Terminologiya məSƏLƏLƏRİ №2



Yüklə 1,16 Mb.
səhifə13/14
tarix20.01.2017
ölçüsü1,16 Mb.
#797
1   ...   6   7   8   9   10   11   12   13   14

Ədəbiyyat siyahısı
1. Abdullayeva M.Ə. Azərbaycan dilində xalçaçılıq leksikası, Bakı: (nəşriyyat göstərilməyib) 1998.

2. Əsgərov H. Azərbaycan dilində maddi mədəniyyət leksikası, Bakı: Universiteti nəşriyyatı, 2006. 448 səh.

3. Rəcəbov Ə.Ə. Dilçilik tarixi, Bakı: “Maarif” nəşriyyatı, 1988. 538 səh.

4. Абдуллаева Э.С.-Б. Бытовая лексика кумыкского языка. Диссертация на соискание ученой степени кандидата филологи­чес­ких наук, Махачкала: 2013. 197 стр.

5. Арнольдов А.М. Введение в культурологию, Москва: Народная Академия культуры и общечеловеческих ценностей, 1993. 352 стр.

6. Брагина А.А. Фрагмент лингвокультурологического лексикона (базовые понятия) // Фразеология в контексте культуры, Москва: Языки русской культуры, 1999. стр. 131-139.

7. Гафурова Л.Х. Бытовая лексика узбекского языка, Ташкент: Издательство "Фан" Узбекской ССР, 1991. 134 стр.

8. Денисенко В.Н. Семантическое поле "изменение" в языковой картине мира // Вестник Российского университета дружбы народов, серия "Лингвистика", 2004, № 6. стр. 122-129.

9. Ерленбаева Н.В. Бытовая лексика алтайского языка. Диссертация на соискание ученой степени кандидата филологических наук, Горно-Алтайск: 2005. 166 стр.

10. Карасик В.И. О категориях лингвокультурологии // Языковая личность. Проблемы коммуникативной деятельности, Волгоград: 2001. стр. 3-16.

11. Кобозева И.М. Лингвистическая семантика, Москва: УРСС, 2004. 350 стр.

12. Леонтович О.А. Введение в межкультурную коммуникацию, Москва: Гнозис, 2007. 368 стр.

13. Лукьянова Н.А. Заметки о современной русской лексикографии // Вестник Новосибирского государственного университета, серия "История. Филология", т.2, Вып.1, 2003. стр. 14-21.

14. Маслова В.А. Введение в культурологию, Москва: Наследие, 1997. 208 стр.

15. Маслова В.А. Лингвокультурология, Москва: Академия, 2001. 204 стр.

16. Ольшанский И.Г. Лингвокультурология в конце ХХ века: итоги, тенденции, перспективы // Лингвистические исследования в конце ХХ века, Москва: Институт научной информации общественных наук Российской Академии Наук, 2000. стр. 26-55.

17. Попова З.Д. Язык и национальная картина мира, Воронеж: Истоки, 2007. 61 стр.

18. Сепир Э. Избранные труды по языкознанию и культурологии, Москва: Прогресс, 1993. 654 стр.

19. Симашко Т.В. К вопросу о фрагментации языковой картины мира // Проблемы концептуализации действительности и моделирования языковой картины мира. Материалы международной научной конференции, Архангелск: Поморский государственный университет, 2002. стр. 52-54.

20. Филин Ф.П. О лексико-семантических группах слов // Очерки по теории языкознания, Москва: Наука, 1993. стр. 229-239.

21. Шаклеин В.М. Современная парадигма лингвокуль­ту­ро­ло­гических исследований // Вестник Российского университета дружбы народов, серия "Русский и иностранные языки и методика их преподавания", 2003, № 1. стр. 6-15.

Шахбазова Конул



Место деревообрабатывающей лексики в лексической

системе азербайджанского языка

Резюме

В лексической системе азербайджанского языка лексика резьбы по дереву занимает важное место. Эта лексика связана с одной стороны с обще-используемой лексикой, с другой стороны с малоиспользуемой группой слов. В составе лексики резьбы по дереву отражаются культурно-материальные, профессиональные, а также хозяйственные лексические единицы.


Shabazova Konul

The plase of the Woodwork vocabulary in the Lexical System

of the Azerbaijan Languages

Summary

Vocabulary of the wood curving takes a special place in the lexical system of the Azerbaijani language. This vocabulary deals both with common lexical groups of the Azerbaijani language and some lexical units with limited usage. There are some job-occupation related and agriculture related units in the wood curving vocabulary which reflects the culture of the Azerbaijani people.



Çapa tövsiyə edən: Bakı Dövlət Universiteti


Rəyçilər: filologiya elmləri doktoru H.Əsgərov

filologiya elmləri doktoru,professor S.Mehdiyeva

YENİ NƏŞR
Buludxan Xəlilov

Azərbaycan Dövlət Pedaqoji Universiteti,

filologiya elmləri doktoru, professor
AZƏRBAYCAN DİLİNDƏ TERMİNOLOGİYANIN STANDARTLAŞDIRILMA FORMALARININ TƏDQİQİ
Dilin terminoloji sisteminin formalaşması qanu­nauy­ğun­luqları, termin­­yarat­ma­nın forma və üsulları, mənbələri haqqında nəzəri ümumi­ləş­­dirmə xüsusi terminologiya üçün ümumi - nəzəri əsasları müəy­yən­ləş­di­rir. Məhz bununla da ayrı-ayrı dillərin terminoloji sistemində, eləcə də sa­hə ter­minologiya­la­rın­da baş verən müxtəlif proses və hadisələrin nəzəri şə­kil­də öyrənilməsi ən aktual problem­lər­dən­dir. Çün­ki terminlər adlan­dır­dığı anlayışlarla bağlı olduğu kimi, an­la­yışlar da təfəkkürlə, cəmiy­yə­tin inkişaf xüsusiyyətləri ilə bağlıdır. Ona görə də terminologiya, onun nə­zəri və praktik problemləri oxşar dil hadisələri olmaqla cəmiyyətin inki­şaf tempi ilə sıx şəkildə əlaqədardır. Bu baxımdan termin və termi­no­lo­­giya problemi ümumi dilçilik nəzəriy­yə­sinə da­xildir. Terminologiya ilə bağlı problemlər dilçiliyi müx­təlif elm sahələrinə yaxınlaşdırır. Təsadüfi deyil ki, istənilən el­min tarixi sahə ilə bağlı anlayış və terminlərin inkişaf tari­­xini də özündə ehtiva edir. Bu baxım­dan professor S.A.Sadıqovanın “Azər­baycan dili terminologi­ya­sı­nın standartlaşdırma formaları” monoq­ra­fiyasında qoyulan problemlər öz aktuallığı ilə diqqəti cəlb edir. Mo­noq­­rafiyada Azərbaycan dilində terminologiyanın aktual prob­­­lemləri - tək­milləşmə və zənginləş­­mə yolları, ter­mi­noloji sis­tem­in inkişaf isti­qa­mət­lərinin məntiqi-linqvistik əsasları tədqiq edil­miş, terminologiyanın unifikasiya və standartlaş­dırma formaları­nın nəzəri və praktikası ilə bağlı mə­sə­lələr linq­vistik təhlilə cəlb olun­muşdur. Monoqrafiya dörd fəsildən iba­rət­dir. Birinci fəsildə termin yaradıcılığının spesifikası, dillərin qar­şı­lıq­lı əlaqədə inkişafı, termin yaradı­cı­lığının mənbələri və alınmalar nəzəri as­pektdə araşdırılmışdır. İctimai-siyasi həyatda baş verən dəyişikliklər, öl­kə iq­ti­sadiy­yatında bazar münasi­bət­lərinin bərqərar olması, el­mi strate­gi­ya­nın inkişaf istiqamət­lə­ri­nin müxtəlifliyi, icti­mai-fəaliy­yə­tin geniş­lən­diril­məsi termino­lo­gi­ya­­nın inki­şa­fı­na tə­sir edir. S.A.Sadıqovanın qeyd et­di­yi kimi, tədqiqat və elmi axta­rışlardan əldə edilən nəticələr, çıxarılan qa­nun­lar, cəmiy­yətdə gedən pro­seslər anlayışlarda, terminlərdə öz əksini tapır. Elmi fikir­lərin bir-birindən ayrılması, fərqləndirilməsi nə qədər əhə­­miy­­­yətli­dirsə, onların ifadə formasından ibarət olan terminlər də elmi dilin qavranılma mən­bəyi­dir. Bu baxımdan elmlərin inkişa­fında anla­yış­la­rın təyin olunması vacibdir. An­­­layışın forma­laşması prosesində onun də­qiq təyin olun­ması əsas cəhət­lərdən biridir. Çünki termin anla­yışın daşı­yıcısıdır. Ona görə də elmi-texniki tərəqqi döv­ründə ter­minoloji iş hə­ya­ta keçi­rilərkən bu və ya digər terminin hansı məna kəsb etdiyini müəy­­yən etməyə ciddi diqqət yetiril­məlidir. Terminin məna kəsbi baxı­mın­dan düzgün seçilməsi bu terminə uyğun anla­yışın ən əsas əlamət­ləri­nin müəyyən olunmasında mü­hüm rol oynayır. Elm və tex­ni­kanın inki­şa­fı ilə əlaqədar müvafiq ter­min­lər yaranır, lakin həmin terminlərin mənası də­qiq, dürüst müəy­yən­ləş­dikcə onları yaradan elm və texnika sahəsinin özü də irəli­lə­yir. Termin­lə­rin formalaşmasını, inkişafını, zənginləşmə yol­­­­la­­­rını, yaran­ma üsullarını, onların nizama salınmasını, iş­lən­məsini müəy­­yən­ləşdirmək, nəzəri aspektdən təhlil etmək dilçiliyin əsas problem­lə­rin­­dən­dir. Çünki, terminologiya cəmiy­yətin inkişafı ilə bağlı olduğu üçün baş verən hər bir dəyişik­lik bu və ya digər şəkildə dilin leksik tərki­bin­də öz izləri­ni qoyur, burada müəyyən şəkildə öz əksini tapır. Sözdü­zəltmə vasitələrinin bütün arsenallarının terminolo­gi­yada isti­fadə olun­ma­sı ilə yanaşı, bu sahədə özünəməxsus termin yara­dı­cılığı üsulları da yara­nır. Bu üsul­ların müəyyən qis­mini bir sıra əlamətlər əsasında təyin et­mək olduğu halda, bir qis­minin ümumi şəkildə izahı çətinlik törədir və on­lar tədqiqatda istisna­lar şəklində qeydə alınır.

Monoqrafiyanın ikinci fəsli “Azərbaycan dilinin terminologi­ya­sın­da leksik paralellər” adlanır. Bu fəsildə terminologiyada paralelliyi yara­dan amillər müəyyənləşdirilərək yazılır: “Elmi-texniki termino­lo­giya elmin bu və ya digər sahə­lərində elmi prinsiplərə əsaslanmış, unifi­ka­­siyası ilə şərt­lənən, daimi və intensiv zənginləşməyə, dəyişməyə məruz qa­lan daha çevik leksik təbəqəni əks etdirir. Terminlərin dilə keçməsi vasi­təsilə yeni sözlər və söz birləşmələri yara­narkən bəzən dilin lüğət tərki­bində bir anlayış müxtəlif ter­minlərlə ifadə edilir və paralellər yara­nır”. Müəllif anla­yışın təyin edilməsi prosesində paralelliyi yaradan sə­bəb­ləri aşağıdakı kimi qruplaşdırır: terminlərin elmi dilin vahidləri ol­ması; onların mühüm bir hissəsinin milli xarakter daşı­ma­ması; termin­lə­rin yaran­masının bu və ya digər dildən asılı olmaması; anlayışın vacib xüsu­siyyət­lə­rinin nəzərə alın­­ma­­ması. Çünki elmin, texnikanın ayrı-ayrı sahə­ləri üzrə an­la­yışlar əksər hallarda bu və ya digər dildə yaranmaqla son­ra­lar çoxlu sayda müxtəlif dillərdə işlədilir. Beləliklə də, bu sahə üzrə müəy­yən qismi terminlər digər dil­lərdə alınma və ya kalka olunmuş söz kimi işlədilir və müəy­yən dəyi­şikliyə məruz qalır. Bu tipli terminlər dün­ya­nın bir çox dillərində olduğu kimi Azərbaycan dilində də müəyyən fik­rin, təfək­kürün ifadə forması kimi çıxış edir. Terminlərin bir qismi heç bir dəyişiklik edilmədən, eyni forma və məz­munda bir mənalı olaraq isti­fa­də olunur. Bu tipli ter­minlər çox vaxt beynəlmiləl səciyyə kəsb edir və ox­şar fone­tik qabıqda, eyni semantik məna yükü ilə müxtəlif dillərin ter­mi­no­loji sis­teminə daxil ola bilir. Pa­ralelliyin yaran­masına xas olan xüsu­siy­yətlərdən biri də termin və anlayış müna­sibətinin düzgün müəyyənləş­diril­mə­­mə­sidır. Qeyd etmək lazımdır ki, onlar bir-biri ilə sıx əlaqənin təzahür for­ma­sıdır. Monoqrafiyada bu problemlər sistemli şəkildə təhlil edilərək onların uni­fikasiya prosesi müəyyənləşdirilərək yazılır:



“Demək, anlayış ümumiləşdirilmiş formada predmet və məf­hum­la­rın meydana çıxan ümumi və spesifik əlamət­lə­rinin təyin edilməsi yolu ilə onlar arasındakı əlaqəni, mü­na­si­bət­ləri əks etdirən fikirdir. Pred­met və məfhumlar haq­qında an­layışların formalaşmasının insan üçün əsas yolu abstraktlaşdırma, ümumiləşdirmə, müqayisə və təyin et­mədir. Bu da termin və anlayışın əsas xüsusiyyətlərini əks etdirən mühüm amil­lər­dəndir. Anlayış insan beynində ətraf mühitin predmet və məfhumlarının bir­başa inikası nəti­cəsində meydana gələ bilər. Anlayışın formalaşmasının əsa­­sını predmet haqqında məlumatların toplanmasıdır”. Bu proses Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan termin­lərin top­lan­ma­sı, aprobasiyası və tətbiqinin sürətlən­diril­məsini, dilimiz­dəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləş­di­ril­­məsini tələb edir. Lakin, terminolo­giyada terminlərin müx­tə­lif şəkildə tədqiqi za­manı meydana çıxan fərqli fikirlər onun obyektini, məqsəd və vəzi­fə­lə­ri­ni müəyyənləşdirərkən fikir ayrılıqlarının yaran­ma­sına səbəb olur. Çünki dilin ümumi leksik sisteminin müəyyən funksiya daşıyan söz qruplarına bö­lün­məsi zamanı dəqiq və aydın olunmuş meyar­lar, onların qrup­laş­dırıl­ma­sında vahid prinsiplər hələ də tam və qəti şəkil­də müəyyən­ləş­diril­mə­miş­dir. Terminoloji leksika ilə bağlı müxtəlif baxış­lar mövcud olsa da, dil­çilikdə daha çox qəbul edilən aparıcı fikir və əsas prinsip odur ki, onlar di­lin ümumi lüğət tərkibinin xüsusi bir hissəsi olmaqla onun qanunlarına əsaslanaraq formalaşan və inkişaf edən leksik qatını təşkil edir. Lek­si­ka­nın mühüm bir hissəsini təşkil edən bu qat bəzən xüsusi (ayrıca) lek­sika da adlandırılır. Bütün bunlar ilk dəfə monoqrafik şəkildə kitabda öz həl­li­ni tapmışdır. Dildən asılı ol­mayaraq istənilən terminin ümumi xüsusiy­yət­lə­ri bir se­mantik sahə hüdudlarında eyni məna ifadə etməsi, kon­tekst­dən asılı olma­yaraq terminin dəqiqliyi, yəni onun sırf no­minativ funksiyası, terminin anlayışdan və yaxud deno­tatdan asılılığı və onların sistemliliyi ilə xarak­teri­zə olu­nur. Bu şərtlərin pozulması terminologiyada paralellərin yaranma­sına sə­bəb olur. Belə paralellərin unifikasiyası dilin inkişafı istiqamətində ən mü­hüm problemlərdəndir. Buna görə də elm və texnikanın müəyyən sahəsində (və ya onun hansısa bölmələrində) anlayışlar sisteminin termin və tərif­ləri­nin standartlarının işlənib hazırlanması bir və ya bir neçə sahənin nor­mativ sənədlərində istifadə olunan terminlər, eləcə də təriflərlə bağlı apa­rılır. Stan­dart­l­arın işlənib hazırlanması, təsdiqi bu sahənin normativ sənədl­ərində istifadə edilən terminlərin ikili şərhini, təsrifini aradan qaldırır, mübahisəli mə­sələlərin həllinə yardım göstərir. Bunu nəzərə alan müəllif yazır: “Stan­dart­­laş­dır­manın əsas vəzifələrindən biri xüsusi elmi terminləri müasir döv­rün tələblərinə uyğun qaydaya və vahid formaya salmaq, sistemləş­dir­mək­dir. Terminlərin standartlaşdırılması işi də bilavasitə terminologiya sahə­si­nə dair biliklərə əsaslanır. Terminoloji sistemin real və əlverişli istifadə yolu termin­lərin standartlaşdırılması və vahid formaya salınmasıdır”. Deməli, stan­dartlaşdırma müasir ümumi ədəbi dilin normalarına uyğun gəlməlidir. Termin­lərin ədəbi dil normaları əsasında standartlaşmasında terminolo­gi­ya­nın ədəbi dilə münasibəti və dil normalarının terminologiyaya tətbiqi əsas məsələdir.

Stan­dart­laş­dırıl­ma prosesində bu dəyişikliklər müəyyən qanunauy­ğun­luqlar əsa­sında tənzimlənməlidir. Bu proses öz növ­bə­­sində bütün­lükdə həm terminlərin, həm də terminolo­giyanın milli dilin xü­susiyyətlərinə əsas­lan­ması ilə reallaşır. Terminoloji sistemdə paralellər üçün real zəmin var­sa, onda ilk növbədə onu doğuran, meydana çıxaran şərtləri müəyyənləş­di­­rib araşdırmalıyıq. Terminolo­gi­ya­da paralellik əslində terminoloji sis­te­min for­malaşması dövrünün tələbi ilə meydana çıxır və nəticədə müəy­yən dövrdə müsbət ha­disə kimi qiymətləndirilməlidir. Terminoloji siste­min for­malaşması dövründə belə termin­lərin müsbət pro­ses kimi qiymət­lən­dirilməsi mübahisə doğurur. İstər təşəkkül mər­hələsini keçirən, istərsə də inki­şaf etmiş terminoloji sistemdə müxtəlif variantlara malik termin­lə­rin varlığı ter­mi­no­logi­yada qüsurlu cəhət sayılmalıdır. paralell­ərdən han­sı­nın işlə­dilməsi, elmi mübadilə zamanı anlaşıl­maz­lıq törədəcək hal­ların ara­dan qaldırılması, terminin stan­dart­laşmaya doğru inki­şafının ləngiməsi və s. şərtlər terminoloji sistemin ümu­mi qüsurları hesab edilməlidir. For­ma­laşma mər­hələsini ke­çirən terminoloji sistemdə isə paralellərin var­lı­ğı həmin sis­temin qaydaya, nizama salınmasını tələb edir.

Terminlərdə paralelliyin yaranması terminoloji sis­te­min for­ma­laş­ma­sı dövründə daha qabarıq şəkildə özünü göstərməsi fak­tı isə heç bir müba­hisə doğurmur. Bu hər şey­dən əvvəl onunla bağ­lıdır ki, müvafiq elm sahəsinin ter­min­lərini yaratmaq üçün əsas amillər düzgün müəy­yən­ləş­­dirilmir. Bunları nəzərə alınaraq terminologiyanın unifikasi­yası və stan­dartladırılması yolları müəyyənləşdirilmişdir. Üçüncü fəsil “Azər­baycan dilində terminologiyanın unifikasiyası və standart­laş­dırıl­ması» adlanır. Bu baxımdan terminologiyanın nizama salınması mü­vafiq sahə anlayışlarının müəyyənləşdirilməsi və müəy­yən sistemə gətiril­mə­sini əhatə edir. Hər bir sahənin inkişafı onun anlayış­larının sistemə salın­ması ilə birbaşa əlaqədardır. Anlayışların qruplaşdırılması prosesində termi­nin müəy­yən­ləşdirilməsi prosesi nəzərə alınır. Terminologiyada termin müx­təlif­liyi dublet və omonim terminlərin yaranmasına səbəb olur. Eyni zaman­da bir sıra terminlərin anlayışa uyğun gəlməməsi onların yeni ter­min­lə əvəz olunmasını tələb edir. Terminlə anlayış ara­sın­dakı uyğun­luq­lar hökmən nəzərə alınmalıdır. Termino­lo­giyadakı qa­nu­nauyğunluqlar da ək­sər hallarda dilin ümumi qa­nun­larına tabe olur. Xüsusilə, leksikanın xü­susi qatı kimi terminlərin özünə­məxsus semanti­kası, sistemliliyi, struk­turu və qanunları ilə tənzimlənməsi tədqiqata cəlb edilmişdir. Bu­nun­­la yanaşı dilin terminoloji sisteminin formalaşması qanu­na­uy­ğun­luq­ları, terminyarat­ma­nın forma və üsulları, mənbələri haqqında nəzəri ümumi­ləş­dirmələr aparılmış və terminologiyanın sistemə salınmasının nə­zəri əsasları müəyyənləşdirilmişdir. Monoqrafiyanın dördüncü fəsli “Termino­logiyanın unifikasiyasının terminoloji lüğətlərdə əksi” adlanır. Müəl­lifin qeyd etdiyi kimi nizama salınma prosesinin son nəticəsi sahə­lə­rin termin sistemini tam əhatə edən, sahədəki anlayışları bütünlüklə özün­də əks etdirən terminoloji lüğətlərin hazırlanmasıdır.

Terminoloji lüğətlərin tərtibində terminlərin toplanması, veril­mə­si prinsipləri mühüm əhəmiyyət kəsb edir. Terminlərin ifadə etdikləri anlayış­lar sistemi üzrə yerləşdirildiyi siyahı terminoloji lüğət­lə­rin sözlüyünü təşkil edir. Sözlüyə hər cür termin düşə bilməz. Sözlük termi­noloji lüğətin tərtib olunan sahəsini düzgün, dəqiq və tam ifadə edil­məlidir. Ona görə də tədqiqatda qeyd edildiyi kimi müasir dövrdə elmin yüksək sürətlə inkişaf etdiyi bir vaxtda ikidilli terminoloji lüğətlərin tərtibi və nəşri ilə kifayətlənmək olmaz. Elmin inkişafı üçün ən əlverişli yol izahlı terminoloji lüğətlərin tərtibidir.

Məhz bununla da ayrı-ayrı dillərin terminoloji sistemində, elə­cə də sahə terminolo­gi­ya­ların­da baş verən müxtəlif proses və hadisələrin nəzəri şəkildə standartlaşdırma formaları zəngin faktlarla təhlil edilmişdir. Bu baxımdan termin və terminologiya problemi ümumi dilçilik nəzəriy­yə­sinin tərkib hissəsi kimi nəzəri və praktik cəhətdən tədqiqata cəlb edilmişdir. Bu zaman dillərarası əlaqələrin məntiqi nəticəsi və tədqiqat obyektinin düzgün təhlili dil konstruksiyalarının işarə olunma imkanlarını üzə çıxarır. Bütün bunlar monoqrafiyada öz həllini tapmışdır.

Beləliklə, monoqrafiyada Azərbaycan dili terminologiyasının unifikasiya məsələləri, nizamasalma, standartlaşdırma yolları zəngin faktlarla təhlilə cəlb edilmişdir. İlk dəfə olaraq nəzəri aspektdə Azərbaycan dilinin materialları əsasında terminlərin unifikasiya məsələləri sistemli şəkildə tədqiq edilmişdir. Əsərdə problemlərin qoyuluşu, onların elmi əsaslarla şərhi uğurludur.

S.A.Sadıqovanın müasir dilçiliyin ən perspektivli sahələrindən birinə həsr edilmiş, əhatə dairəsi və yüksək elmiliyi ilə seçilən bu əsər nəzəri terminologiyanın inkişafı üçün zəngin material verir.

Sayalı Sadıqova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

filologiya elmləri doktoru, professor

sayalisadigova@yahoo.com.
AĞAMUSA AXUNDOV AĞASI OĞLU

(1932-2015)
Azərbaycan Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, filologiya elmləri doktoru, akademik Ağamusa Axundov 2015-ci il sentyabrın 5-də vəfat etmişdir. Ağamusa Axundov 1932-ci ildə fevralın 2-də Azərbaycanın Kürdəmir şəhərində anadan olmuşdur. 1940-cı ildə Kürdəmir şəhərində orta məktəbə getmiş, 1950-ci ildə orta məktəbi qızıl medalla başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat şöbəsinə daxil olmuş, 1955-ci ildə həmin fakültəni “Nizami” təqaüdü ilə bitirmiş və aspiranturaya daxil olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasını vaxtından qabaq bitirərək “Felin zaman kateqoriyası (Azərbaycan dili materialları əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və ADU-nun ümumi dilçilik kafedrasına müəllim, daha sonra baş müəllim təyin olunmuşdur. 1959-cu ildə O, Universitetdə dosent vəzifəsində işləyə-işləyə Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis dili şöbəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1964-cü ildə “Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1965-1966-cı illərdə Qahirənin Eyn-Şəms Universitetində ingilis dilində Azərbaycan dili və ədəbiyyatından dərs demişdir.

1967-ci ildə isə professor elmi adını almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı seçilmişdir.

1968-1974-cü illərdə BDU-nun filologiya elmləri üzrə Müdafiə Şurasının sədri təyin edilmişdir.

1973-cü ildə 5-6-cı siniflər üçün “Azərbaycan dili” dərsliyinə görə ona Azərbaycan SSR Maarif Nazirliyinin mükafatı verilmişdir.

1986-cı il professor Ağamusa Axundovun həyatında əlamətdar olmuşdur. Həmin il “Azərbaycan dilinin fonetikası” monoqrafiyasına görə Azərbaycan Dövlət Mükafatı almışdır.

1990-cı ildə Ağamusa Axundov Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru seçilmişdir. Elə həmin il respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrlar hazırlanmasında xidmət­lə­ri­nə görə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.

Ağamusa Axudov 1990-cı ildən 2011-ci ilə kimi Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunda direktor, 2001-ci ildən 2011-ci ilə kimi AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində işləmişdir. O, Beynəlxalq “Türkologiya” elmi jurnalının və “Azərbaycan MEA-nın Xəbərləri (Humanitar və İctimai elmlər seriyası)” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının, Azərbaycan Milli Məclisinin Toponi­mi­ya Komissiyasının üzvü olmuşdur. 1991-ci ildə Dilçilik üzrə Respublika Əlaqə­lən­dirmə Şurasına sədr təyin olunmuşdur.

Uzun müddət Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasına rəhbərlik etmişdir. Alimin o sahədə elmi-pedaqoji fəaliyyə­ti­nin nəticəsi kimi 1979-cu ildə “Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriy­yə­si və metodları)” kitabı çapdan çıxmışdır. 1994-cü ildə həmin kitab “Təhsil” Cəmiyyətinin mükafatına layiq görülmüşdür. Ağamusa Axundov dil nəzəriyyəsi sahəsində apa­rıcı mütəxəssis olmuşdur.

Ağamusa Axundov dilçiliyin bütün sahələrinə aid sanballı elmi əsərlərin, araşdırmaların müəllifi kimi tanınır. Xüsusilə, nəzəri dilçilik, fonetika, qrammatika, etimologiya, dil tarixi və dialektologiya, üslubiy­yat və nitq mədəniyyəti sahəsində Ağamusa Axundovun xidmət­ləri böyük­dür. Belə ki, linqvistik nəzəriyyələrinin qısa tarixi, dünya dilçili­yi­nin əsas problemləri, dilin fəlsəfi və ictimai məsələləri, dilin daxili siste­mi və quruluşu, dilçilik metodları onun yaradıcılığında dəqiq­ləş­di­ri­lir. Bu­nun­la yanaşı, fonologiya, onun predmet və vəzifələri, fonem, fone­­­­min tədqiqi tarixi, qrammatika, qrammatik kateqoriyaların mahiy­yəti, morfolo­giya və onun əsas vahidi, söz yaradıcılığı, leksiko­lo­gi­ya, linqvistik tipologiya məsələləri ilə bağlı bir-birindən maraqlı axtarış­lar aparan A.Axundov qrammatik quruluşuna görə dil­lə­rin müxtəlif tiplərini kontrastiv, müqayisəli və konseptual istiqamətdə araşdırmış nəzəri ümumi­ləşdirmələrlə bu problemlərə aydınlıq gətirmişdir. Xüsusən, riyazi dilçilik terminləri ilə bağlı olan təhlil üsulları, Amerika deskriptiv dilçilik məktəblərində geniş yayılmış distributiv təhlilin mahiyyəti açıqlanmış və bu anlayış əslində Azərbaycan dilçiliyinə onun tərəfindən gətiril­miş­dir. Alim “Dil və üslub məsələləri”, “Feilin zamanları”, “Dilçiliyə giriş”, “Ümumi dilçilik”, “Riyazi dilçilik”, “Azərbaycan dilinin fonetikası”, “Dil və ədəbiyyat” 2 cilddə, “Şeir sənəti və dil”, “Dilin estetikası” monoq­ra­fiyaların və 500-ə qədər elmi məqalənin müəllifidir.

2004-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çapdan çıxmışdır. Lüğətə əvvəlki nəşrdə olmayan 18 minə yaxın söz daxil edilmişdir. Həmin sanballı lüğətin redaktoru və ön sözün müəllifi Ağamusa Axundovdur. 2004-cü ildə çapa təqdim olunmuş dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti” də onun redaktorluğu ilə hazırlanmışdır.

2005-ci ildə Ağamusa Axundovun tərtib etdiyi bircildli “Azərbay­can dilinin izahlı lüğəti” çapdan çıxmışdır. İzahı verilən baş sözlə­rin sayına görə ən zəngin olan bu lüğət geniş oxucu kütləsinin stol­üs­tü kitabına çevrilmişdir.

Ağamusa Axundov Türkiyədə, İranda, Misirdə, Çexoslovakiyada, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Rusiyanın bir çox şəhər­lə­rin­də, Belorusiyada, Türkmənistanda, Gürcüstanda, Yuqos­lo­vi­yada, Ameri­ka Birləşmiş Ştatlarında, Yaponiyada və s. ölkələrdə elmi səfər­də olmuş, maraqlı məruzələrlə çıxış etmişdir.

Ağamusa Axundov Azərbaycan dilçiliyi sahəsində böyük xidmət­lərinə, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinə görə dəfələrlə müka­fatlan­dırılmış, orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. 1970-ci ildə “Əmək rəşadətinə görə” medalı, 2000-ci ildə isə “Şöhrət ordeni” ilə təltif edilmişdir. 1968-ci ildə Xarici ölkələrlə Sovet Döstluq və Mədəni Əlaqələr İttifaqının, 1969-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur. Xalq şairi Məmməd Araza həsr olunmuş məqaləsinə görə “Məmməd Araz” ədəbi müsabiqəsinin laureatı olmuşdur.

Görkəmli alimin dilimizə sözlə ifadə edilməyən, sərhədləri bilinməyən bu məhəbbəti gənc dilçilər üçün bir örnəkdir. Xalqa olan məhəbbətin təntənəsini ifadə edən bu səmərəli elmi yaradıcılıqdan hələ neçə-neçə nəsil bəhrələnəcəkdir.

Azərbaycanın görkəmli dilçi alimi, gözəl bir insanı – Ağamusa Axundovu itirdik. Təsəllimiz odur ki, Ağamusa müəllim qiymətli elmi əsərləri ilə, öz elmi fikir və ideyaları ilə həmişə bizimlə olacaq.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin