BUSRUN HƏRƏKƏTI
Busr üç min nəfərlə birlikdə Şamdan hərəkətə başladı. Mərvan məbədinə çatdıqda onlardan dörd yüz nəfər xəstəliyə tutularaq öldü, qalan iki min altı yüz nəfərlə Hicaza tərəf hərəkət etdi. O, hər bir yaşayış məntəqəsinə çatdıqda əhalinin dəvələrini zorla alır, özü və əsgərləri onlara minirdi, növbəti məntəqəyə çatanda əvvəlki dəvələri buraxıb çatdıqları yerin dəvələrini zorla alıb minirdilər. Beləliklə bu uzun yolu keçib Mədinəyə çatdılar.
Busr Mədinəyə daxil olanda əvvəlcə əhalini nalayiq sözlərlə, acı söyüşlərlə təhqir etməyə başladı, Osmanın qətlini ortaya atıb dedi:–"Osmanın qətlində sizin hamınızın əli var idi, yaxud da heç olmazsa bitərəf mövqe seçdiyinizə görə onu xar və zəlil etmişdiniz. Allaha and olsun, elə bir iş görəcəyəm ki, Osmanın ailəsinin rahatlığı və asayişi öz yerinə qayıtsın!"
Sonra hədə-qorxunu davam etdirməyə başladı. Camaat canlarının qorxusundan Hüveytib ibni Əbdül-Üzzanın (Busrun anasının ikinci əri idi) evinə sığındılar, onun vasitəçiliyi ilə Busrun qəzəbi soyudu. Sonra hamını Müaviyə ilə beyətə dəvət etdi. Bəziləri beyət etdilər, lakin o, bunların beyəti ilə kifayətlənməyib Müaviyə ilə müxalif olan tanınmış adamların, həmçinin Iraqda Əli (ə) ilə yaxından həmkarlıq edənlərin, o cümlədən, Zürarə ibni Hərunun, Rəfaə ibni Rafenin və Əbu Əbyyub Ənsarinin evlərini yandırdı. Sonra Bəni-Məsləmə qəbiləsinin başçılarını çağırıb soruşdu: "Cabir ibni Əbdüllah hardadır? Ya onu tapın, ya da ölümə hazırlaşın!"
Cabir bu vaxt Peyğəmbərin zövcəsi Ümmü-Sələmənin evinə sığınmışdı. Cabir ondan soruşdu: "Nə məsləhət görürsən? Əgər beyət etməsəm, məni öldürəcəklər, beyət də etsəm zəlalət və azğınlığa düşərəm."
"Əl-ğarat" kitabının yazdığına görə Cabir axırda Ümmü-Sələmənin sözü ilə Busra beyət etdi. Busr Mədinədəki məmuriyyətini qurtardıqdan sonra Əbu Hüreyrəni orada özünə canişin seçib Məkkəyə yola düşdü. Mədinə-Məkkə yolunda qabağına çıxanları öldürdü, mal-dövlətlərini qarət etdi. Məkkəyə yaxınlaşanda Imam (ə)-ın Qusm Ibni Abbas adlı valisi şəhəri tərk etdi. Busr Məkkəyə daxil olanda camaatı söyüb rüsvay etdi və hamını Müaviyəyə beyət etməyə çağırdı, onları Müaviyə ilə müxalifət etməkdən qorxudub dedi:–"Əgər sizin Müaviyə ilə müxalifət etmək xəbəriniz mənə gəlib çatsa, kökünüzü kəsərəm! Var-yoxunuzu qarət edib, evlərinizi dağıdaram!"
Sonra Məkkədən çıxıb Taifə yola düşdü. Öz adamlarından bir nəfəri seçib bir dəstə ilə Tübaləyə göndərdi, çünki, oranın əhalisinin şiə olduğunu bilirdi. Əmr etmişdi ki, hamını sorğu-sualsız qılıncdan keçirtsinlər. Busrun göndərdiyi adam Tübaləyə çatıb hamının əl-qolunu bağladı. Onların içində Müni adlı bir nəfər ondan xahiş etdi ki, ona icazə versin, Busrdan amannamə gətirsin. O, bu təklifi qəbul etdi və Müni Taifə yola düşdü, Busr ilə görüşüb amannamə aldı. Amma Busr amannaməni o qədər yubatdı ki, qasid onu Tübaləyə aparanda artıq camaatın hamısı qılıncdan keçirilmiş olsun.
Müni amannamə ilə birlikdə gəlib çatdıqda hamının boynunu vurmaq üçün şəhərdən çölə çıxartmışdılar. Bir kişini qabağa çəkib boynunu vurmaq istəyirdilər, lakin cəlladın qılıncı sındı. Əsgərlər bir-birinə dedilər: "Qılınclarınızı qınından çıxarıb havada yellədin, günün istisindən yumşalsın." Qasid uzaqdan qılıncların parıltısını gördükdə paltarını yellədərək işarə etdi ki, əl saxlayın. Şamlılar dedilər: "Bu kişi xoş xəbər gətirmişdir. Əl saxlayın!" O, çatıb amannaməni onların başçısına verdi, beləliklə hamının canını ölümdən qurtardı. Maraqlıdır ki, edam olunmağa hazırlanan və qılıncın sınmasına görə qətli təxirə düşən kişi elə onun qardaşı idi.
Busr Taifdəki məmuriyyətini yerinə yetirdi və ərəblərin adlı-sanlı siyasətçisi Müğeyrə ibni Şöbə onu yola saldı. O, yol üstündə Bəni-Kənanəyə çatıb xəbər tutdu ki, Imam (ə)-ın Sənadakı valisi Übeydullah Ibni Abbasın iki körpə oğlu anaları ilə birlikdə oradadır. Übeydullah oğlanlarını Bəni-Kənanədən olan bir kişiyə tapşırmışdı. O kişi qılıncını siyirib şamlıların yanına gəldi. Busr ona dedi:–Anan matəminə əyləşsin! Biz səni öldürmək istəmirik, səndən Übeydullahın oğlanlarını istəyirik.
O kişi dedi:–Mən öz himayəmdə olanların yolunda ölümə hazıram!
Bu sözü deyib şamlılara hücum etdi, axırda da öldürüldü. Übeydullahın uşaqlarını gətirib hər ikisini qansızcasına edam etdilər. Bəni-Kənanədən olan bir arvad fəryad çəkib dedi:–Siz kişiləri öldürürsünüz, uşaqların təqsiri nədir?! Allaha and olsun, nə cahiliyyət dövründə uşağı öldürürdülər, nə də islam dövründə. Allaha and olsun, bünövrəsi qocaları və uşaqları öldürməklə möhkəmlənən bir hökumət süst bir hökumətdir!
Busr dedi:–Allaha and olsun, arvadları da öldürəcəyəm!
O arvad dedi:–Allahdan istəyirəm ki, elə bu işi görəsən!
Busr Kənanədən çıxıb yolüstü Nəcranda Übeydullah Ibni Abbasın kürəkəni Əbdüllah ibni Əbul-Mədanı öldürdü. Sonra dedi:–Allaha and olsun, əgər mənim xoşuma gəlməyən bir iş görsəniz, qayıdıb nəslinizi kəsərəm, əkinlərinizi məhv edib, evlərinizi dağıdaram!
Sonra yoluna davam etdi, yol üstündə Əli (ə)-ın şiələrindən və Həmdanın böyük şəxsiyyətlərindən olan Əbu Kərbi öldürdü və nəhayət Sənaya çatdı. Imam (ə)-ın təyin etdiyi hakimlər–Übeydullah Ibni Abbas və Səid ibni Nəmran öz yerlərinə bir nəfər qoyub şəhərdən qaçmışdılar. O da Busrun qarşısında bir qədər müqavimət göstərdi, axırda Busr onu öldürdü. Busr şəhərə daxil oldu, əhalidən bir qədərini qılıncdan keçirtdi, hətta Məaribdən onun yanına gəlmiş olan heyətin hamısını, bir nəfər istisna olmaqla, qılıncdan keçirtdi. Canını qurtaran şəxs Məaribə qayıdıb dedi:–"Mən qocalara və cavanlara xəbərdarlıq edirəm: qızıl ölüm sizə pusqu qurmuşdur."
Busr Sənadan çıxıb əhalisinin hamısı şiə olan Ceyşana çatdı. Onlarla Busrun arasında döyüş başlandı, çoxlu tələfat verəndən sonra əsir düşdülər, hamısı da faciəli şəkildə şəhid edildi. Busr yenidən Sənaya qayıtdı, onların arvadlarından birinin Übeydullah Ibni Abbasın uşaqlarına sığınacaq verdiyinə görə yüz nəfərini öldürdü.
Qeyd edilənlər Busr ibni Ərtatın tarixdə yazılıb saxlanan cinayətlərindən kiçik bir səhifəsi idi. Onun törətdiyi cinayətlərin xəbəri Əli (ə)-a çatanda baş sərkərdə Cariyə ibni Qudaməni iki min nəfərlik bir qoşunla Hicaza göndərdi ki, Busru tutub cəzalandırsın. O, Bəsrə yolu ilə Hicaza yola düşdü. Yəmənə çatdıqda Busrun Bəni-Təmim məntəqəsində olmasından xəbər tutdu. Busr təqib olunmasından xəbər tutduqda Təmamiyə tərəf getdi. Camaat Cariyənin gəlişindən xəbər tutduqda Busrun yolu üstündə yığışıb onu mühasirəyə aldılar. Amma o, mühasirədən çıxıb özünü Şama çatdırdı və öz səfərini Müaviyəyə xəbər verdi. O dedi:–Gedəndə də, qayıdanda da sənin düşmənlərini öldürdüm.
Müaviyə dedi:–Bu işi sən yox, Allah eləmişdir!
Busr bu səfərdə otuz min nəfəri öldürdü, bir qədərini də diri-diri odda yandırdı. Əmirəl-möminin Əli (ə) həmişə onu qarğışlayıb deyərdi: "Ilahi, onun əqlini almamış onu öldürmə! Ibahi, Busra, Əmr Asa və Müaviyəyə lənət et, Öz qəzəbini onların halına şamil et!" Imam (ə)-ın qarğışı onları tutdu və çox keçmədən Busr dəli oldu. O həmişə deyirdi: "Mənə qılınc verin adam öldürüm!"
Onun keşikçiləri çubuqdan bir qılınc düzəldib ona verdilər, o da həmin qılıncla qapı-pəncərəyə o qədər vurdu ki, axırda bağrı çatladı və cəhənnəmə vasil oldu.
Busrun işləri Müslüm ibni Əqəbənin işlərinə oxşayırdı. Müslim Yəzidin tərəfindən Mədinədə, Hirrə adlı bir yerdə ona oxşar cinayətlər törətdi. Həqiqətdə təkcə bu ata-oğul (Müaviyə və Yəzid) ruhi cəhətdən bir-birinə oxşamırdılar, onların muzdurları da qəsavət və qansızlıqda bir-birinin tayı idilər.299
Bu hissənin axırında Imam (ə)-ın Busr barəsində buyurduğu xütbəni qeyd edirik: "Mənim ixtiyarımda Kufədən başqa bir yer yoxdur, yalnız onun ixtiyarı mənim əlimdədir. (Ey Kufə!) Əgər sən də şiddətli siyasət küləklərinin qurbanı olacaqsansa, onda Allah sənin üzünü qara etsin! Mənə xəbər çatmışdır ki, Busr Yəmənə daxil olub. Allaha and olsun, mən güman edirəm ki, onlar tezliklə sizə hakim olacaqlar, çünki onlar öz batil işlərində bir-biri ilə vəhdətdə, siz isə öz haqq yolunuzda bir-birinizlə ixtilafdasınız. Siz öz haqq rəhbərinizlə müxalifət edirsiniz, amma onlar öz batil rəhbərlərinə itaət edirlər. Onlar əmanəti öz rəhbərlərinə qaytarırlar, amma siz öz imamınızın əmanətinə xəyanət edirsiniz. Əgər sizin birinizə taxta qədəhi əmanət olaraq versəm qorxuram ki, onun ipini oğurlasın. Ilahi, mən Kufə camaatından bezmişəm, onlar da məndən bezmişlər. Mənə onlardan yaxşısını qismət et və mənim yerimə onlara bir şər (adam) ver! Ilahi, onların qəlblərini duz kimi suda ərit! Allaha and olsun, sizin hamınızın əvəzində Həras ibni Ğənəmin övladlarından min nəfər süvarinin mənim ixtiyarımda olmasını istərdim."300
Dostları ilə paylaş: |