İstehlak krediti. Bu kredit 3 ilə qədər müddətə istehlakçılara kommersiya krediti formasında (möhlətlə əmtəələrin satılması) və bank krediti formasında uzun müddətli istehlak şeylərini (avtomobil, soyuducu, televizor və s.) almaq üçün verilir.
İpoteka krediti. Bu, daşınmaz əmlakı (torpaq, binalar) girov qoymaq şərtilə uzun müddətə verilən kreditdir. İpoteka kreditindən yaşayış binalarının tikilməsi və kənd təsərrüfatında əsas istehsal fondlarının yeniləşdirilməsi üçün istifadə edilir.
Kənd təsərrüfatı krediti. Bilavasitə kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulan kredit növüdür.
Beynəlxalq kredit. Kreditin bu forması borc kapitalının beynəlxalq iqtisadi münasibətlər sferasında hərəkətini əks etdirir, beynəlxalq kredit əmtəə və pul (valyuta) formasında verilir. Beynəlxalq kredit ölkələrarası iqtisadi münasibətlərin genişlənməsində və inteqrasiya proseslərinin sürətlənməsində mühüm rola malikdir.
Qaytarılma müddətinə görə kreditlər qısamüddətli (1 ilə qədər), ortamüddətli (1 ildən 5 ilə qədər), uzunmüddətli (5 ildən yuxarı) olur.
Dünya praktikasında banklarla yanaşı qeyri-bank kredit-maliyyə təşkilatları da mövcuddur. Belə təşkilatlara investisiya fondları, sığorta kompaniyaları, qeyri-dövlət pensiya fondları, lombardlar aid edilir.
12.3. Banklar, vəzifələri və funksiyaları
Bank - müvəqqəti sərbəst pul vəsaitlərini özündə cəmləşdirən, onları kredit formasında müvəqqəti istifadəyə verən, ölkədə pul emissiyası da daxil olmaqla, pul tədavülünü tənzimləyən kredit-maliyyə müəssisəsidir.
Bankların mahiyyəti və ölkənin təsərrüfat həyatındakı rolu, aşağıdakı vəzifələrdə öz əksini tapır:
Birincisi, banklar ölkədə yaranmış sərbəst pul vəsaitlərini toplayır və həmin kapitalın istehsal-xidmət dairəsinin müxtəlif sahələrinə yönəldilməsi işində vasitəçilik edir, yaxud bilavasitə bu fəaliyyətlə məşğul olurlar;
İkincisi, banklar bütövlükdə ölkənin maliyyə resurslarının, pul tədavülünün, dövriyyəsinin tənzimlənib həyata keçirilməsini nizamlayırlar;
Üçüncüsü, banklar müxtəlif təsərrüfat subyektləri (iştirakçıları) arasında vasitəçi rolunu yerinə yetirərək, borc verənlərlə borc alanları etibarlı sürətdə bir-biri ilə əlaqələndirirlər;
Dördüncüsü, banklar nəzarət vəzifəsini həyata keçirərək, kredit (borc) kimi götürülmüş pul vəsaitinin dəqiq və öz təyinatına görə düzgün yönəldilib sərf olunmasını izləyir, başqa sözlə “inanıram, lakin yoxlayıram” prinsipi əsasında fəaliyyət göstərirlər.
Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemləri müxtəlif quruluşda formalaşmışdır: