2-BUSRUN HICAZA VƏ YƏMƏNƏ GÖNDƏRILMƏSI
Imam (ə) Yəmənin bir hissəsinin idarə olunmasının Übeydullah Ibni Abbasa, Cənəd adlı digər bir hissəsini isə Səid ibni Həmrana tapşırmışdı. Yəmənin mərkəzi hissəsində Osmana tabe olan və osmançıların qayda-qanunu ilə gedən, Əli (ə)-ın dövlətinə rəğbət göstərməyən və həmişə iğtişaş salmaq və qiyam etmək fikrində olan bir dəstə var idi. Onlar xəvaric tərəfindən törədilən cinayətlərdən və Imam (ə)-ın ordusunda mövcud olan ixtilafdan agah olan kimi müxalifətə başlayıb Səid ibni Nəmranı oradan qovdular. Əqidə cəhətindən osmançı olmayan bəziləri də vergidən boyun qaçıraraq qiyamçılara qoşuldular. Səid ibni Nəmran və Übeydullah Ibni Abbas vəziyyəti Imam (ə)-a xəbər verdilər, o həzrət Kufədə yəmənli şəxsiyyətlərdən biri olan Yəzid ibni Qeyr Ərqəmlə məşvərət etdi, qərara alındı ki, qiyamçılara bir məktub yazıb onlara nəsihət etsin, hamını bir daha mərkəzi hökumətə tabe olmağa çağırsın. Imam (ə) məktubu yazıb Həmdan qəbiləsindən olan bir nəfərlə göndərdi. O, məktubu Yəmənə gətirib böyük bir yığıncaqda oxudu. Məktubun məzmunu çox təsirli idi, lakin müxaliflər mərkəzin tabeçiliyinə qayıtmağı Übeydullahla Səidin işdən çıxarılması ilə şərtləndirdilər.
Digər tərəfdən də qiyamçılar o böhranlı şəraitdə fürsəti qənimət sayıb Müaviyəyə şer dolu bir məktub yazaraq xahiş etdilər ki, onunla beyət etmək üçün Sənaya və Cəndə nümayəndə göndərsin; həm də xatırlatdılar ki, əgər bu işi təxirə salarsa, Əli və onun nümayəndəsi Yəzidlə beyət edəcəklər.
Məktub Müaviyəyə çatanda o, kütləvi qətl, qiyam və ictimai asayişi pozmaq siyasətini Hicaz və Yəmənə doğru genişləndirməyi qərara aldı, öz sərkərdələri içində ən daşürəkli adam olan Busr ibni Ərtatı çağırıb dedi:–"Üç min nəfərlik bir qoşunla Hicaza və Mədinəyə tərəf hərəkət et, yol üstündə çatdığın yerlərin əhalisi Əlinin hökumətinin tabeçiliyində olsalar onları söyüb rüsvay et, sonra hamısını mənimlə beyət etməyə dəvət et, beyət edənləri burax, imtina edənləri isə öldür. Əli şiələrini hər yerdə tutsan, dərhal öldür."
Müaviyə bu siyasəti davam etdirir, özü Şamda olub Əli (ə) ilə üzbəüz vuruşmadığı halda, elə qarşı-qarşıya aparılan döyüşün nəticələrini alırdı. Vəlid ibni Əqəbə kimi Imam (ə)-la üzbəüz döyüşməyi təklif edənləri əbləh (axmaq) adlandırır və deyirdi ki, onların kifayət qədər siyasi təcrübələri yoxdur. Ibni Əbil-Hədidin bu barədə gözəl bir təhlili vardır. O yazır: "Vəlid Imama çox qəzəbli idi, çünki onun atası Bədr döyüşündə o həzrətin əli ilə öldürülmüşdü, özü də Osmanın hakimiyyəti dövründə o həzrətin əli ilə şallaqlanmışdı. O, uzun müddət Kufəyə vali olduğu halda, öz miraslarını Əlinin əlində görürdü. Buna görə də təbii olaraq o həzrətlə qarşılaşmaqdan başqa bir şey fikirləşmirdi. Müaviyə Vəlidin əksinə olaraq uzaqgörən idi, çünki Siffeyndə Imamla qarşılaşanda əməli olaraq başa düşmüşdü ki, əgər müharibədə Quranları nizə başına vuraraq hiyləyə əl atmasaydı, heç vaxt onun əlindən canını qurtara bilməzdi; əgər ikinci dəfə onunla qarşılaşsa, müharibə odunda məhv ola bilər. Buna görə də Əlinin hakimiyyətində olan ərazilərdə qorxu, vəhşət, iğtişaş yaratmaqla onu zəiflətməyi məsləhət gördü ki, o həzrətin islam məntəqələrini idarə etməkdə bacarıqsız olduğunu sübut etsin.298
Dostları ilə paylaş: |