TüRKÜn türkdən yaxin dostu yoxdur, yox



Yüklə 0,69 Mb.
səhifə2/7
tarix19.10.2017
ölçüsü0,69 Mb.
#3233
1   2   3   4   5   6   7

TƏBRİZ
Yenə gəldim doğma, isti qoynuna,

Anamtək sarılam sənin boynuna,

Son qoyub fələyin tərs oyununa,

Döndərdik yasını toyuna, Təbriz!


İllərlə çəksək də biz həsrətini,

Yaşatdıq ürəkdə məhəbbətini,

Heç zaman soldurma təravətini,

Bir də qul olmarıq oyuna, Təbriz!


Qəlbdə dil açırsan telli saz kimi,

Könlü məst edirsən xoş avaz kimi,

Hər fəslin gözəldir güllü yaz kimi,

Heyranam qışına, yayına, Təbriz!


İllərin həsrəti yox olub daha,

Heç zaman batmarıq bir də günaha,

Şükür milyon kərə, şükür Allaha,

Vurğunam o, çinar boyuna, Təbriz!


Dünəni, sabahı fikirləşməsək,

Can atıb daha da diriləşməsək,

Əgər yumruq kimi biz birləşməsək,

Necə hay verərəm hayına, Təbriz?!


Zaur, biz məğruruq, məğrur da duraq,

Hər vaxt çəkici bir zindana vuraq,

Bütöv Azərbaycan dünyası quraq.

Qurbanam kökünə, soyuna, Təbriz!

5 oktyabr 2008

DÜŞMƏ TORA, TÜRK BALASI!
Amandı türk oğlu türk, sən sadiq ol öz andına,

Unutqan olma qəti, dünənini sal yadına.

Yol vermə ermənilər minə fələyin atına,

Mindisə, bu millətin demək artdı dərd-bəlası

Arif ol sən həmişə, düşmə tora türk balası!
Beşcə gün yer verdinsə erməniyə qucağında,

Bil ki, od qalmayacaq altıncı gün ocağında,

Deyəcək-babamındır dağın, daşın, torpağın da,

Fikirləş yaxşı-yaxşı, tikmə xalqa dərd qalası

Arif ol sən həmişə, düşmə tora türk balası!
Sən bil ki, o, iblislər güc verərək şirin dilə,

Qalxacaq qucağında ucalığa pillə-pillə,

Elə ki, fürsət tapdı, vuracaqdır sənə güllə,

Şah oğlu şah da olsan olacaq taxtdan salası

Arif ol sən həmişə, düşmə tora türk balası!
O, susuz ilanların yetişdisə ağzı suya,

Onlar nələr edəcək gərək bunu hər kəs duya,

Mümkün deyil onların yamanlıqdan gözü doya,

Elə ki, fürsət tapdı, olacaq səni çalası

Arif ol sən həmişə, düşmə tora türk balası!
Onların adətidir yazıqlaya, boyun bükə,

Fürsət tapdısa səni parçalayar tikə-tikə,

Heç zaman mümkün deyil it itdiyindən əl çəkə,

Düşmənlərin nə qədər hamar olsa da malası

Arif ol sən həmişə, düşmə tora türk balası!

22 noyabr 2009



VEDİSİZ GÖYNƏYİR

ZAUR VEDİLİ


O YOLLAR
Məni doğma el-obamdan ayırıb,

Uşaq vaxtı qərib etdi o yollar.

Yol abadlıq, yol xoşbəxtlik olsa da,

Ürəyimdə dərdtək bitdi o yollar.


Qoca, cavan yandı əcəl oduna,

Həsrət qaldıq Vedibasar yurduna,

And olsun o Vətənimin adına,

Məni yağtək tam əritdi o yollar.


Qəlbimizə elə batdı bu bıçaq,

Sevinc, gülüş düşdü bizdən çox uzaq,

Dağ qum olar biz çəkəni çəksə dağ,

Bəxtimizdən niyə itdi o yollar.


Tanrım, eşit hər duamı, sözümü,

Bir də görüm Xalisada özümü,

Gün olsun ki, mənim ağlar gözümü,

Zaur, görək tam kiritdi o, yollar.

3 mart 2009
SƏDƏRƏKDƏN VEDİ QOXUSU GƏLİR
Oldun qucağında ötəri qonaq,

Uzaq düşdün dərddən, qəmdən, çox uzaq,

Ay yaralı könlüm, sözüm haqdır haqq,

Sədərəkdən Vedi qoxusu gəlir.


Qara bulud kimi boğulmuşam mən,

Elə bil dünyada yox olmuşam mən,

Bəlkə də təzədən doğulmuşam mən?

Sədərəkdən Vedi qoxusu gəlir.


Yurd-yuva salsa da hicran ürəkdə,

Olmaz bu rayihə güldə, çiçəkdə.

Özgə ətir duydum əsən küləkdə,

Sədərəkdən Vedi qoxusu gəlir.

Özgə sabah oldu bugünkü sabah,

Zənn etdim özümü lap şah oğlu şah.

Necə bəxtəvərəm, xoşbəxtəm Allah!

Sədərəkdən Vedi qoxusu gəlir.


Zaur, arzuların gerçək ola kaş,

Qoyam o yerlərdə daş üstünə daş

Nə yerə sığıram, nə göyə, qardaş,

Sədərəkdən Vedi qoxusu gəlir.

28 avqust 2010
BİZİM DAĞLARA
Yolum düşə kaş ki gedəm,

Bizim dağlara, dağlara.

Neçə ildir mən həsrətəm,

Bizim dağlara, dağlara.


Hicran qəlbi elə sıxır,

Alovunda külüm çıxır.

Ay taleyim, məni çağır,

Bizim dağlara, dağlara.


Son qoyula bu atəşə,

Kolanıya yolum düşə,

Dərin sevgim var həmişə,

Bizim dağlara, dağlara.


Tanrım, çoxdur şikayətim,

Zəhər olub bal-şərbətim.

Tükənməzdir məhəbbətim,

Bizim dağlara, dağlara.


Zaur köhlən ata minə,

Kaş Məngümə gedə yenə.

Qonaq olam dönə-dönə,

Bizim dağlara, dağlara.

12 yanvar 2010
KAŞ QAYIDA XALİSALI GÜNLƏRİM
Neçə ildir itirmişəm cənnəti,

Çox ağırdı taleyin bu qisməti,

Tanrım poza bəxtimdəki həsrəti,

Kaş qayıda Xalisalı günlərim!


O yerlərdə bilməzdik qəm, intizar,

Ömrümüzü bürüyərdi xoş bahar.

İndi ömrün yazına da yağır qar,

Kaş qayıda Xalisalı günlərim!


Fələk məni saldı yurddan uzağa,

Didələrim döndü qoşa bulağa,

Od ələnə sönmüş hər bir ocağa,

Kaş qayıda Xalisalı günlərim!


Fələk niyə bizi hədəf seçibdir?

Mən dərdlilər eyni sudan içibdir.

Uşaqlığım qucağında keçibdir,

Kaş qayıda Xalisalı günlərim!


Tam dayana ayrılığın küləyi,

Gedib gəzəm bütün kəndi-kəsəyi.

Sevinc, vüsal quca dərdli ürəyi,

Kaş qayıda Xalisalı günlərim!


Qəlb içimdə hər gün fəryad qoparır,

Bu fəryadım qaya yarır, dağ yarır,

Xəyal məni hər gün ona aparır,

Kaş qayıda Xalisalı günlərim!


Tanrım qurtar bu bəladan Zauru,

Söküb dağıt fələk quran hər toru.

Vətən, torpaq, eldir mənə göz nuru,

Kaş qayıda Xalisalı günlərim!

30 mart 2010
VEDİSİZ GÖYNƏYİR

ZAUR VEDİLİ
Yoxdur nə gündüzüm, nə də ki gecəm,

Hicran dünyasında elə bil heçəm.

Kaş Həcər bulağın gözündən içəm,

Ola dərdlərimə məlhəm mərd əli,

Vedisiz göynəyir Zaur Vedili!
Bu qismət yığsa da dərd üstünə dərd,

Bitməz o yerlərə qəlbdə məhəbbət.

Bu acı ayrılıq, bu acı həsrət,

Vallah məni dəli edəcək, dəli,

Vedisiz göynəyir Zaur Vedili!
Xalisa nisgili qəddimi əydi,

Sanki ürəyimə bir güllə dəydi.

Bütün el mən geyən libası geydi,

Tanrım, bu bəladan sən qurtar eli,

Vedisiz göynəyir Zaur Vedili!
Fələk min zövq alır qəddi bükməkdən,

Gözlərə qan damır qan-yaş tökməkdən,

Ağı söyləməkdən, haray çəkməkdən,

Bülbül dili olub lal quşun dili,

Vedisiz göynəyir Zaur Vedili!
Qəlbimi kövrəldən, vallah, qubardı,

Elə bil gen dünya gözümdə dardı,

Vətən söyləməkdən dilim qabardı,

Dərdim duyanlara bəllidir, bəlli,

Vedisiz göynəyir Zaur Vedili!

22 aprel 2010



MƏKTUB YAZMAQ İSTƏYİRƏM VEDİMƏ
Ey müqəddəs yerin, göyün hakimi,

Sən bilirsən yurda olan sevgimi.

Övlad kimi, qardaş kimi, dost kimi,

Məktub yazmaq istəyirəm Vedimə.


Baş açmıram fələk quran oyundan,

Nə yasından, nə də onun toyundan.

Neçə ildir xəbərsizəm mən ondan,

Məktub yazmaq istəyirəm Vedimə.


Hələ könül verməmişdim bir qıza,

Qaçqın sözü düşdü dilə-ağıza.

Hər arzumu köçürüb ağ kağıza,

Məktub yazmaq istəyirəm Vedimə.


Ayrı düşdüm yurddan, dağdan, qayadan,

Göz yaşlarım seçilmədi dəryadan.

Qorxuram ki, qərib köçəm dünyadan,

Məktub yazmaq istəyirəm Vedimə.


Yenə yolda hicran adlı qatarmı?

O qatarı görən vüsal udarmı?

Zaur yazsam ünvanına çatarmı?

Məktub yazmaq istəyirəm Vedimə.

1 iyul 2010
HƏSRƏTƏM MƏN QUCAĞINA KƏNDİMİN
Neçə ildir gedəmmirəm qoynuna,

Həsrətəm mən qucağına kəndimin.

Fələk elə sarılıb ki, boynuna,

Son qoyulub xoş çağına kəndimin.


Qəfil döndü bəxtindəki toy vaya,

Heç Tanrı da yetişmədi haraya.

Qəriblikdə mən olunca sal qaya,

Dönəm qara torpağına kəndimin.


Zaur, yurddan sürgün olduq, biz sürgün,

Mümkün işlər dönüb oldu namümkün.

Qismət ola, heç olmasa bircə gün.

Gedib dönəm qonağına kəndimin.

2 noyabr 2008
XALİSA HƏSRƏTİ, VEDİ HƏSRƏTİ
Neçə ildir məni məndən alıbdır,

Xoşbəxt günlərimi taxtdan salıbdır.

Şahmar ilan kimi məni çalıbdır,

Xalisa həsrəti, Vedi həsrəti.


O gün ki, biz düşdük qoynundan uzaq,

Ayaqlar altında tapdalandı haqq.

Doldurur ürəyə dərd qucaq-qucaq,

Xalisa həsrəti, Vedi həsrəti.


İllərdi bilinmir gündüzüm, gecəm,

Qorxuram dünyadan vədəsiz köçəm.

Qoymur ki, bir sevinc şərbəti içəm,

Xalisa həsrəti, Vedi həsrəti.


Bağlanıb üzümə öz doğma qapım,

Hicrinə dözməyə yox daha tabım.

Qoymur ki, ömrümə yaraşıq tapım,

Xalisa həsrəti, Vedi həsrəti.


O gün ki, itirdim eli, Vətəni,

Zindana çevrildi ömrün gülşəni.

Vallah vaxtından tez qocaldır məni,

Xalisa həsrəti, Vedi həsrəti.


Hər şirin xatirə, hər bəxtəvər an,

Sanki heç olmayıb yalandır, yalan.

Zindan eləyibdir dünyamı zindan,

Xalisa həsrəti, Vedi həsrəti.


Zaurun həsrətdən çəkdiyi hər ah,

Sal qayaları qum edər, Allah.

Qəlbimdə inləyən kamandır, vallah,

Xalisa həsrəti, Vedi həsrəti.

23 dekabr 2008
VƏTƏN DƏRDİ, TORPAQ DƏRDİ, EL DƏRDİ
Qəlbimdəki narahatlıq, həyəcan,

Heç çəkilmir, hey çoxalır anbaan,

Ürəyimi viran edir, lap viran,

Vətən dərdi, torpaq dərdi, el dərdi.


Zalım fələk tərs qurubdur oynumu,

Dərdlər ilə doldurubdur qoynumu.

Bənövşətək bükük qoyub boynumu,

Vətən dərdi, torpaq dərdi, el dərdi.


Mümkün deyil edəm bunu mən inkar,

Ürəyimin dünya qədər dərdi var.

Gen dünyamı dar eləyir mənə, dar,

Vətən dərdi, torpaq dərdi, el dərdi.


Çəkmək olmur qəribliyin yükünü,

Çox ağırdı, dağıdır qəlb mülkünü.

Kül eləyir sevincimin kökünü,

Vətən dərdi, torpaq dərdi, el dərdi.


Xalisasız bir qırılmış aynayam,

Qatarından ayrı düşən durnayam.

Qoymur məni sevincimdəm qaynayam,

Vətən dərdi, torpaq dərdi, el dərdi.

24 iyul 2008

GETDİ ƏLİMİZDƏN XALİSAM
Qara duman çökdü başının üstə,

Oldu bircə anda min illik xəstə,

Nə deyim fələyin etdiyi qəsdə?

Qəlbdəki sevinci şamtək əritdi,

Getdi əlimizdən, Xalisam, getdi.
Sən ey bu taleyi bizə göndərən,

Düşdü Vətənimdən el pərən-pərən.

Kimə neyləmişdik, axı biz görən,

Fələk öz hökmünü belə yeritdi?

Getdi əlimizdən, Xalisam, getdi.
Elə qaraldı ki, nurlu sabahım,

Dağları əritdi fəryadım, ahım.

Ey Tanrım, nə idi axı günahım,

Ömrümün xoş çağı belə tez bitdi?

Getdi əlimizdən, Xalisam, getdi.
Kaş ki, qismət ola qayıdam yurda,

Mən burda qəribəm, Xalisam orda.

Baharda, payızda, boranda, qarda,

Qəriblik qəlbimi diddikcə diddi,

Getdi əlimizdən, Xalisam, getdi.

Dağdır ki, tablaşır bu zülmə ürək,

Dağa da demərəm mən çəkəni çək.

Görüm çarxı sınsın, bu zalım fələk,

Məni vətənimdə vətənsiz etdi,

Getdi əlimizdən, Xalisam, getdi.

8 aprel 2008

NİYƏ SONUMUZU

FİKİRLƏŞMİRİK?


ALLAH RƏHMƏT ELƏSİN!
Mərhum atam Cəlilov Həsən Qələndər

oğlunun unudulmaz xatirəsinə ithaf edirəm.
Ölüm əlimizdən səni tez aldı,

Fələk qəlbimizə qara xal saldı,

Sənsizlik bizimçün ən ağır haldı,

Tanrım məzarını nura bələsin,

Ata, Allah sənə rəhmət eləsin!
Çəkdin illər boyu hər nazımızı,

Qoymadın bürüyə qış yazımızı,

Qəm üstə köklədib qəlb sazımızı,

Fələk dedi;-Quzu kimi mələsin!,

Ata, Allah sənə rəhmət eləsin!
Vallah dözənmirəm mən bu itkiyə,

Sığışmır həsrətim heç bir çəkiyə,

Bənzərsən Tanrıya olan sevgiyə,

İstərəm tək mən yox, hamı söyləsin,

Ata, Allah sənə rəhmət eləsin!
Fələk od üstünə ələdi külü,

Qəm qucdu bəxtəvər olan könülü,

Susuzdur qəlbimin qönçəsi, gülü,

Eşitməz bir kimsə onun naləsin,

Ata, Allah sənə rəhmət eləsin!
Susmaz ömrüm boyu həsrət küləyim,

Hər vaxt gərəyimsən, hər vaxt gərəyim,

Vallah partlayacaq, dözmür ürəyim,

Ürək dağ deyil ki, ürək neyləsin?

Ata, Allah sənə rəhmət eləsin!

13 avqust 2005


YAŞADIM
Bu dünyaya göz açanda ağladım,

Sabahımı bilə-bilə yaşadım.

Ana ətri ovundurdu könlümü,

Xoşbəxt oldum, gülə-gülə yaşadım.


Güvənc bildim özümə haqq səsini,

Avand etdim çox işlərin tərsini,

Gündən, aydan alıb həyat dərsini,

Ömrü günə bölə-bölə yaşadım.


Əzəl gündən zəhmət sevdi ürəyim,

Öz zəhmətim oldu arxam, köməyim,

Qan-tər tökdüm, daşdan çıxdı çörəyim,

Görən dedi; - ölə-ölə yaşadım.


Haqsızlığa qənim oldum mən, qənim,

Haqq söylədim, çoxalsa da düşmənim,

Xatirəyə döndü hər bir dünənim,

Bu günümə gələ-gələ yaşadım.


Od oğluyam doğma Odlar yurdunda,

Qanadlıyam göyün yeddi qatında,

Halallığın, yurdun, elin odunda,

Əridikcə gilə-gilə, yaşadım.,


Vallah düzlük min bir dərdə əlacdır,

Başımızda ən qiymətli bir tacdır,

Görəndə ki, mərd namərdə möhtacdır,

Göz yaşımı silə-silə yaşadım!


Arxalandım Yaradanın adına,

Odur çatan hər bəndənin dadına,

Könlüm hər vaxt sadiq oldu andına,

Yaşayandan, elə belə yaşadım.

28 iyun 2009

SƏN ÖZGƏ ALƏMSƏN, AY SƏDƏFLİ SAZ
Saz ustası İxtiyar Seyidovu

dinlədikdən sonra
Əlində sehir var, ya sazda görən?

Xoşbəxtdir o, bağdan bircə gül dərəm,

Ey bu əmanəti bizə göndərən,

Sən de, mənə zülmü az eləsin az,

Sən özgə aləmsən, ay sədəfli saz!
Özüm də bilmirəm hardayam indi,

Sanki səcdədəyəm, pirdəyəm indi,

Səni duymamağın özü çətindi,

Şaxtalı ömrümü yaz edirsən, yaz,

Sən özgə aləmsən, ay sədəfli saz!
Səninlə xoşbəxtlik atındayam mən,

Göyün lap sonuncu qatındayam mən,

Dədə Ələsgərin odundayam mən,

Mümkün deyil olan o, oddan xilas,

Sən özgə aləmsən, ay sədəfli saz!
Hər bir telində var min ilin yolu,

Elə dünya qədər ulusan, ulu,

Sən bir xəzinəsən doludan dolu,

O, xəzinə hər gün artar, azalmaz,

Sən özgə aləmsən, ay sədəfli saz!
Zaura günəşsən boranda, qarda,

Dadına çatırsan olanda darda,

Nə səndə insaf var, nə İxtiyarda,

Kövrəldib etmə göz yaşımı Araz,

Sən özgə aləmsən ay sədəfli saz!

15 fevral 2010


KÖNÜLLƏRDƏ YERİN VAR
Sevilən gənc aşıq Könül Taroyevaya

həsr edirəm
Səsdə olan möcüzəyə, sehrə bax,

Saza, sözə məhəbbətə, mehrə bax,

Qaynadıqca qoy qaynasın bu bulaq,

Tanrı özü olacaqdır sənə yar,

Oxu Könül, könüllərdə yerin var,
Sənətinlə qəlbimə qəsd etmisən,

Ürəyimi vallah, şikəst etmisən,

İçməsən də, lap məni məst etmisən,

Saza dil ver, üzdü məni intizar,

Oxu Könül, könüllərdə yerin var.
Bülbül kimi nəğmə oxu, olma lal,

Ürəyimi oddan çıxart, oda sal,

“Ruhani” çal, “Dilqəmi” çal,bircə çal,

İnsafa gəl, gen dünyamı etmə dar,

Oxu Könül, könüllərdə yerin var
Hər pərdədə yarat yeni bir aləm,

Yoxa çıxsın bəxtlərdəki kədər, qəm,

Düşün, daşın fikrini tam elə cəm,

Qış ömürlər dönüb olsun qoy bahar,

Oxu Könül, könüllərdə yerin var.
Sağlam olaq, xəstə olaq, ya dəli,

Hər bir kəsə həyat verir saz dili,

Heyranındır vallah, Zaur Vedili,

Mümkün deyil edəm bunu mən inkar,

Oxu Könül, könüllərdə yerin var.

22 avqust 2010


TELLİ SAZ
Min illərdi Vətənimə, xalqıma,

Həm əzəmət, həm qürurdu telli saz.

Başdan-başa qəlb oxşayan sehirdi

Möcüzədir, həm də sirdi telli saz


Hər telində haqq-ədalət səsi var,

Babaların qeyrət, hünər dərsi var,

Sevən qəlbin duyğusu var, hissi var,

Nur içindən doğan nurdu telli saz.


Yaranandan iz salıb haqq izinə,

Hər insanı cəlb eləyir özünə,

Tükənməyən xəzinədir, xəzinə,

Ən qiymətli ləldi, dürdü telli saz.


Dost yolunda çevrilsə də Günəşə,

Yad qəlbini yaxar oda, atəşə,

Səadətə bələyibdir həmişə,

Nəğməsiylə ana yurdu telli saz.


Ələsgərin nəfəsi var telində,

Şərbət dadı, bal dadı var dilində,

Dil açdıqca, mən Zaurun könlündə,

Tamam özgə dünya qurdu telli saz.

7 fevral
SAZLI-SÖZLÜ ZEYNƏBİMİZ
Şahbuzlu aşıq Zeynəbə.

Sinəsinə sıxıb sazı,

Gətirir qış ömrə yazı,

Məftununuq biz ən azı,

Sazlı-sözlü Zeynəbimiz.

Səsində xoş təravət var,

Baxışında məlahət var,

Sənə sonsuz məhəbbət var,

Sazlı-sözlü Zeynəbimiz.
Səsində var Tanrı sirri,

Unutdurur dərdi-səri,

Hardan aldın sən bu sehri?

Sazlı-sözlü Zeynəbimiz.


Zaur sevir saz ətrini,

Çox istəyir çox xətrini,

Bəzə şeirin hər sətrini,

Sazlı-sözlü Zeynəbimiz.

18 iyul 2010

İNSAF ELƏ
Aşıq Fəzail Miskinə
Fəzail sazını dur sıx sinənə,

“Dilqəmi”, “Kərəmi” çal, insaf elə,

Tilsimə salıbsan şair könlümü,

Ələ pərdələrdən bal, insaf elə.


Vallah baş açmıram heç hardayam mən,

Bilmirəm qışdayam, bahardayam mən,

Sanki bu dünyadan kənardayam mən,

Salma ürəyimə xal, insaf elə.


Bu nə oyunuydu açdın başıma?

Min ili caladın sanki yaşıma,

Boşalt ürəyini, çox yük daşıma,

Nisgili qəlbindən sal, insaf elə.


Ürəklər qaynayar, coşar bu sazda,

Bağlı sərhədləri aşar bu sazda,

Xalqımın tarixi yaşar bu sazda,

Bülbül necə qalsın lal, insaf elə.


Qəlbi ovsunladın, nura bələdin,

Qaranlıq yolları işıq elədin,

Qardaş, vallah məni məndən elədin,

Zauru kövrəltmə, gəl insaf elə.

5 dekabr 2006
AĞLADI
Aşıq Fəzail Miskini dinləyərkən
Ay Fəzail, elə çaldın,

Ürək yandı, can ağladı.

Pərdələrin harayından,

Yer də, göy də qan ağladı.


Ovsunlandım, tora düşdüm,

Dərdim artdı, dara düşdüm,

Ölməmişdən gora düşdüm,

Dünyamda dörd yan ağladı.


Ümidsizə gümandır saz,

İmansıza imandır saz,

Fırtınadır, tufandır saz,

Dağda duman, çən ağladı.


Balasısan sən bu elin,

Sirdaşısan sarı telin,

Qoy ərisin hər nisgilin,

Ahından bəy, xan ağladı.


Sən olsan da haqq hakimi,

Yaralısan Zaur kimi,

Bəxtimizin sarı simi,

Sökülməmiş dan ağladı.


6 dekabr 2006
YALLINI ÇAL, YALLI KİMİ!
Dil açdısa qara zurna,

Yallını çal yallı kimi!

Addım atma özgə yola,

Yallını çal Yallı kimi!


Qardaş, küsmə gəl sözümdən,

Çalış götür od közümdən,

Qoy çıxmayım mən özümdən,

Yallını çal Yallı kimi!


Haqq yolu get, yoldan çıxma,

Ucalığı zorla yıxma,

Musiqiyə ləkə yaxma,

Yallını çal Yallı kimi!


Hər havanın öz hökmü var,

De kim edər bunu inkar?

Bağışlamaz pərvərdiyar,

Yallını çal Yallı kimi!


Elə çal ki, qan qaynaya,

Ruh titrəyə, can oynaya,

Öz babalın öz boynuya,

Yallını çal Yallı kimi!

22 iyun 2008 (Bakı şəhəri)
BULAQ
Möcüzətək görünürsən,

Vallah-billah mənə bulaq,

Tilsimindən ayrılmıram,

Nədir bu sirr, de nə bulaq?


Öpdün yarın dodağından,

Lal oldum el qınağından,

Gəl incimə qonağından,.

Qısqanıram sənə bulaq.


Gözəlliyin gözü sənsən,

Şairlərin sözü sənsən,

Təbiətə ruzi sənsən,

Harda var bu səhnə bulaq?


Məftun oldum baxışına,

Baldan şirin göz yaşına,

Layiqsən el alqışına,

Vallah dönə-dönə bulaq.


Hər xoş sözü tax döşünə,

Gülüş qonsun gülüşünə,

Zaur sənin görüşünə,

Gələcəkdir yenə bulaq.

6 sentyabr 2007
GECƏLƏR
Məni məndən fikir elə alır ki,

Uşaq kimi ağlayıram gecələr.

İçimdəki hönkürtümlə, ahımla,

Ürəyimi dağlayıram, gecələr.


Ağrılarım sinəm üstə köz olub,

Dərdim-qəmim biriydisə, yüz olub,

Qoşa gözüm bulaqdakı göz olub,

Şəlalətək çağlayıram gecələr.


Minən kimi xəyal adlı atıma,

Ötən günlər düşür bir-bir yadıma,

Qəlb bağımda sadiq olub andıma,

Dərd əkirəm, kağlayırsan gecələr.


Min bəlaya tuş gəlsə də bu başım,

Yenə dərddir mənim könül sirdaşım,

Balıncımı isladanda göz yaşım,

Onu gültək qoxlayıram gecələr.


Loğman yoxdur bu yaramı sarıya,

Bəlkə azca əlac ola yaraya,

Zaur, vallah heç kimə yox, Tanrıya,

Təkcə ümid bağlayıram, gecələr.

14 avqust 2009
BU BAYRAMDA
Bu gün Qurban bayramıdır,

Ədalət var bu bayramda.

Heç vaxt bitib-tükənməyən,

Məhəbbət var bu bayramda.


And içirəm o, Qurana,

Sığmaz bu eşq min dastana,

Yaranmışdan Yaradana,

Sədaqət var bu bayramda.


Saflıq gəlib söz adına,

Haqq çatıb haqq imdadına,

Cəmi islam övladına,

Mərhəmət var bu bayramda.


Könlüm, sevin nəğmələr qoş,

Bulaq kimi qaynayıb coş,

Hər fəsildə yaz kimi xoş,

Təravət var bu bayramda.


Əl uzadıb biz dərgaha,

Zaur, çatdıq çox pənaha,

Yüz illərdi tək Allaha,

Hər günkündən daha artıq,

İbadət var bu bayramda.

27 noyabr 2009

DAHA İNSANLARI TANIMAQ OLMUR!
Vallah insanlığa qiymət azalıb,

Məhəbbət azalıb, hörmət azalıb,

Xəstə bülbül kimi düzlük sozalıb,

Daha insanları tanımaq olmur!


Tikana əsirdi yamyaşıl otun,

Özünü isitmirbəzən öz odun,

Eyni dondadılar düşmənin, dostun,

Daha insanları tanımaq olmur!


Üzünə gülənlər sənə gor qazır,

Şeytana aldanıb düz yolu azır,

Tanrımı taleyi dolaşıq yazır

Daha insanları tanımaq olmur!


Qardaş haqsızlığın yatdıq qoynunda,

Tülkülər göründü quzu donunda,

Əsirik fələyin tərs oyununda,

Daha insanları tanımaq olmur!

Düşsən dumana da, düşsən çənə də,

Zaur, haqq odunu qala sinədə,

Təvəkkül Allah deyək yenə də,

Daha insanları tanımaq olmur!

27 oktyabr 2009
DÜNYA BELƏ DÜNYADIR
Yaranandan bu günə gah boşalır, gah dolur,

Sinəsi dağlar görür, dərd odunda qovrulur,

Gah çənə bürünür, gah göz yaşıtək durulur,

Aqillərin çiynində ağır şələ dünyadır!

Dünya belə dünyadır!
Hər qaya parçasında min illərin səsi var,

Yolunda, cığırında həyatın öz dərsi var,

Baş açmıram, onunla insanın nə bəhsi var?

Gah lal quş kimi sakit, gah zəlzələ dünyadır!

Dünya belə dünyadır!
O, bizə yuva olur, biz ona qəddar yağı,

Çəkirik sinəsinə dağ üstdən min bir dağı,

Davranırıq onunla çox vaxt düşmənsayağı,

Bununçün kimə tikan, kimə lalə dünyadır!

Dünya belə dünyadır!
Yaxşı tanımaq olmur qardaş dostu, düşməni,

Süfrəndə böyüyənlər bəzən tanımır səni,

Sözüm gərçəkdir, heç kəsə qoy qınamasın məni,

Arifə gül, nadana qanlı güllə dünyadır!

Dünya belə dünyadır!
Hamı yaxşı bilir ki, bu dünyada qonaqdı,

Gec, ya tez hər bir kəsi bu torpaq udacaqdı,

Bu həyat başdan-başa imtahandı, sınaqdı,

Hər səhv addım atana ağır sillə dünyadır!

Dünya belə dünyadır!
Nə üçün tapşırırıq çox zaman qurda quzu?

Ayıra bilmirikmi qardaş, şəfəqdən tozu?

Elə bil yoxdur indi halal çörəyin duzu,

Özümüz suçluikən suçlu elə dünyadır!

Dünya belə dünyadır!
Nəyə lazımdır axı bir belə qanlı cənglər?

Arzumdu, yandırılsın bütün toplar, tüfənglər,

Kədərə yox, sevincə qoy bələnsin ürəklər,

Şahlar ona diz çöküb, sanma kölə dünyadır!

Dünya belə dünyadır!

24 may 2008



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin