Tofiq HACIYEV
AMEA-nın müxbir üzvü,
AMEA Folklor İnstitutunda
“Dədə Qorqud” şöbəsinin müdiri
ÖZÜ, VARİSİ VƏ ANA DİLİ
Orta əsrlər Avropa maarifçilərinin qənaətinə görə, dövlət başçısı filosof olmalıdır. Bu fikir o zaman söylənmişdi ki, fəlsəfə bütün elm sahələrini özündə cəmləşdirirdi. Həmin fikrin canı odur ki, dövlətin başçısı dövlət siyasətini yürüdəndə elmə əsaslansın. Elm də, ədəbiyyat da, sənət də yüksək mədəni inkişafın nəticəsidir. Və bunların hamısı mədəni yetkinliyin məhsulu olmaq etibarilə mədəniyyətin tərkib hissələridir. Siyasi mədəniyyət, dövlət-idarəçilik mədəniyyəti o zaman kamil olur ki, möhkəm elmi təməl üstündə dursun. Mən oxuyub bildiyim bu keyfiyyətləri bilavasitə, əyani şəkildə mərhum Prezidentimiz Heydər Əliyevin şəxsində görmüşəm. Mən görmüşəm ki, O, cəmiyyətin hər hansı bir zümrəsi ilə görüşə gedəndə müvafiq sahə ilə bağlı tədqiqat aparar, mövcud təcrübəni təhlil edər və auditoriyanın qarşısına çıxardı. Buna görə də O, musiqi xadimlərinin professional yığıncağında yüksək intellekt sahibli bir sənətşünas kimi, ya ədəbiyyat tariximizin bir nəhəng nümayəndəsinin yubileyində mükəmməl bir ədəbiyyatşünas kimi çıxış edərdi. Öz fitrətindəki istedadının verdiyi təbii qabiliyyətini apardığı həmin sinxron tədqiq və təhlillərlə daha da dolğunlaşdırardı. Təbii ki, hər elm, sənət, peşə sahəsinin öz spesifik terminologiyası olur. O, terminologiyaya bələd olmadan müvafiq auditoriyada gedən söhbəti, müzakirəni nəzarətdə saxlamaq, onu idarə etmək mümkün deyil. Yaxşı yadımdadır: H.Əliyev MK-nin birinci katibi gələndən sonra Azərbaycan yazıçılarının ilk qurultayı keçirilirdi. Qurultayda geniş, tarixi bir çıxış elədi. Çıxış, təbii, birinci, dolğun məzmunu ilə alqışlandı. İkinci və bundan çox diqqəti çəkən bu çıxışın dili oldu. Çıxışın məzmunu salonu ona görə təəccübləndirmədi ki, o, bu çıxış üçün material toplamış və hazırlaşmışdı. Ancaq bir həftəyə, on günə dil öyrənmək olmazdı ki. Ömrü boyu çalışdığı yüksək vəzifələrdə həmişə rus dilini işlətmiş dövlət başçısı ana dilində, Azərbaycan türkcəsində necə təmiz, rahat, intonasiyası, nəfəsi, vurğuları yerində olan bir nitq söylədi! Burada qırx ildən də çox keçən bir vaxtda mənim yaddaşımdan silinməyən xeyli hadisələr oldu. Çox böyük istedad sahibi, böyük nüfuz sahibi yazıçılarımızdan biri ədəbiyyatda özünü göstərən konyukturanın əleyhinə danışdı.
Konyuktur ədəbiyyat anlayışında, adətən, yüksək bədii sənətkarlıqla yox, şüurlu düşünülmüş, deyək ki, dövlət sifarişi ilə yazılmış əsərlər nəzərdə tutulur. H.Əliyev onu dayandırdı. Ədəbiyyatın dövlətə, dövlətçiliyə xidmət göstərməyə borclu olduğunu dedi. Dedi ki, əlbəttə, dövlətçiliyə xidmət edən əsər zəif, sxematik olmamalıdır. Dedi, yadınıza salın ki, Lenin L.Tolstoyu rus inqilabının güzgüsü adlandırıb.
Həmin qurultaydan başqa bir hadisə. İstedadlı tənqidçimiz Qulu Xəlilov çıxışında vəzifəlilərə xeyli irad tutdu. İclası İsaq İbrahimov aparırdı. Ayağa qalxdı ki, Qulunun vaxtının qurtarmasını ona bildirsin. H.Əliyev onun qolundan tutub oturtdu. Bu o demək idi ki, tənqidə meydan vermək lazımdır. Böyük salonda gurultulu bir alqış qopdu. Və alqış xeyli çəkdi. Qulunun arxası rəyasət heyətinə qarşıydı. Arxada nə olduğunu, salonun nəyə əl çaldığını bilmirdi, elə bilirdi ki, camaat ona əl çalır. Ona görə alqış kəsiləndə Qulu dedi ki, yoldaşlar, çox əl vurmayın, bunun düşər-düşməzi olar. Bu sözə salon da güldü, H.Əliyev özü də. Bu qurultayda o vaxta qədər görmədiyimiz, dövlət başçısının iştirak etdiyi məclisdə şahidi olmadığımız başqa söhbətlər, hadisələr də oldu. Olmamış, görünməmiş şeylərdən biri o olmuşdu ki, qurultayqabağı Mərkəzi Komitənin birinci katibi yazıçıları, şairləri dəstə-dəstə – yaşlı nəsli bir, orta nəsli bir, gəncləri də bir qrup qəbul etmişdi. Bunlar hamısı ölkədə yaranan təzə ab-havadan xəbər verirdi. Bütün bunlarla yanaşı, məncə, qurultayın sonunda olan bir hadisə çox ibrətli idi. Sonda SSRİ yazıçılarının Moskva qurultayına namizədlərin siyahısı oxundu. Orta nəsildən bir yazıçı qalxdı ki, siyahıya mən də düşməliyəm. Siyahıda M.Rahimin də adı vardı. M.Rahim iki il olardı ki, yorğan-döşək xəstəsi idi. Bir nəfər yerdən təklif etdi ki, bu istəyən adam M.Rahimin yerinə əlavə olunsun. Hamı razılaşdı. Mərkəzi Komitənin birinci katibi yenə məsələyə qarışdı. Dedi ki: Məmməd Rahim xalq şairidir, Moskvaya gedən siyahıda onun adı hökmən olmalıdır; bu siyahıda xalqın, dövlətin mədəniyyəti, ədəb-ərkanı görünməlidir. Salon bu düzəlişə əl çaldı. Həmin yazıçıya Moskvadan xahişlə bir yer alındı, Rahim də siyahıda saxlandı. Bu etika, ağsaqqala hörmət norması hamının ürəyindən oldu. Bu, dövlətçilik, idarəçilik, rəhbərlik etikası idi. Bu, Heydər Əliyevin iş üslubu, rəhbərlik üslubu idi.
Bu üslubdan Azərbaycanın dövlətçilik tarixində çox şeylər qaldı. Mən yenə ədəbiyyatla, mədəniyyətlə bağlı bir faktı yada salmaq istəyirəm. SSRİ zamanında, adətən, Sosialist Əməyi Qəhrəmanı adını kolxozçulara, fəhlələrə verərdilər. Çox nadir hallarda bu addan mədəniyyət adamlarına da pay düşərdi. Ancaq Heydər Əliyevin rəhbərliyi dövründə bu kiçik respublikadan on nəfərə yaxın ədəbiyyat, incəsənət, musiqi xadimi həmin ada layiq görüldü. Böyük-böyük respublikaların heç birində bu kəmiyyəti görmədik. Bu, sovet dövlət rəhbərliyində H.Əliyevin şəxsiyyətinə olan hörmətdən irəli gəlirdi. O, öz şəxsiyyəti, öz hörməti ilə millətini, dövlətini tanıdırdı, şöhrətləndirirdi.
Yadımdadır, Rəsul Rzanın döşünə Sosialist Əməyi Qəhrəmanı ulduzunu taxanda xalq şairimiz Məhəmməd Hadinin bu misralarını dedi:
Dostları ilə paylaş: |