Üzrə tədqiqat Müəlliflər qrupu



Yüklə 0,67 Mb.
səhifə1/15
tarix17.11.2018
ölçüsü0,67 Mb.
#83962
  1   2   3   4   5   6   7   8   9   ...   15

Azərbaycanda gender büdcəsinin tətbiqi üçün iqtisadi, siyasi, sosial və institusional bazanın təhlili”



üzrə tədqiqat
Müəlliflər qrupu:
İnqilab Əhmədov, Azər Mehtiyev, Murad Bağırzadə, Kənan Aslanlı

Bakı 2008

Nəşr ACİ-YF, “Qadın” Proqramının maliyyə dəstəyi ilə çap olunmuşdur.


Mündəricat


Giriş
1. Gender büdcəsi və əlaqədar anlayışların şərhi, o cümlədən gender büdcəsi təhlilinin metodoloji məsələləri;

2. Gender büdcəsi ilə bağlı beynəlxalq təşəbbüslərin, bir sıra xarici ölkələrin təcrübəsinin pozitiv və neqativ tərəflərinin analizi;

3. Azərbaycan cəmiyyətində qadınlar (demoqrafik və sosial təhlil);

4. Azərbaycan iqtisadiyyatında qadınlar (əmək bazarının təhlili);

5. Azərbaycan siyasətində qadınlar (siyasi sistemdə və dövlət idarəçiliyində qadınların rolunun təhlili);

6. Azərbaycanda gender problemi və xüsusi təminata ehtiyacı olan sosial qadın qruplarının aşkarlanması;

7. Büdcədən (əsas hədəf dövlət büdcəsidir) qadınların birbaşa və dolayı faydalanma vəziyyəti və imkanları;

8. İqtisadi, maliyyə, sosial, regional, institusional və siyasi problemlər, habelə risklər;

9. Hökümətə, qadın təşkilatlarına, beynəlxalq təşkilatlara və digər maraq tərəflərinə effektiv gender büdcəsinin tətbiqi ilə bağlı orta və uzunmüddətli tədbirlərlə bağlı təkliflər;
İstinad edilmiş mənbələrin siyahısı

Giriş

Son illər xüsusən beynəlxalq təşkilatların dəstəyi ilə gender siyasətinin müxtəlif tətbiq mexanizmləri və bəzi yeni istiqamətləri formalaşır. Bunlardan biri də gender büdcəsi büdcəsi yanaşmasıdır. Bu yanaşma və siyasət ölkəmiz üçün yenidir. Bu baxımdan Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə İctimai Vəsaitin Monitorinqi Mərkəzinin həyata keçirdiyi müvafiq layihə çərçivəsində həyata keçirilən “Azərbaycanda gender büdcəsinin tətbiqi üçün iqtisadi, siyasi, sosial və institusional bazanın təhlili” üzrə tədqiqatda problemin müxtəlif aspektləri və müvafiq anlayışlar ətraflı təhlil edilmişdir. Müəllif qrupu problemin iqtisadi, o cümlədən fiskal, sosial, siyasi, intitusional tərəflərini araşdıraraq sonda gender büdcəsi yanaşmasının Azərbaycanın mövcud sosial-iqtisadi sisteminə uyğun şəkildə tətbiqi üçün bütün maraq tərəflərinə tövsiyyələr irəli sürmüşlər.

Bu günə qədər bu tədqiqatın mövzusuna nisbətən yaxın olan istiqamətlərdə müəyyən işlər görülmüşdür. Bunlardan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə OXFAM GB təşkilatının birgə işi olan “Büdcə və gender: dövlət büdcəsinin gender təhlili”, BMT-nin Əhali Fondunun dəstəsyi ilə “İnkişaf” Elmi Mərkəzi tərəfindən hazırlanan “Bərabər imkanlara təminat: milli qanunvericiliyin və dövlət büdcəsinin gender ekspertizası”, yenə BMT-nin Əhali Fondunun dəstəyi ilə Qərb Universiteti nəzdindəki Gender Araşdırmaları Mərkəzinin hazırladığı “Gender elminə giriş” kimi tədqiqat işlərini qeyd etmək olar. Bu materiallrad iqtisadi ve büdcə aspektləri olsa da, bu tam xarakter daşımır. Bu səbəbdən “Azərbaycanda gender büdcəsinin tətbiqi üçün iqtisadi, siyasi, sosial və institusional bazanın təhlili” üzrə tədqiqatı beynəlxalq təcrübəni və milli büdcə sistemini eyni zamanda kompleks təhlil edən ilk iş kimi qiymətləndirə bilərik. Bu tədqiqatın həm ekspertlər, həm də geniş mənada vətəndaş cəmiyyətinin nümayəndələri və bütün maraq tərəfləri üçün faydalı olacağına ümid edirik.

1. Gender büdcəsi və əlaqədar anlayışların şərhi, o cümlədən gender büdcəsi təhlilinin metodoloji məsələləri

Bərabər olanların bərabərliyi,

bərabər olmayanların isə bərabərsizliyi ədalətdir.

Aristotel. “Politika”

Gender büdcəsi, “gender-sensitiv büdcə” və ya “qadın büdcəsi” gender yanaşması əsas götürülməklə dövlət büdcəsinə başlıca olaraq milli səviyyədə müxtəlif qadın və kişi qruplarının təsirini qiymətləndirməyə imkan verən proses və alətlərin məcmusudur. Gender və ya qadın büdcəsi ayrıca qadınlar üçün bir büdcə deyildir. Gender büdcəsi yalnız gender orientasiyalı ayırmaların (məsələn, qadınlar üçün xüsusi proqramlar) təhlilini, bütün sahələr və xidmətlər üzrə əsas xərclərin qadın və kişilərə ayrılıqda təsirini, dövlət xidmətləri sferasında bərabər imkanların yaradılmasına istiqamətlənən strategiya və ayırmaların öyrənilməsini əhatə edir. İlk “gender büdcəsi” 1984-cü ildə Avstraliyanın federal höküməti tərəfindən tərtib edilmişdir. 1995-ci ildə Cənubi Afrika parlamentariləri, QHT nümayəndələri və tədqiqatçıları qdın büdcəsinin təhlili təşəbbüsünü qəbul etdilər; 1997-ci ildə isə hökümət bu təşəbbüsü həyata keçirdi. Gender büdcəsinin istər hökümətdaxili, istərsə də hökümətdənkənar formada tərtibi təşəbbüsləri bu gün Kanada, Hindistan, Böyük Britaniya, Tanzaniya, Meksika, Zimbabve kimi ölkələrdə həyata keçirilir. Daha keyfiyyətli gender bərabərliyi naminə büdcə ayırmalarına təsir cəhdləri o ölkələrdə uğurlu olur ki, orada siyasi və sosial-iqtisadi bərabərliklərlə bağlı vəziyyət daha liberladır, və ya orada gender büdcəsi təəssübküşləri hökümətdə və ya parlamentdə tərəfdarlara malikdirlər. Son dövrlər geniş ictimaiyyətin, habelə qadınların büdcə prosesi ilə bağlı məlumatlılığının artırılması, gender büdcəsi təhlilinin metodoloji bazasının gücləndirilməsi istiqamətində bir sıra addımlar atılmışdır. Gender büdcəsi sahəsində mühüm tədqiqatçılardan hesab edilən Diane Elson gender büdcəsinin tədqiqində nəzərdən keçirilməli olan 7 aləti dəqiqliklə göstərmişdir:



  1. Gender əsaslı siyasət qiymətləndirməsi: büdcədən maliyyələşən tədbir və proqramlara gender perspektivindən yanaşmaq və belə bir suala cavab tapmağa çalışmaq – “Hökümətin siyasətləri və ona müvafiq olan resurs ayırmaları gender bərabərsizliyini hansı yollarla artıra və azalda bilər?”. Ümumiyyətlə, büdcənin gender-sensitiv təhlili ona əsaslanır ki, büdcə müəyyən siyasətin davamı olmalıdır. Əgər büdcə müəyyən siyasəti izləyirsə onda “gender əsaslı siyasət qiymətləndirməsi” siyasətdəki boşluqları və məhdudiyyətləri, habelə ayrılan maliyyə resurslarının adekvatlığını müəyyənləşdirməyi təklif edir. Beləliklə, bu qiymətləndirmə büdcə siyasəti ilə büdcə ayırmaları arasında birbaşa və güclü əlaqə (bəzən bu əlqəni konkretləşdirmək çətin olsa da) qurmağa xidmət edir. Digər alətlərdən (gəlir və xərclərin gender əsaslı təhlili) fərqli olaraq bu analitik yanaşma detallaşdırmanı yox ümumiləşdirməni əsas götürür. Bu yanaşma belə bir çətinliyi qəbul edir ki, hansı fərdlərin və ya qrupların dövlət büdcəsinin xərclərindən birbaşa təsirləndiyini müəyyən etmək çətindir. Buna baxmayaraq siyasət, strategiya və proqram səviyyəsində gender məsələlərinin məcmu halda qiymətləndir məsi, gender tədbirlərinin və ayırmalarının nəticəliliyinin qiymətləndirilməsi mümkündür.

  2. Benefisiarların gender əsaslı qiymətləndirilməsi: benefisiarların dövlət xidmətlərininin və büdcə ayırmalarının onların ehtiyacına uyğunluğunu necə qiymətləndirməsi və bunu necə qavramasının üzə çıxarılması. Bu alət vətəndaşın səsinin eşidilməsinə imkan verir. Dövlət proqramlarının mövcud və potensial benefisiarlarının müxtəlif texnikalardan istifadə edilməklə dövlət xidmətlərinin keyfiyyəti, bunun onların ehtiyaclarına və qavrayışlarına uyğunluğu barədə fikirləri öyrənilir. Bu rəylər büdcənin qadın və kişilərin prioritetlərinə uyğunluğunun qiymətləndirilməsi üçün təhlil edilir. Məsələn, bəzən benefisiarların təhlilində iştirakçılardan soruşulur: “Əgər siz Maliyyə naziri olsaydınız büdcə vəsaitlərini necə bölüşdürərdiniz?”. Detallaşdırılmış benefisiar qiymətləndirilməsi məlumatları müxtəlif kəmiyyət metodları (rəy sorğuları və s.) və keyfiyyət metodları (fokus qrupları, müsahibələr və s.) vasitəsilə toplana bilər. bu üsulların hər birinin üstünlükləri və məhdudiyyətləri vardır. Qiymətləndirmələr müxtəlif hökümət agentlikləri və ya vətəndaş cəmiyyəti qrupları tərəfindən aparıla bilər.

  3. Xərclərin gender əsaslı təhlili: dövlət xərclərinin bölgüsündən qadın və kişilərin, oğlan və qızların nə dərəcədə faydalandığının aşkar edilməsi (“gender-neytral büdcə”nin və ya “gender-kor büdcə”nin xərc təhlili). Bu alət bəlli dövlət proqramları üzrə ayrılan dövlət vəsaitinin kişi və qadın, oğlan və qız qrupları arasında bölgüsünü qiymətləndirir. Bunun həyata keçirilməsi üçün müəyyən dövlət xidmətinin göstərrilməsinin hər vahidi üzrə xərclər və gender meyarı ilə təsnifləşdirilmiş ev təsərrüfatları – fərdlərin dövlət xidmətindən (xərclərindən) yararlanması səviyyəsi barədə geniş kəmiyyət informasiyalarına ehtiyac duyulur.

  4. Gəlirlərin gender əsaslı təhlili: gəlirlərin mənbəyində də gender faktorunun təhlili təklif edilir. Belə təhlil gəlirin vergi komponentini tədqiq edir. Bu birbaşa və dolayı vergilərin müxtəlif fərdlər və ev təsərrüfatları tərəfindən hansı miqdarda ödənilməsini əhatə edir. Gəlirlərin gender əsaslı detallaşdırılmış təhlilinin tələb etdiyi gəlir informasiyaları adətən ev təsərrüfatları arasında keçirilmiş sorğular və vergi orqanlarının sənədləri əsasında əldə edilir.

  5. Büdcə zamanlamasının gender yönümlü analizi (Gender-Disaggregated Analysis of the Budget on Time Use). Bu metod milli büdcə ilə ev təsərrüfatlarının fəaliyyəti arasındakı əlaqəni əhatə edir. Eyni zamanda burada haqqı ödənilməyən işlərin gender bölgüsü də öyrənilir. Hətta bu cür perspektiv qadınların daha şəfqətli cins olduğundan, məsələn, uşaqlara və ya xəstələrə baxıcılığı nəticəsində xeyli vaxt itirdiyini və real gəlir əldə etmək imkanlarının azaldığını kompensasiya etməyi də nəzərdə tutur.

  6. Orta müddətli iqtisadi siyasət çərçivəsinin gender təhlili: milli büdcələrin gender analizinin yekun nəticəsi “gender dəyişənləri”nin (gender variables) orta müddətli xərc planlaşdırılması modellərində nəzərə alınmasıdır. Bu yanaşma gender faktorunu gələcək büdcələrə təsir etmək məqsədilə orta müddətli iqtisadi çərçivə sənədinin əsaslandığı iqtisadi modellərə bir dəyişən kimi daxil edir. Burada gender dəyişənlərinin tətbiq edilə bildiyi detallaşdırmadan istifadə, milli gəlir hesabları ilə ev təsərrüfatlarının gəlir hesablarının inteqrasiyası, müxtəlif fərziyyələrdən istifadə kimi üsullradan geniş yararlanılır. Orta müddətli iqtisadi modelləşdirmə iki səviyyədə həyata keçirilir. ən ümumi səviyyədə bütün iqtisadiyyat modelləşdirilir ki, burada iqtisadi artım tempi, büdcə kəsiri, inflyasiya, faiz dərəcəsi və məşğulluq kimi makro dəyişənlərdən istifadə olunur. Gender-sensitiv büdcə məqsədləri üçün uyğun olan daha detallaşdırılmış səviyyədə isə çoxillik büdcə ayırmaları modelləşdirilir. Məhz burada gender göstəriciləri modelə rahatlıqla daxil edilə bilər. bu analiz növü yüksək modelləşdirmə vərdişləri və geniş iqtisadi məlumatlara çıxış imkanı tılıb edir.

  7. Gender büdcəsi bəyanatı: hər bir hökümət yuxarıdakı alətlərin proqram və büdcəyə təsirini, habelə zəruri indikatorları əhatə edən bəyanat verməlidir. Bu bəyanat və ya hesabat hökümətin büdcə siyasətinin, proqramlarının və müvafiq maliyyə vəsaitinin gender əsaslı auditini özündə əks etdirir. Belə bir sənəd hazırlanarkən yuxarıda sadalanan metod və alətlərdən istifadə etmək olar. Gender əsaslı büdcə bəyanatı hökümətin qarşıya qoyduğu gender bərabərliyi məqsədlərinə çatılması və gender-sensitiv büdcənin təkmilləşdirilməsi yolları haqqında hesabatlılıq sənədidir.

Gender büdcəsi həssas anlayışdır və Diane Elsonun bu təhlil alətləri hər bir ölkənin informasiyalılıq səviyyəsi və hökümətin öhdəlikləri nəzərə alınmaqla spesifik kontestinə uyğunlaşdırıla bilər. (Mənbə: Elson, Diane. “Accountability for the progress of women: women demanding action”, in Progress of the World’s Women: UNIFEM Biennial Report, New York, United Nations Development Program (UNDP), 2002).

Dünya Bankının eksperti Simel Esim büdcə xərclərinin gender təhlili üçün aşağıdakı metodlardan istifadəni uyğun hesab edir: klassik iqtisadi analiz; büdcə xərclərinin təsnifatlar üzrə təhlili; intitusional təhlil – resurslardan səmərəli istifadə imkanlarının artırılması; xidmətləri çatdırma mexanizmlərinin təhlili – hökümətə alternativlər daxil olmaqla; xidmətlərin keyfiyyətinin təhlili; steykholder analizi – imkanlar və çatışmazlıqlar nəzərə alınmaqla; dövlət xərclərinin əhatə dairəsinin təhlili – ev təsərrüfatlarının davranışlarından və ayırmaların spesifikliyindən asılı olaraq; kəmiyyət metodları, o cümlədən benefisiarların qiymətləndirilməsi və yoxsulluğun qiymətləndirilməsi;

Bü gün daha geniş yayılmış metodika dövlət siyasətinin gender ekspertizasıdır. Belə ekspertiza bu və ya digər sahədə və ya proqramda aşkar və ya gizli gender aspektlərinin ortaya çıxarılmasını, buna uyğun olaraq ayrılan resursların və həyata keçirilən siyasətlərin gender bərabərliyinə təsirinin qiymətləndirilməsini nəzərdə tutur. Məsələn, Cənubi Afrikada savadsız qadınların kişilərdən çox olduğunu əsas götürərək hesab etmək olar ki, bu ölkədə böyükləri təhsilinə ayrılan büdcə vəsaitləri gender bərabərliyinin artmasına təsir edə bilər. Analoji olaraq, qadınların daha çox qeyri-formal iqtisadi sektorda işə cəlb edildiyini əsas götürərək hesab etmək olar ki, kiçik və orta sahibkarlığın inkişafına dövlət yardımından qadınlar daha çox bəhrələnə bilər. Gender-sensitiv büdcənin təhlili xərclərin (məsələn, büdcə assiqnasiyaları və ya kadr resursları), nəticələrin (benefisiarlar) və təsirlərin (təhsil və səhiyyə xidmətlərinin yaxşılaşması, vaxt amili) qiymətləndirilməsi üçün məlumatların mövcudluğunu zəruri edir. Britaniya Millətlər Birliyinin (Birlik ölkələrinin 1995-ci ildə qəbul etdikləri fəaliyyət planı - Commonwealth Plan of Action on Gender and Development - əsas tənzimləyici sənəddir) bəzi ölkələri büdcənin hazırlanmasında əsas məsul olan nazirliklərdə “gender perspektivi yanaşması”nı tətbiq edirlər. Bu halda həmin nazirlik və ya bütövlükdə hökümət büdcə ilə eyni vaxtda xərc hissəsinin gender təhlilini də aparıb təhvil verirlər. Belə gender təhlili nazirlikdən tələb edir ki, gender bərabərliyinin təminatlarının bərqərar olması üçün ayrılan xərclərin, qadınların sosial problemlərinin həlli üçün prioritet təşkil edən dövlət xidmətlərinin, qadınlarla iş üzrə dövlət qurumunun fəaliyyətinə ayrılmış xərclərin və s. dəqiq hesabatını aparsın. Bir məqamı da nəzərə almaq lazımdır ki, bəzən bərabər imkanlar, bərabər real istifadəyə gətirib çıxarmaya bilər. Bu baxımdan, gender büdcəsi mərkəzi, regional və yerli büdcə ayırmalarında qadınların fərqli sosial ehtiyaclarının nəzərə alınmasını da əhatə etməlidir. Gender büdcələşdirməsi yüksək siyasi iradə, adekvat resurslar və bacarıqlar, institusional və hüquqi baza, vətəndaş cəmiyyətinin bu sahədə yüksək məlumatlılıq səviyyəsini tələb edir. Ümumi büdcə prinsipləri olan hesabatlılıq, şəffaflıq, bərabərlik və effektivlik gender büdcəsinə də aid edilməlidir.

Gender büdcəsi anlayışının hansı ehtiyacdan irəli gələrək yarandığını da gözdən keçirmək lazımdır. Unutmaq lazım deyil ki, gender büdcəsi təşəbbüslərinin əslində ifrat praqmatikləşmiş Qərb həyat tərzinin nəticəsi olduğu barədə də arqumentlər mövcuddur. Burada qadının müəyyən mərhələdə fiziki zəifliyi onun iqtisadi proseslərdən və sosial dəstəkdən kənarda qalmasına (baxmayaraq ki, bu ölkələrin sosial müdafiə sistemi daha təkmildir) səbəb ola bilər. Bizim halımızda isə vəziyyət bir qədər fərqlidir. Belə ki, ailə ənənələrinin güclü olduğu şərq-müsəlman cəmiyyətlərində qadının iqtisadi mənada tədricindən söhbət gedə bilməz, əksinə bəzən ev təsərrüfatlarının aktiv maliyyə tənzimləyiciləri məhz qadınlar olur. Lakin bütün bunlar həssas qadın qruplarının mövcudluğunu və onların xüsusi büdcə dəstəyinə ehtiyaclarının olmasını istisna etmir. Əsas məqam ondan ibarətdir ki, gender büdcəsi ilə bağlı təşəbbüslər əsaslandırılmış ehtiyaclardan qaynaqlansın və məqsədli olsun. Ümumiyyətlə, hazırki dövrdə gender təşəbbüs- lərinə skeptik yanaşan insanlar hətta ekspertlər arasında da mövcuddur ki, bu faktın özü də ciddi araşdırma tələb edir.



Gender büdcəsinin vəzifələri: qadınların dövlət resurslarına çıxışının artırılması; dövlət büdcəsinin gender perspektivi baxımından effektivliyinin artırılması; vətəndaş cəmiyyəti təşkilatlarının, həmçinin qadın qeyri-hökümət təşkilatlarının qərar qəbulu prosesindəki rolunun aktivləşdirilməsi; alternativ büdcələşdirmə (bəzi Latın Amerikası ölkələrində QHT-lər dövlət büdcəsini geniş təhlil etdikdən sonra xərclərin gender perspektivindən yeni strukturunu tərtib etmişlər).

Gender büdcəsi təhlilinin formalaşmasına doğru atılan addımların ardıcıllığı:

1-ci addım – milli büdcə sisteminin hüquqi, iqtisadi və təşkilati əsaslarının bu istiqamətdə təkmilləşdirilməsi

2-ci addım – vəzifələrin formalaşdırılması: bərabər hüquqlar və bərabər imkanlar siyasətini təmin etmək üçün resursların cinsi bölgüyə uyğun bölünməsi;

3-cü addım – informasiya toplanması: beynəlxalq və milli qanunvericilik, büdcə layihələri və büdcə icrası hesabatları, statistik və sosioloji informasiyalar

4-cü addım – büdcənin, xüsusən sosial xərclərin cari, ortamüddətli və uzunmüddətli perspektivdə gender ekspertizası

5-ci addım– maliyyələşmə mənbələri, büdcə ayırmalarının əsaslandırılması və büdcənin yeni tərtibatı haqqında əsaslandırılmış tövsiyyələrin formalaşdırılması.

Gender büdcəsində problematik məsələlər kimi nəzərdən keçirilməli olan qadınların maraq sahələri bunlardır: məşğulluq və işsizlik; bərəbər iş müqabilində bərabər əməkhaqqı; dövlət qərarlarının qəbulunda iştirak; ana və uşaq sağlamlığının qorunması.

2. Gender büdcəsi ilə bağlı beynəlxalq təşəbbüslərin, bir sıra xarici ölkələrin təcrübəsinin pozitiv və neqativ tərəflərinin analizi

Ümumiyyətlə, gender büdcəsi təşəbbüsləri hal-hazırda dünyanın 50-dən çox ölkəsində həyata keçirilməkdədir. Onlardan bəzilərini nəzərdən keçirək.


Avstraliya. Avstraliyanın gender büdcəsi (bu ölkədə daha çox “qadın büdcəsi” alayışından istifadə olunur) dünyada ən uzunömürlüsüdür və digər ölkələrin təşəbbüsləri üçün bir növ ilham qaynağıdır. Ölkənin ilk qadın büdcəsi 1980-ci illərin ortalarında Əmək Partiyasının (Labour Party) iqtidara gəlməsindən sonra bərqərar edildi. Elə ilk mərhələdə də, bu təşəbbüs həm federal, həm də ştat büdcələrini əhatə etdi. Avstraliyanın qadın büdcəsi hökümət daxilində hazırlanan sənəddən və gedən proseslərdən ibarət idi. Bu proses hökümətdə gender menecment mexanizmi tərəfindən koordinə edilir ( əsas aktivistlər “femokrat”, yəni feminist bürokratlar adlanırdı), bu işdə digər nazirliklər də iştirak edirdi. Gender büdcəsi 300 səhifədən ibarət ümumi metodologi- yalar əsasında hazırlanan büdcə təhlili sənədindən və bunun əsasında hazırlanmış sadələşdrilmiş nəşrlərdən ibarət idi. Ümumiyyətlə, Avstraliyanın qadın büdcəsi təşəbbüsü ştatlar səviyyəsində tam icra edilməməsi və real siyasətə az təsir etməsi istiqamətində ciddi tənqidlərə məruz qalır.

Rusiya. Rusiya Federasiyasında gender büdcəsi təşəbbüsləri 2002-2003-cü illərdə bir sıra qadın təşkilatları tərəfindən gündəmə gətirilmişdir. İlkin dövrdə beynəlxalq təcrübə öyrənildikdən sonra 2004-2006-cı illərdə UNİFEM-in dəstəyi ilə “Rusiyada gender büdcəsi” layihəsi reallaşdırılmışdır. Layihənin məqsədi belə olmuşdur – milli (Rusiya Fedrasiyası) və regional (pilot region - Komi Respublikası) səviyyədə büdcə vəsaitlərinin bölgüsü ilə bağlı dövlət qərarlarının qəbulunda qadınların iştirakının artırılması. Bu layihənin əsas məziyyətlərindən biri o olmuşdur ki, bu Rusiyada geniş miqyaslı büdcə-vergi islahatlarının aparılması, o cümlədən sosial sahədə bir sıra səlahiyyətlərin regionlara verilməsi ilə eyni vaxta təsadüf etmişdir. Rusiyada qəbul edilən metodologiyaya əsasən gender büdcəsi – bir tərəfdən, sosial siyasətdə sosial-iqtisadi nemətlərin əsas benefisiarlarının maraqlarını nəzərə almaqla dövlət büdcəsinin gəlir və xərclərinin maliyyə-iqtisadi təhlilidir. Digər tərəfdən isə gender büdcəsi gender yanaşmasını iqtisadiyyatda və siyasətdə mühüm prinsipə çevirməyə xidmət edən müxtəlif alətlərin, mexanizmlərin, proses və institutların məcmusudur. Bu öz özlüyündə ayrıca bir idarəetmə texnologiyası alətidir. Onun tətbiq sahəsi dövlət proqnozları, proqram və planları, dövlət büdcəsi və dövlət sosial sığorta fondlarıdır. (Mənbə: Глебова Л.Н., статс-секретарь, заместитель Министра здравоохранения и социального развития Российской Федерации. 6-я Европейская конференция министров по вопросам равенства между мужчинами и женщинами "Права человека и экономические проблемы в Европе – гендерное равенство", 8-9 июня 2006 г., Стокгольм, Швеция). Rusiyada işlənib hazırlanan metodologiyaya əsasən gender büdcəsinin əsas elementləri bunlardır:

- Tərif (definisiya) – cinslər arasında bərabər hüquqlar və bərabər imkanlar əsas götürülərək hazırlanan dövlət büdcəsinin yeni məqsədli-proqram variantı

- Obyekt – büdcənin sosial xərcləri və büdcədənkənar dövlət sosial sığorta fondları

- Şərt – gender əlamətləri, cins və yaşa görə fərqləndirilmiş sosial standartlar və maliyyə normativləri əsasında büdcə xərclərinin sosial təsnifatını aparmaq

- Ölçmə bazası – qadın, kişi və uşaqların sosial problemləri barədə informasiyalar və bütün növ gender informasiyaları

- Xüsusiyyət – gender büdcəsinin tərtibində, ekspertizasında və onun üzərində nəzarətdə QHT-in iştirakı



Fransa. Fransada 2000-ci ildə qəbul edilən Büdcə Aktı hökümətdən hər ilin dövlət büdcəsinə gender bərabərliyinin maliyyə təminatını əks etdirən ayrıca əlavənin daxil edilməsini tələb edir. Fransanın İqtisadiyyat, Maliyyə və Sənaye Nazirliyinin apardığı gender təhlilləri göstərirdi ki, 2000-ci il üçün iqtisadiyyatda məşğul olan qadınların 31%-i, kişilərin isə sadəcə 5 %-i yarım ştat işlərdə məşğuldurlar. Hesabat həm də onu göstərdi ki, yoxsulluq həddində yaşayan daha çox qadınlardır.

Filippin. Filippin höküməti 1994-cü ildə gender və inkişaf yönümlü büdcə siyasətini təsdiqlədi ki, bu da hər bir hökümət agentliyindən onun büdcəsinin ən azı 5%-i gender və inkişaf məqsədlərinə ayırmasını tələb edirdi. Filippin Qadınlarının Rolu üzrə Milli Komissiya (NCRFW) bu təşəbbüsün önündə gələrək daha çox aktiv və dəstəkçi qadın hərəkatları ilə birgə çalışır. 1999-cu ildə isə hökümət performans əsaslı büdcələşdirmənin tətbiqinə keçdi ki, bu da 5 %-lik həddə öz təsirini göstərdi. 1995-1998-ci illərdə hesabat verən hökümət agentliklərinin sayı 19-dan 69-a çatmışdır və qadınlara ünvanlanan xərclər isə 3 dəfə artırılmışdır. Ancaq daha real hesablamalar göstərir ki, Filippində qadın və inkişaf məqsədi ilə ayırmalar 1% civarındadır və hələlik 5%-lik hədəfdən uzaqdır.

İsveç. İsveçdə Maliyyə naziri daxil olmaqla hər bir nazir öz büdcə səlahiyyətləri çərçivəsində gender bərabərliyi məqsədləri və hədəfləri işləyib hazırlayırlar. Hər il hökümətin büdcə qanununa uyğun olaraq iqtisadi resursların kişilər və qadınlar arasında necə paylandığını göstərən xüsusi hesabat hazırlayır. İsveç ÜDM-in 2%-ni uşaq problemlərinin həllinə sərf edir və qadınların məşğulluq səviyyəsinə görə Avropada birinci yeri tutur. İsveçlə yanaşı digər Nordic ölkələri də (Finlandiya, Norveç, Danimarka, İslandiya) xüsusən “Gender büdcəsi 2004-2006” təşəbbüsü çərçivəsində gender büdcəsinin təhlili, qadınların iqtisadi aktivliyi istiqamətində xeyli işlər görmüşlər. Bu çərçivədə aparılan sorğuları, keçirilən treninqləri və hazırlanan modelləri xüsusi qeyd etmək lazımdır.

Tanzaniya. Tanzaniya Gender Şəbəkəsi Proqramı (TGNP) beynəlxalq miqyasda çox uğurlu vətəndaş cəmiyyəti təşəbbüslərindən hesab olunur. Yarandığı vaxtdan keçən 3 il ərzində Proqram milli planlaşdırma və resurs bölgüsünün qadın və kişilərə, eləcə də gənc və yeniyetmələrə təsirini qiymətləndirmişdir. Ölkənin Maliyyə Nazirliyi TGNP-ni səhiyyə, təhsil, su təchizatı, kənd təsərrüfatı, icmaların inkişafı və yerli idarəetmə daxil olmaqla altı büdcə sahəsində gender təhlilini aparmaq üçün məmurların bilik və bacarıqlarının artırılması işinə cəlb etmişdir. Daha sonra aparılan təhlillər göstərdi ki, ana və uşaq sağlamlığı sahəsində həyata keçirilən layihələr daha çox beynəlxalq donorlardan, yəni xarici maliyyələşmə mənbələrindən asılıdır.

Böyük Britaniya. Bu ölkədə Qadın Büdcə Qrupu (WBG) 1989-cu ildən aktivdir və büdcə ilə bağlı nəşrlərin hazırlanması, gender büdcəsi ilə bağlı məsələlərin gündəmə gətirilməsi kimi məsələlərlə məşğuldur. WBG daha çox tədqiqatçıların, qadın təşkilatları və həmkarlar ittifaqları üzvlərinin təmsil olunduğu qeyri-rəsmi “think-tank”dir. Onun fəaliyyəti əsas etibarilə qadınlar üçün tam əlverişli olmayan vergi və sosial müdafiə sisteminin dəyişdirilməsinə, həmçinin qadınların qərar qəbulunda rolunun artmasına yönəlib. Onu da qeyd edək ki, Britaniyanın Maliyyə Nazirliyi gender büdcəsi yanaşmasından istifadə barədə öhdəçilik götürüb. Bu zaman da əsas konsultant və təhlilçi rolunda məhz WBG çıxış edir. WBG-nin gender büdcəsi təhlili göstərirdi ki, Britaniyada sosial xərclərin yalnız 8%-i bir valideynin mövcud olduğu ailələrə yönəlir ki, bunların da 95%-i qadınlardır. Eyni zamanda vəsaitlərin yalnız 57%-i gənclərə yönəlib ki, onların da 27%-i gənc qızlardır. Ölkədə bu və digər təşəbbüslər OECD-nin müvafiq sorğusundan sonra daha da (OECD questionnaire on Gender Mainstreaming, Competitiveness and Growth, October 2000) aktivləşib. Bunlarla yanaşı Kanada (alternativ şəkildə), Zimbabve, Meksika, Hindistan, ABŞ kimi ölkələrdə də vətəndaş cəmiyyəti təşkilatlarının da iştirak etdiyi gender büdcəsi təşəbbüsləri mövcuddur.

Gender büdcəsini tənzimləyən əsas beynəlxalq sənədlər bunlardır:

  1. Universal İnsan Hüququları Bəyannaməsi (Universal Declaration of Human Rights)

  2. BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Sazişi (UN Covenant on Economic, Social and Cultural Rights)

  3. BMT-nin Qadınlara qarşı bütün növ zorakılıqların aradan qaldırılması haqda Konvensiyası (UN Convention on the Elimination of All forms of Discrimination against Women)

  4. Pekin Fəaliyyət Platformu (Beijing Platform For Action)

  5. Minilliyin İnkişaf Məqsədləri (Millennium Development Goals)

Pekin Deklarasiyası və Fəaliyyət Platformu BMT-nin 1995-ci ildə keçirilən 4-cü Beynəlxalq Qadın Konfransında işlənib hazırlanaraq qəbul edilmişdir. Ciddi hüquqi sənəd olan Platformanın 345 və 346-cı maddələri birbaşa olaraq gender büdcəsi ilə bağlıdır. 345-ci maddə dövlət proqramları və siyasətləri üzrə büdcə qərarlarında gender perspektivinin inteqrasiyasını, eyni zamanda gender bərabərliyinin təmin edilməsi üçün hökümətlərdən adekvat maliyyələşməni tələb edir. 346-cı maddə isə hökümətlərin qadınların büdcə xərclərindən necə faydalandığının sistematik şəkildə monitorinqini aparmasını, habelə büdcənin dövlət xərclərinə bərabər çıxışa imkan verən şəkildə tərtibini nəzərdə tutur.

Pekin Platformasınının qəbulundan sonra gender büdcəsi ilə bağlı ilk təşəbbüs Cənubi Afrikada bir qrup qadın QHT-inin və parlamentarilərinin birgə komitəsi tərfindən başlanılmışdır. Bu tezliklə Uqanda, Tanzaniya, İsveçrə və Britaniyada oxşar təşəbbüslərin başlamasına səbəb oldu. Bu gün dünyada 40 belə təşəbbüs müxtəlif inkişaf səviyyəsində mövcuddurlar.



Azərbaycanda hüquqi təminat. Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulmuş və Konvensiyanın ölkədə həyata keçirilməsi haqqında dövri hesabatları BMT-nin eyni adlı Komitəsinə təqdim edir. Milli Məclis tərəfindən 2006-cı ildə qəbul olunmuş «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Qanunun məqsədi kişi və qadınlar üçün ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Bu qanuna görə hüquqi, təşkilati və digər mexanizmlər vasitəsilə dövlət kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, bərabər imkanların yaradılmasına, gender bərabərliyinin təmin edilməsinə və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. Qanuna əsasən gender - ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhətidir. Gender bərabərliyi isə qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyətidir. Burada bərabər imkanlar dedikdə, insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatlar başa düşülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli qərarı ilə təsdiq edilmiş “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı” da mühüm hüquqi sənəddir. Burada iqtisadiyyatın və istehsalın müxtəlif istiqamətləri üzrə qadın əməyinin sağlamlıq səbəbləri ilə məhdudlaşdırılmalı olduğu sahələr göstərilir. Lakin əmək qanunveri-ciliyinin tez-tez pozulduğu ölkəmizdə bu Qərarın da icrasına ciddi nəzarət tələb olunur.





Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında

Azərbaycan Respublikasının
Qanunu


Maddə 15. İqtisadi və sosial münasibətlərdə gender bərabərliyinin təminatları

15.1. Dövlət kişi və qadınların mülkiyyət hüququnun həyata keçirilməsinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bərabər imkanların yaradılmasına təminat verir.

15.2. Dövlət kişi və qadınların sosial təminat hüququnun həyata keçirilməsində, ünvanlı dövlət sosial yardımın və digər sosial güzəştlərin alınmasında bərabər imkanların yaradılmasına təminat verir.




Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 33 nömrəli sərəncamı ilə tәsdiq edilmiş Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000 -2005). Bu fəaliyyət planında müvafiq 5 ildə tam həllini tapmayan və indiki dövrdə də aktuallığını itirməyən onlarla vacib tədbirlər yer almışdır. O cümlədən, “Qadın və məşğulluq” Dövlət Proqramının icrası, iqtisadi proqramlarda qadın məsləhətçilərin sayının artırılması, qadınların çalışdığı ənənəvi istehsal sahələrinin xüsusilə regionlarda bərpası, qadınlarla bağlı statistikanın təkmilləşdirilməsi və s. Lakin bu proqramda da həssas qadın qruplarının tam büdcə benefisiarına çevrilməsi və büdcənin gender təhlili məsələləri olmamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 16 fevral tarixli 27s nömrəli sərəncamı ilə təsdiq edilmiş Gənc Ailə Proqramı (1999-2003) isə gənc qadınların sağlamlığının təmini ilə bağlı müəyyən müddəalara malik olmuşdur.



15 Sentyabr 2006-cı ildə Nazirlər Kabinetinin 211 № li qərarı ilə “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı” təsdiq edildi. Bu proqramda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aşağıdakı təklifləri öz əksini tapdı: Azərbaycan Respublikasının şəhər və rayonlarında ana və uşaq sağlamlığının qorunması xidmətinin fəaliyyəti üzrə monitorinqin keçirilməsi və nəticələrin təhlili; reproduktiv sağlamlıq, ana və uşaqların mühafizəsi sahəsində qanunvericilik aktlarının ÜST-nin tövsiyyələrinə uyğunlaşdı- rılması məqsədilə təkliflərin hazırlanması ; mamalıq patologiyasında yeni müalicə və diaqnostika üsullarının tətbiq olunması üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi-paraktik konfrans və seminarın keçirilməsi; əhali arasında sanitar-maarifçilik işinin genişləndirilməsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda radio və televiziyada xüsusi verlişlərin təşkili.
Social Watch (Gender Equity Index)
Nüfuzlu Social Watch beynəlxalq təşkilatının 2007-ci il üzrə gender bərabərliyi indeksinə (Gender Equity Index 2007 - GEI) görə Azərbaycan 154 ölkə arasında 73-cü yeri tutmuşdur (62 balla). Ölkənin indeks üzrə mövqeyi 2004-2007-ci illərdə 2 pillə yaxşılaşmışdır. Siyahıda Azərbaycandan öncəki pozisiyanı İtaliya, sonrakı pozisiyanı isə Beliz tutur. Ermənistan isə 92-ci mövqedə qərarlaşıb və həmin ölkənin indeksi son dörd ildə 5 bənd geriləyib. Ümumiyyətlə, GEI hesablanarkən aşağıdakı indikatorlar əsas götürülür:

  1. Səlahiyyətlərin ötürülməsi (empowerment) – ölçmələr faizlə aparılır;

  1. texniki vəzifə tutan qadınların xüsusi çəkisi;

  2. top menecment və hökümətdə vəzifə tutan qadınların xüsusi çəkisi;

  3. parlamentdəki qadınların xüsusi çəkisi;

  4. nazir vəzifəsi tutan qadınların xüsusi çəkisi;

  1. İqtisadi aktivlik (economic activity);

  1. gəlirlər arasındakı uyğunsuzluq;

  2. aktivlik dərəcəsi;

  1. Təhsil (education);

  1. ümumi savadlılıq dərəcəsi;

  2. ibtidai təhsilə cəlb edilmə dərəcəsi;

  3. orta təhsilə cəlb edilmə dərəcəsi;

  4. ali təhsilə cəlb edilmə dərəcəsi;

GEI 2007 üzrə ölkə reytinqlərinə görə birinci yeri İsveç, sonuncu yeri isə Yəmən tutmuşdur. ən yüksək sıçrayışı isə Ruanda etmişdir – son 4 ildə 18 pillə. Belə ki, bu ölkədə parlamentin 48.8%-i, ümumilikdə qərar qəbuletmə vəzifələrinin isə 30%-i qadınlar tərəfindən tutulmuşdur. Ölkədə Milli Qadın Şurası və Gender Məsələlərinin Monitorinqi Ofisi formalaşdırılmışdır, qadın sahibkarlara ayrılan maliyyə vəsaitləri əhəmiyyətli dərəcədə artırılmışdır. Ruandanın situasiyası iqtisadi inkişafın ölkədə gender bərabərliyinin təminatlarını gücləndirmək üçün həlledici olmadığının sübuta yetirilməsi baxımından maraqlı nümunədir.
Beynəlxalq Səhiyyə Təşkilatı (WHO)
WHO bir sıra beynəlxalq öhdəliklərdən irəli gələrək öz fəaliyyətində gender yanaşmasını əsas tutur. Təşkilatın Gender Strategiyasında gender bərabərliyinin və bərabər səhiyyə xidmətlərinə çıxışın planlaşdırma və idarəetmə mərhələsində əsas götürülməsini nəzərdə tutur. Bu məsələ həmçinin plan və proqramların tərtibində, proqram büdcələşdirmədə nəzərə alınır. Qurumun strukturunda fəaliyyət göstərən Gender, Qadın və Səhiyyə Departamenti bu məsələlərdən məsuldur və koordinasiya funksiyasını yerinə yetirir.

Beynəlxalq Səhiyyə Təşkilatının 10 faktı ?


  • Dünyada orta hesabla gözlənilən ömür uzunluğu kişilərə nisbətən qadınlarda 4.3 il daha çoxdur;

  • 2006-cı il üçün bütün dünyada HİV-ə yoluxmuş insanların 60%-nin yaşadığı Sub-Saxara regionunda həmin insanların 74%-i gənc qadınlar təşkil etmişdir;

  • Dünyada yaşayan qadınların 15-71%-i öz əks cinsdən olan parnyorları tərəfindən bu və ya digər səviyyədə fiziki və ya psixoloji zorakılığa məruz qalmışlar;

  • Tədqiqatlar göstərir ki, hər 5 qadından 1-i 15 yaşından öncə cinsi istismara məruz qalmışlar;

  • Önümüzdəki 10 ildə 100 milyon qızın 18 yaşından tez ərə veriləcəyi gözlənilir. Onların üçdə biri inkişaf etməkdə olan ölkələrin (Çin istisna olmaqla) payına düşür;

  • Hər il ana olan yeniyetmə qızların sayı 14 milyondur. Onların 90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır;

  • Hər gün zamanında qarşısı alına bilən hamiləlik və doğum problemlərindən 1600 qadın və 10000 körpə dünyasını dəyişir;

  • Hamilə qadınların sadəcə 5%-nin malyariyadan effektiv müalicə imkanı var;

  • Zəhərli qazlardan boğulan qadınların sayı kişilərdən çoxdur;

  • Xərçəng xəstəliyindən hər il 750 min qadın dünyasını dəyişir;





UNIFEM-in təşəbbüsləri
UNIFEM-in gender-responsiv büdcə fəaliyyəti 1996-cı ildə Cənubi Afrikadan başlayır və sonra Şərqi və Mərkəzi Afrikaya yayılmışdır. Meksikada UNIFEM Səhiyyə Nazirliyi ilə əməkdaşlıq şəklində çalışaraq nazirlik xətti ilə reallaşdırılan büdcə ayırmalarının qadınlara təsirini təhlil edirlər. Hindistanda isə Gender İqtisadi Siyasəti Məsələləri tədqiqatını-tədrisini apararaq məlumat boşluğunu doldurmağa çalışmaqdadır. İqtisadi idarəetmənin gücləndirilməsi aləti kimi UNIFEM gender-responsiv büdcəsi ilə bağlı məlumatlılığın bütün ölkələrdə artmasında maraqlıdır. Bu baxımdan təşkilat 4 istiqamətdə öz səylərini cəmləşdirib:

    • büdcə gəlir və xərclərinin daha yaxşı izlənilməsi və koordinasiyası alətlərinin inkişafı;

    • büdcənin gender analizini tətbiq etmək üçün hökümət təşkilatlarının personalına və digər maraq tərəflərinə treninqlərin keçirilməsi;

    • müəyyən regional və beynəlxalq platformalarda gender büdcəsinin təhlili ilə bağlı siyasətlərin inkişafı üçün vəkillik edilməsi;

    • qadınlarla bağlı beynəlxalq sazişlərin və öhdəliklərin yerinə yetirilməsində hesabatlılıq mexanizmlərinin, habelə uğurlu təşəbbüslərlə bağlı informasiya mübadiləsi mexanizmlərinin inkişafı.

UNIFEM Hindistan, Braziliya, Meksika, Ekvador, Kenya və Seneqalda da gender büdcəsinin öyrənilməsi və uyğun öhdəliklərin icrası ilə bağlı aktiv şəkildə layihələr icra edir. Bunun nəticəsidir ki, Hindistanda 2005-2006-cı büdcə ilində 18 dövlət təşkilatı gender hesabatı hazırlamışdır. Meksikada isə hökümət 2003-cü il büdcəsinin 0.85%-ni gender bərabərliyinin təminatlarının möhkəmləndirilməsinə yönəltməyi öhdəsinə götürmüşdür. Misirdə isə UNIFEM həmin ölkədəki Milli Qadın Şurası ilə birgə 1997-2002-ci illəri əhatə edən 5 illik planlaşdırma dövrünə nisbətən, 2002-2007-ci illərdə gender yönümlü proqramlara xərclərin 2 dəfə artmasına nail olmuşdur.

Yuxarıda bir sıra uğurlu və ya uğursuz beynəlxalq təcrübələr açıqlanmışdır. Lakin bir məsələni xüsusi vurğulamaq istərdik. Gender probleminin müxtəlif aspekti, o cümlədən iqtisadi apekti ilə bağlı beynəlxalq anlayışlar və təcrübələr Azərbaycana tam olduğu kimi transformasiya edilməməlidir. Çünki bu anlayışların bir çoxu elə beynəlxalq miqyasda mübahisəlidirlər və tətbiqi tərəfləri zəifdir. Habelə burada milli və dini amilləri, ailə ənənlərimizin müsbət və üstün tərəflərini nəzərdən qaçırmaq olmaz. Ancaq düşünülmüş şəkildə faydalı beynəlxalq təşəbbüslər- də iştirak da vacibdir.




Bilirsinizmi ki ?


  • Təqribən 200 dünya dövlətindən yalnız 12-nin dövlət və ya hökümət başçısı qadındır.

  • 2004-cü ildə Avropa Birliyində bütün firmaların 23%-nin sahibləri qadınlar olmuşdur.

  • ILO-nun hesablamalarına görə dünyadakı 550 milyon aşağı əmək haqqı ilə çalışan işçilərin 330 milyonu və ya 60%-i qadınlardır.

  • 2006-cı ildə dünyada qadın və kişi işçilər arasında eyni işə görə əmək haqqı fərqi 30-40% olmuşdur.

  • Azərbaycanda 2004-2006-cı illərdə qadınların trafikinqi ilə məşğul olan 700-ə yaxın insan cinayət məsuliyyətinə cəlb edilmişdir.

  • Ölkədəki qadın sahibkarların çoxu ölkənin Bakıdan kənar regionlarında fəaliyyət göstərir.


Bütün bu təşəbbüslərə Dünya Bankının bir sıra digər beynəlxalq və regional maliiyə təşkilatları ilə birgə qəbul etdiyi Gender Fəaliyyət Planını və gender faktorunun sosial qiymətləndirilməsi alətlərini də əlavə etmək lazımdır. Həmin qiymətləndirmə alətləri ilə maraqlananlar daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərlər:



http://web.worldbank.org/WBSITE/EXTERNAL/TOPICS/EXTGENDER/0,,contentMDK:20260648~menuPK:489221~pagePK:148956~piPK:216618~theSitePK:336868,00.html

3. Azərbaycan cəmiyyətində qadınlar



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin