Bəndə bilməlidir ki, bütün aşkar və gizlinlərdən xəbərdar olan Allah nədənsə xəbərsiz qala bilməz. Keçmiş, bu gün və gələcək Onun qarşısında aşkardır. O, bütün gizli işlərdən xəbərdardır. Əgər günahlarımızı açsa, nə ata-anamızın, nə ailə-övladımızın, nə də xalqın gözünə baxa bilərik. Günahlar aşkarlansa, insanlar arasındakı inam və e`tibar itər.
Bəndə duanın bu yerində eyibləri örtən Allahdan rüsvay edilməməsini istəyərək sızıldayır. Bəndə əmin olmalıdır ki, Allah-Taala tövbə edən bəndəsini rüsvay etmir. O, bə`zi bəndələri haqqında buyurur: “Onlardan Özüm sorğu-sual edərəm ki, hətta rəhmət peyğəmbərimin yanında belə günahları açılmasın.” İmam Səccad (ə) “Əbu Həmzə” duasında Allahın bə`zi sifətlərini belə bəyan edir: “Eyibləri örtən, günahları bağışlayan, gizlinləri bilən (Allah), günahları böyüklüyünlə örtər, cəzaları helminlə tə`xirə salarsan.” Bə`zi bəndələr vücudlarının məhdudluğuna baxmayaraq o qədər eyiblərin üstünü örtürlər ki, onların haqqında olan dastanlar insanı heyrətə gətirir. Belə isə, vücudu nəhayətsiz və naməhdud olan Allahın eyib örtməyi görün necə ola bilər?!
Yə`qub peyğəmbər (ə) qardaşlarının Yusifin başına gətirdiklərini bilmək istədiyi vaxt Yusif yalnız bunu deyir: “Ey ata, Allah baş verənlərdən keçdi və göz yumdu.”303
Maraqlı əhvalat
Xorasanın təqvası ilə tanınmış insanlarından olan Əbu Əbdürrəhman haqqında yazırlar: “Bir şəxs öz suallarına cavab tapmaq üçün onun yanına gəlir. Söhbət zamanı həmin şəxsdən yel xaric olur. Əbu Əbdürrəhman dərhal özünü karlığa vuraraq deyir: “Ucadan danış, yaxşı eşitmirəm.” Baş vermiş hadisədən özünü itirən şəxs alimin zəif eşitməsinə inanıb özünə gəlir.”
Əbu Əbdürrəhman Hatəm ibn Yusuf Əsəm (yə’ni kar) dünyasını dəyişdikdən sonra hikmət sahiblərindən biri onu yuxuda görüb soruşur: “Allah səninlə necə rəftar etdi?” Hatəm Əsəm deyir: “Bir eşitdiyimi eşitməməzliyə vurduğum üçün Allah bütün eyiblərimi bağışladı.”
“Və la tuacilni bil-uqubəti əla ma əmiltuhu fi xələvati min sui fi`li və isaəti və dəvami təfriti və cəhaləti və kəsrəti şəhəvati və ğəfləti”
(“Xəlvətdə yol verdiklərimə çirkin işlərimə günahlarıma, bəndəlikdə süstlüyümə nadanlığıma, şəhvətiminin çoxluğuna, qəflətimə görə cəzalandırmağa tələsmə”)
İlahi maarifdən mə`lum olur ki, əgər insan möhlət verilmədən cəzalandırılsaydı, yer üzündə bir nəfər də sağ qalmazdı. Lakin Allah-Taala öz bəndələrini cəzalandırmağa tələsmir, onlara tövbə edib təmizlənmək üçün möhlət verir. Bə`zən də cəza ona görə tə`xirə salınır ki, bu nəsildən mö`min insanların vücuda gəlməsi mümkün olsun. Bə`zən isə uşaqların göz yaşı, gecəni oyaq qalan aşiqlərin duaları cəzaları yubandırır.
Ola bilər ki, günah əhlinin e`tinasızlığı bu tə`xirin qarşısını alsın. Amma dua, yalvarış, göz yaşı, tövbə yolu ilə cəzalar tə`xirə düşə bilər. Yunis qövmünün tövbə və dua vasitəsi ilə Allahın cəzasını tə`xirə salması deyilənlərə nümunədir.
Bunu da qeyd etməliyik ki, artıq gəlib çatmış cəzanı kimsə yubada bilməz. Bə`zən bu cəzalar qıtlıq, bahalıq, səma bəlaları, cəmiyyətdə biganəlik və inamsızlıq və sairə şəkillərdə də təzahür edə bilər.
Mə`nəviyyatın pozulması şəklində gələn cəza haqqında Həzrət Peyğəmbər (s) Həzrət Əli (ə)-a belə buyurur: “Ya Əli, məndən sonra bu ümmət tezliklə var-dövləti ilə imtahana çəkilər. Onlar dindarlıqlarına görə Allaha minnət qoyar və Allahdan rəhmət istəyərlər, özlərini əzabdan amanda bilər və yalan şübhələri, haramları halal tanıyarlar. Məstedici içkiləri halal içki, haram malı hədiyyə sələmi al-ver zənn edərək özləri üçün halala çıxararlar.”304
Əgər insanların batini günah səbəbindən çirkaba batmazsa, onlar haramı halal hesab etməzlər. Bu günahkarlığın səbəbi əslində Allahın cəzası olaraq insani mə`nəviyyatın şeytani xislətə çevrilməsidir. Bu hala Bəni-İsrail qövmünün düşdüyü vəziyyət misal ola bilər: “İlahi rəhmətdən məhrum edilmiş meymunlara çevrildilər.”305
İmam (ə) bu mövzuya toxunarkən dörd məsələni qeyd edir:
1. Təfrit (ifratın ziddi);
2. Cəhalət;
3. Şəhvət;
4. Qəflət
Təfrit
Təfrit dedikdə Allaha itaətdə və xalqa xidmətdə göstərilən e`tinasızlıq və süstlük nəzərdə tutulur. Vəzifəyə münasibətdə təfrit, yə`ni yüngül münasibət insanın başına böyük bəlalar aça bilər. Həzrət Əli (ə) buyurur: “Təfrit böyük müsibətdir.”306 “Təfritin sonu peşmançılıq, uzaqgörənliyin meyvəsi salamatlıqdır.”307 “Sə’y edərək irəli düşənlərin sonu Behişt, səhlənkarlıq edənlərin sonu isə atəşdir.”308
İmam Sadiq (ə) buyurur: “Təfritə yol verən kəs böyük çətinliklərə düçar olar.”309
Cəhalət
Həqiqətdən xəbərsizlik, dünya və axirət işlərinə münasibətdə cəhalət olduqca təhlükəli bir xəstəlikdir. Bu xəstəliyə elm və mə`rifət yolu ilə əlac olunmazsa nəticə olduqca ağır ola bilər. Ötən söhbətlərimizdə bu mövzuda yetərincə danışdıq.
Şəhvət
Şəhvət insanın ələ keçirmək istədiyi bir şeyə şiddətli rəğbətidir. Əgər bu rəğbət çirkin şeylərədirsə insanı günaha batıracaq və nəhayət insan dünya və axirət əzabına düçar olacaqdır.
Şəhvətin oyanmasının səbəbi dünyaya hədsiz məhəbbətdir. Bu insan şeytan qucağında bitmiş ağac kimidir. Onun budaqları şəhvət, meyvəsi günahdır. Bu ağac Cəhənnəmdəki Zəqqum ağacının oxşarıdır. Əlbəttə ki, həyəcanlanmış şəhvət qarşısında moizə və nəsihət tə`sirsizdir.
Bəsirət əhli belə bəyan edir ki, çox nəfslərdə kök atmış bu qorxulu ağacın yeddi çox çirkin budağı var:
1. Məqam, vəzifə və cah-cəlal şəhvəti;
2. Var-dövlət şəhvəti;
3. Ev-eşik, imarət şəhvəti;
4. Qadına şəhvət;
5. Ləzzətli yeməklər və məstedici içkilər şəhvəti;
6. Qiymətli və əlvan geyim şəhvəti;
7. Günahkarlarla yaxınlıq şəhvəti.
Bu yeddi şəhvət istər-istəməz insanda yeddi şeytani sifət doğurur:
1. Təkəbbür;
2. Riyakarlıq və lovğalıq;
3. Həsəd;
4. Hərislik və tamah;
5. Xəsislik;
6. Zülm;
7. Qəzəb.
Dünya məhəbbəti quyusuna düşənlər, şəhvət zülmətində qərq olanlar ölüm məqamında qəflətən oyandıqları zaman, anlayırlar ki, düzəlişi mümkün olmayan bir səhvə yol veriblər.
Dostları ilə paylaş: |