Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


Pəhləvi dövründə əcnəbilərin müdaxiləsi



Yüklə 3,55 Mb.
səhifə25/38
tarix24.05.2018
ölçüsü3,55 Mb.
#51380
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

Pəhləvi dövründə əcnəbilərin müdaxiləsi


İran xalqı uzun əsrlər boyu həmişə ya özləri, ya əcdadları qılınc gücünə hakimiyyəti ələ almış, silaha güvənərək onu övladlarına ötürmüş hakimlər görmüşdür. Xalqa hakimiyyət haqqı xalqın istəyi, meyli və seçimi olmadan hakimlərin şəxsi malı kimi övladlarına, nəvələrinə və bir neçə nəsillərinə irs çatırdı. Son dövrlərdə, yəni Qacarlar dövrünün ortalarından Pəhləvi dövrünün sonuna qədər ölkə hakimiyyətinə başqa bir çirkin ünsür də daxil oldu. O ünsür əcnəbi müdaxiləsi idi. İngilislər Rza xan Pəhləvini hakimiyyətə gətirdilər və himayə etdilər. Sonra onun oğlunu hakimiyyətə gətirdilər. 19 Avqust çevrilişindən sonra İranda əsas amil və hakimiyyətin sahibi amerikalılar idilər. Bizim xalqımız heç bir rola malik deyildi, ən əsaslı məsələlərdə - təlim-tərbiyədə, iqtisadiyyatda, siyasətdə, beynəlxalq əlaqələrdə və adi yaşayış tərzində heç bir ixityara sahib deyildi. Onun taleyinə və bütün bu insanlara elə şəxslər hakim olmuşdular ki, bu vəzifəyə yiyələnmək üçün xalqdan heç zaman icazə almırdılar. Biz qısa bir dönəmdən başqa heç zaman xalqın seçkilərdə iştirakını təcrübə etməmişdik. Bu İslam inqilabı, xalqın mübarizəsi və fədakarlığı, Böyük İmamın misilsiz şəxsiyyəti və əzəməti Allah lütfünə və mərhəmətinə zəmin yaratdı və İran xalqına bu böyük hədiyyə verildi.

Tənfiz (prezidentin hökmünün təsdiqetmə) mərasimində çıxışdan: 2001.



Məşrutənin məğlubiyyət amillərindən biri: dindarların etimadının sarsılması

İranda Məşrutənin məğlubiyyətinə səbəb olan amillərdən biri bu idi ki, dindarlar bir müddətdən sonra prosesin dinsizliyə doğru getdiyini hiss etdilər. O zaman mətbuat özünün bütün səyini dini müqəddəslərə hücum etməyə yönəltmişdi. Düzdür, Məşrutə vaxtı cəmiyyətdə dinlə, dinin atributları, dini etiqadlar, ruhanilik və bu kimi məsələlərlə qələm və şüar formasında mübarizə aparanlar, bunları aşağılayanlar az idilər, amma səs-küyləri çox idi və bu, Məşrutə mübarizəsinin ön sıralarında duran dindarların və din alimlərinin tədricən soyuyub kənara çəkilməsinə gətirib çıxardı. Belə olduqda hərəkat məğlub olur və Məşrutə də məğlub oldu. Məşrutənin ömründən 15-16 il ötəndən sonra Rza xan diktaturası yarandı. Bu çox ibrətamiz məsələdir. Quldur və kazak Rza xan hara, Məşrutə hərəkatı hara?! Bunlar bir-biri ilə nə qədər fərqlidir! Nə üçün belə oldu? Çünki mömin xalqın inamı və etimadı sarsıldı və onlar kənara çəkildilər. Məsul şəxslər möminlərdə belə halın yaranmasına qoymamalıdırlar.

Tənfiz (prezidentin hökmünü təsdiqetmə) mərasimində çıxışdan: 2001.

Səltənət ideologiyası və onun İslamla ziddiyyət təşkil etməsi

İranın İslam quruluşu ona görə əhəmiyyətlidir ki, xalqın özünün əli ilə yaranmış möhkəm, güclü və köklü bir siyasi quruluşdur. Xalqa zorla verilmiş bir quruluş deyil və səltənət ideologiyasının ziddinədir. Şahlığın da bir ideologiyası var. Onun ideologiyası sizin dünyanın müxtəlif şah rejimlərində gördüyünüzdür; yəni istibdad, özəl imtiyazlar və ehtiyac olduqda hegemonluq. Bir gün də adını Adil qoymağa çalışdıqları bu Ənuşirəvan gənclik dövründən qalan bir şəxsi ədavətinə görə bir günün içində on minlərlə məzdəkini qətlə yetirir. Deyilənə görə gənclik çağında Məzdəkin müridi olan atası Qubad ona Məzdəkin ayağına düşməyi əmr etmişdi. O deyirdi ki, hələ Məzdəkin ayağının pis qoxusu burnumdadır və indi şah olduğum üçün intiqam alıram; həm də Məzdəkin özündən yox, on minlərlə tərəfdarından.

Biz Səfəvi şahları ilə fəxr edirik, onlara dəyər və hörmət tanıyırıq; çünki Əhli-beyt (ə) məktəbinin ardıcılı idilər və İranın ərazi bütövlüyünü qorudular. Amma siz görün çox görkəmli şəxsiyyət olan bu Şah Abbas yalnız qürurundan dolayı nə qədər zülm etmişdir. O qədər qohumunu öldürüb kor etdi ki, bəzi şəxslər bir çox Səfəvi şahzadələrini aparıb itirməyə məcbur oldular və şah onlardan xəbər tutmadı. Məsələn əmr etdi ki, İmamqulu xanın dörd oğlunun boynunu vurub başlarını hüzuruna gətirsinlər. Halbuki İmamqulu xan Səfəvilərə böyük xidmətlər etmiş şəxslərdən idi, onların qədim xidmətçilərindən, sərkərdə və siyasətçilərindən olmuşdu. Lakin şahda diktatorluq və istibdad ruhu olduğuna görə onun başına bu bəla gəldi. Zalımlıq yalnız Məhəmmədrzaya və Rza xana məxsus deyildi, şah ideologiyasında istibdaddan, totalitarizmdən, heç bir məsuliyyət hiss etməməkdən, Allah və xalq qarşısında heç bir öhdəlik götürməməkdən irəli gələn zalımlıq var. İslam quruluşu ölkəmizin uzun əsrlər boyu - İslamdan həm öncə, həm də sonra düçar olduğu şah ideologiyasına qarşı qiyam deməkdir. İslam Mədinədə sözün həqiqi mənasında azadlığı, bugünkü sözlə desək, demokratiyanı təmin edirdi. Peyğəmbərin vətəni və mərkəzi olan Mədinədə belə idi, amma hansısa Əməvi sərkərdəsinin hakim olduğu Xorasanda, İsfahanda, Farsda, yaxud başqa ucqar yerlərdə belə şeylər yox idi. Belə yerlərdə hər bir sərkərdə özü üçün bir avtoritar padşah idi və istədiyini edirdi. Sözsüz ki, İran xalqı bu şəxsiyyətlərə və sərkərdələrə görə müsəlman olmadı, İslamın sözünə görə oldu. Bunun özü geniş mövzudur. İstibdadın zəruri şərt sayıldığı şah ideologiyasının hakim olduğu yüz il öncədən etibarən bizim ölkəmizdə çoxlu ziyanlar baş verdi. Onların biri asılılıq idi, biri şahın, onun ətrafının və saray adamlarının fəsadı idi; cinsi fəsad, əxlaq fəsadı və böyük maliyyə fəsadları.

Bunlar xalq üçün şah və mütləq hakim, əcnəbilərin önündə isə təslimçi və müti idilər, ən mühüm məsələlər onlara diktə olunurdu; özü də bir prezident tərəfindən yox, bir səfir tərəfindən. İngiltərə səfiri saraya müraciət edib deyirdi ki, filan cür olması sizin xeyrinizədir. Şah da “sizin xeyrinizədir” sözünün mənasının nə olduğunu anlayırdı. Mütləq asılılığın və əcnəbilər qarşısında itaətkarlığın kənarında olan bacarıqsızlığı da saymaqla qurtarmazdı.

İsfahan vilayətinin gəncləri ilə görüşdəki çıxışdan: 2001.

Pəhləvi rejimində Qərbə elmi təqlidçiliyin təlqini

İnqilabdan qabaqkı yüz ildə bu ölkə üçün sözün həqiqi mənasında heç bir əsaslı iş görülməmişdir. Bu gün universitetdə sizin elmi məsələlərə gözünüz açılmışdır. Görürsünüz ki, bizim nə qədər görülməyən işimiz və gedilməyən yolumuz var. Bu yolları getmək, elm karvanı ilə yanaşı hərəkət etmək, ölkədə elmi, alimi, tədqiqatı, elm və tədqiqatda müstəqilliyi sınaqdan keçirmək olardı, amma bu işi görmədilər, onun əksini etdilər.

Yeni elmlərin ölkəmizə daxil olduğu zaman əslində daxil olan təqlid və tərcümədən ibarət idi. Məqsədim dəyərli bir əsərin tərcüməsi deyil; bu, lazımlı bir işdir. Məqsədim tərcümə düşüncəsi və psixologiyasıdır; yəni bir xalqdan yaradıcılıq qüvvəsini, yeni söz cəsarətini almaq, həmişə başından vurmaq, bir yerə çatmaq və adam olmaq istəyirsə, qərblilərin etdiyini yamsılamalı və ondan bir iynə ucu qədər də yayınmamalı olduğunu təlqin etmək. Bizim xalqımıza və elm mərkəzlərinə belə öyrətdilər, elmi yaradıcılığa və yeniliyə icazə vermədilər. Elm və düşüncəni istehsal etmək lazımdır. Onlar nə təcrübi elmlərdə buna imkan yaratdılar, nə humanitar elmlərdə, nə də siyasi və ictimai elmlərdə. Buna görə də vəziyyət gördüyünüz kimidir.

İnqilabdan sonrakı bu iyirmi ildə bütün çətinliklərə baxmayaraq vərəq çevrilmişdir. İnqilabdan, ölkədə istəmək, düşünmək, özünə inanmaq və iranlı istedadına güvənmək cəsarətinin yaranmasından öncə bir insanın ən son amal və arzusu qərblilərin gördüyü işi görə bilməsi idi. Yəni insanlar həmin xətdən yayınmağı mümkün bilmirdilər. Deməli, istibdad, asılılıq, fəsad, təşəbbüssüzlük, gerilik və bacarıqsızlıq mövcud idi. İslam inqilabı və İslam quruluşu isə bunların hamısının önündə baş qaldırdı, bunların əleyhinə qiyam etdi. Bu inqilab və bu quruluş xüsusi bir dəstənin və qrupun işi deyildi, xalqın işi idi.

İsfahan vilayətinin gəncləri ilə görüşdəki çıxışdan: 2001.

İslam inqilabının digər inqilablarla fərqi

İyirminci əsr kiçik və böyük siyasi dəyişikliklər əsridir. Bu əsrdə çoxlu inqilablar, çevrilişlər və dəyişikliklər baş vermişdir. Siz nə qədər arxtarsanız, bu dəyişikliklərin arasında pərdəarxası razılaşmalardan və əcnəbi güclərin təsirindən uzaq olanı görməzsiniz. Əlbəttə, Sovet Oktyabr İnqilabı müstəsnadır. O başqa növdən idi. Dünyada baş verən digər siyasi dəyişikliklər isə ya arxasında Sovetin durduğu partiyaların təsiri altında, ya da bir neçə hərbçinin çevrilişi nəticəsində baş vermişdir. Bu dəyişikliklər xalqın işi olmamışdır. İranda isə inqilabı xalq etdi. Sovet Oktyabr İnqilabı da xalq inqilabı deyildi və qeyd etdim ki, onun təhlili və izahı geniş zaman tələb edir.

İran İslam İnqilabı bütövlüklə xalq inqilabı idi. İnqilab dövründə siz bu ölkənin hansı kəndinə getsəydiniz, orada xalqın oyandığını, danışdığını, tələb və şüar irəli sürdüyünü, bu tələb və sözlərin hamısının da vahid mərkəzdə - timsalını bizim əziz və böyük imamızda gördükləri İslamda birləşdiyini görərdiniz. İranlı cəhətləri baxımından İslam quruluşunun əhəmiyyəti bunlardır: əvvəla tamamilə xalq quruluşudur; ikincisi uzun əsrlər boyu ölkəmizin əziyyət çəkdiyi şah ideologiyasının ziddinədir. Siz elə bir millət tapa bilməzsiniz ki, hər kəsin qəlbində belə dərin hisslər yarada bilsin. Xalqın hər bir fərdi bu inqilabı və bu quruluşu bütün vücudu ilə tələb edir və istəyirdi. Ən laqeyd insanlar da bu hərəkətdə ortaq idilər. Bu, iranlı cəhətləridir.

İsfahan vilayətinin gəncləri ilə görüşdəki çıxışdan: 2001.




İslam dünyasında dərdli müstəmləkə əhvalatı

İslam dünyası miqyasına gəlincə isə bir xalq adətən öz sərhədləri daxilində həbs olunur və sərhəd xaricində heç bir dəyəri və hörməti olmur. İslam quruluşu isə bütün İslam dünyasında və müsəlmanların yaşadığı hər bir yerdə həm insanlarda, həm də xalqlarda İslam kimliyini və şəxsiyyət hissini oyatdı. Dünyaya səpələnmiş müsəlman azlıqlar kimlik hiss etdilər. Müsəlman xalqlar, xüsusən də Orta Şərqin və Şimali Afrikanın – yəni qədim Osmanlı imperatorluğunun uzun illər müstəmləkə məşəqqəti çəkmiş xalqları yenidən qurtuluş mehinin əsdiyini duydular. Sözsüz ki, biz Osmanlı imperatorluğunun işlərini əsla qəbul etmirik. O da digər şah rejimləri kimi eyni problemlərə malik bir hökumət idi. Lakin Birinci dünya müharibəsinin qalibləri olan avropalılar Balkanlardan Ön Asiyaya, Orta Şərqə və Şimali Afrikaya qədər uzanan, Bosniya və Herseqovinadan tutmuş Misirə, indiki Türkiyəyə, İraqa, Suriyaya, Fələstinə qədər əraziləri əhatə edən bu böyük dövləti devirəndə yalnız hökuməti dəyişməklə kifayətlənmədilər, xalqlardan intiqam aldılar, onları təhqir etdilər. Bu dövlətin parça-parça olmuş hissələrinin hər biri bir Avropa dövlətinin əlinə düşdü və qəmli müstəmləkə macərası təkrar olundu. Bu macəra bu xalqların xatirəsindən və tarixindən heç zaman silinməyəcək. Bir əcnəbi başqa bir ölkəyə girib hökmranlıq edir, o ölkənin bütün sərvətlərinə sahib çıxır, həmin ölkənin xalqı bu əcnəbiyə itaət göstərmək məcburiyyətində qalır və onun maraqları əleyhinə bir söz deməyə, yaxud hərəkət etməyə cürət etmir. Müstəmləkə reallığı bu idi.

Birbaşa müstəmləkələşməyən yerlərdə, məsələn İraqda şah hökuməti qurdular. İngilislər iraqlı olmayan Feysəl sülaləsini xalqa hakim təyin etdilər, əslində isə özləri hakimiyyətdə idilər, siyasət onların siyasəti, iradə onların iradəsi idi. İraq xalqı əcnəbi bir hökumətə təslim və məğlub olmuşdu. Siz görün bir xalq üçün bundan böyük təhqir ola bilərmi?! Hər şeylərini təhqir etdilər, dinlərini, dünyalarını, şəxsiyyətlərini, ədəbiyyatlarını, mədəniyyətlərini və müstəqilliklərini tamamilə məhv etdilər.

Dırnaqarası modernizm dalğasını bu bölgəyə daxil edəndə, əslində modernizmin çirkab sularını buraya göndərdilər. Əlcəzair, Misir, İraq və müstəmləkə altında olan digər region ölkələrinə elmi yaradıcılığı, yeni ixtiraları, düşüncə inkişafını və qabaqcıl universitetləri gətirmədilər. Gətirdikləri birinci şey pozğunluq, hicabsızlıq və yararsız məhsullar idi. Ən çoxu budur ki, öz orta təhsil sistemlərinin sıradan çıxmış ikinci və üçüncü dərəcəli formalarını gətirdilər. Yəni xalqı hər cəhətdən təhqir etdilər.

İsfahan vilayətinin gəncləri ilə görüşdəki çıxışdan: 2001.

İslam inqilabının İslam dünyasına təsiri

Dünyada solçuluq ideyaları yayılanda İslam dünyasının bir çox ziyalıları solçu - sosialist və marksist şüarlar səsləndirir, bununla Qərbdən intiqam almaq istəyirdilər. İslam quruluşu və İslam inqilabı qələbə çalıb bütün aləmə səs salanda isə bütün İslam ölkələri gördülər ki, bir xalq İslam bayrağını ucaldıb ən ağır təhdidlər qarşısında duruş gətirir; bu xalq yalnız Qərbin qarşısında yox, Şərqin və Qərbin qarşısında duruş gətirib “nə şərqçi və nə qərbçi” şüarı verir və bu tamahlandırmalara etinasızlıq göstərir. Müsəlmanlar bunları görüb vəcdə gəldilər.

Mənim əzizlərim! Amerikanın və Qərbin İslam inqilabına qarşı münasibəti bu məsələlərdən irəli gəlir. İnqilab baş verəndə İslam dünyasında elə rezonans doğurdu ki, hamını vahiməyə saldı. Təhlil edib dedilər ki, əgər bu inqlabın qarşısında sədd çəkib onu məhv etməsək, İslam dünyasını fəth və Qərbin maraqlarını təhdid edəcək. Doğru da deyirdilər. Odur ki, İslam inqilabı əleyhinə təxribatlar başlandı. Deməli, İslam quruluşu və İslam inqilabı hamıya öz xalqı kimi fayda yetirdi, hamı doğmalıq hiss etdi və dəstəklədi. Ucqar ölkələrdə öz övladlarına inqilabın böyük şəxsiyyətlərinin adlarını qoydular. Bizim adlarını eşitmədiyimiz və İranla heç bir rabitəsi olmayan böyük ərəb şairləri Tehranın, İranın və İran xalqının mədhinə gözəl qəsidələr qoşdular. Çox dəyərli şair olan və üç-dörd il öncə dünyasını dəyişən Nəzar Qəbbani şeirlərinin həmişə ərəb hakimlərinə qarşı yönəlməsi ilə məşhur idi. O çox gözəl şeirləri ilə şah ailələrini və onların hərəmxanalarını təhqir edirdi. O heç zaman İrana gəlməmişdi, İrana mənsubluğu da yox idi, amma görüb tanımadığı Tehran və ərəb nasionalizminin həmişə qarşı çıxdığı İran barədə böyük qəsidəsi var.

Beynəlxalq miqyasa gəlincə isə, İslam inqilabının təsiri hətta İslam dünyasından kənarlara da çatdı və insanların səfərbər olunmasında dinin gücünü ortaya qoydu. Təcrid olunmuş və formal xarakter almış din amili gözlənilmədən bir xalqı elə səfərbər etdi ki, beynəlxalq dəstəklərə güvənən bir rejimi bütünlüklə alt-üst etdi, onun xarabalıqları üzərində boşluğun yaranmasına qoymadı, əksinə, yeni sözlərə malik olan bir quruluş yaratdı. Bəşəriyyətin idealı olan sözlərdən - ədalətdən insaniyyətdən, insana hörmətdən, insan və irqlərin bərabərliyindən və beynəlxalq hegemonlarla mübarizənin zəruriliyindən danışan şəxslər, ürəklərində sözü olan, amma deməyə cürət etməyən, yaxud yer və şərait tapmayan insanlar gördülər ki, dünyanın bir küncündə meydana çıxmış güclü bir siyasi quruluş bu sözləri plakatlara yazıb hamının gözü önündə ucaltmışdır. Bu onlar üçün çox möhtəşəm idi.



İsfahan vilayətinin gəncləri ilə görüşdəki çıxışdan: 2001.


Neft sənayesini milliləşdirmə hərəkatında Ayətullah Kaşaninin taleyüklü rolu

Əgər Ayətullah Kaşani olmasaydı, bu ölkədə neft sənayesi milliləşməzdi. Mən gənclərə tövsiyə edirəm ki, ölkənin yaxın keçmişi ilə tanış olsunlar. Xalqı aldatmağın yollarından biri tarixi təhrif etməkdir. Bu gün təəssüf ki, bu iş geniş şəkildə baş verir. Doktor Müsəddiq və neft sənayesini milliləşdirmə hərəkatının digər liderləri məhz mərhum Kaşaninin köməyi ilə xalqın bu hərəkata dəstəyini qazana bildilər. Əks təqdirdə, xalqın dəstəyindən məhrum olardılar. Heç kəs Müsəddiqi tanımırdı, heç kəs neft sənayesini milliləşdirmənin mənasını bilmirdi. İctimai dəyişikliklərdə iştirakı və təsiri təyinedici olan xalq məsələlərdən xəbərdar deyildi, onlar üçün izah olunmamışdı. Xalqın məlumatlanmasına qarşı çıxan saray rejiminin özü ingilislərin əlində alət idi. Neftin milliləşdirilməsi istiqamətində hərəkət edən ziyalı və siyasətçilərin imkanları məhdud idi, xalq onlara inanmırdı. Bu zaman mərhum Ayətullah Kaşani işə qoşuldu. Din alimləri bu insanın keçmişini bilir və İran xalqı da ona hörmət edirdi. O, İngiltərənin İrandakı işğalçı və müdaxiləçi qoşunu tərəfindən sürgün olunmuşdu. Siz ölkənin ozamankı vəziyyətinə və bu gün İran xalqının siyasi müstəqilliyinə baxın. Bu gün dünyada heç bir güc bizim dövlət rəsmilərimizi heç bir mövqeyə məcbur edə bilmirlər. O zaman isə İkinci dünya müharibəsinin ardınca əcnəbi bir dövlət olan İngiltərə - Məhəmmədrza Pəhləvinin dövründə ingilislər, amerikalılar və ruslar bir neçə tərəfdən ölkəmizə daxil olmuşdular – onun siyasətinə qarşı çıxdığına görə bir din alimini tutub ölkədən xaricə sürgünə yollamağa cürət edirdi. Onu əvvəlcə Xürrəmabadın Fələküləflak qalasında həbs etdilər. Mən gedib onun saxlandığı kameranı yaxından görmüşəm. O, sürgündən Tehrana qayıdanda xalqın bu mübariz ruhaniyə qarşı böyük hörməti elə tufan yaratdı ki, bütün düşmənləri geriyə itələdi, ingilislər və digərləri mesajlarını aldılar və bu ruhani alimlə mübarizənin səmərəsiz olduğunu anladılar. Sonra mərhum Ayətullah Kaşani Tehranın deputatı və ozamankı parlamentin sədri kimi neft sənayesini milliləşdirməyi dəstəklədi. Mərhum Ayətullah Kaşaninin nümayəndələri ölkənin hər bir yerinə səfər edirdilər. Mənim özüm o zaman yeniyetmə idim. Mərhum Ayətullah Kaşaninin nümayəndəsi Məşhədə gəlib minbərdə çıxış etdi. O, maqnit kimi xalqın qəlbini elə cəzb edirdi ki, başqa heç bir amil bu hərəkətin yerini tuta bilməzdi. Beləliklə 1950-ci ildə – yəni İranda neft sənayesini milliləşdirmə hərəkatının başlandığı 51 il öncə xalq neft sayəsinin milliləşməsini müdafiə etdi, Məhəmmədrzanın Müsəddiqin Baş nazirliyinə razı olmamasına rəğmən, o, xalqın dəstəyi ilə Baş nazir oldu. Əgər mərhum Ayətullah Kaşani xalqın dəstəyini təmin etməsəydi, Müsəddiq Baş nazir ola bilməzdi. Sonra 1952-ci ildə sarayın Müsəddiq əleyhinə əks-hücumu başlayanda və o, vəzifəsindən kənarılaşdırılanda yalnız bir amil onu yenidən vəzifəsinə qaytara bildi və o, mərhum Ayətullah Kaşani idi. Bunlar tarixin aydın məsələlərindəndir. O zaman hamı bunu görmüş, xəbərdar olmuş və nə baş verdiyini aydın şəkildə bilmişdir. Bəzi adamlar isə bunları qəsdən gizlədir və indiki nəslin xəbərdar olmasını istəmirlər. Təbii ki, məqsədləri bəllidir. Şah Müsəddiqin əvəzinə Qivamüssəltənəni Baş nazir təyin edəndə mərhum Ayətullah Kaşani ona qarşı bəyanat yaydı. İnsanlar Tehranda və digər şəhərlərdə kəfən geyinib küçələrə çıxdılar. Buna görə Qivamüssəltənə üç gündən artıq Baş nazir ola bilmədi. Məgər Ayətullah Kaşaninin təşkil etdiyi xalq izdihamı qarşısında müqavimət göstərmək olardı?! Buna görə də Qivamüssəltənə kənara çəkildi və Müsəddiq yenidən işinə qayıtdı. İngilislər İran neftini öz şəxsi mülkləri hesab edərək on illərlə onu mənimsədilər, İran xalqının sərvətini təxminən havayı apardılar, şah rejimi də öz mənfur hakimiyyətini bir neçə gün artıq davam etdirmək üçün ingilislərlə əməkdaşlıq etdi. Neft sənayesini milliləşdirmə hərəkatı isə buna son qoydu. Bu hərəkatın əsas amili və səbəbkarı da bu böyük və cəsur kişi idi: mərhum Ayətullah Seyid Əbülqasim Kaşani.

Kaşan, Aran və Bidqol rayonlarının əhalisinin böyük toplantısında çıxışdan: 2001.



Düşmənin çevriliş planı: siyasət adamlarını ruhanilərdən ayırmaq

Bu hadisənin çox mühüm hissəsini indi xüsusən gənclərimizin bilməsi üçün demək istəyirəm. Düşmən İran xalqının qələbə sirrinin nədən ibarət olduğunu anladığına görə siyasətçiləri və dövlət başçılarını ruhanilərdən və dindən ayırmağa çalışdı. Onları Ayətullah Kaşanidən ayırdılar, aralarına təfriqə saldılar və təəssüf ki, məqsədlərinə də çatdılar. Mərhum Ayətullah Kaşaninin İran xalqını izdihamlı şəkildə meydana çıxardığı 1952-ci ilin 30 tirindən (21 iyulundan) Amerika muzdurlarının Tehranda Müsəddiqi devirdiyi və xalqın da heç bir hərəkət etmədiyi 1953- cü ilin 28 mordadına (19 avqustuna) qədər bir il bir aydan artıq sürmədi. Bu bir il bir ayda bu ölkənin müstəqilliyinə qarşı çıxan muzdurların və bu xalqın düşmənlərinin təxribatı ilə Doktor Müsəddiq get-gedə cənab Kaşanidən daha da uzaqlaşdı. Nəhayət mərhum Ayətullah Kaşani 19 avqustdan bir neçə gün öncə bir məktub yazdı. Bu məktubların hamısı mövcuddur. O həmin məktubunda yazdı ki, belə getsə, sizin əleyhinizə çevriliş ediləcəyindən və problem yaradılacağından qorxuram. Doktor Müsəddiq dedi ki, mən İran xalqının dəstəyinə güvənirəm. Onun səhvi də bunda idi. İran xalqını Ayətullah Kaşani kimi ruhanilər meydana çıxmağa və təhlükəyə atılmağa vadar edirdi. 19 Avqusta qədər Kaşani artıq təcrid olunmuşdu; əslində Müsəddiq hökuməti onu təcrid edib uzaqlaşdırmışdı. Həmin vaxt onun səhnədə olmadığına görə xalq da meydana çıxmadı və Amerikanın birbaşa əmri altında olanlar ordunun bir hissəsindən istifadə edib asanlıqla çevriliş etdilər, Tehranın bir qrup oğru və quldurlarını da cəlb edib Müsəddiqi devirdilər. Ondan sonra isə Məhəmmədrza şahın diktatorluğu başladı, bu xalq iyirmi beş il onun çəkmələri altında tapdandı və neft sənayesinin milliləşməsi də əslində heç oldu. Çünki həmin nefti amerikalıların təşkil etdiyi konsorsiuma verdilər və nəticədə düşmənin istədiyi oldu. Səbəb isə ruhanilərdən və dindən ayrılmaq idi.

Kaşan, Aran və Bidqol rayonlarının əhalisinin böyük toplantısında çıxışdan: 2001.

Məşrutəni yayındırmaq üçün düşmənin planı: ruhaniləri məyus etmək

Məşrutənin əvvəllərində buna bənzər hadisə baş verdi. Orada da işi xalq gördü və onların fəallığı zalım Qacar hökmdarlarını Məşrutəni qəbul etməyə məcbur etdi. Müzəffərəddin şah Məşrutəni qəbul edəcək birisi deyildi, xalqın izdihamı və təzyiqi onu buna məcbur elədi. Ruhanilər və böyük din alimləri xalqı səhnəyə çıxarmışdılar. Məşrutənin yaranmasından sonra İngiltərəyə satılmış bir qrup ziyalı öz qəzetlərində təbliğat aparıb ruhaniləri və dindar insanları Məşrutə hərəkatına bədbin və ümidsiz etdilər. Nəticədə isə əvvəlcə xaotik bir diktatorluq, bir neçə ildən sonra isə sərt Rza xan diktatorluğu hakim oldu. Bu iki hadisə iki təcrübədir. Təbii ki, hər birinin ayrı təhlili və izahı var.

Mən bizim gənclərimizin bu məsələlərdən xəbərsiz olduğunu görəndə əziyyət çəkirəm. Düşmənin keçmişdə gördüyü işləri bilmək onun indiki hiylələrini başa düşməyə yardım edir. Sözsüz ki, üsullar dəyişilir. Siz görürsünüz ki, idman yarışlarında məşqçilər oturub filan rəqib komandanın yarışlarını diqqətlə izləyir, üsullarını öyrənirlər. İran xalqı İslam inqlabından öncəki son yüz ildə ən azı iki mühüm məsələdə Amerika və İngiltərə ilə qarşı-qarşıya dayanmışdır. Bunların biri Məşrutə, biri də Neft sənayesini milliləşdirmə hərəkatıdır. Onlar hər iki hadisədə hiylə işlədib İran xalqını qələbə həzzindən məhrum etdilər, bu iki dönəmin hər birində ölkədə sərt və ağır bir diktatorluq yaratdılar.

Kaşan, Aran və Bidqol rayonlarının əhalisinin böyük toplantısında çıxışdan: 2001.



İmamın sayıqlığı və hegemonların planlarının təkrarlanmasına mane olması

Üçüncü hadisə olan İslam inqilabında isə imam sayıqlıq göstərib buna imkan vermədi. İnqilabın əvvəlində bəzi qüvvələr həmin düşmənlərin təlqini ilə təbliğat aparırdılar ki, çox gözəl, imam gəldi, inqilabı qalib etdi, xalqı səhnəyə çıxardı və İslam Respublikası hökumətini qurdu; daha imamın işi bitmişdir, indi Quma gedib tədris, tədqiqat və bu kimi işləri ilə məşğul olsun. Bunun mənası o idi ki, Məşrutədə baş verən iş İslam inqilabında da baş versin. Bizim böyük imamımız, mömin xalqımız, tarixi təcrübələrə malik olan mübarizlərimiz, nə etdiklərini anlayan və düşmənin bu ölkəyə hansı bacadan hücuma keçmək istədiyini başa düşən inqilab böyükləri düşmənin hiyləsini anladılar. Konstitusiya yazılanda da Böyük İmam işin gedişinə nəzarət edirdi. Bu müddətdə xalq dini həqiqətlərin və din bayraqdarlarının kənarında qaldı. Bizim gənclərimiz düşmənin istəyi ilə dini həqiqətlərə, dini inancın gözəlliklərinə və bu gün dünyada ədalət bayrağını ucaltmış İslamın üstünlüklərinə arxa çevirmək əvəzinə bütün təbəqələrdən daha ayıq şəkildə və daha çox israrla ölkədə İslam və islamsevərlik bayrağını ucaltmışlar.

Kaşan, Aran və Bidqol rayonlarının əhalisinin böyük toplantısında çıxışdan: 2001.

Keşmiş rejimlərdə əcnəbilərin və saray adamlarının maraqlarının prioritet təşkil etməsi

Pəhləvi və ondan öncə Qacar rejimləri zamanı dövlət məmurları ölkəyə öz mülkləri kimi baxır, ciblərinə faydalı olan işləri görürdülər. Fərz edin bir nəfərin min hektar torpaq sahəsi var, lakin bir yerdə az zəhmət çəkib çoxlu məhsul götürür. O, həmin yerə daha çox əhəmiyyət göstərir və sərmayə yatırır. Başqa bir yer isə belə deyil; nə göz qabağındadır, nə də böyük məhsul verir. Ona görə həmin yerə sərmayə qoymur. Bizim ölkəmiz də belə idi. Hara düşmənin gözü önündə idisə, öz adamlarına məxsus idisə, saray adamlarının maraqlarını təmin edirdisə, dünyanın iqtisadi mərkəzlərinə aid şirkətlərə, sionistlərə məxsus idisə, abadlaşdırılırdı, oraya dövlət imkanları ayrılırdı, büdcə verilirdi, orada işlər görülürdü. Amma hara belə deyildisə, ümumiyyətlə gözə gəlmirdi; nə yol, nə bənd, nə başqa infrastruktur işləri, nə universitet, nə tələbə, nə elm, nə mədəniyyət, nə sənaye, nə incəsənət, nə də başqa bir şey.

Kaşan, Aran və Bidqol rayonlarının əhalisinin böyük toplantısında çıxışdan: 2001.


İnqilabda Qum əhalisinin böyük rolu

19 Dey (9 yanvar) hadisəsi hərəkat və inqilabda əzəmətli bir canlanmanın başlanğıcı oldu. Bu gün həm bu böyük hadisənin, həm də 1963-cü ilin 25 şəvvalında Feyziyyə mədrəsəsində baş verən mühüm və unudulmaz hadisənin ildönümünə təsadüf edir. Bu iki hadisə Qum şəhərinin, Qum hadisələrinin və Qum xalqının bu ölkədə baş verən dəyişikliklərdə böyük rolunu və əhəmiyyətini göstərir. Qumlular - istər müqəddəs Qum şəhərindəki elmi hövzə, istərsə də Qum şəhərinin əhalisi Allahın yardımı ilə inqilab dövründə, ondan öncə və sonra bu ölkənin böyük və unudulmaz məsələlərində təsirli rol oynadılar. Biz şəhidlərin - öz canı, düşüncəsi və ayıqlığı ilə bu parlaq səhifələri açan fədakar insanların xatirəsini uca tuturuq. Allah-Taaladan istəyirik ki, bizi bu əzizlərə qarşı qədirbilməz etməsin, biz həmin yolu və məqsədləri davam etdirə bilək.



19 Dey (9 yanvar) qiyamının ildönümü münasibəti ilə Qum əhalisinin müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan: 2002.

Hərəkatın amalı: təqva və ədalətin bərpası

19 deydə Qum əhalisi və gəncləri tərəfindən başlanan yol təhlükəli idi, amma bu yolun sonunda böyük bir məqsəd vardı. O məqsəd İslam quruluşu - yəni İslam hökmləri və şəriəti sayəsində ədalət və təqva quruluşu yaratmaq idi. Bütün peyğəmbərlərin məqsədi ədalət və təqvanın olduğu belə bir dünya yaratmaq olmuşdur. Dünyada nə zaman ədalət və təqva olar? Dünyanı idarə edənlər – dövlət məmurları və xalqların başçıları ədalətli və təqvalı olduqda. Əgər belə olmasa, hər bir ölkədə tağut rejimində olduğu kimi məmurlar təqva və ədalətdən fərsənglərlə uzaq olsalar, o ölkədə nə ədalət olar, nə təqva. Buna görə təməl düzgün olmalıdır. Düzgün təməl ilahi hökmlər əsasında yaradılan və məmurları ədalətli və təqvalı olan quruluş və hökumətdir. Xalq bunu istəyirdi, bu gün də bunu istəyir. Əgər bizim din və dünya problemlərimizin aradan qalxmasını istəyiriksə, bu məsələyə - yəni təqva və ədalətin bərpası məsələsinə əhəmiyyətli yanaşmalıyıq. Bu hərəkətdən və bu böyük ictimai dəyişiklikdən ziyan çəkən ilk şəxslər kimlər idilər? Təcavüzkarlıqla bu ölkəni istismar edənlər, xalqa hakim olanlar, zorakılıq edənlər, onun maddi və mənəvi sərvətlərini talayanlar. Bu hərəkətin və dəyişikliyin ilk düşmənləri onlar idilər. Biz İslam inqilabı terminologiyasında ona beynəlxalq hegemonluq deyirik. Bu gün dünya xalqlarının və ölkələrinin məsələləri bir-birinə bağlı, bir-biri ilə əlaqədar və məsafələr az olduğundan sərvət və hakimiyyət oğruları da öz ətrafları ilə kifayətlənmir və bütün dünyaya əl uzadırlar. Siz görürsünüz ki, bu gün hegemon güclər dünyanı, xalqları və ölkələri ələ keçirməkdən ötrü nələr edirlər. Əgər bir ölkədə xalq bu cəhənnəm və şeytan istismarına son qoymaq, haqqı və ədaləti bərpa etmək üçün qiyam etsə, onun birinci düşməni bu beynəlxalq mərkəzlərdir. Onlar həmin xalqın zülmdən qurtulmasına mane olmaq üçün bacardıqları bütün əngəlləri törədəcəklər. Olanlar xatırlayırlar ki, inqilab dövründə həmin beynəlxalq mərkəzlər bütün gücləri ilə İran xalqını bu yoldan daşındırmağa çalışdılar; istər silahla, istər top və tankla, istər təbliğat və informasiya vasitələri ilə. Əgər xalqı daşındıra bilsələr, məqsədlərinə çatmışlar və öz təcavüzkar istismarlarını davam etdirəcəklər. Əgər məqsədə çatmasalar və xalq ölkədə tağut zülmünə son qoysa, o zaman hegemon və müstəmləkə mərkəzlərinin düşmənlik forması dəyişəcək. O zaman onların məqsədi bu olacaq ki, bu xalqı ölkədə ədalət və təqvanın bərqərar olunmasından ibarət olan məqsəd və amalına çatmağa qoymasınlar. Müxtəlif əngəllər törədəcək, düşmənlik və müxalifət edəcəklər. Bunu da bu 23 ildə görmüsünüz. Bizi müharibəyə məcbur etdilər, bombaladılar, informasiya hücumuna keçdilər, iqtisadi blokadaya saldılar, bütün dünyada inqilab əleyhinə təbliğat apardılar. Bunların hamısında məqsəd bir idi. O məqsəd nədir? İslam quruluşunun İran xalqının güclü dəstəyi ilə öz məqsəd və amallarına çatmasına qoymamaq; xalqı yormaq və məmurları təngə gətirmək. Xalqla məmurlar yorulduqda isə qovduğunuz düşmənin istismarı yenidən başlayır. Qayıdıb öz cəhənnəm istismarlarına yenidən başlayacaq, vəziyyəti xalqın devirdiyi və dəyişdirdiyi formaya qaytaracaqlar.

19 Dey (9 yanvar) qiyamının ildönümü münasibəti ilə Qum əhalisinin müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan: 2002.




22 Bəhmən - İranın təhqir və istismarının sonu

İnqilabın qələbəsi və 22 Bəhmən (11 fevral) hadisəsi haqda çox danışılsa da, həqiqət budur ki, bu hadisənin əhəmiyyəti, böyüklüyü və müxtəlif cəhətləri hələ bizim özümüz üçün tam aydın olmamışdır. Biz hadisənin çox möhtəşəm olduğunu bilir və görürük, amma yaxın olduğumuz üçün onun müxtəlif cəhətlərini düzgün dərk edə bilmirik. Bu haqda tarix mühakimə yürüdəcək. Bu hadisəni uzaqdan görənlər, ona tarixi hadisələr kontekstində baxanlar tarixi bir an olan bu hadisənin nə qədər böyük olduğunu anlayırlar.

22 Bəhmən (11 fevral) hadisəsi və inqilabın qələbəsi İran xalqına qarşı təhqirin sonu idi. İran xalqı uzun əsrlər boyu təhqir edilmişdi. Bir müddət diktator sultanların vasitəsilə təhqir olunurdu. Yəni hələ müstəmləkəçilik, istismarçılıq və xarici təsirlər olmayan qədim dövrlərdə padşahlar var idi. Onların bəziləri qüdrətli, bəziləri zəif və bacaraqsız idilər, amma istisnasız olaraq bu xalqı təhqir edirdilər. Əgər siz bəzi şahların, yaxud onların övladlarının və şahzadələrin yazdığı xatirələrə müraciət etsəniz, aydın şəkildə görərsiniz ki, onlar İranı özlərinə məxsus bir mülk hesab ediridlər. Bu mülkdə bir qədər rəiyyət də onlar üçün işləyir. Onlara hansısa hüquqlar verilsin? Xeyr. Onların iradəsi etibarlı sayılsın? Xeyr. Onların xalq, ölkə və özləri haqqında təsəvvürləri bu qədər yanlış və rüsvayçı təsəvvür idi. Doğrudan da təsəvvür edirdilər ki, bura onlarındır; əgər xalqdan kimsə xidmət göstərsə və bir iş görsə, öz vəzifəsinə əməl etmiş olur; səhlənkarlıq edənlər də qüdrətli və müstəbid hakimin maraqlarına zərbə vuran nankorlardır.

Təxminən Məşrutədən sonra başlayan başqa bir dövrdə də bu təfəkkür tam sıradan çıxmadı, şahlıq dövrünün sonuna qədər qaldı. Misal üçün, Pəhləvi şahları modernizm iddiası etmələrinə və özlərini dünyanı tanıyan kimi göstərmələrinə rəğmən, beyinlərində bundan başqa bir şey yox idi. Özlərini ölkənin və bu xalqın taleyinin sahibi bilirdilər.

Son dövrdə buna başqa bir şey də əlavə olundu və o, xarici təsir idi. Bu, Qacarlar dövrünün sonlarından başlandı və Pəhləvilər dövründə özünün pik həddinə çatdı. Çünki Rza xanı ingilislər hakimiyyətə gətirdilər, onlar onu saxladılar və necə hərəkət etməsini diktə etdilər. Ondan sonra oğlunu da ingilislər hakimiyyətə gətirdilər. Bunlar tarixin danılmaz faktlarıdır, iddia deyil. Biz keçmişdə bunları güman və təhlil kimi deyirdik, sonra isə çoxlu sənədlər açıldı və bəlli oldu ki, bu şəxsləri öz əlləri ilə gətirmişlər. Bunlar xarici siyasətlərin icraçıları idilər; bir müddət əsasən İngiltərə siyasətlərinin, Müsəddiqin dövründən sonra isə Amerika siyasətlərinin. Bəzi hadisələrdə yenə də xalqın mənafeyinə görə yox, özlərinin bəzi maraqlarına görə amerikalıların diktə etdiyi bir siyasətdən dolayı narahat ola bilərdilər, amma hər halda, onların siyasətlərini icra edirdilər, oyan-buyanı yox idi. Hökumət kabinetini onlar təyin edirdilər, Baş nazir onların tərəfindən təsdiq olunmalı idi. Onlar bəzən şaha bir qədər qulaqburması vermək və əmrdən çıxmaq fikrinə düşməsinin qarşısını almaq üçün onunla çox da yaxşı münasibəti olmayan bir nəfəri Baş nazir edirdilər. Bu dəfələrlə baş vermişdir. Yəni onun çox da bəyənmədiyi bir şəxsin Baş nazir olmasını tapşırırdılar. O da məcbur qalıb qəbul edirdi. Məmləkət bu formada əcnəbinin və Amerika siyasətlərinin ixtiyarında idi. Bu təkcə neft sektoruna məxsus deyil, məmləkətin bütün işlərində onların siyasətləri hakim idi və icra olunurdu; istər neft məsələlərində, istər ölkəni sənayeləşdirmək məsələlərində, istər xarici siyasətin idarəsində və dünya ölkələri qarşısında mövqe seçimində. Əgər ölkə daxilində dövlət rəsmiləri arasında kimsə bir zaman özünü başqa bir yerə, misal üçün, ozamankı Şərq blokuna, yaxud başqa bir gücə bağlamaq fikrinə düşsəydi, amerikalılar xəbər tutan kimi ya onu işdən çıxarırdılar, ya da bir yolla özləri istədikləri mövqeyə qaytarırdılar. Buna əsasən, bu ölkədə daha çox nüfuza malik olmaq üçün xarici qüvvələr arasında rəqabət gedirdi. Sözsüz ki, hakim qüvvə Amerika idi. Bu arada xalqın iradəsi, istəyi və qüdrəti heç idi.

Bir ölkə və bir xalq üçün ən böyük müsibət sayılmaması, öz evində aşağılanması və təhqir olunmasıdır. Bunun ardınca hər şey gəlir; iqtisadi problem gəlir, mədəni problem gəlir, etiqadlara, amallara, və milli mədəniyyətə etinasızlıq gəlir. Bunlar əcnəbi hökmranlığının qaçılmaz nəticələridir.

Xalqın qiyamının və möhtəşəm İslam inqilabının ən mühüm məqsədlərindən biri bu hökmranlığa son qoymaq idi. Buna görə siz gördünüz ki, o günlərdə xalq xarici məsələlərə dair, Amerikanın, İngiltərənin, şahın müdafiəçilərinin və İsrailin əleyhinə də şüar verirdi. Xalq tarix boyu həmişə xaricilərin hökmranlığından əziyyət çəkmişdir. Bu əzəmətli inqilab İslam şüarları ilə, İslam bayrağını, dinə və dini kimliyə qayıdış bayrağını ucaltmaqla başladı. Onun öncülləri də təqlid müctəhidləri və böyük alimlər idilər. Bu inqilab xalqda olan istiqlaliyyət hissini təmin etdi. Xalq dərk etdi ki, İslama arxalanmaqla təhqirdən qurtula bilər. Və bu, mübarizənin məqsədlərindən biri oldu.

Fiqh ali ixtisas (xaric) dərsinin sonundakı söhbətlərdən: 2002.



Mübarizə dövrünün çətinlik və problemləri

Bu hərəkata başlayanlar nəzərdə tutduqları hökuməti və quruluşu yaratmalarını güman edirdilər, lakin bu yolda şəhid olmalarının, bütün ömürlərinin mübarizədə, çətinlikdə və uğursuzluqda keçməsinin mümkünlüyünü də bilirdilər. Hər iki yol mövcud idi; İmam Hüseynin (ə) hərəkatında olduğu kimi. 1962 və 63-cü illərdə və sonra çətin və qaranlıq illərdə bu həbsxanalarda ürəkləri isidən, onları hərəkətə vadar edən yeganə amil mübarizəyə inam idi, hakimiyyət sevgisi yox. Bu yol İmam Hüseynin (ə) yolu idi və onun iki tərəfi vardı. Zaman və məkan şəraiti isə fərqlidir. Bir zaman imkan yaranır və İslam hakimiyyəti qurulur. Bir zaman da bu imkanlar yaranmır və şəhadətlə sonuclanır. Tarixdə belə nümunələr çoxdur.

İmamın bu yola qədəm qoyduğu dövrdə şərait və ictimai münasibətlər İmam Hüseynin (ə) dövründən dəfələrlə mürəkkəb idi. Bu gün də insanların münasibətləri daha da mürəkkəbləşmiş, yollar yaxınlaşmış, rabitələr asanlaşmışdır. Amma eyni zamanda əlaqələr daha çətin və mürəkkəb olmuş, bir hadisə üçün amillərin müxtəlifliyi daha çoxalmışdır. Bu gün Yezid ibn Müaviyənin yerində oturanlar öz səylərini bütün dünyaya yönəldə, bütün bəşəriyyəti azğınlığa və fəsada sövq edə bilirlər. Bu gün rabitələrin asanlığına görə bu iş mümkündür və təəssüf ki, dünyada bu azğınlıq yaranmış, inkişaf etmişdir. Mütərəqqi texnologiya və mürəkkəb bəşər elmi adi xalq üçün asanlıq və sürət yaratdığı qədər və bəlkə ondan da çox murdar məqsədlər üçün imkan, şərait və sürət yaratmışdır. Bu gün dünyanın tağut gücləri bütün dünyanı, bəşəriyyəti və bəşəri sərvətləri istismar etməyi öz məqsədləri seçə, onları bu yoldan saxlayan bütün maneələri vurub sıradan çıxara bilirlər. Təəssüf ki, bəzi yerlərdə belə çirkin və xəbis məqsədləri göstərən böyük azğınlıqlar müşahidə olunur. Bu gün vəzifə olduqca ağırdır.

İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdəki çıxışdan: 2002.



Hegemonluğun qara qovluğu

Kommunizm düşərgəsi dağılandan sonra Amerikanın ozamankı prezidenti yeni dünya düzənini elan edəndə bu dövlətin qədim hegemon məqsədini aşkara çıxardı; özünün və Amerikanın siyasi sisteminin daxilindəkini göstərib bəyan etdi. Təbii ki, bu yalnız həmin günə məxsus deyildi. On illər öncədən qərara gəlib elan ediblər ki, başqa heç bir gücün Latın Amerikasına daxil olmasına imkan verməyəcəklər. Latın Amerikası Amerika Birləşmiş Ştatları dövlətinə məxsus bir bölgə sayıldı. Sonra bunu tədricən bütün dünyaya aid etsələr də, bir məqsəd kimi elan etmir və söyləmirdilər. Qarşılarında Sovet İttifaqı kimi böyük bir rəqibin olmadığını duyan kimi bu məqsədi təxminən açıq şəkildə elan etdilər: təkqütblü dünya, bütün dünyaya hakim olan vahid bir gücün olduğu yeni dünya düzəni. Ötən on illərdə Amerikanın bütün proqramları bu məqsədi izləmişdir. Məqsəd hərbi, onun ardınca isə siyasi və iqtisadi istismardır. Hamısı da Amerika dövlətinin polittexnoloqları olan kompaniyaların maraqları istiqamətində. Məqsədləri onlar təyin edirlər. Bu reallıqdır. Bugünkü insan bu reallıqları bilsə, vaxtında qərar seçər. İnsanlar dünyalarında nəyin baş verdiyini anlasalar, qərar və mövqe seçmək imkanları olar, xalqlar böyük işlər görə bilərlər.

Mənə verilən statistikada göstərilir ki, Amerika dövləti 1945-ci ildən bu günə qədər ona tabe olmayan qırx müstəqil hökumətin devrilməsində iştirak etmiş və iyirmidən çox hərbi müdaxiləyə imza atmışdır. Bu müdaxilələr istisnasız olaraq kütləvi qırğınlara və böyük faciələrə səbəb olmuşdur. Bəzi yerlərdə məqsədinə çatmış, bəzi yerlərdə isə çatmamışdır. Bəzi nümunələr bizim yadımızdadır: cənab prezidentin işarə vurduğu kimi, İkinci dünya müharibəsinin sonunda Yaponiyaya atom bombasının atılması, Vyetnamda qanlı müharibələr və sonda Amerikanın məğlubiyyəti ilə nəticələnən unudulmaz faciələr, Çili hadisələri, İranın özündə 19 Avqust çevrilişi və sair. 19 Avqust çevrilişində Amerikadan bir məmur Tehrana gəlib bunun üzərində işlədi. Sonralar özləri bunu elan edib sənədlərini yaydılar. Bütün bu sadalananların amili Amerikanın böyük iqtisadi kompaniyaları, böyük oliqarxlar, siyasi partiyalar, nüfuzlu sionist təşkilatları, düşüncə və əxlaq baxımından nöqsanlı şəxsiyyətlərdir. Bu çox ağır qovluq və çox rüsvayçı keçmişdir. Bunlar kiçik məsələlər deyil. Onlar üçün insanların məhvinin önəmi yoxdur, sərvətlərin məhvinin önəmi yoxdur, ədalətin məhvinin və bəşəri faciələrin önəmi yoxdur. Bunların heç biri onlar üçün problem sayılmır. İmiclərini qorumaq üçün onların ixtiyarında çoxlu informasiya və media imkanları var. “Daha uca səs” təbiri düzgün təbirdir. Onlar daha uca səslə dünyada əlverişli şərait yaradıb bu faciələri ört-basdır etməyə, onları yenə də sülhün, demokratiyanın və insan haqlarının keşikçisi kimi göstərməyə çalışırlar.

İslam Respublikası quruluşunun vəfizəli şəxsləri ilə görüşdəki çıxışdan: 2002.




İradə və mübarizənin mükafatı: səadət

İlahi qanunlarda insan iradəsi təyinedicidir. İslam insanları mübarizəyə dəvət edir: “Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar”1, yaxud “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin”2; yəni bütün imkanlarınızı mübarizəyə sərf edin. Bunlar ondan ötrüdür ki, bu ilahi tövsiyəyə əməl etsək, ilahi məqsədə daha tez çatarıq. İlahi məqsəd sabit, qəti və qaçılmazdır. Əgər biz əməl etməsək, digərləri əməl edəcəklər: “Sizdən hər kəs dinindən dönsə, Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər”3. Allah-Taala bu yolu, bu mənzil başını və bu taleyi qəti etmişdir. Qəti olmayan onun zamanı və bu səadətə nail olmaq baxımından hansı xalqın birinci olmasıdır. Bu bizim iradəmizə bağlıdır.

İran xalqı Böyük İmamın rəhbərliyi ilə bir addım önə keçib burada İslam bayrağını ucalda bildi. Bu gün bu ölkədə Məhəmməd (s) şəriətinin bayrağı ucalmışdır. Bu baş verməyə, yaxud on il, yüz il sonra da baş verə bilərdi. Bu mühüm hadisəni bu zamanda həyata keçirən amil bu xalqın iradəsi, fədakarlığa və mübarizəyə qərarı idi. Bu hər yerdə belədir.

Əziz Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) mövlud bayramında quruluşun məsul şəxsləri ilə görüşdəki çıxışdan: 2002.




İsraillə mübarizənin imamın əsas şüarlarından olması

Bizim Böyük imamımız məsələnin mahiyyətini yaxşı dərk edirdi. 1962-ci ildə bu hərəkat başlayan zamandan, Fələstin məsələsinin İranda hələ elita arasında da gündəmdə olmadığı bir vaxtda imamın sözü bu idi ki, İsrailin hegemonluğu qarşısında hamı təhlükə hiss etsin, dayansın və mübarizə aparsın. Sonra da həmin yolu davam etdirdi və bu həmin ilahi və səmavi kişinin böyük şüarlarından biri oldu.

Əziz Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) mövlud bayramında quruluşun məsul şəxsləri ilə görüşdəki çıxışdan: 2002.


Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin