Maddə 106. Zərər çəkmiş şəxsin hüquqi varisi
106.1. Hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur.
106.2. Zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə mənəvi, fiziki və ya maddi ziyan vurmuş yaxın qohumu həmin zərər çəkmiş şəxsin hüquqi varisi hesab edilə bilməz.
106.3. Zərər çəkmiş şəxsin yaxın qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir. Bu zaman müvafiq xahişlə müraciət etmiş bir neçə yaxın qohum arasından zərər çəkmiş şəxsin hüquqi varisinin seçilməsində mübahisə olduqda həmin məsələni məhkəmə həll edir. Göstərilən xahişlə müraciət edilən anda şəxsin hüquqi varis qismində tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir.
106.4. Şəxs zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanındıqdan sonra onun həmin qisimdə qalması üçün əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqan əsaslandırılmış qərarı ilə bu şəxsin cinayət prosesində zərər çəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verir. Zərər çəkmiş şəxsin hüquqi varisi cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürə bilər.
106.5. Zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə edir və digər vəzifələr daşıyır. Zərər çəkmiş şəxsin hüquqi varisi zərər çəkmiş şəxs kimi eyni əsaslar üzrə xüsusi ittihamçı hüquqlarından istifadə edə və onun vəzifələrini daşıya bilər.
106.6. Zərər çəkmiş şəxsin hüquqi varisinin aşağıdakılara hüququ yoxdur:
106.6.1. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;
106.6.2. xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək;
106.6.3. zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək.
106.7. Zərər çəkmiş şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər.
106.8. Zərər çəkmiş şəxsin hüquqi varisi bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları və vəzifələri yerinə yetirir.
Dostları ilə paylaş: |