Xroniki mexaniki travma bir o qədər subyektiv şikayətlər əmələ gətirmir. Bu
zədələnmələrə dişlərin iti kənarları, düzgün hazırlanmayan ortopedik konstruksiyalar,
diş daçları, keyfiyyətsiz plomblar və digər cüzi qıcıqlandırıcılar səbəb olur.
Xroniki travmanın kliniki gedişatı zədələnmənin lokalizasiyasından orqanizmin
vəziyyətindən, qıcıqlandırıcı faktorun gücündən və ikincili infeksiyalaşmasından
asılıdır. Belə zədələnmələr əsasən yaşlı insanlarda selikli qişanın özünü müdafiəsinin
zəifləməsindən asılıdır. Xəstəni bu vəziyyət o qədər də narahat etmir və baxış zamanı
təsadüfən aşkarlanır. Prosesə ikincili infeksiya qoşulanda, qida qəbulu zamanı və
danışdıqda ağrı müşahidə olunur. Obyektiv müayinədə ağızdakı mənzərə kəskin
travmaya bənzəyir, lakin bəzi fərqli xüsusiyyətləri vardır. Ödem fonunda papillomatoz
törəmələri və hiperkeratoz nahiyələri təzahür edir. Belə mənzərə çox vaxt çıxan
protezin kənarı nahiyəsində və selikli qişanın sərhədində olur. Xroniki travmaların
selikli qişada müalicəsinin müsbət nəticəsi o zaman olur ki, əsas qıcıqlandırıcı amil tam
ləğv olunur. Eyni zamanda müalicə prinsipi kəskin travmadakı kimidir.
Əmələ gələn hiperkeratoz sahə və papillomatoz törəmələr qıcıqlandırıcının ləğvindən
sonra da keçmirsə, həkim daha aktiv müalicə taktikasından istifadə etməlidir. Həmin
nahiyələr cərrahiyyə üsulu ilə kəsilməli və histoloji müayinəyə göndərməlidir. Histoloji
müayinədə xərçəngönü və xərçəng təsdiq olunmayıbsa, kriodekstruksiya və ya
diatermokoaqulyasiya təyin edilir.