Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


VI BAŞLIQ {Qlavkonla, dövlət qulluqçusunun yetərincə oxuyub öyrənməli olduğunu anladan danışıq}



Yüklə 1,62 Mb.
səhifə66/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   62   63   64   65   66   67   68   69   ...   84
VI BAŞLIQ
{Qlavkonla, dövlət qulluqçusunun yetərincə oxuyub öyrənməli olduğunu anladan danışıq}
Aristonun oğlu Qlavkon, öncə Xalq yığıncağında sözçü(natiq) olmaq, bundan sonra da dövlətə başçılıq eləmək umdusuna düşmüşdü, baxmayaraq, onun iyirmi yaşı belə yox idi. Onu dönə-dönə sözçü kürsüsündən qovmuş, ələ salıb, hoydu-hoyduya götürmüşdülər, ancaq bütün bunlara baxmayaraq, nə doğmaları, nə də arxadaşları onu bu saçmalığından daşındıra bilirdilər; Bu Qlavkon - Sokratın öyrəncilərindən, olan o biri Qlavkonun oğlu Harmidlə, bir də Platonla arxadaşlıq eləyərdi, Sokrat da onu buradan tanıyırdı. Ancaq Sokrat, özünün saçmalığı ilə hamını bezdirmiş, bu ipə-sapa yatmayan gənci yola gətirməyi bacarmışdı.

Bir gün Qlavkonla üz-üzə gələn Sokrat, o, danışıqdan qaçmasın deyə, sözü uzaqdan başlayıb, onu danışığa çəkdi:

-Qlavkon, eşitmişəm sən dövlət başçısı olmaq istəyirsən?

-Elədir, Sokrat.

-And olsun Zevsə, yer üzündə bundan da yaxşı bir iş ola bilməz: bunu bacara bilsən, ürəyindən keçənləri yerinə yetirəcəksən, arxadaşlarına yardım eləyə biləcəksən, ata ocağının adını göylərə qaldıracaqsan, yurda başucalığı gətirəcəksən, qabaqca bizim şəhərimizdə, sonra bütün Elladada, kim bilir, ola bilsin lap Femistokl kimi varvarların içində də ən tanınmış kimsə olacaqsan, bir sözlə, hara getsən, səni barmaqla göstərəcəklər.

Bu sözləri ilə Sokrat Qlavkonun boş damarını tuta bilmişdi, bu danışıq,- özünü çox böyük, adlı-sanlı adamların sırasında görmək istəyən gənci elə tutmuşdu, Sokratın yanından əl çəkmək istəmirdi.

Bundan sonra Sokrat dedi:

-Belə bilirəm, Qlavkon, sənə sayğı bəsləsinlər deyə, dövlət üçün çoxlu yararlı işlər görəcəksən, eləmi?

-Elədir,- Qlavkon bu sözlə anlaşdığını bildirdi.

-Onda, səni and verirəm tanrıların adına, bizdən gizlətmə, danış görək, sən dövləti irəli aparmaq üçün nədən başlayacaqsan?

Qlavkon susub durdu, sanasan o ancaq indi, nədən başlayacağını düşünüb tapmaq istəyirdi, bunu görən Sokrad dilləndi:

-Sən hansısa arxadaşının işini irəli aparmaq üçün, ilk öncə onun varlanmasına çalışardın, deyilmi? Buna uyğun olaraq da, öz işinə, ilk öncə dövləti varlandırmaqdanmı başlayacaqsan?

-Düzdür, bundan başlayacağam.

-Dövlətin qazancı artanda o varlı olacaq, elə deyilmi?

-Məncə, elədir,- Qlavkon dedi.

-Mənə de görüm, bizim dövlətin hansı gəlir qaynaqları var, onlardan gözəyarı(təqribən) hansı qazancı götürür? Sözsüz, sən bunun üstündə çox düşünmüsən, yəni, az qazanc verən qaynaqların gəlirini artırmaq üçün də, indi işlədilməyən yeni qaynaqları işə salmaq üçün də, nə edəcəyini artıq bilirsən.

-Yox, and olsun Zevsə, mən bunu düşünməmişəm.

-Ola bilsin, bu iş sənin baxışlarından yayınıb, onda bizə dövlətin hara, hansı axçaları yatırmasından danış, sözsüz sən indidən, hansı qazanc gətirməyən yatırımların olduğunu araşdırmış, onları qazanclı işlərə yönəltməyi də düşünmüsən.

-Yox, and olsun Zevsə, bunun üstündə düşünməyə macalım olmayıb.

-Elə isə, bir sürə(müddət) üçün, dövləti necə varlandırmaq konusunu da bir qırağa qoyaq, yoxsa dövlətin gəlirini-çıxarını bilmədən onu necə varlandırmaq olar?

-Yox, Sokrat, dövləti varlandırmaq üçün ayrı yollar da var, deyək, onunla yağı olan başqa dövləti yenib, yağmalamaqla da dövləti varlandırmaq olar.

-Çox da düz deyirsən, and olsun Zevsə, - Sokrat dilləndi,- ancaq bu dediyin, dövlət yağısından güclü olanda baş tutur; ondan güclü olmayıb bu işə girişəndə isə, olan-qalanı da əlindən çıxır.

-Bunu düz deyirsən.

-Demək, dövlət başçısı başqa bir dövlətlə savaşa başlamazdan öncə, gərək öz dövlətinin də, yağı dövlətin də gücünü ayırd eləsin: əgər dövlət yağısından güclüdürsə, onda savaşa girsin, yoxsa, savaşdan yayınmağa çalışsın.

-Düzdür.

-Elə isə, ilk öncə bizə de görək, dövlətimizin quru, dəniz qoşunlarının gücü yetərlidirmi, sonra da bizim yağılarımızın gücündən danış.

-Yox, and olsun Zevsə, mən bunu bilcəyimə(yaddaşıma) arxalanıb deyə bilmərəm.

-Çox da yaxşı, sən bunu yazmısansa, onu oxu, mənim üçün onları eşitmək çox önəmlidir.

-Yox, and olsun Zevsə, bunları indiyəcən çatdırıb yazmamaşam da.

-Deməli, sənin savaşda verəcəyin buyuruqları eşitməyi də, bir az gözləməli olacağıq: ola bilsin bu olduqca geniş bir konu olduğundan, bunu araşdırmağa macal tapmamısan, necə olsa, sən dövlətə başçılıq eləməyi indi-indi başlamaq istəyirsən. Ancaq ölkənin sınırlarını necə qorumağı, sözsüz, araşdırmısan, artıq bilirsən, harada neçə keşikçi bölükləri qoyulub, haralara da qoyulmalıdır, yan-yörədəki yaşayış yerlərini qorumağa yetərli olan neçə qaytaqlar(qarnizonlar) qoyulmalıdır; gərəkən yerlərdə qurulmuş pusquları(postları) gücləndirməyi, gərəksiz olanları yığışdırmağı da artıq götür-qoy eləmisən.

-Yox, and olsun Zevsə, bunun üstündə də düşünməmişəm, ancaq mənə elə gəlir, bu pusquların hamısını yığışdırıb atmaq gərəkdir, bizdə bu qoruqçuluq işi elə yaman gündədir, taxılı tarladan oğurlayıb aparırlar.

-Pusquları yığışdırsan, onda oğruların əl-qolunu açmazsanmı, onlar əllərinə keçəni açıq-aydın daşıyıb aparmazlarmı? Ancaq səndən bunu da öyrənmək istərdim, sən bu pusquları gedib özün gəzib, yoxlayıb, sonra da onların yararsız olduğunu bilmisən, yoxsa bunu ağızdan eşitmisən?

-Düzü, belə danışırlar, ona görə də mənə elə gəlir, burada işlər çox pisdir.

-Yaxşı bu işi yoluna qoymağı da, sənin düşüncələrinin: “mənə elə gəlirdən” adlayıb, “mən bunu belə bilirəmə” çatacağı çağlaracan, qatlayıb qoyaq qırağa.

-Məncə də, belə eləsək yaxşı olar, - Qlavkon dedi.

-Bizim bu gümüş çıxarılan qaynaqların durumunu səndən soruşmuram, bilirəm, onları gəzib dolanıb, öyrənməmisən, onların indi nədən belə az gəlir verdiyini də bilmirsən.

-Düzdür, ora da gedib baxmamışam.

-Düz də eləmisən, and olsun Zevsə, deyirlər oranın dözülməz iqlimi var; ona görə dövlət başçısı olanda, səndən oranı necə işlətməyi soruşsalar, deyərsən, ora yaşamalı yer deyil, yaxandan əl çəkərlər.

-Sən deyəsən, məni ələ salmağa başlamısan a, - Qlavkon incik-incik dilləndi.

Sokrat özünü eşitməzliyə vurub, sözünün ardını gətirdi:

-Mən bircə bundan arxayınam, sən xalqın çörəkdən korluğu olmasın deyə, bununla bağlı işləri, artıq yerli-yataqlı öyrənmisən, özümüzün əkib-biçdiyimiz taxıl neçə aya çatır, ili başa vurmaq üçün qıraqdan, hansı ölçüdə taxıl gətirməliyik; bu çox gərəkli konunu, sən artıq düşünüb-daşınmısan, yoxsa birdən bunu unutsan, yurddaşlarımız çörəksiz qalar, ona görə də, məncə, sən bunu elə dərindən öyrənib, götür-qoy eləmisən, çörəklə bağlı ağır bir durum yaranarsa, yurddaşlarımızı da, dövləti də belə gözlənilməz darlıqlardan qurtara bilərsən.

-Elədir, bu çox böyük, geniş bir konudur, gərək bunun üstündə də düşünəm!

-Ancaq, öz ev diriliyini yaxşı qurmaq üçün belə, gərək ilk öncə bu işə yarayacaq bütün nə varsa biləsən, sonra da onların hamısını tapıb yığasan. Bizim dövlət isə, bu gün on mindən artıq evə başçılıq eləyir, belə çox sayda diriliklərin(təsərrüfatların) işini yoluna qoyacaq adam, ən azından, öncə, bir diriliyin işini yoluna qoymağı bacarmalıdır, deyək, elə sənin dayınınkı kimi,- başlı-başına qalmış birinin diriliyini. Get, yoxla gör, onun işini yoluna qoya bilirsənsə, onda çoxlu diriliklərlə də işləməyi bacaracaqsan; sənin bir diriliyi yönətməyə yarayacaq bacarığın yoxsa, çoxunu necə yarıdacaqsan? Kimsə bir talant ağırlığında yükü daşıya bilmirsə, onun bir neçə talantlıq yükü daşımağa girişməsi saçmalıq sayılmazmı?

-Dayım mənim dediyimə qulaq assaydı, mən onun diriliyinin işlərini çoxdan yoluna qoyardım, - Qlavkon dilləndi.

-Sən tək bir dayını dilə tutub yola gətirə bilmirsən, ancaq istəyirsən bütün afinalılar, içi dayın qarışıq, sənə qulaq assınlar! Özünü gözlə, Qlavkon, ad-san qazanmaq istəyirsən, ancaq çalış olan-qalan adını da batırmayasan! Sən yəni, doğrudanmı görmürsən, bilmədiyi sözü danışmaq, bacarmadığı işə girişmək, necə qorxuludur? Bu sayaq adamlardan tanıdıqlarını yadına sal, bilmədiklərini danışan, bacarmadıqlarını eləyən bu adamlar səncə, öyüncmü qazanırlar, yoxsa qınaqlara tuş olurlar, adlarını ucaldırlar, yoxsa alçaldırlar? Bir də dön, bildiyini danışan, bacardığını eləyən adamlara bax, onda sənə bir yolluq, onların kimliyi bəlli olacaq: bu, ad-san qazanmış, sayqılı adamların, öz işlərini çox dərindən öyrənib bildiklərini anlayacaqsan, saya salınmayan, alçaldılan adamlara baxsan, onların hamısının biliksiz, anlamaz, bacarmadığı işlərə girişən kimsələr olduğunu görəcəksən. Ona görə də, bizim şəhərdə ad-san qazanmaq istəyirsənsə, görmək istədiyin işləri dərindən-dərinə öyrən: gördüyün işdə hamıdan üstün olmağı bacarsan, onda dövlət başçılığına çatmağa da əl atarsan,–sənin istəklərinə çatmaq üçün əməklərə qatlaşan birisi olduğunu görsəm, onda mən də sənin belə bir umduna çata biləcəyinə inanaram.



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin