Müaviyə son fürsətlərdə Imam (ə)-ı sınamaq, yəni Imam (ə)-ın doğrudanmı onu (Müaviyəni) vəzifədən azad etmək qərarına gəlib-gəlmədiyini bilmək istəyirdi. Buna görə də Cəririn evinə gedib dedi:–Təzə bir fikrim var: dostuna yaz ki, Şam hökumətini və Misrin vergisini mənə versin və əcəlimin vaxtı gəlib çatanda heç kimə beyət etməyi mənim boynuma qoymasın. Bu halda mən ona təslim olar və onun hökumətini yazılı şəkildə təsdiq edərəm.35
Imam (ə)-ın nümayəndəsi dedi:–Sən məktubunu yaz, mən də onu təsdiq edərəm.
Məktublar yazıldı və bir qasid hər iki məktubu Kufəyə apardı. Müaviyənin məktubu ərəb qəbilələri arasında tanınmışdı. Onun bu cür məktubları yazdığı üçün Vəlid ibni Üqbə kimi həmfikirlərindən bir qrupu onu tənqid etdi. Vəlid Müaviyəyə bir şerdə belə yazdı:
"Əlidən elə bir şey istədin ki, heç vaxt ona nail olmayacaqsan.
Nail olsan da, bir neçə gecədən artıq sənin əlində qalmayacaq."36
Vəlid ibni Üqbə bu şerin ilk misrasında düz fikir söyləmişdi, çünki Əli (ə) heç vaxt batil əsasında rəftar edib, onunla barışıq etməzdi. Lakin şerinin ikinci misrası tamamilə səhvdir, çünki, qeyri-mümkün bir fərzlə, əgər Əli (ə)-ın sülh yolunu seçməsi məsləhət olsaydı, heç vaxt onu pozmazdı. Bunun nümunəsini "həkəmeyn" məsələsində, Imam (ə) öz əhdinə sadiq qalacağını aşkar şəkildə söylədiyi vaxt aydın şəkildə görmək olar.
Müaviyə Əli (ə)-ı Vəliddən yaxşı tanıyır və bilirdi ki, hər iki halda hadisənin gedişi onun xeyrinədir. Çünki əgər Əli (ə) hökuməti ona versəydi, davamlı və qəm-qüssəsiz bir hökumət ona nəsib olacaqdı. Əgər belə etməsəydi, Müaviyə Hicaz və Iraqın ayağa qalxmış əhalisinin qanını tökmək üçün ciddi hazırlaşacaqdı.
Buna görə də, məsələni yubatmaq və Imam (ə)-ın nümayəndəsini Şamda gecikdirməyin özü bir növ Müaviyənin xeyrinə tamam olurdu, çünki, o öz döyüşçü qüvvələrini artırıb Əli (ə)-la döyüşmək üçün daha çox hazırlıq aparırdı.
Dostları ilə paylaş: |