Imam (ə)-ın əsgərlərinin Fəratı ələ keçirmək üçün etdiyi hücumlar xüsusi bir hərbi taktika əsasında baş verib sona çatdı, Müaviyənin əsgərləri ordan qovuldu və susuz, otsuz, uca bir yerdə dayandılar. Şamlıların belə yerdə qalması mümkün deyildi. Bir azdan onların suları tükənməyə başladı, naçar qalıb bu üç yoldan birini seçməli idilər:
1- Hücum edib çayı yenidən ələ keçirmək; Lakin özlərində belə bir cəsarət görmürdülər.
2- Susuzluqdan ölüb Siffeyni özləri üçün qəbiristanlığa çevirmək.
3- Qaçıb, Şamda və onun ətrafında bir yerə sığınmaq.
Amma Fəratın ələ keçirilməsi Şam qoşunlarının başçılarında, xüsusilə Müaviyədə o qədər qorxu hissi yaratmamışdı. Çünki onlar Imam (ə)-ın mərdlik, alicənablıq, islami və əxlaqi üsullara tam riayət etməsindən xəbərdar olduqları üçün bilirdilər ki, o həzrət haqqı heç vaxt tapdalamaz. Çünki onun nəzərində məram və məqsəd müqəddəs olsa da, ona çatmaqda bəzi insani və islami qanunları pozmaq olmaz.
Əxlaqi normalara və yüksək insani dəyərlərə riayət etmək hər bir alicənab insanın yüksək düşüncəsindən irəli gəlir. Bu qanun bütün hallarda və şəraitlərdə–həm sülh, həm də müharibə şəraitində–cərəyan edib insanın həyatında sair insanlarla olan əlaqələrinə aiddir. Belə ki, insani qanunlar heç vaxt məqsədə qurban verilməməli, hətta ən çətin anlarda belə, əxlaqi normalara riayət edilməlidir.
Müaviyənin qoşun başçılarının çayın əldən verilməsindən çox da narahat olmadıqlarının səbəbini iki hiyləgər siyasətçinin–Müaviyə ilə Əmr Asın fikir mübadiləsindən başa düşmək olar. Əmr As Müaviyənin insanlığa zidd olan əməlləri ilə tam əks mövqe tutmuşdu, lakin Müaviyə özünün "ayrı düşmüş ağlı"nın təsdiq etdiyinin əksinə hərəkət etdi. Nəhayət vəziyyət dəyişdi, Fərat çayı Imam (ə)-ın əsgərlərinin əlinə keçdi və Müaviyənin ordusu bir neçə kilometr geri çəkilmək məcburiyyətində qaldı. Bu vaxt bu iki qoca siyasətçi öz şeytani danışıqlarına başladılar. Onların söhbətlərinin məzmununu qeyd edirik:
Əmr As:–Necə fikirləşirsən?! Əgər iraqlılar suyu sənin üzünə bağlasalar, onu açmaq üçün müharibə edəcəksənmi?
Müaviyə:–Keçənləri unut. Əli barəsində necə fikirləşirsən?
Əmr As:–Məncə, sənin ona rəva gördüyün şeyləri o sənə rəva görməz. Çünki o bu çayı ələ keçirmək üçün gəlməmişdir.
Müaviyə bir söz dedi ki, qoca siyasətçi Əmr As narahat oldu. O da cavabında bir şer oxudu və qeyd etdi ki, vəziyyət xarabdır. Mümkündür, Təlhə və Zübeyrin başına gələnlər onların da başına gəlsin. Lakin Əmr Asın verdiyi ehtimal tamamilə düz çıxdı. Imam (ə) Fəratı ələ keçirdikdən sonra düşmənin sudan istifadə etməsinə mane olmadı və sübut etdi ki, o, ən qatı düşmənlə müharibədə belə, əxlaqi qaydalara riayət edir və Müaviyənin əksinə olaraq heç vaxt bir məqsədə çatmaq üçün əxlaqi üsulları qurban vermir.
Dostları ilə paylaş: |