BU MƏKTUBLARI YAZMAQDA MÜAVIYƏNIN MƏQSƏDI
Müaviyənin bu məktubları yazmaqda əsas məqsədi bitərəf şəxslərin nəzər-diqqətini cəlb etmək idi. Bu şəxslər nə tərəfdarlıq, nə də müxalifətçilik edirdilər. Onlar Məkkə-Mədinədə nüfuzlu və hörmətli şəxslər idilər. Onların nəzər-diqqətini cəlb etmək üçün Məkkə və Mədinə kimi iki böyük şəhərdə müxalifət dalğası yaratmaq lazım idi. "Şura mərkəzi" hesab olunan bu iki şəhər islam xəlifəsi seçməkdə çox mühüm rola malik idi. Lakin bu şəxslər, Müaviyəyə aldanıb onun əlini sıxacaq qədər ağılsız deyildilər. Məhz buna görə Səd Vəqqas və Məhəmməd ibni Məsləmə da eynilə Əbdüllah ibni Ömər kimi cavab verdilər.
Nəsr ibni Müzahim "Vəqətu Siffeyn" kitabında Müaviyənin Əbdüllah ibni Ömərə yazdığı başqa bir məktubdan da söhbət açmışdır. Müaviyə o məktubda Əbdüllahı Imam (ə)-la müxalifət etməklə təqsirləndirərək onun qəlbində müxalifət toxumu səpmək istəmişdir. O yazmışdı: "Mən xilafəti özüm üçün yox, sənin üçün istəyirəm. Əgər sən də qəbul etməsən, onda xilafət məsələsi müsəlmanların şurasında müzakirə olunmalıdır." Ömərin oğlunun sadəlövh adam olmasına baxmayaraq Müaviyənin mənfur niyyətini başa düşdü və ona belə yazdı: "Yazmısan ki, mən Əliyə irad tutmuşam. Canıma and olsun, mən hara, Əlinin imanı, hicrəti, Rəsuli-Əkrəmin yanında olan məqam və mənziləti, onun müşriklər qarşısındakı sarsılmaz iradəsi hara! Mənim ona tərəfdar olmamağımın səbəbi bu idi ki, bu hadisə barəsində Peyğəmbərdən bir söz gəlib çatmamışdır. Buna görə də iki tərəfdən birinə meyl etməkdən çəkindim."47
Dostları ilə paylaş: |