Mehriban Allah nöqsanları aradan qaldırır
Allah-Taala tərəfindən nöqsanların aradan qaldırılması diqqət nəticəsində mümkün olur. Elmi kitablardan imanımızı gücləndirəcək bə`zi nümunələrə nəzər salaq:
Günəş enerjisinin bərpası
Yerin enerjiyə olan ehtiyacının əsas tə`minatçısı Günəş varlıq aləminin kiçik bir nöqtəsidir. O, olduqca böyük istiliyə malikdir. Günəşin səthində 6093º c. istilik mövcuddur. O, hər saniyədə fəzaya 12 400 000 t. enerji buraxır. Günəşin bir dəqiqədə buraxdığı enerji 679x10(15) t. daş kömürün yanmasından ayrılan enerjiyə bərabərdir. Maraqlıdır ki, bu qədər enerji ayıran mənbə kənardan qidalanmadığı halda nə üçün sönmür? Əgər Günəş xalis daş kömürdən hazırlanmış olsaydı, hər dəqiqə enerjisi azalmaqla 60 əsrə sönərdi.
Bu suala yalnız Allahın “Cəbərut” sifətinin köməyi ilə cavab vermək olar. Allah-Taala Günəşi böyük qaz kütləsindən yaratmışdır. Bu qaz kütləsində buraxdığı enerjini geriyə qaytarmaq xüsusiyyəti vardır. Bu nəticə məşhur dünya fiziklərinin uzun-uzadı zəhmətləri nəticəsində əldə edilmişdir. Bəli, Rəbbimiz əşyanın itirdiyi enerjini müxtəlif vasitələrlə “cübran” edir, yə`ni onun özünə qaytarır. Bu, Allahın “cəbərut” sifətidir.
Xəzər dənizində qabarıb-çəkilmənin əvəzi
Xəzər dənizinin səviyyəsi azad dəniz səviyyəsindən 27.6 m. aşağıdır və onun dünya sularına çıxışı yoxdur. Bu səbəbdən də okean qabarıb-çəkilmələri ilə Xəzər arasında əlaqə müşahidə edilmir. Xəzər dənizi kiçik olduğundan Ayın cazibə qüvvəsi ona bir o qədər də tə`sir göstərmir. Əslində bu tə`sirdən kənarda qaldığı üçün Xəzərin suları bulaşmalı və o, ölü dənizə çevrilməlidir. Bəs nə üçün Xəzərdə canlılar yaşayır?
Bu dənizi yaradan Rəbbimiz onun nöqsanlarını da müəyyən vasitələrlə aradan qaldırmışdır. Bulanmanın qarşısını almaq, dənizin sularını hərəkətə gətirmək üçün “xəzri” və “gilavar” adlı küləklər fəaliyyət göstərir. Bu küləklər vasitəsilə buludlar dənizin şimalından cənubuna doğru qovulur. Nəticədə sahil ərazidə yağan yağışlar canlı təbiəti oyadır. Lilli, ölü sular Ənzəli sahillərində “dirilmə” prosesindən keçir. Gilan çaylarının gətirdiyi toxumlar bu sulara qatılır və cücərir. Amma bu gölməçə min ildir ki, qurumur. Nə üçün? Çünki, dənizin bu hissəsində sel suları fəaliyyət göstərir. Eləcə də dənizin şor suyu bitki toxumlarının ifrat cücərməsinin qarşısını alır. Buludları cənuba qovan “xəzri” külək sakitləşən kimi “gilavar” küləklər hərəkətə başlayır. Bu küləklər gil dolu sahilyanı gölməçələrin gilini dənizə govub onu durulaşdırır.
Meyvə toxumu qıtlığının əvəzi
Meyvə toxumları nə qədər ki, əkilməyib, nə qədər ki, Allah-Taala onların cücərməsi üçün mövcud maneələri aradan qaldırmayıb, onlar cücərə bilmir.
Qarşımızdakı alma ağacı nə vaxtsa kiçik, cansız bir toxum formasında idi. Bu toxum nə qədər ki, torpağa əkilib, hava, işıq, su və istilikdən faydalanmamışdı, ölü halında qalmışdı. Amma bir gün Allahın iradəsi ilə maneələr aradan qaldırıldı və kiçik toxum qollu-budaqlı ağaca çevrilib, öz dadlı meyvələrini insanların ixtiyarına verdi. Allahın «cəbərut» sifətilə daha dərindən tanış olmaq üçün bə`zi nöqtələrə nəzər salaq. Almanın tərkibində olanlar: protein və amin turşuları, yod və kalsium kimi mə`dən maddələri, nişasta və şəkər, yağlar, boyalar, vitaminlər və 84% su. Diqqət edin Yaradanın qüdrətinə!
Daşa bir e`tibar verər ki, bu daş
Tacları bəzəyər, bil, yavaş-yavaş.
Torpağı qaldırar elə hörmətə
Çəkərlər gözə ki, gələ qüdrətə.
Dərədə cücərmiş ən görkəmsiz ot
Yuxusuza layla çalıb deyər “yat”.
Hər bitki bir dərdə çarədir inan,
Heyif ki, diqqətsiz yaşayır insan.
Yalın ayağını çalan tikanda
Şəfa var, tə`siri qısa zamanda.
Dərd varsa, dərmanın verənimiz var,
Ehsan süfrəsini sərənimiz var.
Ehtiyacı olan baxsa dörd yana
İnan, axtardığın tapar bir ana.
Ne`mət yağışını yağdıran o kəs
Həqiqi aşiqə verəsidir səs.
Bir kimsə lütfünə qovuşa bilsə
Qiyamətdə geyər nurdan əlbisə.
Kimsənin könlünə salmasa işıq,
Şübhəsiz, işləri düşər dolaşıq.
«Və biizzətikəl-ləti la yəqumu ləha şəy`»
(«Səni and verirəm qarşısında bir şeyin dura bilməyəcəyi izzətinə»)
Hər şeyi qüdrəti ilə yaradıb rəhmətinə bürümüş, bütün çatışmazlıq və nöqsanları cəbərut sifəti ilə aradan qaldırmış müqəddəs vücud qarşısında nə dayana bilər?! Tərkibi yer və göydən götürülmüş bütün mövcudlar yerlə göy arasında qərar tutmuşdur. Onların varlığı qadir Yaradanın varlığının olduqca cüz`i bir nümayişidir. Bu cüz`i yaranmış Yaradanın əzəli və əbədi, sonsuz qüvvəsi qarşısında necə dura bilər?!
“İzzət” güc və qüdrət mə`nasındadır. Bütün mövcudlarda bu izzətin şüası vardır. Bir zərrə qığılcım hara, əzəli və əbədi nur mənbəyi hara! Bəli, “bütün izzətlər Ondandır” (“Fatir”, 10). Hər kəsə layiq olduğu qədər verilir. Layiq olmayanlar isə bu izzətdən məhrum edilir. Demək, Onun qarşısında heç bir müstəqil izzət, qüdrət yoxdur. İlahi izzət qarşısında isə kimsə tab gətirə bilməz. O, sarsılmayan qüvvə’ məğlub olmayan qalibdir.
«Və biəzəmətikəl-ləti mələət kullə şəy`»
(«Səni hər şeyi doldurmuş əzəmətinə and verirəm»)
Failin öz fe`li ilə tanınması (İş görənin öz işi ilə tanınması)
Aydın məsələdir ki, hər bir fe`l, yə`ni iş öz faili, yə`ni bu işi görən haqqında müəyyən mə`lumatlar verir. Yüz on təbəqədən ibarət olan göydələn (bina) asiman, sözsüz ki, öz yaradıcısının əzəmətindən danışır.
“Əsfar” və digər məşhur kitabların müəllifi olan Sədrül Mütəəllihinin şəxsiyyəti və ali düşüncəsi onun kitablarından bəlli olur. Əlbəttə ki, bu gün dünyamızın gecələrini işıqlandıran elektrik enerjisi bu enerjinin ixtiraçısının dərin düşüncəyə malik olduğunu təsdiq edir.
Biz çox-çox məhdud və kiçik varlıq olduğumuzdan Allahın əzəmətini bir o qədər də dərk edə bilmirik. Amma varlıq aləminə diqqət etməklə bu əzəmətin cilvələri aydın olur.
Müxtəlif cahanların yaranışı
Müxtəlif mö`təbər mənbələrdə eləcə də Səduqun “Xisal” kitabının 2-ci cildinin 639-cu səhifəsində İmam Sadiq (ə)-dan belə bir rəvayət nəql olunur: “Allah-Taalanın 12 min aləmi vardır. Onların hər biri yeddi qat göy və yerdən daha böyükdür. Bu aləmlər bir-birinin varlığından xəbərsizdirlər.”
Müasir astronomlar deyirlər: “Varlıq aləmi minlərlə aləmdən təşkil olunmuşdur. Onların hər birinin səması və yeri bizim səmamız və yerimizdən böyükdür.” Müxtəlif mənbələrdə mövcud aləmlərin sayı bildirilsə də əslində bu aləmlər sonsuzdur.
Dostları ilə paylaş: |