"Rəhman və rəhim olan Allahın adı ilə. Bu məktub Allahın bəndəsi–Əmirəl-möminin Əli tərəfindən Məhəmməd ibni Əbu-Bəkrədir. O (Əli (ə)) aşkarda da, xəlvətdə də Allah qarşısında təqvalı olmağa, Ona itaət etməyə, həmçinin gizlində Ondan (Ona itaətsizlikdən) qorxmağa, müsəlmanlarla mülayim rəftar etməyə, bədəməl sahibləri ilə ciddi və amansız, zimmə əhli ilə ədalətlə davranmağa, məzlumların haqqını almağa, zülmkarlara qarşı ciddi olmağa, camaatı əfv edib güzəştə getməyə, imkan daxilində yaxşı iş görməyə fərman verir. Allah yaxşı əməl sahiblərini sevir, bədəməl sahiblərini isə cəzalandırır. O, fərman verir ki, Məhəmməd ibni Əbu-Bəkr camaatı mərkəzi hökumətə itaət etməyə, müsəlmanlarla müttəfiq olmağa dəvət etsin. Çünki bu işdə onlar üçün nicat və miqdarının təyin edilməsi, həqiqətinin dərk edilməsi mümkün olmayan böyük mükafat vardır. O, fərman verir ki, torpağın vergisini–əvvəllər alındığı kimi–camaatdan alsın, ondan heç nə əskiltməsin və artırmasın. Sonra onu əvvəllərdə olduğu kimi fəqir-füqəra arasında bölüşdürsün. O, valiyə fərman verir ki, camaat qarşısında təvazökarlıq etsin, onların məclisində hamıya bir gözlə baxsın, qohumlarla yadlar arasında haqq cəhətindən heç bir fərq qoymasın. Ona fərman verir ki, camaat arasında haqq əsasında qəzavət etsin, ədaləti yaysın. Həvayi-nəfsə tabe olmasın və Allah yolunda məzəmmət edənlərin məzəmmətindən qorxmasın, çünki, Allah təqvalı olan və Ona itaət etməyi başqa şeylərdən qabağa salanlarladır. Vəssəlam."
36-cı ilin Ramazan ayının əvvəlində Rəsulullahın azad edilmiş qulu olan Übeydullah ibni Əbu-Rafenin xətti ilə yazılan bu məktub Qeys ibni Übadənin işdən götürüldüyü günlərə təsadüf edir və onun valilik müddətinin çox qısa olduğunu göstərir.306 Çünki, Əmirəl-möminin Əli (ə) 35-ci ilin axırlarında xilafətə seçildi, bu məktub isə o həzrətin xilafətə seçilməsindən səkkiz ay sonra yazılmışdı.
Bu məktub Məhəmməd ibni Əbu-Bəkrə çatdıqda camaat arasında nitq söyləyib Imam (ə)-ın məktubunu onlara oxudu, sonra Misirdən Imam (ə)-a bir məktub yazaraq halal-haram və islam qanunları barədə soruşdu, o həzrətdən ona yol göstərməsini xahiş etdi. O, öz məktubunda Imam (ə)-a belə yazmışdı:
"Məhəmməd ibni Əbi Bəkr tərəfindən, Allahın bəndəsi Əmirəl-mömininə! Salam olsun sənə! Tək olan Allaha şükür edirəm. Əgər Əmirəl-möminin məsləhət görsə, bizə bir məktub yazıb bizim vacibatımızı aydınlaşdırsın, mənim kimilərin qarşılaşdığı islamın qəzavət hökmlərini yazsın. Allah Əmirəl-mömininin əcrini artırsın!"
Imam (ə) məktubun cavabında qəzavətə dair məsələləri, dəstəmazın hökmlərini, namazın vaxtlarını, əmr be məruf və nəhy əz münkər, oruc və etikaf barədə müəyyən məsələlərin hökmünü yazdı, daha sonra bir nəsihət olaraq ölüm, hesab-kitab, cənnət-cəhənnəmə dair bəzi məsələləri xatırlatdı. ("Əl-Ğarat" kitabında Imam (ə)-ın məktubu kamil şəkildə qeyd edilmişdir.)307
Əbu Ishaq Səqəfi yazır: "Imam (ə)-ın məktubu Məhəmməd ibni Əbi Bəkrə çatdıqdan sonra müntəzəm olaraq ona baxır, ona müvafiq olaraq qəzavət edirdi. Əmr As Misrə hücum edib onu məğlub edəndən və qətlə yetirəndən sonra məktublar onun əlinə keçdi. O da bütün məktubları yığıb Müaviyəyə göndərdi. Məktubların biri Müaviyənin diqqətini cəlb etdi: o, həmin məktuba daha diqqətlə baxırdı. Vəlid ibni Əqəbə Müaviyənin təəccübləndiyini görəndə dedi:–Əmr et, bu məktubları yandırsınlar!
Müaviyə dedi:–Sakit! Sənin bu barədə danışmağa haqqın yoxdur!
Vəlid dedi:–Əgər camaat Əbu Turabın (Əlinin) hədislərinin səndə olduğunu, sənin də onlardan istifadə edib qəzavət etməyini bilsə, sənin üçün yaxşı olarmı? Əgər belədirsə, bəs nə üçün onunla mübarizə edirsən?!
Müaviyə dedi:–Vay olsun sənə! Mənə deyirsən ki, belə bir elm xəzinəsini yandırım. Allaha and olsun, bundan dərin, hərtərəfli, aydın bir elm görməmişəm!
Vəlid əvvəlki sözünü təkrarlayıb dedi:–Əgər Əlinin elmindən və qəzavətindən heyrətlənirsənsə, onda nə üçün onunla mübarizə edirsən?
Müaviyə dedi:–Əgər Əli Osmanı ölürməsəydi və fətva verməklə məşğul olsaydı, biz ondan elm öyrənərdik. (Bir qədər sükut etdikdən sonra ətrafındakılara baxıb dedi:) Biz heç də bunların Əlinin məktubları olduğunu demirik. Biz deyirik ki, bunlar Əbu Bəkr Siddiqin məktubları imiş, oğlu Məhəmmədə irs çatmışdır, biz də ona müvafiq şəkildə qəzavət edib fətva veririk.
Imam (ə)-ın məktubları həmişə Bəni-Üməyyənin incilər xəzinəsində qalırdı, nəhayət Ömər ibni Əbdül-Əziz xilafətə çatanda elan etdi ki, bu məktublar Əliyyibni Əbu-Talibin hədisləridir.
Əli (ə) Misrin fəth olunmasından və Məhəmmədin qətlə yetirilməsindən sonra bu məktubun Müaviyənin əlinə keçməsindən agah olanda, çox təəssüfləndi. Əbdüllah ibni Sələmə deyir: "Imam (ə) bizimlə namaz qıldı. Namazı qurtarmazdan əvvəl o həzrətin üzündə təəssüf izlərini gördük. Sonra bir şer oxudu ki, məzmunu onun təəssüfünü göstərirdi. Imam (ə)-dan "məqsədiniz nədir?" - deyə, soruşduqda, buyurdu: "Məhəmməd ibni Əbi Bəkri Misrin işlərini idarə etmək üçün seçmişdim. O, məktubda mənə yazmışdı ki, Peyğəmbər sünnəsindən geniş məlumatım yoxdur. Ona bir məktub yazıb, Peyğəmbərin sünnələrini şərh etdim, amma onu öldürdülər, məktub da düşmənin əlinə düşdü."
Dostları ilə paylaş: |