QUNUT
Sual 561. Birinci rəkətdə səhvən qunut tutulsa səcdeyi-səhv etmək lazımdırmı?
Cavab: Vacib deyil. Amma müstəhəbdir.
Sual 562. İkinci rəkətdə qunut yaddan çıxsa və rükuda yada düşsə, rükudan qalxandan sonra qunut tutmaq olarmı?
Cavab: Bəli, tutmaq olar.
Sual 563. Bə’ziləri qunut zamanı öz əqiq üzüklərinin qaşını öz üzlərinə tərəf çevirirlər, bu işin savabı varmı?
Cavab: Sualda verilən əməl üçün, xüsusi ilə qunuta görə bir rəvayət ələ gəlməmişdir, amma Həzrəti Peyğəmbər (səllallahu əleyhi və alihi vəsəlləm)-dən səhih rəvayətlərə görə nəql edilir ki, əqiqə baxmaq tə’riflənmişdir.1
Sual 564. Vacibi namazların qunut və səcdəsində başqa dildə (məsələn, azərbaycanca, farsca, rusca və s.) dua etmək caizdirmi?
Cavab: Vacib-ehtiyatın ziddinədir. (Yə’ni ehtiyat vacib budur ki, başqa dildə olmasın.)
Bir namazdan başqa namaza keçmək
Sual 565. Zöhr namazının nafiləsinə məşğul olan bir şəxsin yadına düşüb ki, sübh namazını qılmamışdır. Nafilə namazını sübh namazına döndərə bilərmi?
Cavab: Xeyr, müstəhəbbi namazı vacibi namaza döndərmək səhih deyil.
Namazın təqibatı (namazdan sonrakı işlər)
Sual 566. Bə’ziləri namazdan sonra öz barmaqlarını gözlərinin üstünə qoyub Ayətəl-kürsü oxuyurlar, bu əməl haqqında bir rəvayət, ya hədis gəlibmi?
Cavab: Xatunabadinin (r) “Cənnatil-xülud” adlı kitabında (səh. 58) göz ağrıları haqqında Mə’sum İmamlardan (ə) nəql olunub ki, göz ağrıyan vaxtı bu duanı oxuyun:
«Uizu nurə bəsəri bi-nurilləhil- ləzi la yutfə» və Ayətəl-kürsünü şəfa tapmaq üçün oxusun. Həmçinin Məfatihul-cinan kitabının haşiyəsində (səh. 409.) İmamlardan (əleyhimussalam) nəql olunub ki, göz ağrıları üçün Ayətəl-kürsünü sağalmaq niyyəti ilə oxusun və ondan əvvəl əli gözün üzərinə qoyub sağalmağı üçün mənfəətli olan bu duanı zikr etsin:
«Uizu nurə bəsəri bi nurillahil-ləzi la yutfə» Gözləri zəif olanlar üçün oxumaq yaxşıdır.1
ŞƏKKİYYAT
Sual 567. Əgər namaz qılan “səmiəllahu” kəlməsini deyən zaman rükunu yerinə yetirib-yetirməməsində şəkk etsə vəzifəsi nədir? Həmçinin qunutda həmd və surənin deyib-deməməsində şəkk etsə öz şəkkinə e’tina etməlidir, ya yox?
Cavab: Verilən suala əsasən rükunu yerinə yetirsin, bu şəkkin vaxtı keçməmişdir. Amma qunut halında həmd və surənin oxuyub-oxumamasında şəkk etsə, e’tina etməməliir, onun şəkki vaxtı keçəndən sonradır.
Sual 568. Çox şəkk edən şəxs iki və üç rükətli namazların rəkətlərində öz şəkkinə e’tina etməməlidirmi? Dörd rəkətli namazların birinci və ikinci rükətlərində şəkk edərsə hökmü nədir?
Cavab: Bəli (kəsiruş-şəkk) çox şəkk edən şəxs, gərək e’tina etməsin. Namazlar və rəkətlər arasında heç bir fərq yoxdur.
Sual 569. Bir şəxs öz namazlarında şəkk edir, şəkkiyyat məsələlərini də öyrənməyə hazır deyil, namazı pozub əvvəldən başlayır, onun sonrakı namazı səhihdirmi?
Cavab: Bəli, namazı pozub təzədən qılandan sonra səhihdir. Lakin verilən suala əsasən məsələni öyrənməyə qüdrəti vardır amma öyrənməyə çalışmayıb namazını pozursa, günah etmişdir. Bu məsələnin hökmü ilə bağlı Tovzihul-məsail risaləsinin 1223-cü məsələsinə müraciət olunsun.
Sual 570. Namaz əsnasında bir şəxs namazın səhih olub-olmamasında şəkk edir, o namazı saxlayıb fasiləsiz namazı batil edən bir iş görmədən ikinci namaza başlayır. Namazı səhihdirmi?
Cavab: Birincisi, şəkkə görə namazı sındırmaq caiz deyil və lazımdır ki, Tovzihul-məsail kitabında bəyan olunan şəkkiyyat məsələlərini öyrənsinlər, şəkk qarşıya çıxan zaman onlara uyğun əməl etsinlər.
İkincisi, namazın batil olmasına səbəb olan işləri görmədən niyyəti sındırmaq namaz qılanı məşğul olduğu namazdan xaric etmir. Buna görə də namazını sındırıb başqa namaza məşğul olmaq istəyən şəxs gərək bir fasilə yaratsın. Məsələn, danışsın, ya qibləyə arxa çevirsin və sonrakı namaza başlasın.
EHTİYAT NAMAZI
Sual 571. Ehtiyat namazı qılan bir şəxs unutqanlıq üzündən başqa namaza daxil olub, vəzifəsi nədir?
Cavab: Əgər fasiləsiz nafilə, ya vacib bir namaza daxil olubsa namazını kəssin və ehtiyat namazını yerinə yetirsin və onun namazı səhihdir. Amma daha yaxşıdır ehtiyat namazından sonra namazını təkrarlasın. Əgər birinci namazdan sonra qılınan namaza başlayıbsa, (məsələn, ehtiyat namazı zöhr namazına aid olub, əsr namazına başlayıbsa) bu halda əgər vaxtı keçibsə, (məsələn, vəzifəsi bir rəkət ehtiyat namazı qılmaq olduğu halda əsr namazının ikinci rəkətinin rükusuna daxil olub) namazını sındırsın və ehtiyat namazı qılsın. Ondan sonra əsr namazına əvvəldən başlasın. Amma vaxtı keçməyibsə, (məsələn, əsr namazının birinci rəkətindədirsə) bu halda ehtiyat budur ki, niyyətini əsr namazından zöhr namazına döndərib, ehtiyat namazını qılsın və sonra əsr namazını əvvəldən başlasın. Hər iki halda zöhr namazını təkrarlamaq daha yaxşıdır.
Sual 572. Bir şəxsə ehtiyat namazı vacib olub, amma namazdan sonra unudub və namazın surətini pozub. Gərək əsl namazı təkrarlasın ya, həmin ehtiyat namazı ilə kifayətlənə bilər?
Cavab: Ehtiyat budur ki, ehtiyat namazını qılsın və əsl namazını da təkrarlasın.
MÜXTƏLİF MƏSƏLƏLƏR
Sual 573. Mən sünnilərin yaşadığı məhəllə məscidində şiə qanunlarının göstərişi ilə namaz qılıram. Əllərimin açıq halda qoyulmasına, dəstəmaz almağıma və kağız dəsmala səcdə etməyimə güclü iradlar tutulur. Şiələrin dəstəmaz və namaz qılmaları haqqında dəlillər və mə’lumatlar göndərməyinizi xahiş edirəm.
Cavab: İrad tutmaq şiddətli də olsa ilahi vəzifəni dəyişmir. (Zəruri hallar (məsələn, qorxu və çətinlik) istisna olunmuşdur.)
Hər bir halda ibadət şər’i əmrlərdən ibarətdir, onun yerinə yetirmə göstərişləri Allah, Peyğəmbər (səllallahu-əleyhi və səlləm) və onun tə’yin etdiyi şəxslər tərəfindən tə’yin edilir. Mə’lumdur ki, Allahın Rəsulu (s) buyurub: Sizin aranızda iki qiymətli şeyi əmanət qoyuram, Allahın kitabı və itrətim olan Əhli-beyt (ə). Peyğəmbər (səlləllahu əleyhi və ali vəssələm) və onun Əhli-beytindən gələn mö’təbər rəvayətlərə uyğun şiələrin arasında yerinə yetirilən dəstəmaz, namaz və ibadətlərin göstərişləri təşəkkül tapmışdır. Məsələn, şiə fiqhində sabitdir ki, torpağa, yeyiləsi və geyiləsi olmayan şeylərə səcdə səhihdir. Həzrəti Peyğəmbərdən (səlləllahu əleyhi və alihi vəsəlləm) nəql olunub ki, buyurub: Yer mənim üçün səcdəgah və pak qərar verildi.
Mə’lumdur ki, xalça və onun kimi şeylər camaat arasında səcdə yeri sayılmaz. Səhih olmamaqda əsas budur ki, xalça və onun kimi şeylər insanların istifadəsi ilə əlaqədə olan şeylərdir. Onlara səcdə təbii olaraq Allaha diqqətdən insanı saxlayır. Bu da xalis niyyəti azaldır.
Sual 574. Bir şəxs namazda bilməyərəkdən “bihəvlil-lahi və quvvətihi əqumu və əq’ud” cümləsinin yerinə “ya həyyu, ya qəyyum” demişdir. Onun namazlarında irad vardırmı?
Cavab: Verilən suala əsasən qıldığı namazlar batil deyil, amma gərək diqqət etsin ki, namazda “ bihəvlillah” demək təklif olunub. Başqa kəlmə demək caiz deyil.
Sual 575. Vəzifəsi oturan halda namaz qılmaq olan bir şəxsin ikinci rəkətdə həmd və surəyə başlamazdan əvvəl “bihəvlillahi və qüvvətuhu əqumu və əqud” deməyi müstəhəbdirmi? Üçüncü və dördüncü rəkətdə necə?
Cavab: Ümumi halda bu cümlə ayaq üstə namaz qılana aiddir. Daxil olmaq qəsdi ilə desə səhih deyil. Bəli, bilməyərəkdən desə namazı batil olmaz.
Sual 576. Bir şəxs səcdeyi-səhvi unutmuşdur. Sonrakı namaza daxil olandan sonra yadına gəlsə vəzifəsi nədir?
Cavab: Verilən suala əsasən başladığı namazı tamamlayandan sonra səcdeyi-səhvi yerinə yetirsin.
Sual 577. Namaz halında qusmaq namazı batil edirmi?
Cavab: Əgər namazın surəti pozulmasa, namaza işkal gətirməz və namaz səhihdir.
Sual 578. Namazlardan sonra Peyğəmbəri-Əkrəm(s) və Mə’sum İmamlara (əleyhissəlamlar) salam göndərmək rəsmi şəkil almışdır. Bu əməl üçün bir sənəd varmı?
Cavab: Bəli, çoxlu sayda rəvayətlərdə gəlib ki, Peyğəmbərin (s), Fatimeyi Zəhranın (ə) və Mə’sum İmamların (ə) qəbirlərinin yanında olub onları yaxından ziyarət edə bilmirsinizsə, uzaqdan onların qəbirlərinə işarə edərək salam verib ziyarət edin. (Bu haqda Vəsailüş-şiə, cild 10, səh. 263, 452 müraciət edin. Həmçinin Cəvahirul-kəlam, cild 20 səh. 100) Onlara bütün hallarda salam vermək və ziyarət etməyin müstəhəbbiliyi haqqında dəlil və rəvayətlər vardır. Hətta hər vacibi namazdan sonra Həzrət Rəsuləllaha (s) salam vermək və onu ziyarət etmək bəyənilmişdir. Necə ki, böyük alim Bəzənti yazır: Həzrəti İmam Rizaya (ə) ərz etdim. Həzrət Peyğəmbərə (s) necə salam verim? Həzrət buyurdu: “Əssəlamu əleykə ya Rəsuləllah və rəhmətullahi və bərəkatuh. Əssəlamu əleykə ya Muhəmməd əbnə Əbdillah. Əssalamu əleykə ya Həbibullah. Əssəlamu əleykə ya Səfvətəllah. Əssəlamu ələykə ya Əminəllah, Əşhədu ənnəkə Muhəmməd əbnə Əbdillah və əşhədu ənnəkə qəd nəsəhətə liummətin və cahədtə fi səbili rəbbik.
Dostları ilə paylaş: |