IMAM (ə)-IN NÜMAYƏNDƏSI ŞAMDAN QAYIDIR
Imam (ə)-ın nümayəndəsi olan Cəririn, bir siyasi nümayəndə kimi, söz ustası, ayıqlığı, dözümlülüyü və səbrinə söz ola bilməzdi. O, Imam (ə)-ın məqsədini qan tökülmədən təmin etmək və Müaviyəni mərkəzi hökumətə tabe olmağa vadar etmək üçün çox çalışdı. Lakin o bir səhvə yol vermişdi: Iki köhnə siyasətbazın "bu gün-sabah" deyə söylədikləri hiyləgər sözlərinə aldandı. Müaviyə də bu fürsətdən mümkün qədər istifadə etdi, Şam camaatını sınaqdan çıxarıb Imam (ə)-la müharibəyə hazırladı və öz qəti fikrini yalnız Osmanın intiqamını almaq üçün Şam əhalisindən beyət aldığı vaxt elan etdi.
Cəririn yol verdiyi səhv nəticəsində Imam (ə) 36-cı hicri ili, rəcəb ayının əvvəlində Kufəyə daxil olmuş, Müaviyənin qəti fikrini bilmək üçün aylarla Cəriri gözləmişdi. Müaviyə də bu müddət ərzində şamlıları təpədən-dırnağa qədər silahlandırdı, onların hamısını Imam (ə)-la müharibəyə səfərbər etdi. Beləliklə də düşməni qəfildən yaxalamaq fürsəti əldən çıxdı.
Cəririn xəyanət etməsini isbat edəcək xüsusi bir dəlil yoxdur, lakin şübhəsiz, onun bilərəkdən, yaxud bilməyərəkdən etdiyi səhv islam tarixinin gedişində çox təsir buraxdı və onun səhvinə görə qasitinlərin mənfur həyatları müəyyən həddə qədər davam etdi. Əlbəttə, Imam (ə) Kufədə qaldığı müddətdə çox işlər gördü, bəzi valiləri işdən kənarlaşdırdı, islam üçün fədakarlıq göstərən və səlahiyyətli şəxsləri işə götürdü.
Bu müddət ərzində Əli (ə)-ın Kufədə qalmasının səbəbini yalnız Cəririn yubanması ilə əlaqələndirmək olmaz. Xüsusilə də bunu nəzərə alaq ki, Imam (ə) Kufədə düşərgə salandan sonra, Cəriri Həmdan hakimliyindən Kufəyə çağırdı və belə bir böyük vəzifəni ona tapşırdı. Bu müddət ərzində cavanlar və cəngavərlər ona müraciət edib düşmənlə döyüşə hazır olduqlarını bildirir və Imam (ə)-dan hərəkət edib Şam sərhədlərinə getmək üçün icazə istəyirdilər. Lakin Imam (ə) qan tökülməsinin qarşısını almaq, məsələni hərbi toqquşma olmadan, dinc yolla həll etmək istəyirdi. Buna görə də onların hərəkət etməsi ilə razılaşmır və buyururdu: "Mənim nümayəndəm Cəririn Şamda olduğu halda hazırlıq əmrinin verilməsi sülh yollarını Şam əhalisinin üzünə bağlayar, əgər bu məsələ ilə əlaqədar xeyir niyyətləri olsa, bu da aradan gedər. Mən Cərirə məktub yazıb orada qalma müddətini məhdudlaşdırmışam. Əgər yubansa, onda ya aldanmış, ya da öz imamı ilə müxalifət etmişdir. Mən bu işdə bir qədər təmkinlə hərəkət etmək istəyirəm. Əlbəttə, bu işin tədriclə hazırlaşmağa heç bir maneəsi yoxdur. Belə ki, hazırlıq olmadığı təqdirdə hərəkət elan edilsə, işə xələl yetirilər.41
Dostları ilə paylaş: |