MÜAVIYƏNIN MƏKTUBLARININ MƏZMUNU VƏ ONUN FIKIRLƏRI
Müaviyənin yazdığı məktubların məzmunları tam mənada təhrikedici idi. Onu yazan çalışırdı ki, qarşı tərəfin ən incə insani duyğularına toxunmaqla onları Əli (ə)-la müxalifətə qaldırsın. Məsələn, Ömərin oğlunu xilafətə təşviq edirdi, çünki o, şuranın naziri idi. Səd Vəqqas da altı nəfərlik şuranın üzvü və həm də Təlhə ilə Zübeyrin tayı idi. Müaviyə onun şurada üzv olmasını xatırladıb Təlhə və Zübeyrin yolunu getməyə dəvət edirdi. Məhəmməd ibni Məsləməni "ənsarın süvari cəngavəri və mühacirləri səfərbər edən" adlandırır və onlara öz keçmiş əməllərini, yəni Osmana kömək göstərmədiklərini xatırlatmaqla artıq qiyam edib ona kömək etmələrinin vaxtı çatdığını deyirdi.
Bu məktubların hamısı göstərirdi ki, Müaviyənin islam cəmiyyətinin nizam-intizamını və ictimai asayişi pozmaqdan və cəmiyyəti Əli (ə)-ın əleyhinə təhrik etməkdən başqa bir o məqsədi yoxdu. Hətta onun Osmanın qəyyumu olmasını fərz etsək belə, yenə də bir müsəlmanın intiqamını almaq üçün bütün müsəlmanları bir-birinin canına salmaq heç bir əsasla yozula bilməzdi.
Müaviyə xəlifənin şura tərəfindən seçilməsinə israr edirdi. Ömərin təşkil etdiyi şuranın üzvlərinin sayı altı nəfərdən çox deyildi. Əgər şuranın rəyi həlledici rola malik idisə, onda mühacir və ənsarın rəyi daha da çox həlledici rola malik olacaqdı. Hamı bilirdi ki, Imam (ə) mühacir və ənsar tərəfindən xilafət məqamına seçilmişdir və o həzrət öz evində oturduğu vaxt camaat onun evinə hücum edib onu israrla məscidə apardılar, sonra da onunla beyət etdilər. Bir neçə nəfərdən başqa heç kəs onunla beyət etməkdən imtina etmədi. Bundan əlavə, əgər mühacir və ənsarın Osmana kömək etmədiyi irad tutulurdusa, Müaviyənin özü də ona kömək etməmişdi. Halbuki Osmanın evi uzun müddət mühasirədə qaldığı zaman Müaviyə bu mühasirədən tam xəbərdar idi və öz ixtiyarında olan canlı qüvvə ilə xəlifəyə kömək edə bilərdi, lakin xəlifəyə kömək etmədi, onun qanının tökülməsinə tamaşa etdi. Osmanın özü şəxsən Şam əhalisinə və onun hakimi Müaviyəyə məktub yazaraq onlardan kömək istəmişdi.
Müaviyə bu məktublara etinasız yanaşdı və xəlifəyə azacıq belə kömək etmədi, amma onun qətlə yetirilməsindən sonra intiqam almaq fikrinə düşdü!
Bəzi tarixçilər Osmanın evinin arada uzun fasilə olmaqla iki dəfə mühasirəyə alındığını qeyd etmişlər. Bu fasiləni bəziləri doqquz gün, bəziləri iki ay on gün, bəziləri qırx gün, bəziləri isə bir aydan çox qeyd etmişlar. Buna görə də Osmanın mühasirəyə alınması xəbərinin Müaviyəyə çatmaması və onun bu hadisədən tamamilə xəbərsiz olmasına çox az ehtimal verilir.
Dostları ilə paylaş: |