Maddə 106-1. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi
106-1.1. Ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur.
106-1.2. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz.
106-1.3. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir.
106-1.4. Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir.
106-1.5. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi qismində tanınması barədə müraciət etmiş bir neçə yaxın qohum arasından hüquqi varisin seçilməsində mübahisə olduqda, həmin məsələni məhkəmə həll edir. Müraciət edilən anda şəxsin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi qismində tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir.
106-1.6. Şəxs təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi kimi tanındıqdan sonra onun həmin qisimdə qalması üçün əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqan əsaslandırılmış qərarı ilə bu şəxsin cinayət prosesində təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi kimi iştirakına xitam verir. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürə bilər.
106-1.7. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və bu Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir.
106-1.8. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisinin aşağıdakılara hüququ yoxdur:
106-1.8.1. ölmüş şəxsin ittiham olunduğu əməlin törədilməsində onun təqsirini etiraf etmək;
106-1.8.2. təqsirləndirilən (şübhəli) şəxsin verdiyi şikayətdən imtina etmək.
106-1.9. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər.
Dostları ilə paylaş: |