfiqləri sovetlərə qarşı fəaliyyətə keçirmənin yollarını dartışırlar. Daha sonra Fransa xarici işlər naziri Aristid Beryana bir məktub yazaraq Qafqazdakı zənginliklər haqqında bilgi və Fransa sərmayədarlarının çox yarar sağlaya biləcəkləri üzərinə məlumat verilir. Nazir bu məlumat üzərinə Qafqaz heyyəti ilə müzakirə aparmaq üçün bir yetkili görəvləndirir.172 Türkiyənin müttəfiqlərlə müzakirəsi haqqında xəbərdar olan Moskva türk ordusunun işğalında bulunan ərazilərin aqibəti haqda müzakirə aparmaq üçün tələsməyə başlayır. Moskva müqaviləsinə görə Rusiyaya aid olan ərazilərin türk ordusundan boşladılması yolunda diplomatik hücüma keçirlər. Ancaq rus girişimi nəticəsiz qalır. Digər tərəfdən türklər də Rusiyanın Qafqazdakı iqtidarının zəifləməsini bəkləməkdədirlər. Türkiyə Qafqazda əski düşməni olan Rusiya üçün hərbi üstünlüyünü qorumağa çalışırdı. Yusif Kamal Moskvadan Mustafa Kamala yazır ki, Rusiyanın durumu çox gərgindir və bolşeviklərin ayaqlarının altı sürüşmək üzrədir. O, yazır ki, Yunanistanla savaşdığımız zaman rusiyanın bizə göstərdiyi yardım unudulası deyil. Mart ayında yunanların saldırısından sonra Türkiyənin də durumu çətinləşmişdi. Neçə polk yunan saldırısından zərər görmüşdü. Yenik türk əsgərləri kəmalistlərə qarşı qiyam edirlər. Güya 170 əsgər və 4 zabit edam edilir və 235 astsubay Qafqaz cəbhəsinə göndərilir.173

Çiçerin Ankaranın iradəsini sınamaq üçün martın 13-də Axalkalaki və Axaltsixin boşaldırmasını istəyir. Bu əraziləri türklər Batumiyə doğru irəlilədiklərində işğal etmişdilər. O, türkləri bir neçə yerdə qizil ordu əsgərlərinə saldırmaqla suçlayır və özəlliklə şimali bölgələrdə malikanların174 əziyyət edildiklərini söyləyir.175 Çiçerin aprelin 6-da Türkiyənin yeni Moskva səfiri təyin edilmiş Fuad paşaya bir not çatdırır və erməninişin Aleksandropol və İrəvanın türk ordusu tərəfindən tərk edilməsini istəyir. Ayrıca, Çiçerin Türkiyə müdafiə naziri Kamal Fevzi paşanın açıqlamalarına heyrət etdiyini bildirir. Kamal Fevzi paşa türk ordusunun bölgədə dəngələyici amil kimi qalmasını istəmiş və demişdi ki, Aleksandropol müqavələsinin içəriyi həyata keçdiyi zaman türk ordusu bölgəni tərk edə bilər. Sovetlər Aleksandropol anlaşmasında keçən 1500 nəfərlik polis gücü təşkil etmək yerinə 18000 nəfərdən oluşan bir erməni qızıl ordusu düzənlədilər. Kazım Qarabəkir bunu bəhanə edərək Aleksandropolun boşaldılmayacağını söylədi. Hətta rus ordusunun Ermənistandan çəkilməsini istədi. Rusların Ermənistanda bulunmasını Aleksandropol müqaviləsinin ruhuna tərs gəldiyini söylədi.176 Çiçerin notunda bildirir ki, Aleksandropol müqaviləsi bir ayın içində təsdiqlənməli idi, ancaq bir ayın içində təsdiqlənməmişdir. Ayrıca, Moskva müqaviləsi, əslində bu müqaviləni ləğv etmişdir. Türk tərəfinin bu kimi münasibət göstərməsi Türkiyə-Rusiya ilişkilərində böyük sorunlar yarada bilər.177 Bu zaman Çiçerin Orconikidzeyə xəbər göndərir ki, Əli Fuad Aleksandropolun boşaldılacağı sözünü vermişdi. Ancaq Qarabəkirin bandidçiliyindən də şikayət edir və deyir ki, bu əməllər nəticəsində Türkiyə-Ermənistan arasında savaş ola bilər. Belə bir savaş başlarsa, bu Türkiyə-Rusiya savaşı ilə nəticələnəcəkdir.178 Rusların hərbi müdaxiləsi türklərin sərt mövqeyini yumşaldır. Aprelin 10-da Əli Fuad Çiçerinə yazır ki, türk ordusu, yalnız imperialist təcavüzləri durdurmaq üçün Ermənistanda bulunmaqdadır. Sovet rejimi Ermənistanda sabitləşdikdən və asayişi bərqərar etdikdən sonra türk ordusu da bu ərazilərdən çəkilə bilər. Ayrıca, davam edir ki, Türkiyə savanma nazirinin açıqlamaları sovet rejiminin Ermənistanda qurulmasından öncə edilmişdi. Türkiyə tərəfinin Moskva andlaşmasına bağlı qaldığını bildirir: “Türkiyənin sovet Rusiyasına və digər cümhuriyyətlərinə qarşı niyyəti barışcıldır və buna kimsə şübhə etməməlidir.”179 Ancaq türk tərəfinin bu barışcıl açıqlamaları Rusiya tərəfini razı salmır. Rus tərəfi daha ciddi vasitələrə ələ atmaq qərarına gəlir. Aprelin 13-də 20-ci qızıl ordu hazır duruma gətirilir. Aprelin 22-nə qədər Ermənistanın boşaldılması üçün Kazim Qarabəkirə son möhlət verilir. Eyni zamanda Rusiya Türkiyəyə altun və silah göndərimini asqıya alır. 1921-ci il aprelin 23-də 60-ci batalyon general Tixovofun komutanlığında Aleksandropola girir. Türklər Aleksandropolu tərk etmədən öncə hər tərəfi yıxıb yaxır və silah depolarını partladırlar. Bu da Çiçerinin türk tərəfinə bir etiraz məktubu göndərməsinə səbəb olur.180 Türklər Rusiyanın basqısı qarşısında təmkinli davranır və möhlət istəyirlər. Türkiyənin amacı uyğun fürsət əldə edərək Qafqaz cümhuriyyətlərini Rusiyanın orbitindən çıxarmaqdır. Ayrıca, Moskva müqaviləsi millətlərin öz müqəddəratını təyin haqqını da tanımaqda idi. Moskva müqaviləsinin 15-ci maddəsinə görə Türkiyə Qafqaz cümhuriyyətləri ilə ayrıca müqavilə imzalaya bilərdi. Bu üzdən Türkiyə hər cümhuriyyətlə ayrıca münasibət qurmaq fikrində idi. Ancaq Moskva bu üç cümhuriyyətin nümayəndəsi kimi çıxış edirdi. Hər iki tərəf Moskva müqaviləsini öz yararına açıqlayırdı. Çiçerin aprelin 1-də politbiroya yazdığı məktubunda deyir ki, türklər Rusiyadan əldə edə bilmədiyi imtiyazları Qafqaz cümhuriyyətləri ilə ilişkiyə girərək əldə etməyə çalışır. “Türkiyənin bu manevrasının önünü kəsmək üçün üç Qafqaz cümhuriyyətlərinin bizə yetki verməsi və bizimlə eyni şəkildə davranması gərəkməkdədir.”181 Türkiyə nümayəndə heyyəti Moskvadan dönərkən azəri rəhbərlərlə müzakirə etmək üçün Bakıya gəldi. Türkiyə tərəfi azəri rəhbərlərə təklif edir ki, Azərbaycan müsəlman bir ölkə olaraq Türkiyə ilə özəl münasibətlər qurmalıdır. Bu özəl münasibət bir müqavilə ilə də qanuniləşməlidir. Azərbaycanın xarici işlər komiseri Hüseynov bu təklifi aprelin 18-də Çiçerinə bildirir. Moskvadan gələn bilgi üzərinə Hüseynov türk tərəfinə bildirir ki, üç Qafqaz ölkəsi iqtisadi birlik qurmaq fikrindədir. Bu da federal Qafqaz cümhuriyyətinin qurulmasına üçün atılan ilk addım olacaq. Bu üzdən də Azərbaycan ortaq Qafqaz cümhuriyyətləri tərkibində Türkiyə ilə müzakirə etməkdən yanadır. Azərbaycan təktərəfli olaraq Türkiyə ilə bir müqavilə bağlamaq fikrində deyil. Türkiyə Azərbaycanla qarşılıqlı müqavilə imzalaya bilmədiyi üçün Qafqaz cümhuriyyətləri federasiyası ilə də müqavilə imzalamaq istəmirdi. Çünkü bu, Qafqazı bütünüylə Rusiyanın kontroluna vermək anlamında idi. Türk tərəfi bəhanə etdi ki, Ermənistan tərəfi ilə qarşılıqlı Aleksandropol müqaviləsini imzaladığından dolayı Azərbaycan və gürcüstan tərəfi ilə də müqavilə imzalaya bilər. Bu üzdən də türk tərəfi Ankara ilə bu haqda məşvərət etmək üçün Türkiyəyə döndü. Ankara Qafqaz cümhuriyyətlərini rəsmiyyətə tanıyan ölkələrin Qafqazın aqibətinin bəlli olmasında böyük rol ifa edəcəklərinə inanırdı. Bu üzdən də Türkiyə müttəfiqlərin də olaya müdaxiləsini sağlamaq üçün zaman qazanmağa çalışırdı. Ankara iki ay öz passivliyini qorudu.

Aristed Beryan Türkiyə nümayəndəsi ilə və Qafqaz nümayəndələri ilə müzakirələr aparır. Parisdə dörd əski Qafqaz cümhuriyyətlərinin təmsilçiləri Ahoraniyan, Topçubaşov, Çxenkeli və Çermoev (Şimali Qafqaz nümayəndəsi) əski ixtilafları unutmaq qərarına gəlirlər. 1921-ci il iyun ayının 10-da Qafqaz Cümhuriyyətləri Birliyini duyururlar. Keçmişdə ortaya çıxmış olan ixtilafları və sınır anlaşmazlıqlarını işbirliyi və müzakirələrlə çözmə üzərinə vurğu yapırlar.182 Əslində bu bəyaniyənin heç bir təsiri olmamışdı. Ancaq bu bəyaniyədən amac 1921-ci il mart ayında rusların federal Qafqaz cümhuriyyətini təsis etməsini əngəlləmək idi. Buna dayanaraq iyun ayının 9-dakı Əli Fuad paşanın notunu açıqlamaq mümkündür. Fuad paşa deyir ki, iki Zaqafqaziya cümhuriyyəti ilə ayrılıqda anlşama imzalaya bilməmə Moskva müqaviləsinin ruhuna ziddir. Buna qarşılıq olaraq iyunun 13-də Çiçerin cavab verir: Dolaylı və dolaysız olaraq bizə gələn məlumata görə bildirməliyəm ki, bu cümhuriyyətlərdən heç biri Qafqaz federasiyasının Türkiyə ilə müqavilə imzalaması ilə bağlı rəsmi açıqlama verməmişlər. Sadəcə Türkiyə və bu cümhuriyyətlər arasındakı müqavilənin ümumi bir konferansda ələ alınması üzərində durulmuşdur. Moskva müqaviləsində olduğu kimi Rusiya ilə Türkiyə arasında imzalanan müqavilə eyni zamanda ümumi bir konferansda Ermənistan tərəfindən də qəbul və imza edilməlidir. Digər iki cümhuriyyətin də təvəqqüsü olmuşdur ki, Türkiyə və sovet Ermənistanı arasında imzalanan müqavilə ümumi bir konferansda üç Qafqaz cümhuriyyətlərinin də tanıqlığına sunulmalıdır. Türkiyə nümayəndə heyyəti bu razılaşmanı qəbul etmişdi, ancaq Ankara ilə məşvərti məsləhət bilmişdi. Bu üzdən Türkiyəyə müraciət etdilər. Bizə çatan məlumata görə bu konferasın təşkili və Türkiyə ilə Zaqafqaziya ölkələri arasında üç müqavilənin imzalanması yolunda heç bir əngəl qalmamışdır. Bu üç ölkənin hökümətləri Moskva müqaviləsində keçən maddələri qəbul etməkdə və müqavilələrin imzalanması üçün Türkiyə nümayəndəsinin gəlməsini bəkləməkdədirlər. Zaqafqaziya cümhuriyyətlərinin xarici siyasətində sovet siyasətinə zidd olan bir şey yoxdur. Zaqafqaziya sovet hökümətlərinin tək amacı əks-inqilabçılarla mübarizədir. Zəngəzur örnəyində görüldüyü kimi onlar hələ tam olaraq məğlub edilməmişlər. Moskva müqaviləsinin dışında hər növ təcavüz bu hökümətlər tərəfindən rədd edilməkdədir.183

Türkiyənin Qafqaz cümhuriyyətlərini Rusiyadan ayırıb onlarla birə-bir müqavilə imzalama girişimi məğlubiyyətlə nəticələnir. Rusiya tərəfindən ümumi konferansa nümayəndə kimi göndərilən Leqran Türkiyə tərəfindən qəbul edilmir. Nəhayət Rusiyanın Latviyadakı rəsmi nümayəndəsi olan Yakov Qanetski Rusiyanı təmsilən Qarsda keçirilən konferansa qatılır. Ancaq Qars konferansından öncə də bu dəfə ruslar manevralara keçirlər. Avqust ayında yunan saldırıları başlamış və az qala qələbə qazanmaq üzrədirlər. Anadolunun içlərinə qədər yunan ordusu irəliləmişdi. Türklərin yunan saldırısı qarşısında məğlubiyyəti durumunda Türkiyənin bolşevikləşdirilməsi üçün Rusiyanın əlinə fürsət keçməzdimi? Bolşeviklər 1919-cu ildə Türkiyəni bolşevikləşdirmək istəmiş, ancaq başarısız olmuşdular.

Bu arada Türkiyəyə girişi Mustafa Kamal tərəfindən yasaqlanan Osmanlının əski müdafiə naziri Ənvər paşa 1918-ci ildən etibarən Moskva ilə sıx əlaqə saxlamaqda idi. Ənvər paşa birdən Batumidə ortaya çıxır. O, rusların yardımı ilə ətrafındakı partizanlarla Türkiyəyə girib Mustafa Kamalı devirərək iqtidarı ələ keçirmək istəyirdi.

Iyun ayının 29-da Fransanın ali komiserliyi İstanbulda Türkiyənin xarici işlər nazirliyinə bildirir ki, çox sayıda rus birlikləri Ermənistanda və gürcüstanda mərkəzləşməyə başlamışdır. Bu, Rusiyanın müqavilə öncəsi Türkiyəyə təzyiq göstərməsi anlamındadır: “Bolşeviklər elə durumdadırlar ki, Mustafa Kamal qarşısına iki alternativ sunmuşlar: Mustafa Kamal ya bolşeviklərlə birləşməlidir, ya da iki cəbhədə savaşmalıdır.”184 Avqust ayının 4-də Yusif Kamal Çiçerinə bir təşəkkür məktubu göndərir və Rusiyanın göndərdiyi altun və silahdan dolayı məmnun olduqlarını bildirir. Ayrıca, Türkiyədən qaçmış və indi isə fatehlər kimi (Ənvər paşaya işarədir) geri dönmək istəyən bəzi paşaları Rusiyanın himayə etməsindən dolayı üzgün olduqlarını da bildirir. Rusiya və Yunanistan arasında ticarət anlaşması şayiəsinə də işarə edərək bunların Türkiyə qamuoyunu olumsuz etkilədiyini yazır.185 Əslində rusların Anadolunu təhdid etməsi müttəfiqləri də əndişələndirməyə başlamışdı. Sentyabrın 7-də Lord Curzon sovetlərə bir ultimatom göndərərək Türkiyə-Yunanistan arasındakı savaşda Rusiyanın tərəfsiz qalmasını istəyir. İngiltərə xarici işlər naziri Lord Curzonun bu açıqlamaları səbəbi ilə rusların Yunanistana yardımı durduruldu. Türkiyə bunun hesabına Yunanistanı yendi. Yunanistanın məğlubiyyətindən sonra Rusiyanın Türkiyəyə qarşı qullanacağı yunan kartı ortadan qalxır. Artıq rusların manevra etmə imkanları ortadan qaldırılmışdı. Oktyabrın 10-da Çiçerin Əli Fuada cavab olaraq yazır ki, Türkiyə Böyük Millət məclisinin dışında olan və görüşləri Türkiyənin rəsmi partiyaları ilə uyğun olmayan partiyalara yardım etməmişik. Bizim Qafqazda birliklərimizi Türkiyə sınırına doğru daşımağımızla bağlı yayılan şayiələr əsassızdır. Yunanlarla biz, yalnızca iki ölkənin diplomatik ilişkilərini ehtiva edən mövzularda müzakirələr aparmışıq. Yunan tərəfi bu müzakirədə Rusiyada bulunan yunanların geri verilməsini istəmiş. Qarşılıqlı olaraq Çiçerin soruşur: “Son vaxtlar Türkiyənin Fransa ilə imzaladığı müqavilə nəyə əsaslanır? Fransanın sovet düşməni olduğu bəllidir. Bu üzdən də bizim bu müqaviləyə şübhə ilə yanaşmağa haqqımız var.”186 Fransa-Türkiyə müqaviləsi 1921-ci il oktyabrın 20-də imzalandı. Rusiyanın iddiasına əsasən Beryan planına görə bu müqavilənin gizlin bir maddəsi də olmuşdur. Bu maddəyə görə Türkiyə Qafqazı işğal etməli imiş. Mustafa Kamalın Sakarya zəfəri (1921-ci il 23 avqust və 13 sentyabr arası) Türkiyənin mövqeyini həm içdə, həm də xaricdə möhkəmləndirdi. Rusların Qafqaz qonusunda Mustafa Kamala qarşı yunan kartını qullanma planları suya düşdü. Yunanistanın yenilgəsindən sonra müttəfiqlər də Türkiyəyə qarşı tutumlarını dəyişdirdilər. Müttəfiqlər Mustafa Kamalı bütün Anadolunun sahibi kimi tanımaq zorunda qaldılar. Bu fürsətləri əldə edən kəmalistlər dolu əllə və Anadluda sağladıqları iç güvənliklə sentyabrın 26-da keçiriləcək olan Qars konferansına hazırlaşırlar.

* * *
Qars konferansında Türkiyə heyyətinin başçısı Kazım Qarabəkir, Sovet Heyyətinin başqanı isə, Yakov Qanetskidir. Qanetski heyyətinin tərkibində üç Qafqaz cümhuriyyətlərinin nümayəndləri də var. Ermənistandan Əsknaz Mraviyan və Makintsiyan, Azərbaycandan Behbud Şahtaxtınski, Gürcüstandan Aleksandr Svanidze və Şalva Eliava iştirak edirlər. Toplantı Qanteski və Mraviyanın bəyanları ilə başlayır. Mraviyan gürcüləri və azəriləri təmsilən danışır. Qanetski erməni-türk düşmənliyi əhval-ruhiyyəsini ortadan qaldırmağa çalışaraq deyir: “Burada böyük bir hadisə sona çatır. İki böyük millət, yəni türklər və ermənilər sözdə deyil, əməldə bütün dünyaya göstərirlər ki, onların arasındakı düşmənlik sona çatmışdır. Bu iki millət arxalarında bıçaq gizlədərək bir-birinə yaxınlaşmır. Tam tərsinə dostluq duyğuları ilə bir-birlərinin əlini sıxmaqdadırlar.” Mraviyan əlini qaldırıb deyir: “Biz burada qalib və məğlublar olaraq bulunmamaqdayıq. Biz Türkiyə heyyətinin yanındayıq. Türkiyə öz varlığını qorumaq üçün savaşmaqdadır. Türkiyənin bu savaşda zəfər qazanması dolayısıyla çox sevinirik. Qafqaz xalqı bu konferansın türk milləti ilə barış və hüzur içində yaşamağa arac olacağına əmindir. Sovet cümhuriyyətləri arasında çözüldüyü kimi, bütün ixtilaflı məsələlərin burda çözüləcəyinə inanırıq.”187 Kazım Qarabəkir bu nitqlərə cavab olaraq birbaşa Türkiyəyə zorla qəbul etdirilmək istənən Sevr müqaviləsini tənqidə başlayır: “Bu müqavilə türk millətinin Qərb təcavüzünə qarşı mücadiləsinə səbəb oldu. Bu savaşda biz sovetlərə dostluq əlimizi uzatdıq. Bu şəkildə Şərqin azdlıq və xoşbəxtliyinin təməli atılmaqla yanaşı sovet və Türkiyə arasında da dostluq bərqərar oldu. Rusiya və Türkiyə arasında ortaq dəyərlər olan Qafqazın nəcib millətləri də böyük sovetlər birliyinə qatıldıqdan sonra daha da etibar qazanmışlar.”188 Türklər Moskva müqaviləsinin yenidən gözdən keçirilməsini və Batuminin azad liman olmasını istəyirlər. Ayrıca, bolca petrolun yanı sıra savaş zamanı əsir olaraq Rusiyada bulunan əsirlərə təzminat ödənməsini istəyirlər. Türklər hələ də Qafqaz cümhuriyyətlərinin nümayəndələri ilə ayrıca müzakirə aparıb və müqavilə imzalamaqdan yanadırlar. Qanetski bu təklifi rədd edir. O, üç Qafqaz cümhuriyyətinin adına və onların bulunduğu ortamda müzakirənin getməsindən yanadır. Bir yerdə bir anlaşamaya varlısın istəməkdədir. Bir neçə oturum sadəcə sırf bu mövzu üzərində davam edir və sonunda türk tərəfi Qanetskinin dediklərinə razı olur. Üç nümayəndə heyyəti Ermənistan qonusunda Qarabəkirə bu təklifləri təqdim edirlər:



  • Erməni mədəniyyətinin tarixi şəhəri olan Ani´nin sovet Ermənistanına verilməsi. Ayrıca, Qulp duz mə´dəninə Gürcüstan və Ermənistan iqtisadiyyatının çox ehtiyacı olduğundan bu mə´dəndən türkiyənin vaz keçməsi.

  • Naxcıvanın şimalında olan Şərur sınırının Ermənistanın yararına olaraq yenidən gözdən keçirilməsi.

  • Savaş zamanı qaçmaq zorunda qalan Türkiyə erməni qaçqınlarının yurdlarına dönmələri. Gələcəkdə bunlar yenə də Türkiyəyə aid olacaqlar.

Qarabəkir Ankara ilə məşvərət etdikdən sonra bu təklifləri rədd edir. Sonunda dostluq anlaşması imzalanır. Moskva müqaviləsində keçən “qardaşlıq” sözü müqavilədə yer almır. Zaqafqaziya cümhuriyyətləri, Türkiyə dövləti və Sovet Rusiya Federativ Cümhuriyyətinin qatılımı ilə 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi imzalanır. Qars müqaviləsində təyid edilən bəlgələr 1922-ci il sentyabrın 22-də İrəvanda mübadilə olunur.

Qars müqaviləsi imzalanmadan bir gün öncə Azərbaycanın Ankaradakı səfiri İbrahim Əbilov, Yusif Kamal və Mustafa Kamal tərəfindən səmimiyyətlə qarşılanır. Azərbaycanın və Türkiyənin Qars müqaviləsi məsələsində qarşılıqlı əməkdaşlıqları bu isti qarşılanmaya səbəb ola bilərdi. Çiçerindən, Orconikidzedən və Nərimanovdan Ankaraya təbrik məktubları göndərilir. Gürcülər və ermənilər səssiz qalacaq dərəcədə abırlı-həyalıdırlar. Bu müqaviləyə görə Ermənistan, yalnızca Qars vilayətini və Ərdhanı itirmir. 1877-ci ildə ruslara buraxılan sürməli nahiyəsini də itirir. Ermənilərin əfsanəvi dağı olan Ararat bu şəkildə türklərə buraxılır. Türklərin etirazlarına rəğmən Ararat dağının rəsimi sovet Ermənistanının gerbi üzərində qalır. Türklərin Ermənistan dövlət rəmzinin üzərində Ararat şəklinin olmasına etiraz etmələrinə Karaxan cavab verir. Türk bayrağının üzərindəki hilala işarə edərək deyir: “Ay sizindirmi ki, onu bayrağınıza yerləşdirmişsiniz?”

Qars müqaviləsinin imzalanmasından sonra da türklər və ruslar bir-birinə güvənmirlər. Hər iki tərəf sınırda bəlli ölçüdə birliklərini bulundururlar. Əslində rusların yardımı olmasaydı, Mustafa Kamalın yunanların qarşısında dirənməsi mümkün olmaya bilərdi. Burada Boryanın Qars müqaviləsi haqqında dediyi bir sözü xatırlamaqda yarar var: “Erməni və sovet mənafeyi arasında ikisindən birini seçmək gərəkirdi. Sovet diplomasisi Türkiyənin gerçək gücünə əhəmiyyət vermirdi, Şərqdə başlatdığı antiimperialist mücadiləsinə önəm verirdi. Yoxsa Türkiyənin gücü sovet Rusiyası ilə müqayisə ediləcək düzeydə deyildi.”189 Bu şəkildə erməni bolşeviklərin “şərəfli barış” üçün sovet Rusiyasına bağladığı ümidləri, daşnakların müttəfiqlərə bağladıqları ümid kimi boşa çıxdı.

1923-cü il iyul ayının 24-də Lozan müqaviləsi imzalandı. Lozanda da türklər müttəfiqlərdən çox imtiyazlar qazanmağı başardılar. Ermənilərin son ümidi Türkiyədə yaşayan ermənilər üçün “Milli mərkəz” qurmaq idi. Bu plan da müstəqil Kürdistan planı kimi Türkiyə tərəfindən basdırıldı. Müttəfiqlər boğazlara hakim olmaq üçün bolca qanlar tökmüş, öz əsgərlərini ölümə göndərmişdilər. Müttəfiqlərin bütün israrlarına rəğmən Türkiyə boğazlara özünün hakim olmasını da bu müzakirədə yasallaşdırdı. 1922-ci il sentyabrın 24-də “New York Times” qəzeti müttəfiqlərin müdaxiləsindən sonra Türkiyədə ortaya çıxan durumu bu şəkildə özətləyir: “Anadolunun böyük bölümünü işğal edən yunanlar idi. İtaliyanın yunanlar kimi Anadolu ilə irqi və tarixi bağlantısı olmasa da, 1917-ci ildə Kiçik Asiyanın böyük bir bölümü ilə İzmirin İtaliyaya veriləcəyi qərarlaşdırılmışdı. Şübhəsiz ki, bu zəngin əraziləri itirdiklərindən dolayı çox üzgün olmuşlar. İtaliyalılar qorxdular ki, İngiltərənin yardımı ilə Yunanistan bu bölgələri ələ keçirərsə, iqtisadi üstünlükləri də sağlamış olacaqdır. Fransa da öz növbəsində Rusiyanın iç sorunlarını izləmək, onunla uğraşmaq zorunda qalmışdı. Türkiyədə iqtisadi maraqlarını təqib edən Fransa böyük ekonomik maraqlarına qarşılıq olaraq türklərə silah və savaş ürünləri verdi... Rusiya da güclü müttəfiqlərin yerinə zəif Türkiyənin boğazlara hakim olmasını tərcih etdi. Bir sözlə hər kəs öz mənafeyi dışında bir şey izləmirdi. Xristian ermənilər bu şəkildə öz başlarına buraxıldılar.”

Qafqazda sovet rejiminin qurulması və daha sonra sovetlərə qatılması siyasi, iqtisadi, ərazi sorunları çözə bilmədi. 1921-ci ilin mart ayında Rusiya Kommunist Partiyasının 10-cu konqrəsində milliyyətlər barəsində bir bəyaniyyə verildi. Bəyaniyədə savaşlar nəticəsində viran edilmiş olan müstəqil cümhuriyyətlərin onarılması onların könüllü olaraq Rusiya ilə bütünləşməsi ilə mümkün olacaqdır deyə vurğulanırdı. Bu növ hərbi və iqtisadi bütünləşmə daha öncə 1919-ci ilin iyun ayında Rusiya-Ukrayna-Bilarus arasında mövcud idi. Bu yönətim şəklini Qafqaza da tətbiq etmək istədilər. İqtisadi bütünləşmə haqqında qətnamə Kirov və Orconikide tərəfindən Bakı sovetlərinin konferansında ortaya qoyuldu. Ancaq Ölkələrinin siyası, iqtisadi yönətimini əllərində bulundurmaq istəyən Nərimanov, Hüsyenov və Qarayev kimi azəri rəhbərlər buna qarşı çıxdılar. Azərilərin şübhəsini Həmid Sultanov bu şəkildə dilə gətirir: “Bu bütünləşmənin nəticəsi nə olacaq? Bir cümhuriyyətin zərərinə və digərinin yararına olmayacaqmı?” Orconikidze cavab verir: “Məsələ belə eqoistcə ortaya qoyulsa, Azərbaycan digər ölkələrdən daha çox zərər görəcək. Gürcüstan daha az və Ermənistan heç zərərə uğramayacaq.”190 ziddiyyətli dartışmalara rəğmən, Kirov və Orconikidzenin tətbiq etməklə görəvli olduqları Moskvanın nəzərindəki plan qəbul edildi” Qafqaz cümhuriyyətlərinin üç il milliyətçi partiyaların yönətimində yaşaması iqtisadiyyatı məhv etmiş. Sovet hakimiyyəti Qafqaz cümhuriyyətlərində milli, dil və kültür bağımsızlığına sayqı göstərməklə yanaşı iqtisadi bütünləşməni təmin edəcəkdir.”191 Orconikidze daha öncə Ermənistan və Gürcüstanın inqilabi komitələrinin razılığını əldə etmişdi. Aprel ayının 14-də Leninə və Stalinə teleqram göndərir: “Zaqafqaziyada iqtisadi bütünləşməni sağlamaq üçün ilk olaraq dəmir yollarının və xarici ticarətin bütünləşməsi qərarlaşdırıldı.” Bu, əslində Qafqaz federasiyasının qurulması üçün atılan ilk addım idi. İki gün sonra Stalin ona cavab verdi: “Biz bu əməllərə salam göndəririk. Bəlkə iqtisadi mərkəz təşkilatı bu cümhuriyyətlərə lazım oldu. Yoldaşların bu yöndəki nəzərlərini mənə göndərin. Bakıda milliyətçiliyin yayıldığını deyirlər. Diqqətli olun!”192 Üç cümhuriyyətin razılığı ilə nəzərdə tutulan iqtisadi bütünlük mərhələləri bu şəkildə həyata keçdi: Aprelin 20-də dəmir yolları birləşməsi, iyunun 2-də xarici ticarət, gömrük və pul birliyi. İnqilabi komitə tərəfindən hazırlanan və tələmtələsik tətbiq edilən bu plan xalq tərəfindən yaxşı qarşılanmadı. Bəzi sağçı bolşeviklər də bu plana qarşı idilər. Beləcə medivani qrupu təkid etdi ki: Milli istiqlal xalq kütləsini cəlb etmək üçün zəruridir... kimsə bizi xalq kütləsinə yaxınlaşdığımız üçün milliyyətçiliklə suçlaya bilməz.193

Politbiro tərəfindən ixtilafları ortadan qaldırmaq üçün göndərilən Stalin Aprelin əvvəllərində Tiflisə getdi. Dəmir yolu işçilərinin toplantısında iqtisadi bütünləşmə haqqında danışdığında onu huya basıb məsxərə etdilər. Stalin məcbur oldu tribunu tərk edib yerini menşevik Ramişviliyə buraxsın. Ramişvilini gürcü işçilər əlçalmalar və həyəcanlı şüarlarla qarşıladılar. Bu durum Stalini çox narahat etmişdi. O, aprel ayının 6-da Gürcüstan Kommunist Partiyasının konferansında uzun bir qonuşma ilə Qafqazdakı milliyyətçiliyi və şovinizmi məhkum etdi. Əcəba, üç il bağımsız olan Qafqaz ölkələrində milli düşüncə və duyğuların xalqların arasında özünə yer etdiyini Stalin bilmirdimi? Bu üzdən də Qafqaz ölkələrində milli düşüncədən yana olan görəvliləri vəzifələrindən uzaqlaşdırma qərarı alındı. Stalinin basqısı ilə sağçılığa təmayül göstərən bolşeviklər vəzifələrindən uzaqlaşdırıldı.



Qafqaz və Türkiyə sınırları Moskva müqaviləsində hazırlanıb Qars müqaviləsində qət´iləşsə də, ancaq sovetləşmiş olan Qafqaz cümhuriyyətlərinin öz aralarında da sınır sorunu var idi. Sınır sorunlarını çözmək üçün bir komision oluşduruldu. Komisionun rəhbəri Kirov idi. Svanidze və Tuderya Gürcüstandan, Hüseynov, Hacinski və Məhəmməd Əmin Rəsulzadə* Azərbaycandan, Bəkzadiyan Ermənistandan bu komisionun üzvləri idi. 1921-ci il mayın 2-də komision sınır sorununu çözməklə görəvləndirildi. Mayın 25-27-si arasında Tiflisdə toplandılar. İlk oturumda Bəkzadiyan Ermənistanın düşdüyü çətin durumu komision üzvlərinin nəzərə almalarını istədi, Axalkalaki (72 faiz) və Yuxarı Qarabağ (94 faiz) kimi əhalisinin əksəriyyəti erməni olan ərazilərin Ermənistana buraxılması ilə sorunun çözümünü önərdi. O, həm də dedi ki, Moskvada Stalinlə yürüdülən müzakirədə bu qonu ələ alınmış və o da bununla razı olduğunu bildirmişdir. Kirov bu zaman Azərbaycan Kommunist Partiyasının baş katibidir. Azəri heyyəti dəstəkləməkdədir. Azəri heyyət buna etiraz edərək deyir ki, belə olarsa, yenidən milliyyətçi həyəcanlar Qafqazda coşmağa başlar. Gürcüstan və Azərbaycan arasında Qarayazı sahiblənmə ilə bağlı müzakirə çox sərt keçir. Gərginlik o qədər artır ki, toplantı və müzakirə durdurulur. Bir gün sonra Orconikidze tərəfləri sakitləşdirməyə çalışır və sınırların müəyyən edilməsini Qafqaz təhkim ofisinə buraxılmasını təklif edir. Bu arada Qarabağın Ermənistana buraxılması ilə bağlı Orconikidze və Nərimanovun daha öncəki açıqlamalarına dayanan Mraviyan kontrolu ələ almaq üçün Yuxarı Qarabağa gedir. Onun bu davranışından heyrətlənən Nərimanov Mraviyanı Bakıya çağırır. Bakıda ona bu işdən vaz keçməsini söyləyir. Mraviyan qəbul etmir və bu məzmunda Orconikidzeyə məktub yazır: “Qarabağ probleminin sürətlə, aydın və açıqca həll edilməsi çox önəmlidir... Bu doğrultuda hər növ gecikmə düşmənlərimizin yararına olacaqdır.”194 Mraviyanın burada düşmən olaraq nəzərdə tutduğu heç şübhəsiz ki, hələ də Zəngəzurda varlıqlarını sürdürən daşnaklardır. Qarabağın Azərbaycana verilməsi onların dirənişlərini gücləndirə bilərdi. Mraviyanın bu yoldakı əzmkarlığı nəticəsiz qalır. Qafqaz ofisi iyul ayının 4-də 8 üzvü ilə bir yerdə Stalinin başçılığında toplantı keçirir və Yuxarı Qarabağın Ermənistana buraxılması təklif edilərək səsə qoyulur. Beş nəfər müvafiq rəy verdi (Orconikidze, Miyasnikian, Qafqaz ofisinin katibi Fiqatner, Kirov, Nazartiyan). Bu təklifə üç nəfər müxalif səs verdi (Nərimanov, Oraxelaşvili, Maxaradze). Azərilərin və gürcülərin belə bəkləntisi yox idi. Nərimanov təklif edir ki, bu haqda burda qərar verilməsin. Son qərarı Sovet İttifaqı Kommunist Partiyasının verməsini təklif edir. Bir gün sonra Orconikidze və Nazartiyan fikirlərini dəyişdirirlər. Deyirlər ki, “Müsəlmanlar və ermənilər arasında barışı qorumaq üçün, özəlliklə Yuxarı Qarabağla Aşağı Qarabağın arasında mövcud olan iqtisadi bağlar dolayısıyla Yuxarı Qarabağın Azərbaycanda qalması məsləhətdir. Azərbaycanın tərkibində Yuxarı Qarabağa muxtariyyət veriləcəkdir.”195 Bu qərarın hazırlanmasında Stalinin gizlin rolu olmuşdur. Bu çözüm yolunun örnəyi daha öncə Abxaziyada görülmüşdü. Mayın 2-də Abxaziya müstəqil cümhuriyyət olaraq duyuruldu. Üç ay sonra Axalkalakini də içinə alaraq Gürcüstanla birləşdirildi və yalnızca bitərəf bölgə olan Lorinin bir qismi Ermənistana qaldı.

Başqa bir problem də silahlı savaşlar nəticəsində yurdlarını tərk etmək zorunda qalan qaçqınlar məsələsi idi. Bu məsələ də sınırlar problemi kimi ədalətli şəkildə çözülmür. Martın 30-da Ermənistan Kommunist Partiyasının baş katibi Aşot Havansiyan Zaqafqaziya ofisindən Azərbaycana sığınan erməni qaçqınların Ermənistana geri gəlmələri üçün yardımçı olmasını istəyir. Müsəlmanların da Azərbaycanda məskunlaşmalarını təklif edir. Mayın 24-də Naxcıvan Xalq Komiserləri Şurasının rəisi Qədimov Sovet İttifaqına196 xəbər göndərir ki, Akuli və Culfaya sığınan erməni qaçqınlar öz yurdularına dönmək üçün ərizə vermişlər. Ancaq onların dönəcəkləri yer Zəngəzur azəriləri tərəfindən işğal edilmiş.* Bu üzdən də onların geri dönmələri mümkün deyil. İyun ayının 12-də qaçqınlar işi ilə məşğul olan komision qərara gəlir ki, qaçqınlar geri dönmədən bulunduqları yerlərdə məskunlaşsınlar. Ermənistanı tərk edib Azərbaycana və Naxcıvana yerləşən qaçqınlar orda qalıb ermənilərin tərk etdikləri kəndlərə və ermənilər də Ermənistanda müsəlmanların tərk etdikləri kəndlərə yerləşsinlər. Bu qərar uzun zaman bu yurdlarda kökləri olan 28000 ermənini öz kökündən qoparıb ayıraraq evsiz-eşiksiz duruma gətirir. Gürcüstanın qaçqın problemi olmadığı üçün, sınırlarını qaçqınlar axınına qapatmaq üçün qərar çıxarır. Gürcüstan, savaş zamanı Şimalı Qafqaza sığınmış erməni qaçqınlarının geri dönməsini istəmirdi. Bu, məşhur “kəmər”dir ki, daha sonra bu haqda danışacağıq.

Qaçqınları öz yurdlarına göndərmək yerinə (ki insani olan da bu idi) onları öz xalqlarından ayrı saldılar. Zaman keçdikcə bu qərarlar yumşalsa da, onun acıları o nəsl üçün unudulmaz olaraq qaldı.

Bu arada bolşeviklər milli azlıqların dil və kültürlərinin inkişafına yardımçı oldular. Ermənistanda kürd azınlığı var idi. 1921-ci ilin oktyabr ayında kürdlərə erməni əlifbası ilə kitablar və dərsliklər hazırlandı. 1929-cu ildə kürdlər üçün erməni əlifbasında deyil, latın əlifbasında dərsliklər hazırlandı. 1944-cü ildə kril əlifbasına dönüşdürüldü. Məhəlli ləhcələrdə qəzet çıxması bütün muxtar vilayətlərdə təşviq edildi. Ancaq hər dəfə sınır və qaçqınlar sorunu dartışıldığında milliyyətçilik duyğuları gözə çarpırdı. Bütün bu sorunları kökündən çözmək üçün Moskvanın təyin etdiyi plan tətbiq olmalı idi: Zaqafqaziya Sovet Sosialist Cümhuriyyətlərinin Federal Birliyi.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin