Dinin sosiologiyası və dini tərbiyə məsələləri. Dünyanın hər yerində, istər qeyri-sivil, istərsə də sivil ölkələrdə əhalinin dinə münasibəti köklü surətdə dəyişib. Dinin sosiologiyası sahəsində aparılan tədqiqatlar bunu aydınşəkildə göstərir. Bu şəraitdə dini təhsil və tərbiyə məsələləriənə münasibət necə olmalıdır? Azərbaycan dünyəvi respublikadır. Respublika məktəblərində təhsil dünyəvi xarakter daşıyır. Yalnız orta təhsil almış şəxslər üçün, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada, dini təhsil müəssisələri fəaliyyət göstərə bilər. Azərbaycan Respublikasının xalqın milli xüsusiyyətlərini və dəyərlərini özündə əks etdirən, dünyəviliyə əsaslana təhsil sistemi vardır. Bu dəyərlər içərisində islam dəyərləri də bir çox dərsliklərdə, xüsusilə ibtidai məktəb dərsliklərində islam dəyərləri, məsələn, Qurani-Kərimdən böyük tərbiyəvi əhəmiyyətə malik olan Məhəmməd Peyğəmbərin (ə.s.) müdrik kəlamları və s. işıqlandırılır. Bir cəhət şəksizdir: məktəblərdə islam dəyərlərinin öyrədilməsinin məzmunu və sistemi hələ qəti müəyyən olunmasa da, bu sahədə əldə edilmiş uğurlar əlamətdardır. Hal-hazırda uşaqların dini tərbiyəsində əsaslı rolu ailə oynayır. Dinə münasibət baxımından ailələrin özlərinin də müxtəlif tiplərini fərqləndirmək olar. Onların sırasında dindar ailələri xüsusi yer tuturlar. Elə bu ailələrdə də uşaqların dini tərbiyəsi ilə ardıcıl məşğul olurlar. Ailədə uşaqların dini tərbiyəsinin məzmunu və sistemi necə olmalıdır? Məktəb ailə ilə bu sahədə hansı yönümdə iş aparmalıdır? Valideynlər üçün həmin məqsədlə hansı elmi-metodik vəsaitlər nəşr olunmalıdır? Bu suallar son dərəcə aktualdır. Azərbaycan sosial pedaqogikası onlara əsaslı elmi-metodik cavab verməlidir. “Çətin” uşaqlar problemi. Müasir məktəb “çətin” uşaqlar problemi ilə rastlaşıb. “Çətin” uşaqların müxtəlif təsnifatları məlumdur. Onları küçə mühitinə münasibətlərinə görə ümumi şəkildə iki yerə ayırmaq bəlkə də sosial tərbiyə metodikası kontekstində daha səmərəli olardı. Birinci qrupa daxil olan uşaqlar məktəbdə intizamsızlıq edir, müəlimlərə yerli-yersiz cavab qaytarır, təlimdə geri qalır, romantik münasibətlərə meyl göstərir, yalan danışır, yoldaşlarını aldadır, lakin onlar küçədə qeyri-formal uşaq qruplarına qoşulmurlar. İkinci qrupa aid etdiyimiz uşaqlar isə bilavasitə küçə (həyat) qruplarına qoşulan və onların qayda-qanunları ilə oturub-duran şagirdlərdir. Məktəb təcrübəsi göstərir ki, şagird qeyri-formal qruplara qoşulanda sözün əsil mənasında “çətin” uşağa çevrilir.