TüRKÜn türkdən yaxin dostu yoxdur, yox

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.69 Mb.
səhifə4/7
tarix19.10.2017
ölçüsü0.69 Mb.
1   2   3   4   5   6   7

MƏHƏBBƏT
Bu dünyanı qollarında saxlayan,

Ürəkləri bir-birinə bağlayan,

Gecə-gündüz könüllərdə çağlayan,

Xoşbəxtliyin çeşməsidir məhəbbət.


Ayrılığa, hicrana qan udduran,

Tənhalığın kökünə daş atdıran,

Sevən kəsi yarısına çatdıran,

Yaradanın naməsidir məhəbbət.


O tacıdır bütün bəşər əhlinin,

Mizrabıdır qəlb sazının telinin,

Hər bir insan övladının dilinin,

Baldan şirin kəlməsidir məhəbbət.


Libasıdır çəmənlərin, düzlərin,

Şərbət kimi şirinidir sözlərin,

İntizarlı, həyəcanlı gözlərin,

Vüsal adlı sürməsidir məhəbbət.


O qismətdir, nə zamansa oyanır,

Qəlb evində nur selinə boyanır,

Hər bir kəsi həm yandırır, həm yanır,

İki qəlbin nəğməsidir məhəbbət.

4 yanvar 2003
SƏN MƏNƏ ÖYRƏTDİN
Ovsunlu gözlərin düşdüm toruna,

Qovuşmaq istədi könlüm yarına,

Sevgilim, and olsun ulu Tanrıya,

Sən mənə öyrətdin səni sevməyi.


Ülkər baxışların döndü tilsimə,

Toxundu duyğuma, ülvi hissimə,

Dəyib qəlbimdəki tək sarı simə,

Sən mənə öyrətdin səni sevməyi.


Mən Məcnuna döndüm, Leylim sən oldun,

Çevrildim bülbülə, gülüm sən oldun,

Vallah günüm, ayım, ilim sən oldun,

Sən mənə öyrətdin səni sevməyi.


İşığa çevrilib yardıq zülməti,

Yox etdik hicranı, acı həsrəti,

Sənsiz dizlərimin olmaz taqəti,

Sən mənə öyrətdin səni sevməyi.


Daha uşaqlığın illəri keçdi,

Zaur da məhəbbət şərbəti içdi,

Məcnun, Fərhad, Kərəm yanımda heçdi,

Sən mənə öyrətdin səni sevməyi.

7 yanvar 2003
QƏLBİ DAŞA DÖNMÜSƏN
Ay iblisə dönən min üzlü mələk,

Məhəbbət səninçün oyunmuş demək,

Bir vaxt kövrək idin körpə uşaqtək,

İndi niyə qəlbi daşa dönmüsən?


Sən xəzan gətirdin ömrün yazına,

Mizrab həsrət qaldı telli sazına,

Vüsal dünyasında ayaq tozuna,

Hicran dünyasında başa dönmüsən.


Vədəsiz çalındı ayrılıq zəngi,

Bitmədi həsrətin vüsalla cəngi,

Ay şöhrət düşkünü, elə sanma ki,

Mənim gözlərimdə yaşa dönmüsən.


Səni sınaqlara çəkdikcə həyat,

Yarandı qəlbində neçə qalın çat,

Güllü baharıydın gözümdə bir vaxt,

İndi də şaxtalı qışa dönmüsən.


Könlümə eşq nuru saça bilmədin,

Bağlı qapıları aça bilmədin,

Sevgi göylərində uça bilmədin,

Qanadı qırılmış quşa dönmüsən.

10 yanvar 2003

YOLUMU GÖZLƏMƏ
Saldı kəməndinə ayrılıq bizi,

Soldu sevgimizin nurlu bənizi,

Bizdən uzağıymış vüsal dənizi,

Hicrandan gizlənib, sinən deyiləm,

Yolumu gözləmə, dönən deyiləm.
Mən səndən inciyib, küsüb gedirəm,

Əlimi əlindən üzüb gedirəm,

Acı sözlərindən bezib gedirəm,

Mən artıq bu günəm, dünən deyiləm,

Yolumu gözləmə, dönən deyiləm.
Geydin bilə-bilə ayrılıq donu,

Vüsal ola bilməz bu eşqin sonu,

Günahkar özünsən, bilmirsən bunu?

Sənsiz göylərdəyəm, enən deyiləm,

Yolumu gözləmə, dönən deyiləm.
Dağlar ərisə də çəkdiyim ahdan,

Sən saydın həsrəti vüsaldan baha,

Göz yaşı axıtmaq hədərdi daha,

Ha ağlayıb yalvar, dinən deyiləm,

Yolumu gözləmə, dönən deyiləm.
Sanma ki, ömrümün qəm çağındayam,

O yalan sevginin sorağındayam,

Mən artıq vüsalın qucağındayam,

Vüsal ulduzuyam, sönən deyiləm,

Yolumu gözləmə, dönən deyiləm.

24 yanvar 2003


BİTDİ SEVGİMİZ
Bizi öz qoynuna aldısa həsrət,

Bir şirin yuxuymuş demək məhəbbət,

Daha açammarıq vüsaldan söhbət,

Yarı yolda qaldıq, bitdi sevgimiz.


İşıqlı ümidlər heyif, heç oldu,

Çəkilən əzablar tamam puç oldu,

Bilmədik ki, bu köç necə köç oldu,

Yarı yolda qaldıq, bitdi sevgimiz.


Bu eşq fələk atan qoşa zəriymiş,

Sevdalı ürəyin dərdi-səriymiş,

Yarımçıq yazılmış bir əsəriymiş,

Yarı yolda qaldıq, bitdi sevgimiz.


Qəlbdə ayrılığı bəsləməsək də,

Onu bəxtimizə səsləməsək də,

Heç zaman bu günü gözləməsək də,

Yarı yolda qaldıq, bitdi sevgimiz.


Bilmirəm nə üçün sən bilə-bilə,

Öz tale yolunda qurmuşdum tələ,

Ay bəxtsiz gözəl, bu səbəbdən elə,

Yarı yolda qaldıq, bitdi sevgimiz.


Ayrılan illərin həsrət qatarı,

Şığıya biləndi vüsala sarı,

Niyə nakam oldu bu sevgi Tanrı?

Yarı yolda qaldıq, bitdi sevgimiz.


Abad dünyamızı elədik bərbad,

Oldu şüşə qabtək ürəyimiz çat,

Gedirəm, yolumu gözləmə heç vaxt,

Yarı yolda qaldıq, bitdi sevgimiz.

3 fevral 2003
UNUT MƏNİ
Məhəbbətin bir yuxuymuş,

Yalanıymış, heç yoxuymuş,

Ürək oyan bir oxuymuş,

Yox, demirəm ovut məni,

Çalış daha unut məni.
Həsrət bizi elə qucdu,

Vüsal mülkü himdən uçdu,

Bu savabdı, yoxsa suçdu,

Fərq eləməz, gen tut məni,

Çalış daha unut məni.
Qalansam da ocağında,

Olmadın haqq sorağında,

Sənsizliyin qucağında,

Əbədilik uyut məni,

Çalış daha unut məni.

Nə yaz bildin, nə qış bildin,

Duaları qarğış bildin,

Göz yaşını yağış bildin,

Etdin qara bulud məni,

Çalış daha unut məni.


Dara çəkdi bizi həyat,

Olammadıq qoşa qanad,

Dilənilmir sevgi heç vaxt,

Az əl açıb qorxut məni,

Çalış daha unut məni.
Çıxmasan da xəyalımdan,

Xəbərsizsən sən halımdan,

Döndərəmməz amalımdan,

Hər məsləhət, öyüd məni,

Çalış daha unut məni.

6 fevral 2003


DAHA İNANMIRAM
Tale həsrət qoydu mizrabı simə,

Sevdalı qəlbimiz bələndi qəmə,

Könül əyləndirdin mənimlə demə,

Daha inanmıram sənin sevginə.


Canını üzməsin həyəcan, təlaş,

Yıxdın öz evini sən yavaş-yavaş,

Ürəyin ürək yox, bir daşıymış, daş,

Daha inanmıram sənin sevginə.


Etdin bəxtindəki gündüzü gecə,

Bütün ümidləri döndərdin heçə,

Vallah inansam da hər şeyə, bircə,

Daha inanmıram sənin sevginə.

Özün bilirsən ki, illərdən bəri,

Yolunda çəkmişəm hər dərdi-səri,

Ay gözü dumanlı vəfasız pəri,

Daha inanmıram sənin sevginə.


Özün öz bəxtinlə oyun oynadın,

Çox vaxt haqsız yerə məni qınadın,

Qiymətsiz elədi səni inadın,

Daha inanmıram sənin sevginə.


Səni dünya qədər sevsəm də ancaq,

Oldun ürəyimə saplanmış bıçaq,

Saydın məhəbbəti oyun-oyuncaq,

Daha inanmıram sənin sevginə.


İşığa səslədim, zülməti sevdin,

Hicranla bağlanan ülfəti sevdin,

Sən Zauru deyil, şöhrəti sevdin,

Daha inanmıram sənin sevginə.

10 fevral 2003
GƏLƏN GÖRÜŞƏ KİMİ
Yenə qəm qonubdur gül camalına,

Boynun bükük qalıb bənövşə kimi.

Ülvi məhəbbətlə dolan ürəyin,

Elə bil sınıbdır bir şüşə kimi.


Nədir ay sevgilim bunun səbəbi?

Taleyinmi tutub sənə qəzəbi?

Niyə sevgi üstə köklənən qəlbi,

Üzməyi edirsən bir peşə kimi?


Eşq odu tutdusa şirin canını,

Vüsal nuru tutar asimanını,

Sənli günlərimin hər bir anını,

Bəslərəm qəlbimdə bir guşə kimi.


Bilmirəm nə üçün sən bilə-bilə,

Dönürsən qəm üstə köklənmiş telə?

Nə yaman utancaq olmusan belə?

Yanağın qızarıb gülöşə kimi.


Aşiq olan gündən səntək mələyə,

Sığmıram nə yerə, nə də ki göyə,

Zaurun dilindən gəlmir ki, deyə,

-Sağollaşaq gələn görüşə kimi.

15 aprel 2003
SEVGİLİLƏR GÜNÜNDƏ
Dünya nura boyansın,

Yatan bəxtlər oyansın,

Qəlblər eşqlə qalansın,

Sevgililər günündə.


Tapsın bizi səadət,

Nə qəm bilək, nə həsrət,

Məhəbbətdən olaq məst,

Sevgililər günündə.


Olaq hər vaxt biz həmdəm,

Küssün bizdən dərd-ələm,

Quraq yeni bir aləm,

Sevgililər günündə.


Özgə olur eşq tamı,

Sərxoş edir adamı,

Xoşbəxt olsun qoy hamı,

Sevgililər günündə.

Xoş arzular gül açsın,

Hicran bizdən gen qaçsın,

Lal könüllər dil açsın,

Sevgililər günündə.

14 fevral 2003
BU GÖZƏLİN SEVGİLİSİ
Ülvi eşqə ləkə yaxmaz,

İntizara qanad taxmaz,

Öz əhdinə dönük çıxmaz,

Bu gözəlin sevgilisi.


Sevgi dolu xəzinədir,

Eşq şamına pərvanədir,

Məcnun kimi divanədir,

Bu gözəlin sevgilisi.


Hər vaxt ağzı dualıdı,

Öz əhdinə vəfalıdı,

Məhəbbətdən havalıdı,

Bu gözəlin sevgilisi.


Xoş arzulu, xəyallıdı,

Təmkinlidi, ehmallıdı,

Fərhad, Kərəm timsallıdı,

Bu gözəlin sevgilisi.


Zirvələrdə qara dönər,

Vüsal üçün tara dönər,

Sevən qəlbdə nura dönər,

Bu gözəlin sevgilisi.


Öz eşqinə taxar qanad,

Şirinləşər baltək həyat,

İlqarında dönməz heç vaxt,

Bu gözəlin sevgilisi.


Qəlbi nurlu bir səhərdi,

Hicran görsə artar dərdi,

Zaur adlı bəxtəvərdi,

Bu gözəlin sevgilisi.

15 fevral 2003
QAYIT, SƏN ALLAH
Həsrət alovunda elə qovruldum,

Ah-nalə çəkməkdən yanıb kül oldum,

Yollara baxmaqdan vallah yoruldum,

Sənsiz dözəmmirəm, qayıt sən Allah.


Məni Məcnun edən ay qönçə gülüm,

İntizar çəkməkdən yaxşıdır ölüm,

Sevən də sevənə edərmi zülüm?

Sənsiz dözəmmirəm, qayıt sən Allah.


Puç etmə işıqlı olan cəhdimi,

Ölsəm də pozmaram mən öz əhdimi,

Çəkdiyim acılar əyir qəddimi,

Sənsiz dözəmmirəm, qayıt sən Allah.


Sevdalı könlümə oldun dərd verən,

Düşdü ümidlərim çox pərən-pərən,

Gedişin dönüşü olmazmı görən?

Sənsiz dözəmmirəm, qayıt sən Allah.


Şahmar ilan kimi çalma bu eşqi,

Ayaqlar altına salma bu eşqi,

Solmayan çiçəkdir, yolma bu eşqi,

Sənsiz dözəmmirəm, qayıt sən Allah.

23 fevral 2003

BU SEVDA BAŞ TUTAN DEYİL
Yandım illər boyu eşqin oduna,

Çatdım dar günündə hər vaxt dadına,

Ancaq heç düşmürəm sənin yadına,

Deyəsən bu sevda baş tutan deyil.


Sən oyun-oyuncaq sandın sevgimi,

Olammadıq eşqin qoşa hakimi,

Vüsal uçub getdi durnalar kimi,

Deyəsən bu sevda baş tutan deyil.


Ülvi məhəbbətə qəsd olundu, qəsd,

Bizdən gen gəzmədi göz yaşı, həsrət,

Bu da bir taledir, bu da bir qismət,

Deyəsən bu sevda baş tutan deyil.


Öz canımdam artıq sevsəm sə onu,

Vüsal yox, hicranmış bu eşqin sonu,

Bəxtimiz geydisə ayrılıq donu,

Deyəsən bu sevda baş tutan deyil.

5 aprel 2003
GƏZ, DOLAN
Üzünə çöksə də gözünün rəngi,

Qara son boyaqdır, ağı gəz dolan.

Mələklər dayanıb çiyinlərində,

Sola meyil salma, sağı gəz dolan.


Mən vüsala qaçdım, sən ondan qaçdın,

Şirin söz istədim, qəlbimi sancdın,

Sevinc arzuladım, qəmə əl açdın,

Yazıqsan, yaz donlu bağı gəz dolan.


İmarət qurdusa bəxtində kədər,

Çalış ki, o mülkü dağıt birtəhər,

Ömrün bəs edəcək ölənə qədər,

Dəyərsiz keçməyən çağı gəz dolan.


Rəhm et, ümid adlı gülümü üzmə,

Küskün baxışlarla çox məni süzmə,

Çiçək dərmək üçün çölləri gəzmə,

Sinəmə çəkdiyin dağı gəz dolan.


Od ola bilmədin ocaq başında,

Qəlbimi qocaltdın cavan yaşında,

Düşmən əyləşibdir ocaq başında,

Zaur, kənarda az yağı gəz dolan.

8 aprel 2003
MƏNİM İLK MƏHƏBBƏTİM
Tez açdı, tez də soldu,

Bir şirin yuxu oldu,

Sanırdım qənd, noğuldu,

Mənim ilk məhəbbətim.


Şaxtalı qışa döndü,

Qanadsız quşa döndü,

Gözümdə yaşa döndü,

Mənim ilk məhəbbətim.


Vüsala yetişincə,

Gündüzüm oldu gecə,

Qəfildən döndü heçə,

Mənim ilk məhəbbətim.


Bilmədim heç eşq nədir,

Gerçəkdir, əfsanədir?

Bağlanmış bir səhnədir,

Mənim ilk məhəbbətim.


Düşmədi zərim qoşa,

Az qaldı ağlım çaşa,

İlk gündən dəydi daşa,

Mənim ilk məhəbbətim.


Ömrümü çəkdi dara,

Qəlbimə vurdu yara,

Qul oldu intizara,

Mənim ilk məhəbbətim.


Ah çəksəm mən dərindən,

Dağ yanar dərd-sərimdən,

Silinmir xatirimdən,

Mənim ilk məhəbbətim.

17 iyun 2003
ÖZÜ YIXILAN AĞLAMAZ
Eşitdim çox ağır xəstələnibsən,

Həsrətim yatağa salıbdır səni.

Gözlərin önündən getmir surətim,

Görmək istəyirsən təzədən məni.


Gələnə-gedənə sən yalvararaq,

Xəbər göndərirsən qayıdım geri.

Səhvini anlayıb peşman olubsan,

Deyirsən sonuncu görüşdən bəri.


Məni öz qoynuna alıb fikirlər,

İki yanar odun arasındayam.

Sənsiz keçən ömrün əvvəlində yox,

Ay gözəl, mən artıq yarısındayam.

O vaxtdan nə qədər gör zaman ötüb,

Mən də Məcnun kimi ömür sürmüşəm.

Sənin acığına özgə birinə,

Könülsüz də olsa könül vermişəm.


Sənin xətrini xoş etməkdən ötrü,

Mən də sənin kimi könül sındırım?

Qəlbimi odlara qaladığıntək,

İndi mən də onu odda yandırım?


Dünya dağılsa da əmin ol bundan,

Dönmək mümkün deyil daha dünənə.

Yazıqsan, yataqdan qalxasan deyə,

Gözünə görünüb gedəcəm yenə.


Daha gözlərindən qan yaş axıtma,

Mümkün deyil geri dönmək ey nigar.

Bəxtində bağlısa vüsal qapısı,

Günahkar özünsən, gəzmə günahkar.


“Özü yıxılanlar ağlamaz” axı,

Bu gözəl məsəli bilmirsən məgər?

Özün qənim oldun xoşbəxtliyinə,

“Daldan atılan daş topuğa dəyər”.

20 iyun 2003

BARIŞMAĞA MƏCBURUQ
Bəxtimizin saçını qəm daradı,

Biz qaşsaq da, hicran bizi aradı,

Bu son görüş qəlbimizdə yaradı,

Bu qismətlə barışmağa məcburuq.

Eşq yolunda heç gülmədi üzümüz,

Vaxtsız söndü alovumuz, közümüz,

Düşmən olduq özümüzə, özümüz,

Bu qismətlə barışmağa məcburuq.


Qurduğumuz dünya tamam dağıldı,

Ayrılığa qoşa qanad taxıldı,

Bu sevgimiz sən demə bir nağıldı,

Bu qismətlə barışmağa məcburuq.


Qoşa atdıq, ayrı düşdü zərimiz,

Günahkarıq ikimizdən birimiz,

Yaradana bəllidir hər sirrimiz,

Bu qismətlə barışmağa məcburuq.


Heç yoxuymuş bu sevginin atəşi,

Kaş olmaya fələyin bu tərs işi,

Bəxtimizin söndü ayı, günəşi,

Bu qismətlə barışmağa məcburuq.


Üzümüzə gülmədi bu məhəbbət,

Gözdən yaşı silmədi bu məhəbbət,

Biz ölsək də, ölmədi bu məhəbbət,

Bu qismətlə barışmağa məcburuq.


Gözləmirdik heç bu eşqin sonunu,

Bizi tapdı taleyin tərs oyunu,

Daha çətin geyək vüsal donunu,

Bu qismətlə barışmağa məcburuq.

27 iyun 2003

GƏL, KEÇMİŞİ YADA SALAQ
Ay sevgilim gəl oturaq üz-üzə,

Xatirələr sirdaş olsun qoy bizə,

Calandıqca sevgi dolu söz sözə,

Eşq nuruna bülənd olsun qaranlıq,

Gəl keçmişi yada salaq bir anlıq.
Yadındamı ilk tanışlıq, ilk görüş?

Yadındamı o göz yaşı, o gülüş?

Yadındamı baldan şirin ilk öpüş?

Heyif geri dönməyəcək cavanlıq,

Gəl keçmişi yada salaq bir anlıq.
Uşaq kimi adi sözdən küsərdin,

İnciməklə ürəyimi üzərdin,

Həyəcandan yarpaq kimi əsərdin,

Gül camalın olardı lap xəzanlıq,

Gəl keçmişi yada salaq bir anlıq.
O illərdə nə çəkmədi başımız?

Gah çən-duman, gah nuruydu qarşımız,

Elə ki, yaz donu geydi qışımız,

Yoxa çıxdı fələk edən yamanlıq,

Gəl keçmişi yada salaq bir anlıq.
Düşən gündən məhəbbətin oduna,

Səy göstərib mindik vüsal atına,

Kim ki, ləkə yaxırdı eşq adına,

O əməli zənn etmirdi insanlıq,

Gəl keçmişi yada salaq bir anlıq.

2 sentyabr 2003




OLACAQSAN
Mindin bilə-bilə hicran atına,

Saldın məhəbbəti ayaq altına,

Sadiq deyilmişsən sən öz andına,

Sanırdım əhdinə düz olacaqsan.


Xoşbəxt günlərinə kəsildin qənim,

Acı xatirəyə döndü dünənim,

Yoxdur zərrə qədər günahım mənim,

Mən yox, sən qızaran üz olacaqsan.


Bir vaxt yolumuzu duman kəsərdi,

Sevgim günəş olub onu əzərdi,

Adını çəkəndə dilim əsərdi,

İnnən belə adi söz olacaqsan.


Olmadın ayımı ilə döndərən,

Sevgi qönçəsini gülə döndərən,

Məni yox, özünü külə döndərən,

Alov olacaqsan, köz olacaqsan.


Baxışın kimisə yoldan eləsə,

Sevdalı qəlbini oda bələsə,

Səni aşiq sanıb gözüm söyləsə,

Bil ki, nurdan düşmüş göz olacaqsan.


Özünə qənimsən öz kələyinlə,

Uzaq gedənməzsən bəd diləyinlə,

O yalan sevginlə, daş ürəyinlə,

Hər zaman qırılmış səs olacaqsan.


İblis tor qurubdur səntək mələyə,

Çevrilibsən bağrı xallı laləyə,

Qəlbimi bükdünsə aha, naləyə,

Ahımdan əriyən buz olacaqsan.

17 sentyabr 2003

GÖZLƏMƏYİN ƏBƏSDİR
Ürəyimiz düşsə də eşq oduna,

Qoşammadıq günü günün ardına,

Sən ki, sadiq deyilsən öz andına,

Daha məni gözləməyin əbəsdir.


Görüşümüz son görüşdür, son vida,

Mümkün deyil baxışın qəlb ovuda,

Yox – hələlik-söyləmirəm, - əlvida!

Daha məni gözləməyin əbəsdir.


Taleyini tənhalığa qul etdin,

Yollarını zülmət donlu yol etdin,

Kədərimi sən boldan da bol etdin,

Daha məni gözləməyin əbəsdir.


Məhəbbətin yollarında mənsiz qal,

Qismət deyil bizə nə toy, nə vüsal,

Bu sevgimiz xəyalıymış, bir xəyal,

Daha məni gözləməyin əbəsdir.


Bəxtimizdə əsdi hicran küləyi,

Parçaladı sevdalanmış ürəyi,

Bu qismətdir, qarğımayaq fələyi,

Daha məni gözləməyin əbəsdir.

26 sentyabr 2003
DALDAN ATILAN DAŞ TOPUĞA DƏYƏR”
Düşdüm məhəbbətin yanar oduna,

Qəti bilinmədi gündüzüm, gecəm.

Məni oda salan o, güldən ayrı,

Sanırdım həyatda tənhayam, heçəm.


O baxışlar məni məftun elədi,

Gül kimi cücərdi sevgi qanımda.

Məcnun da, Kərəm də sanırdım mənəm,

Onlar bir yuxudur, heçdir yanımda.


Sanırdım o gül də mən ürəkdədir,

Andına, əhdinə sadiqdir hər an.

Elə bilirdim ki, bir addım belə,

Yaxın gəlməz bizə göz yaşı, hicran.


Sən demə sevgimiz bir yuxu imiş,

Əbəs yerə ona mən inanmışam.

Sən demə südəmər bir körpə kimi,

Onun fitnəsinə mən aldanmışam.


Bu da bir taledir, bu da bir qismət,

Başa gələn bəla çəkilməlidir.

Pozmaq mümkün deyil Tanrı yazanı,

Yalan eşqin mülkü sökülməlidir.


Yalvarış, göz yaşı hədərdir daha,

Geri dönməyəcəm nə küs, nə inci.

Sənə əl açmaram həyatım boyu,

Nə məhəbbət puldur, nə mən dilənçi.


Bir gün başın daşa dəyəcək sənin,

Özünə gələndə gec olacaqdır.

Qəlbində kök salan bütün arzular,

Elə sevgin kimi puç olacaqdır.


Daha bu sevginin yoxdur axırı,

Sən yanan deyilsən çünki halıma.

Qayıdaq ziyanın gəl yarısından,

Sən öz yoluna get, mən öz yoluma.

Bu sevda yolunda gözəl “Vağzalı”.

Bizi öz qoynuna ala bilmədi.

Sevgin yalanıymış, buna görə də,

Hicranı taxtından sala bilmədi.


Bəlkə də peşmansan öz əməlinə,

Bilirəm tənhalıq qəddini əyər.

Yalvarıb-yaxarma daha Zaura,

“Daldan atılan daş topuğa dəyər”.

3 oktyabr 2003

KİM DUYACAQDIR
Güllü baharımı qarlı qış etdin,

Sevgi dünyamızı içiboş etdin,

Məni bu aləmə niyə tuş etdin?

Bilməzdim sevgidən göz doyacaqdır,

Səni mənim kimi kim duyacaqdır?
Yazıqsan, bir düşün, qurtar bu cəngi,

Bəxtində çaldırma ayrılıq zəngi,

Mənli günlərinin həsrəti, bil ki,

Qəlbini oyduqca hey oyacaqdır,

Səni mənim kimi kim duyacaqdır?
Güvəndiyim dağa qar yağacaq, qar,

Bu gün dünya sənə olacaqdı dar,

Göz yaşı, ayrılıq, həsrət, intizar,

Daşlaşmış qəlbinə od qoyacaqdır,

Səni mənim kimi kim duyacaqdır?
Gecəyə döndüsə nurlu sabahlar,

Saysızdır etdiyin ağır günahlar,

Cəllada dönərək çəkilən ahlar,

Anbaan dərini hey soyacaqdır,

Səni mənim kimi kim duyacaqdır?
Gəl qayıt yarıdan, sevgimlə öyün,

Eşqin qüdrətinə səcdə et hər gün,

Vursan öz əlinlə bəxtinə düyün,

Qəlbini göz yaşı, qəm yuyacaqdır,

Səni mənim kimi kim duyacaqdır?

16 noyabr 2003


ÖZÜNÜ BƏDBƏXT ELƏDİN
Aldanıb daş-qaşa, şöhrətə, ada,

Bada verdin ülvi sevgini, bada,

Niyə bilə-bilə kül deyib oda,

Tale yollarına külü ələdin,

Sən özün-özünü bədbəxt elədin.
Niyə düşünmədim axı bir anlıq?

Nurlu yollarını aldı qaranlıq.

Geri dönməyəcək bir də cavanlıq,

Sanma ki, bəxtinə uğur dilədin,

Sən özün-özünü bədbəxt elədin.
Heç sadiq olmadın içdiyin anda,

Bir oyuncaq kimi baxdın həyata,

Saldı kəməndinə səni qan-qada,

Ömrünü-gününü qəmə bələdin,

Sən özün-özünü bədbəxt elədin.
Düşdün hər ötənin qurduğu tora,

Şirin həyatını döndərdin gora,

Oyan bu yuxudan, gec olar sonra.

Qayıt yarıyoldan, gör ki, neylədin,

Sən özün-özünü bədbəxt elədin.

Müqəddəs sevgiyə kəsildin qənim,

Bir nağıl, bir yuxu oldu dünənim,

Yoxdur zərrə qədər günahım mənim,

Yetim quzu kimi qəlbən mələdin,

Sən özün-özünü bədbəxt elədin.

28 noyabr 2003

BACARMAYACAM
Uçdu tikdiyimiz eşqin sarayı,

Artdı qəlbimizin ahı, harayı,

Hey qarşılasaq da baharı, yayı,

Səni unutmağı bacarmayacam.


Nə gecə biləcəm, nə də ki, gündüz,

Dərdim biriydisə olacaqdır yüz,

Bu həsrət qəlbimə köz basacaq, köz,

Səni unutmağı bacarmayacam.


Bir iz qalmadısa nurlu sabahdan,

Daşlar əriyəcək çəkdiyim ahdan,

Dözüm diləsəm də hər gün Allahdan,

Səni unutmağı bacarmayacam.


Sən demə yuxuymuş bu məhəbbətin,

Acı zəhəriymiş vüsal şərbətin,

İlk eşqi unutmaq çətindir, çətin,

Səni unutmağı bacarmayacam.


Mən sən deyiləm ki, ilqarsız olam,

Vüsal güllərini kökündən yolam,

Bəlkə də qəlbində bir qara xalam,

Səni unutmağı bacarmayacam.


Dözmək mümkün deyil ağrı-acına,

Sinəmə vurduğun yağlı qamçına,

Məni çəksələr də dar ağacına,

Səni unutmağı bacarmayacam.


Bu həyat, bu qismət, bu eşq, bu hicran,

Vallah sənin üçün gəlməsin asan,

Unutmaq çətindir unudulmaqdan,

Səni unutmağı bacarmayacam.

10 yanvar 2004

ÖZÜNSƏN
Nə deyim bu adətinə?

Qənim oldun qismətinə,

Bilə-bilə öz bəxtinə,

Yad olan özünsən, özün.


Uydun özgə söz-sovuna,

Düşdün həsrət alovuna,

Dönüb hicran girovuna,

Çat olan özünsən, özün.


Çürüyəssən dərd əlində,

Boğulassan qəm gölündə,

Yerli-yersiz el dilində,

Ad olan özünsən, özün.


Fələk səni qucaqlayır,

Ürəyini hey dağlayır,

Taleyinə el ağlayır,

Şad olan özünsən, özün.


Sevgin könül xatasıdır,

Saxtaların saxtasıdır,

Arzun şahmat taxtasıdır,

Mat olan özünsən, özün.

9 fevral 2004

YENƏ DƏ SƏNSƏN
Hər kəlmədən göz ayırıb,

Kül altından köz ayırıb,

Eyni izdən iz ayırıb,

Qovrulan yenə də sənsən.


Düşünmürsən sabahını,

Artırırsan günahını,

Tanımayıb Allahını,

Devrilən yenə də sənsən.


Niyə belə etdin, niyə?

Sancdın eşqi sən süngüyə,

Xoşbəxtliyi yerə-göyə,

Sovrulan yenə də sənsən.


Ölümdür bu hicran, ölüm,

Gəl özünə etmə zülüm,

Yolçu idik haqqa, gülüm,

Çevrilən yenə də sənsən.


Puç etdinsə saf sevgimi,

Sındı qəlbin sarı simi,

Tənhalıqdan ilan kimi,

Qıvrılan yenə də sənsən.

11 fevral 2004
YUVASI YOXDUR
Elə qırmısan ki, sevən könlümü,

Daha əlacsızdır, şəfası yoxdur.

Mənim bir dərdimi min bir etmisən,

Verdiyin dərdlərin davası yoxdur.


Günbəgün artdıqca sənin yalanın,

O gündən başladı sevgi talanın,

Bilməzdim canımı oda salanın,

Qəlbində zərrəcən vəfası yoxdur.


Vüsala çatmağa eləsəm də cəhd,

Bizdən gen gəzmədi ayrılıq, həsrət,

Sənin qəlbindəki yalan məhəbbət,

Köçəri bir quşdur, yuvası yoxdur.

1 mart 2004



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə