Kredit iqtisadi kateqoriyadır, latın mənşəli “creditum” sözündəndir və mənası “borc” deməkdir. Kredit borc kapitalının hərəkət formasıdır və bu zaman kreditorla borc alan arasında yaranan iqtisadi münasibətləri ifadə edir.
Bazar iqtisadiyatı şəraitində müvəqqəti sərbəst pul vəsaiti yaranır və eyni zamanda sərbəst pula ehtiyacı olan, onu borc kimi götürüb istifadə etməkdə maraqlı olan bazar subyektləri vardır. Həmin münasibətlər bu səbəbdən yaranır. Beləliklə, borc verənlə (kreditor) borc alan (kreditləşdirilən) arasında müəyyən şərtlər, razılaşmalar zəminində iqtisadi münasibətlər formalaşır.
Tarixən kredit ibtidai icma quruluşunun dağıldığı dövrdə, əmlak bərabərsizliyi yarandığı zaman meydana gəlmiş və sələm kapitalı formasında fəaliyyət göstərmişdir. Sələmçilik əsasən istehlak xarakterli idi və istehsala xidmət etmirdi. Kapitalizm cəmiyyətinin meydana gəlməsi, bazar iqtisadiyyatının inkişafı ilə sələm kapitalı borc kapitalı adını alır və əsasən istehsala xidmət edir, iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilir.
Kredit müvəqqəti sərbəstləşən və müxtəlif formalarda toplanmış aşağıdakı mənbələr hesabına verilir: Əmtəələrin satışı vaxtı ilə xammalın, materialın alınması, əmək haqqının ödənilməsi müddətləri arasındakı fərqlə əlaqədar olaraq pul formasında sərbəstləşən dövriyyə vəsaitlərinin bir hissəsi;
müəssisələrdə əsas kapitalın bərpası üçün yığılmış amortizasiya ayırmaları;
büdcə vəsaitinin və müxtəlif məqsədli fondların vəsaitlərinin bir hissəsi;
kapital yığımı üçün toplanan vəsaitlər;
əhalinin pul yığımları;
müəssisələrin banklarda olan depozitləri.
Kreditin verilməsinin əsas prinsipləri bunlardır: Kredit müəyyən məqsəd üçün verilir;