"Mən elə yaxşı bir şeyə ümidvaram ki, ümidli şəxsin ona ümidi var; və mən Iraq mülkündən məyus deyiləm."11
O, bu məqsədə çatmaq üçün öz havadarlarını dəvət etdi, Ütbə ibni Əbu Süfyan ona dedi:–Əli ilə müharibə etmək barədə gərək Əmr Asla məşvərət edib onun dinini alasan. Çünki o, Osmanın hökumətindən kənara çəkilmişdi və əgər onu dirhəm və dinar verməklə razı salmasan, sənin hökumətindən daha çox uzaqlaşacaq.12
ON ÜÇÜNCÜ FƏSİL MÜAVIYƏNIN ƏMR ASA MƏKTUBU
Müaviyə mahir siyasətçi olan Əmr Ası həmkarlığa cəlb etmək üçün ona bir məktub yazdı. (O vaxtlar Əmr As xoşagəlməz və mənfur bir adam kimi hər yerdən qovulmuşdu və Fələstində yaşayırdı.) Məktubun məzmunu belə idi: "Əli, Təlhə və Zübeyrin xəbərləri sənə çatmışdır. Mərvan ibni Həkəm Bəsrə əhalisinin bir dəstəsi ilə Şama gəlmişdi. Cərir ibni Əbdüllah da bizdən beyət almaq üçün Əlinin tərəfindən nümayəndə kimi Şama gəlmişdi. Mən əvvəlcə sənin rəyini bilmək üçün hər növ qərara gəlməkdən çəkinmişəm. Tez özünü bura yetir, bu məsələ barəsində müzakirə edək."13
Məktub Əmr Asa çatan kimi o, məktubda qeyd edilən məsələni iki oğlu–Əbdüllah və Məhəmmədlə müzakirə etdi və onların bu barədə fikirlərini soruşdu. Onun birinci oğlu belə dedi:–Peyğəmbər və ondan sonrakı iki xəlifə ölən gün hamı səndən razı idi. Osman öldürüləndə sən Mədinədə deyildin. Yaxşı olar ki, indi öz evində oturasan və əhəmiyyətsiz bir mənfəətdən ötrü Müaviyənin yanına getməyəsən. Çünki sən heç vaxt xilafətə çatmayacaqsan, ömür günəşin qüruba enmək ərəfəsindədir, qorxuram həyatının sonunda bədbəxt olasan.
Lakin ikinci oğlu birincinin əksinə olaraq onu Müaviyə ilə həmkarlıq etməyə dəvət edərək dedi:–Sən Qüreyşin böyüklərindən birisən. Əgər bu işlərdə fəal hərəkət etməsən, nəzərlərdə kiçilərsən. Haqq şamlılarladır. Onlara kömək et və Osmanın intiqamını al! Bu halda Bəni-Üməyyə də bu iş üçün qiyam edər.
Əmr As ayıq bir adam idi. O, Əbdüllaha dedi:–Sənin fikrin mənim dinimin, Məhəmmədin fikri isə dünyamın xeyrinədir. Gərək bu məsələ barəsində fikirləşəm.
Sonra bir neçə beyt şer oxuyub onda hər iki oğlunun fikrini əks etdirdi. Daha sonra lap kiçik oğlu Vərdanın rəyini soruşdu. O dedi:–Ürəyindən keçənlərdən xəbər verimmi?!
Əmr As dedi:–Nə bilirsən, onu da de.
Oğlu dedi:–Həm dünya, həm də axirət sənin qəlbinə hücum etmişdir. Yüksək fikir və düşüncəyə tabe olmaq axirətdə səadətə çatmağına səbəb olar, hərçənd ona tabe olmaqda dünya yoxdur, lakin axirət həyatı dünyadakı nakamlıqlarını əvəz edər. Müaviyə ilə həmkarlıq etməkdə dünya var, lakin axirət yoxdur; dünya həyatı da əbədi axirət səadətini əvəz edə bilməz. Sən indi iki yol ayrıcında qalmısan və hansını seçəcəyini bilmirsən.
Atası dedi:–Düz deyirsən. Indi sənin fikrin nədir?
Oğlu dedi:–Öz evində otur. Əgər din qələbə çalsa, onun sayəsində yaşayarsan və əgər dünya əhli qələbə çalsa, onda onlar səndən ehtiyacsız deyillər.
Əmr As dedi:–Mən evdə necə otura bilərəm, halbuki, mənim Müaviyəyə yaxınlaşmağım ərəblərin qulağına çatmışdır?!14
O daxilən dünyapərəst bir şəxs olduğuna görə, Müaviyənin tərəfini seçdi, lakin kiçik oğlunun sözlərini zərif bir şer şəklində belə oxudu:
"Əliyə itaət etmək dinlə yanaşıdır, amma onunla dünya yoxdur. Halbuki Müaviyəyə itaət etməkdə səltənət və dünya vardır.
Qəlbimdə olan arzu və tamah üzündən tam ixtiyarla dünyanı qəbul etdim, amma bunu seçməkdə üzr və dəlilim yoxdur."15
Sonra Şama getdi və özünün köhnə dostu ilə müzakirəyə başladı. Onların Imam (ə)-ı hakimiyyətdən götürmək üçün tökdükləri məkrli tədbirlər sonralar qeyd ediləcəkdir.
Dostları ilə paylaş: |