Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə18/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

Tural Sadıqlı

(Şərqşünaslıq İnstitutu)
İbn Qeyyİm əl-Cövzİyyə və onun

əd-Də va əd-Dəva” əsərİ


Əbu Abdullah Məhəmməd ibn Əbi Bəkr ibn Eyyub ibn Qey­yim əl-Cövziyyə orta əsr ərəb və İslam din və ictimai-fik­ri­ni böyük ustalıqla qələmə alan ən böyük alimlərdən biridir. Onun dini və mənəvi dəyər­lə­rin qorunması istiqamətində apar­dığı fəaliyyəti və yazdığı əsərləri həm yaşadığı dövrün cəmiy­yə­tinə, həm də ondan sonrakı əsrlərdə yaşayan nəslə böyük töh­fə vermişdir. Əsərlərinin əlyazmalara köçürülərək bu günü­mü­zə qədər saxlanılması onların faydalılığından xəbər verir.

Alim hicti təqvimlə 691-ci, miladi təqvimlə 1292-ci ildə Də­məşqdə anadan olmuşdur. İbn Qeyyimin ilk müəllimi atası Əbu Bəkr ibn Eyyub ibn Səd olmuşdur. O, 723-cü ildə vəfat etmişdir. Onun dəfnində bir çox görkəmli alimlər iştirak etmiş və onu xeyirlə yad etmişdilər. Atası vəfat edərkən İbn Qeyyi­min otuz iki yaşı var idi. İbn Qeyyimin elm öyrən­mə­sində, alim kimi yetişməsində və cəmiyyətə xeyirli bir insan olma­sın­da onun böyük təsiri olmuşdur.

İbn Qeyyim bütün ömrünü elmə sərf edərək batilə və haq­sız­lığa qar­şı elmlə mübarizə aparmış, əsərlərində yalnız Alla­hın dininə, islaha və xeyrə dəvət etmişdir. O, elmi ilə yanaşı çox əxlaqlı, səbirli, təmkinli, meh­ri­ban, təqvalı və səxavətli ol­muşdur. Onun müasiri İbn Kəsir qeyd edir ki, İbn Qeyyim ona ən əziz insanlardan biri idi. O, gülərüz, səxa­vətli, xeyir işlərdə irəlidə olan və cəmiyyətin xeyrinə yarayan bir alim idi. Elmə çox həvəsli və bağlı idi. Gecə və gündüz oxuyurdu. Səbirli idi. Bir müsibətə uğradığı zaman səbir edər, yalnız Allahdan kömək di­lə­yər, yenə də elmdən və mütaliədən uzaqlaşmazdı. Mə­sələn, həbsə mə­ruz qaldığı zaman vaxtını Quran oxumaq, Allahın ayələri və dini barə­sində düşünməklə keçirərdi. Bu da ona yazmaq üçün yeni fikir qapıları açırdı. İbn Qeyyim abid və zahid biri olmuşdur. Onun əsərlərini, xüsu­silə də “Mədəric əs-salikin”i oxuyan görər ki, onun qəlbi Allaha iman və yəqin­lik­lə dolu, əzaları isə Allaha ibadətlə məşğul olmuşdu. İbn Kəsir onun haqda belə qeyd edir: “Dövrümüzdə bu dünyada ondan daha çox ibadət edən tanımıram”. İbn Qeyyim dünya malına ta­mah etmə­miş və həyatını zahidliklə yaşamışdır. O, zəruri eh­tiyaclarından baş­qa mal-dövlətə sahib olmamışdı. Hətta oğlu İb­rahimə vermək üçün bir şeyi olmadıqda, “Tuhfətul mövdud” əsərini ona ithaf edərək yazmış və ona belə demişdi: “Mənim sə­nə verəcək dünya malım olmadığı üçün sənə bu kitabı ithaf edirəm”.

İbn Qeyyim əl-Cövzi dövrünün Sünnəyə möhkəm bağlı və bidətə qarşı kəskin müvqe nümayiş etdirən alimlərindən ol­muş­dur. Əsərlərini oxuduqca, sonradan əlavə edilmiş və İs­la­ma nisbətləndirilmiş əməlləri nə qədət sərt tənqid etdiyinin şa­hidi oluruq. Öz əsərlərindən başqa, məş­hur alim Şövkani onun bu fəaliyyətini bu sözlərlə işıqlandırır: “Bir sözlə, o, Sünnəni ya­yan ən görkəmli simalardan biri olmuşdur. Sünnə ilə bidət­lər arasında möhkəm bir sədd çəkmişdir. Allah ona rəhmət elə­sin!”

İbn Qeyyim həyatında bir çox əziyyətlərə məruz qalmışdır. Onlar­dan biri də hicri 726-cı ildə həbs edilməsidir. Yaşadığı dövr­də insanlar İbrahim peyğəmbərin qəbrini ziyarətgaha çe­vi­rib ondan kömək diləyir və s. bu kimi İslama zidd əməllər edir­dilər. İbn Qeyyimin müəllimi İbn Teymiyyə bu hala qarşı sərt sıxış etmiş və əleyhinə fətva vermişdi. Ona görə də onu həbs edib Dəməşq qalasının zindanına atmışdılar. Sonra ölkə­nin qazilər qazisi İbn Teymiyyənin ətrafındakı yaxın adam­la­rın da həbs edilməsi barədə fətva vermiş və İbn Qeyyim də öz müəllimi ilə ya­naşı həbs həyatı sürməyə məhkum edilmişdi. O döv­rün qaziləri İbn Teymiyyəni qəbirləri ziyarət etməyi müt­ləq inkar edən kimi qələmə vermişdilər. Lakin bu, belə deyil. Mümkün deyil ki, o, Peyğəmbərin “Qəbirləri ziyarət edin! Çün­ki onlar sizə Axirəti xatırladır” hədisindən bixə­bər olsun. Əksinə o, əsərlərində bu barədə danışmışdır. Lakin onun qarşı çıxdığı peyğəmbərlərin qəbirlərini ziyarət edib orada şirk, küfr və bidət kimi əməllərin edilməsi idi. İbn Qeyyimin həbs edil­mə­sinə səbəb isə onun peyğəmbərləri vasitəçi tutmağın əleyhi­nə danışması idi. Hicri 728-ci ildə İbn Teymiyyə həbsdə dün­ya­sına dəyişdi. İbn Qeyyim isə onun vəfatından bir qədər son­ra azadlığa buraxıldı. Lakin alim bundan son­ra da müxtəlif tə­qiblərə və əziyyətlərə məruz qalmışdı.

Orta əsr alimləri üçün xarakterizə edilən səyahətlər İbn Qey­yimə də aid edilməlidir. Belə ki, o da biliyini artırmaq və zəmanəsinin görkəmli alimləri ilə görüşmək üçün bir neçə sə­ya­hət etmişdir. Məsələn, bir neçə dəfə Qahirədə və dəfələrlə həcc mövsümündə Məkkədə olmuşdur. Bunlarla yanaşı alim Qüds, Bələbəkkə və digər Şam ətrafı bölgələrə də səyahətlər et­mişdir.

Alimin 98 əsəri mövcuddur. Onların ən məşhurları aşağıda­kı­lardır:


  1. Zədul miad fi hədyi xeyril ibad

  2. İlamul muvaqqiin an rabbil aləmin

  3. Hidayətul həyarə fi əcvibətil yahud van nasara

  4. İğasətul ləhəfən min masayidiş şeytan

  5. Əl-Cavabul kəfi limən səalə anid dəvaş şafi (əd-Də va əd-Dəva)

  6. Bədəiul fəvaid

  7. Əl-Fəvaid

  8. Ər-Ruh

  9. Hadil ərvah ilə bilədil əfrah

  10. Kitəbus salət va əhkəmu tarikihə

  11. Ət-Tibbun nəbəvi

  12. Məaricul qubul

  13. Miftəhu dəris səadə

  14. Mədəricus salikin

  15. Əs-Səvaiqul mursələ aləl cəhmiyyəti val-muattələ

  16. Əl-Kəfiyətuş şafiyə fin nəhv

  17. Əl-Kəfiyətuş şafiyə filintisari lilfiqatin naciyə

  18. Əl-Kəlimut tayyib val-amalus salih

  19. Əl-Kələmu alə məsələtis sima

  20. Əl-Mənarul munif fis-sahih vad-daif

  21. Əl-Furusiyyə

  22. Tariqul hicrateyn va bəbus səadəteyn

  23. Ət-Turuqul hukmiyyə

  24. Zəmmul həva

Müəllifin ən məşhur əsərlərindən biri “Əd-Də va əd-Də­va”dır. Tərcüməsi “Sağaldıcı dəva barəsində sual verənə kifa­yətedici cavab” olan bu kitab “Əd-Də və əd-Dəva”, yəni “Dərd və Dəva” adı ilə dəfə­lər­lə ərəb dilində çap edilmişdir. Bu kitab nəfslərin tərbiyəsi, günah­lar­dan təmizlənməsi yolları və səmimi tövbə etməsi üsulunda yazılmış ən mükəmməl ki­tab­lardan biri hesab olunur. Kitabın müəllifi qəlb xəstə­lik­ləri üzrə bir mütəxəssis, qəlblərin müalicəsi məsələsini araşdıran mə­ha­rətli bir təbib olmuşdur. Onun müalicə üsulu bir çox­la­rının təbliğ etdiyi yunan midriklərinin üsulu deyil, Allahın ki­ta­bına və Onun peyğəm­bə­ri­nin (ona Allahın salavatı və salamı olsun) Sünnəsinə söykənən ən mü­kəm­məl üsuldur.

Kitabın əvvəli müəllifə verilən bir sualla başlanır. Sual be­lə­dir: “Bir bəlaya düçar olmuş və bunun davam etməsilə dünya və Axirət işlərində ziyana uğrayacağını bilib var gücü ilə onu aradan qaldırmağa çalışan, ancaq bacarmayan, əksinə bu bə­lanı daha da artıran və şiddətləndirən kəs barəsində fikir nədir? Bunu dəf etməyin və çarəsini tapmağın yolu nədədir?”

Müəllif bu suala qısa bir cavab verməyi məqsədəuyğun he­sab etmir və həmin bəlaya düşməyin səbəblərini araşdırır, ona aparan yolları izah edir. Qəlb xəstəliklərini törədən amillərə toxunur, onların acı aqibətlə­ri­ni sadalayır. Əvvəla o xəstəlik­lərə düşməməyin çarəsini, sonra isə düş­dükdən sonra onların müalicəsini bəyan edir. Müəllif duaya, onun qəbul olma şərtlə­rinə, günahların acı aqibətlərinə, zərərlərinə, Allah barəsində hüs­nü-zənlə Onun rəhməti ilə özünü aldatmaq arasındakı fərq­lərə, Alla­ha həqiqi ibadət etməyə, şirkə, həqiqi tövhidə, eşqin formalarına, dünya eşqlərinin və görkəmlərə aşiq olmağın dün­­ya və Axirət zərərlərinə və s. mövzulara aid mükəmməl fə­sil­lər ayırır.

Kitab ilk dəfə hicri təqvimlə 1307-ci ildə Hindistanda nəşr edilmiş­dir. Daha sonra Misirdə nəşr edildi. İlk nəşlər içərisin­də məşhur alim Məhəmməd Muhyiddinin hicri on üçüncü əsr əlyazması əsasında nəşr etdidiyi kitab diqqəti daha çox cəlb edir. Azərbaycan dilinə tərcümə edi­lərək Azərbaycan oxucula­rına təqdim edilən bu kitabın ərəbcəsi hicri səkkizinci əsrə aid dörd nüsxənin tekstoloji təhlilindən sonra ərsəyə gə­lən əsərdir. Nüsxələrdən biri müəllifin ölümündən on doqquz il sonra kö­­çü­rülmüşdür.

Bir çox orta əsr alimləri bu kitabı müəllifinin adı ilə öz ki­tablarında qeyd etmişlər. Ən birincisi müəllifin öz tələbəsi Ha­fiz İbn Rəcəb, sonra Şəmsəddin əd-Davudi, Hacı Xəlifə, İbn Abbad, Şövkani və s. alimlər bu kitabın adını çəkmişlər.

Qeyd etdiyimiz kimi, bu kitab ilk dəfə Hindistanda “Sa­ğal­dıcı dəva barəsində sual verənə kifayətedici cavab” adı altında nəşr edilmişdi. Da­ha sonra Qahirədə də eyni adla iki dəfə nəşr edildi. Lakin hicri 1377-ci ildə Məhəmməd Muhyiddin Əbdül­həmid “Dərd və dəva” adı ilə kita­bı nəşr ettirdi.

Müəllif kitabının adını müqəddimədə qeyd etməyib. Əslin­də kitabın müqəddiməsi də yoxdur. Kitab verilən suala cavab ver­məklə başlayır. Lakin müəllifin tələbəsi İbn Rəcəb kitabı “Əd-Də və əd-dəva”, yəni “Dərd və dəva” adlandırmışdır. Davudi, İbn Abbad və Şövkani də kitabı bu cür adlandırmışdır.

Kitabın üç nüsxəsi İbn Rəcəbin (h. 736-795) sağlığında kö­çürül­müşdür. Birinci nüsxə hicrətin 770-ci, ikincisi 785-ci, üçün­cüsü isə 791-ci ildən əvvəl yazıya köçürülmüşdür. Hər üçü “əd-Də və əd-Dəva” adını daşımışdır. “Sağaldıcı dəva ba­rəsində sual verənə kifayətedici cavab” adını isə ilk dəfə hicri 1068-ci ildə vəfat etmiş Hacı Xəlifə isti­fa­də etmişdir. Biz də kitabın “əd-Də və əd-dəva” adını əsas götürüb Azərbaycan oxu­cusuna “Dərd və dəva” adında təqdim etdik. Çünki kitabın bir çox yerində dərd və dəva sözləri yanaşı işlənir.

Qeyd edək ki, kitabın hicri 1100-cü ilə aid olan Bağdad nüsxəsində kitabın adı yerində “Bu, dərdin dəvası kitabıdır” yazılmışdır.

Kitabın bütün əlyazma nüsxələrində müəllifin adı İbn Qey­yim əl-Cövziyyə kimi yazılmışdır. Lakin Fuad Səlimə aid olan və üzərində “hi­caz xəzinəsi” möhrü vurulmuş nüsxədə əsərin baş­lıq səhifəsində bu cür yazmışdır: İbn Qeyyim əl-Cövzinin “Dərd və dəva” kitabı. Lakin heç şübhəsiz ki, müəllifi İbn Qey­yim əl-Cövziyyə və İbn əl-Cövzi arasında bir qarışıqlıq edilib. Bu qarışıqlıq bəzən İbn Cövzinin bəzi əsər­lərinin nüs­xə­lərində onun adının İbn Qeyyim əl-Cövzi kimi keçmiş­dir. Bu ya bilməməzlikdən, ya da diqqətsizlikdən baş vermişdir. Çünki mü­əllifin adı, vəsfləri və ləqəbləri ilə birgə başqa nüs­xə­lərdə olduğu kimi bu nüsxənin əvvəlində də qeyd olunmuş­dur. Kitabda yazılış üslubu, metodu və mövzusu onun İbn Qeyyimə aid olmasını təsdiqləyir. Məsələn, müəllif kitabın “Eymənul Quran” adlı kitabından sitat gətir­mişdir. Orada de­yilir: “Əgər qul layiqincə fikirləşsə, onda görə bildiyi və ya bil­mədiyi hər şey onu Allahın tövhidinə gətirib çıxarar, pey­ğəm­bər­liyə və Axirətə iman gətirməsini və Quranın Allah kəlamı olduğuna inanmasını təmin edər. “Eymanul Quran” ki­ta­bında imana gətirən bu cür vəsilələrdən geniş söhbət açmı­şıq. Allah təala buyurur ki, “And içi­rəm gördüklərinizə, Və gör­mədiklərinizə ki, O, çox möhtərəm bir elçinin sözü­dür!” (əl-Haqqə, 38-40) Habelə Allah təala buyurur ki, “Sizin özü­nüzdə əlamətlər vardır. Məgər görmürsünüz?” (əz-Za­ri­yat, 21).

O kitab isə “Ət-Tibyən fi əqsamil Quran” adı ilə nəşr olun­muşdur. Nəşr olunan həmin kitabın iki yerində – 109 və 190-cı səhifələrində bu mətn olduğu kimi vardır. Başqa bir yerdə isə müəllif Allahın əmrlərini yerinə yetirən mələk tayfasına and içməsini qeyd edir və bildirir ki, bunun mənasını və onlarla and içməyin sirrini “Eymanul Quran” kita­bında qeyd etmişik”.

Həmçinin, müəllif bir neçə dəfə müəllimi İbn Teymiyyənin sözlərini sitat gətirir. Habelə, müəllifin bu əsərdə qeyd etdiyi mətnlərin və şeir­lərin bir qisminə onun başqa əsərlərində də rast gəlmək olur. Məsələn, müəllif bildirir ki, “Allah müqəd­dəs kitabında dünya və Axirətdə xeyrə və ya şərə nail olmağın yollarını əməllərə əsasən gerçəkləşdiyini bəyat etmişdir. Səbəb və nəticə prizmasından yanaşılaraq deyilir ki, savab ibadət və xeyirxahlıqla, əzab isə küfr və günahlarla qazanılır”. Sonra isə deyir ki, “Quranda buna aid misallar mindən artıqdır”. Müəllif bu ifadəni “Miftəhu dəris səadə” (Səadət evinin açarı) (1/363) əsərində bu sözlərlə bildirir: “Bu, Quranda yüz, yaxud da iki yüz yerdə keçsəydi, bəlkə də bir-bir qeyd etmək olardı. Lakin bu haqda müxtəlif şəkildə mindən artıq yerdə söhbət açılır”. Həmçinin, müəllif Yusif əleyhis­salam barəsində ibrət və hik­mətlərlə dolu faydalardan söhbət açır və onların sayının min­dən artıq olduğunu deyir. Məsələn müəllif həmin fikri özünün digər bir əsəri olan “Şifaul əlil”də (səh 224) bildirir. Həm­çinin, müəllifin “Kim aşiq olar və onu gizlədər, iffətini qoruyar və səbir edərək ölərsə, şəhid olar” hədisi barəsində bildirdiyi fik­rinə eyni şəkildə onun “Zədul miad” (Qayıdış azuqəsi) (4/275) və “Rovdatul muhibbin” (Sevgililər baxçası) (səh. 287) əsərlə­rində də rast gəlinir.

Həmçinin müəllif əsərdə bildirir ki, o, bir dəfə Məkkədə qal­mış, hə­min vaxt xəstəliyə tutulmuş, amma bir həkim tapa bil­məmişdir. Ona görə də Fatihə surəsi ilə özünü müalicə et­mişdir. Müəllif bu sözləri özü­­nün “Zədul Miad” (4/178) və “Mə­daricus salikin” (1/57-58) əsər­lə­rin­də də qeyd edir.

Göründüyü kimi, kitabın əvvəlində sual verən bəlanın nö­vü­nü və formasını açıqlamır. Həmçinin, müəllif cavab verər­kən bəlanın hər han­sısa bir növünə toxunmur, ümumi cavab ve­rir.

Müəllif qəlb xəstəliklərini sadalayarkən onların birinin eşq olduğuna toxunur. Müəllifin fikrincə eşq formasına, səbəb­lə­rinə və müalicəsinə görə digər xəstəliklərindən fərqlənir. Əgər bu xəstəlik insanda güclənər və dərin kök salarsa, onun müa­licəsi təbiblərin fəaliyyət sahəsindən çı­xar. Müəllif bu barədə özünün digər əsəri olan “Zədul Miad”da da söh­bət açır. Əsərin bir çox mövzularının əvvəlində sual qoyulduğu kimi müəllif bu mövzunu verilən suala cavab əsasında başlayır.

Müəllif məsələlərə toxunarkən öz sələfi və müəllimi İbn Teymiy­yənin metodundan istifadə etmişdir. Yəni, nisbətən və ya tam ixtilaflı olan hər hansı bir mövzuya toxunarkən ilk öncə bacardığı qədər dörd məzhəb imamlarının rəylərini qeyd edər, sonra üstün rəyi vurğulayır. Müəllifin bu metod barəsində xü­susi qeydləri də vardır.

Qeyd edildiyi kimi, müəllif əsərini verilən suala cavabla baş­layır: “Həmd Allaha məxsusdur. Buxarinin “Səhih” əsərin­də Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona Allahın sa­la­vatı və salamı olsun) belə buyurur: “Allah elə bir dərd endirməyib ki, onun dəvasını da endirməsin...” Müəllif əsərdəki mövzuları bir-biri ilə əla­qələndirmiş və bir mövzudan digərinə əlaqəli şəkildə keçmiş­di. Əsərin mövzularını beş qismə bölmək olar:


  1. Dua və özünü aldatmağa yol vermədən Allah barəsində hüsnü zəndə olmaqla bağlı fəsillər. Müəllif burada Quranın fəzilətindən və onun bir şəfa olmasından söhbət açır. Onun sözlərinə görə Quran ayə­ləri, zikrlər və dualar şəfalıdır. Daha sonra müəllif duanın qəbul olma şərtlərini və dua etmək üçün əlverişli məqamları xatırladır. Bu mövzuda ayələr, hədislər və görkəmli şəxsiyyətlərin və alimlərin fikirlərini qeyd edir.

  2. Günahların qədəri əzabları ilə bağlı fəsillər. Müəllif qeyd edir ki, dünya və Axirətdə bütün bəlaların səbəbi günahlar və Allaha qarşı asi­liklərdir. Bildirir ki, ata-anamızı Cənnət diya­rından, habelə İblisi səma mələrinin içərisindən çıxardan gü­nah olmuşdur. Həmçinin, qədim üm­mət­lərə gələn bəlalar və əzab­ların hamısı onların qazandıqları günah­lara görə olmuş­dur. Müəllif bu mövzu barəsində yüz səhifədən artıq yaz­mış­dır.

  3. Günahların şərii cəzas və əzabları. Müəllif günahların insanların həyatında səbəb olduğu bəla və əzablara toxunduq­dan sonra onların şərii cəzaları barəsində də məlumat vermiş­dir. Müəllif burada günahları böyük və kiçik olmaq üzrə iki yerə bölmüş, lakin günahlara Allaha qarşı bir üsyankarlıq ol­du­ğu prizmasından yanaşaraq onların hamısının böyük oldu­ğunu vurğulamışdır.

  4. Eşq bəlasının əlacı ilə bağlı fəsillər. Müəllif eşqin və sev­ginin tə­ri­fini bildirir, onların formalarını və şəkillərini sada­la­yır, daha sonra eşqə mübtəla olmamağın yollarının, mübtəla ol­duq­dan sonra isə onun əlacı yollarını göstərir.

  5. Eşqin faydalı yönləri ilə bağlı fəsillər. Bu hissə əvvəlki hissənin davamıdır. Müəllif burada eşqə düşənlərin dilindən eşq barəsində fikir­ləri bildirir, onların hekayələrini xatırladır və eşqin faydalı cəhətlərini qeyd edir.

Müəllif bu əsəri yazarkən olduqca qiymətli mənbələrə isti­nad etmiş­dir. Müəllif onların bəzilərinin adlarını müəllifləri ilə birgə qeyd et­miş­dir. Bunlar aşağıdakılardır:

Əl-Xəraiti “İtilalul qulub”, Əl-Xatib əl-Bağdadi “Tarixu Bağ­dad”, İbn Tahir “Təzkiratul mövduat”, İbn Nueym “Hulyə­tul övliya”, İbn Ta­hir “Zəxiratul huffaz”, İmam Əhməd “Ki­tabuz zuhd”, Abdullah ibn Əhməd “əs-Sünnə”, İbn əl-Cövzi “əd-Duafə”, Əbdülhəqq əl-İşbili “əl-Aqibə”, İbn Adiy “Əl-Ka­mil”, İbn Əbi Dünya “Mənaqib Ömər” və s.

Eyni zamanda İbn Qeyyim bəzi müəlliflərin adlarını çəkə­rək fikir­lərini qeyd etmiş, lakin həmin fikirlərin hansı əsərlərdə olduğunu bildir­məmişdir. Məsələn, İmam Əhmədin, İbn əl-Cövzinin, İbn Həzmin, Əl-Xəraitinin, əl-Xətib Bağdadinin, Şi­ha­bəddin Mahmud ibn Süleymanın, İbn Əbi Dünyanın, Əbu Abdullah əl-Hakimin, Əbu Talib əl-Məkkinin, ət-Tahavinin, Əbu Ubeydin, Əbul Vəfa ibn Əqilin, Əli ibn Cədin, Mə­həm­məd ibn Xələf əl-Mərzbanın adlarını çəkərək onlarını fikir­lərini qeyd etmişdir.

Bəzən də müəllif “bəzi alimlər”, “alimlərdən biri” və s. bu kimi ifadələrdən istifadə edərək bəzi mənbələrə işarə etmişdir. Lakin müəllif belə ifadələrlə gətirdiyi sitatların çoxunu özünün digər əsərlərində mü­əl­liflərinin adlarını çəkərək bildirmişdir.


ƏDƏBİYYAT:


  1. الداء والدواء لابن قيم الجوزية، الرياض، 2004

  2. اليداية والنهاية لابن كثير، ييروت، 1997

  3. زيت طبقات الحنابلة لابن رجب، القاهرة 2002

  4. الشذرات الذهب، الرياض

  5. كشف الظنون، بيروت، 2005


Vahid Adil Zahİdoğlu

(Dilçilik İnstitutu)
Kİtabİ - Dədə Qorqud”un Drezden və Vatİkan əlyazmalarındakı bəzİ leksİk

fərqlər haqqında
“Kitabi - Dədə Qorqud”un Vatikan nüsxəsi haqqında for­ma­laşmış fikirlərdən biri bundan ibarətdir ki, bu nüsxə türk dil­lərinə bələd olma­yan katib tərəfindən üzü köçürülmüş naqis bir nüsxədir. Bu fikrə haqq qazandırılması üçün ən çox Vati­kan nüsxəsində Oğuz abidələri üçün xarakterik olmayan hə­rəkələmə sistemindən istifadə edildiyi, Drezden nüsxəsi ilə mü­qayisədə ixtisarlar aparılması və bir sıra fərqli sözlərin iş­lədilməsi dəlil kimi göstərilir (Bax: 3, 22; 5, 66. Əks nöqteyi - nəzər üçün bax: 2; 4; 7, 9). M. Ergin Drezden və Vatikan nüs­xə­lərini müqa­yisə edərək yazır: “Vatikan nüshası Dresden nüs­ha­sına nazaran çok kötü bir nüshadır. Harekeler çok yanlış bir şekilde konmuştur. Özel adlar bile bir kaç şekilde yazılmış ve harekelenmiştir. Nüshanın bu vasfı esas ve çok iyi bir nüsha olan Dresden nüshasına onun yapacağı yar­dımı çok azaltmak­ta­dır. Dresden nüshası ile ayni bir nüshaya da­yan­dıkları anla­şı­­lan Vatikan nüshasının müstensihi, asıl nüshada anlayama­dığı kelimeleri çok defa atlamıştır. Bir çok yerlerde de ifade farklı bir şekil almış ve bazan birbirinden çok fazla ayrılmıştır. Farklar umu­miy­yetle mensur kısımlarda daha çoktur” (5,66) . Yenə onun fikrinə görə, “... Vatikan nüshası ile Dresden nüs­ha­sı arasında bir çok kelime, ibare ve dil ayrılıkları vardır. Fa­kat bu ayrılıklar Vatikan nüshasının serbest istinsahla elde edil­miş olmasından ileri gelmiş gibi görünmektedir. Yani Va­ti­kan nüshasının müstensihi Vatikan nüshasını meydana geti­rir­ken önüne aldığı nüshaya tam bağlı kalmamış, onun bir çok yerlerini kendisine göre değiştirerek çok serbest bir istinsah yo­luna gitmiştir. Bunu iki nüsha arasındaki yakınlığın ip uçları açıkça göstermektedir. Gerçekten Vatikan nüshasının Dresden nüshası ile çok yakından ilgili olduğu anlaşılmaktadır. Nüsha­ların karşılaştırılmasında ortaya çıkan ip uçları iki nüshanın birbiri ile ilgili olduğunda şüphe bırakmamaktadır. En azından, her iki nüshanın ortak bir nüshaya dayandığını kabul etmek gerektir. Biz daha ileri giderek Vatikan nüshasının Dresden nüshasın­dan alındığının ileri sürülebileceğini söyliyebiliriz. Bir kere Dresden nüs­hasında istinsah kusuru yüzünden okun­ması ve anlaşılması güç olan kelimeleri Vatikan nüshasının at­lamış olduğunu görüyoruz. Bu bakım­dan Vatikan nüshası Dres­den nüshasının güçlüklerini çözmeğe bekle­nil­diği ve sa­nıldığı gibi yardım edememektedir” (5, 68).

Görkəmli tədqiqatçının dastanın əlyazma nüsxələrinin hər­tə­rəf­li mü­qayisəsi əsasında gəldiyi elmi nəticələrdə müəyyən hə­qiqət vardır: Drez­den və Vatikan nüsxələri ortaq bir qaynaq nüsxədən köçürül­müş­dür; Vatikan nüsxəsi katibi qaynaq nüs­xədəki mətnə tam sadiq qalma­mış, bir sıra hallarda mətnlə bağ­lı ixtisarlar və əlavələr etmişdir. Lakin bu cəhətlər Vatikan nüsxəsinin elmi - tənqidi mətn tərtibi üçün tam yararsız bir nüsxə olduğunu söyləməyə əsas vermir. Vaxtilə biz M.Er­gi­nin Vatikan nüsxəsində hərəkələrin yanlış qoyulduğuna dair söy­lədiyi fikrə qarşı çıxaraq bu nüsxədəki hərəkələmə sistemi­nin Misir ərazisində yazılmış qıpçaq abidələrində də (Kərdərli Mahmudun “Nəhcül - fəra­dis”, Əbu Həyyanın “Əd- Dürrətül- müdiyyə fil-luğatit-türkiyyə” və s.) eynilə tətbiq edildiyini gös­tərmiş və bu səbəbdən də Vatikan nüsxəsinin Misir ərazi­sin­də köçürülməsi barədə ehtimalımızı dilə gətirmişdik (8, 153-167). Məlumdur ki, “Kitabi-Dədə Qorqud”un Vatikan nüs­xəsi Qa­hirədə yaşamış Sidqi təxəllüslü müəllifin (əsl adı Seyid Əhməd bin Hə­sən Bali əd- Dəvədaridir) XVI əsrin orta­larında üzü köçürülmüş “Heka­yəti-lətifeyi-ücubə və məhcube­yi-zərifə” adlı əsəri ilə eyni məcmuə­dədir (1,13). Bu faktın özü Vatikan nüsxəsinin Misirdə (Qahirədə?) kö­çürülməsi barədəki bizim ehtimalımıza qüvvətli şəkildə dəstək verir. Burada biz Vatikan nüsxəsi katibinin mətnə etdiyi əlavələrin, bəzi fərqli söz və ifadələrin mətnə uyğunluğunu, Drezden nüsxəsindəki söz və ifa­dələrlə nə dərəcədə səsləşdiyini aydınlaşdırmağı qar­şıya məqsəd qoy­muşuq. Dastanın hər iki nüsxəsi arasındakı leksik fərqlərin sistemli şə­kil­də araşdırılması və onların obyek­tiv tarixi-linqvistik izahının veril­məsi bu qədim abidənin öy­rə­nilməsində ortaya çıxan bir sıra problem­lərin həlli üçün son də­rəcədə mühüm əhəmiyyət kəsb edir.

Vatikan nüsxəsi katibi müəyyən hallarda fikrin tam şəkildə anlaşıl­ması üçün mətnə bütöv cümlələr daxil etmişdir. Məs.:

D. 44- də: Qavum qabla mənim qoma yurdum!



Qulanla sığın keyikə qoñşı yurdum!

Səni yağı nerədən darımış, gözəl yurdum?

Vatikan nüsxəsində Səni yağı nerədən darımış, gözəl yur­dum! Mis­rasından əvvəl mətnə Alaca atlu kafirdən sapa yur­dum! misrası əlavə edil­mişdir. İlk baxışda lüzumsuz kimi gö­rünən bu əlavə ilə həm əvvəlki misranın məzmunu tamam­la­nır, həm də sonrakı misrada ifadə olunan sualın verilməsi üçün zəmin hazırlanır. Başqa sözlə desək, qulanla sığın keyikə qon­şu olan Qazanın yurdu sapa (kənar) yerdə imiş və kafirlər onu belə asanlıqla tapmamalı imiş. Məhz buna görə də Qazan yur­da mü­raciətlə: Yağı haradan qəfil hücumla sənin üstünü al­mışdır? sualını verir.

D. 62-də: Kafirləri it ardına bırağub xorlayan, eldən çıqub Ay­ğırgözlər suyından at yüzdürən, əlli yedi qəl’ənüñ kilidin alan, Ağ Mə­lik Çeşmə qızına nikah edən, Sufi Sandal Məlikə qan qusduran, qırq cüb­bə bürünüb otuz yedi qəl’ə bəginüñ məh­bub qızlarını çalub bir-bir boynın qucan, yüzində-doda­ğında öpən İlək Qoca oğlı Alp Ərən çapar yetdi... Bu parça Va­tikan nüsxəsində aşağıdakı şəkildədir:

V. 66: Anuñ ardınca it adına xorlayan, eldən çıqub Ay­ğır­gözlər suyın­dan at yüzdürən, əlli [yedi] qəl’ənüñ kilidin alan, Ağ Məlik [Çeş­mə] qızına nikah edən, Sufi Sandal Məlikə qan qusduran, otuz yedi qəl’ə bəginüñ qızlarınuñ çalub bir-bir boy­nın öpən İlək Qoca oğlı Alp Ərən çapar gəldi... S.Tezcan Va­tikan nüsxəsindəki it adına xorlayan ya­zılışının katib xətası olduğunu güman edərək Drezden nüsxəsinə əsa­sən ifadəyə [ka­firləri] it a[r]dına [bırağub] xorlayan şəklində düzəliş ver­mişdir. (7, 254). Lakin Alp Ərənə aid həmin ifadə D. 288-də də öz adına xorlayan kimi öz əksini tapmışdır. Yazıçıoğlu Əlinin “Tarixi-ali-Səlcuq” əsərinin əvvəlində verilmiş Oğuz­na­mə parçasında Alp Ərənin adı İtil Alp şəklində keçir:

Dəmür qapı Dərbəndin dəpüb yıqan / Toqsan toquz qəl’ə­nüñ kilidin alan/ Saru Sandal qızına nikah qılan / Alınmaduq yerlərdən xərac alan / Yasılmaduq düşməni yasan / Kürə kafir ellərin basan / İllərşə oğlu İtil Alp.

Bundan görünür ki, Vatikan nüsxəsi katibi səhvə yol ver­məmişdir. İtil adının it sözü ilə qismən uyğun gəlməsi, həmçi­nin kafirlərin ardına it buraxıb həqarət etdiyi üçün Alp Ərən eyni zamanda İtil adı ilə (və ya İt ləqəbi ilə) çağrılmış, bu, onu əsəbiləşdirdiyinə görə öz adına xor bax­mışdır.

Vatikan nüsxəsi katibinin mətnə etdiyi əlavələrin bir qismi (M.Ergin bunları da fazlalıklar kimi qiymətləndirir) Drezden nüsxəsinin müxtəlif yerlərində eynilə təkrarlanan standart cüm­lələrdir. Məs.: D. 120- də: Gum­bur - gumbur naqaralar dö­gil­di. Bir qiyamət savaş oldı, meydan tolu baş oldı. V. 52-də hə­min parça belədir: Naqaralar çalındı, borılar ötdi. Cigərində olanlar bəlirtdi. Müxənnəslər kənar sıyırtdı. Bəg nökər­dən, nö­kər bəgdən ayrıldı. Qiyamətüñ bir güni oldı, meydan baş ilə tol­dı. Göründüyü kimi, Drezden nüsxəsindən fərqli olaraq Va­tikan nüsxə­sində kafirlərlə döyüş səhnəsinin təsviri bir qədər təfsilatlıdır. Lakin bu cümlələrə Drezden nüsxəsindəki döyüş səhnələrinin təsvirində də (D.109, 132, 152, 204 və s.) təsadüf edilir: Ol gün cigərində olan ər yi­git­lər bəlürdi. Ol gün na­mərd­lər sapa yer gözətdi. Bir qiyamət savaş oldı, meydan tolu baş oldı. Qiyamətüñ bir güni oldı. Bəg nökərdən, nökər bəg­dən ayrıldı. (D. 152). Bu parçalar dastan və nağıllardakı qafi­yə­li standart ifadələri xatırladır (Az getdi, uz getdi, dərə, təpə düz get­di...). Vatikan nüsxəsindəki kənar sıyırtdı ifadəsi hər iki nüsxədə tez-tez təkrarlanan sapa yer gözətdi ifadəsinin tam se­mantik qarşılığıdır. Araş­dırmalar göstərir ki, Vatikan nüsxəsi katibinin mətnə daxil etdiyi bir çox fərqli sözlər təsadüfi xa­rak­ter daşımır və mətnin məzmunu ilə bir­ba­şa bağlıdır. Həmin sözlərin hərtərəfli tədqiqi Vatikan nüsxəsi katibinə yö­nəldilmiş ittihamların heç də həmişə obyektiv səciyyə daşımadığı qə­naə­ti­ni ortaya qoyur.

“Kitabi-Dədə Qorqud”un mövcud nüsxələrindəki leksik fərq­lərin əksəriyyəti eyni və ya yaxın mənalı sözlərin bir-bi­rinin əvəzində işlədil­məsi nəticəsində meydana çıxmışdır. Bu tip­li əvəzetmələrdə bir sıra spe­sifik cəhətlər müşahidə olunur.



1. Vatikan nüsxəsindəki fərqli söz həmin məqamda Drez­den nüs­xə­sində işlənmiş leksik vahidlə semantik və üslubi cə­hətdən eyni funksi­yanı ifadə edir. Məs.: Ügin- /uyun-: D. 105: Bağır kibi üginəndə yo­ğurt­dan nə var? - V. 42: Bağır kibi uyu­nanda yoğurtdan nə var?

Dögil - / çalın - : D. 120: Naqaralar dögildi - V.52: Naqa­ra­lar çalın­dı.

Yetiş - / eriş - : D. 119: Gəl muraduña yetiş... - V. 51: Gəl mura­duña eriş...

Behişt / cənnət : D. 122: Ağ bürçəklü anañ yeri behişt ol­sun! - V. 53: Ağ bürçəklü anañ yeri cənnət olsun!

Ügin - / uyun -: D. 105: Bağır kibi üginəndə yoğurtdan nə var? - V.42: Bağır kibi uyunanda yoğurtdan nə var?

Dögil- / çalın-: D.120: Naqaralar dögildi - V. 52: Naqaralar çalındı.

Yetiş- / eriş-: D.119: Gəl muraduña yetiş... - V.51: Gəl mu­raduña eriş...

Qalq - / örü dur - : D. 113: Ərə varan qız qalqa, qol sa­lu­ban oyna­ya... - V.46: Ərə varan qız yerindən örü dura, qol sa­luban oyun göstə­rə...

Dilə - / istə -: D.16: Dilədi ki, oğlanı həlak qılaydı - V.9: İs­tədi kim, oğlanı həlak edə; D. 57: Qaracuq çoban, anamı ka­firdən diləyəyim - V. 64: Mərə çoban, səbr et, anamı kafirdən istəyəyim. Vatikan nüsxəsində bunun əksi, yəni istə - felinin dilə - feli ilə əvəz olunması da müşahidə edilir: D. 23: Dirsə xan istədi kim, oğlancuğınuñ üstinə gürləyüb düşəydi, ol qırq na­mərd qomadı. - V.13: Dirsə xan dilədi kim, oğlancuğınuñ üs­tinə küvləyüb düşəydi, ol qırq namərd qomadı.

Qat / yan: D.20: Bayındır xanuñ qatında saña qəzəb ola. - V.11: Bayındır xanuñ yanında saña qatı qəzəb ola.

Kərrə - / qatla : D. 28: Üç kərrə yaramı sığadı - V. 16: Üç qatla yarasını sığadı.

Sicim / urğan : D. 30: Qıl sicim boynına daqdılar - V.16: Qıl ur­ğanı boynına daqdılar; D. 30: Qıl sicim boynına taq­dılar - V.17: Qıl urğanı boynına daqdılar.

Xəbər / qov: D.19: Əvvəl yigirmisi vardı, Dirsə xana bu xəbəri gə­türdi - V.10: Əvvəl yigirmisi bir qov gətürdi.

Vaqiə - düş: D.39: Gecə yatur ikən Qaracuq çoban qara qayğulu va­qiə gördi - V.55: Gecə yaturkən Qaracuq çoban qa­ra qayğulu düş gör­di.

Çal - / ur - : D. 63: Qılıc çaldılar - V. 66: Qılıc urdılar.

Dögil - /çalın -: D.63: Naqaralar dögildi - V. 66: Tavullar çalındı.

Qırnaq / qaravaş : D.65: Qırq baş qul, qırq qırnaq oğlı Uruz başına azad eylədi - V.67: Qırq baş qul, qaravaş oğlı Uruz başına azad eylədi.

Da / dəxi : D. 69: Allah - təala saña da bir qız verə - V.21: Allah - təala saña dəxi bir qız versün.

Yoldaş / nökər : D. 30: Ol qırq namərd babanuñ yoldaşları babañı tut­dılar - V.17: Ol qırq namərd babanuñ nökərləri ba­bañı dutdılar.

Həpümüz[i] / cümləmüzi: D.42: Yarımasun - yarçımasun bu çoban həpümüz qırar olamı? - V.56: Yarımasun – yarçıma­sun bu çoban cümlə­müzi qırar olamı

Qutlu / mübarək: D.75: Bu ad bu oğlana qutlu olsun - V.25: Bu ad bu oğlana mübarək olsun...

Er - / yet - : D. 84: Dədə Qorquduñ ardından Dəlü Qarçar erdi - V. 29: ... yenə Dədəm Qorquduñ ardından yetdi.

Əmr - buyruq: D. 84: Həq təalanuñ əmri ilə Dəlü Qarçaruñ əli yuqaruda asılu qaldı - V.29: Həq təalanuñ buyruğı ilə Dəlü Qarçaruñ qılıc dutan əli yuqaruda asılu qaldı.

Kərrə / kəz: D. 85: Üç kərrə ağzından iqrar eylədi - V.30: Üç kəz ağ­zından iqrar aldı.

Yılğa - / ılğar et -: D. 90: Yarımasun yarçımasun, ol məl’un yedi yüz kafir ilə yılğadı - V. 33: Haman yedi yüz kafir ilə ıl­ğar eylədi.

Allah / Həq təala : D. 75: Adını bən [verdüm], yaşını allah versün - V.25: Adını bən verdüm, yaşını Həq - təala versün.

Daya / tatı : D. 77: Banu Çiçək aydur: Hey - hey, dayalar, [ba­bam] maña bən səni yüzi niqablu Beyrəgə vermişəm der­di... V.26: Banı Çi­çək aydur: Hey - hey, tatılar, bənum babam səni yüzi niqablu Beyrəgə vermişəm derdi.

Gerü / genə: D.97: Ol gün gerü görməgə gəldi - V.37: Ol gün genə gör­məgə gəldi.; D. 106: ...gerü qaftanıñuz verəyim... - V.42: ... genə qaf­tanıñuzı verəyin...

Bas - / yeñ -: D.116: Kürəşdə mən səni basmadummı? - V.49: Kü­rəşdükdə bən səni yeñmədümmi?

Tonat - / geyür -: D. 117: Beyrəgə dayalar qaftan geyürüb to­natdı­lar - V.49: Tayalar Beryəgüñ arqasına qaftanlar geyür­di­lər.

Dişlə - / ısır -: D.80: Beyrək üç öpdi, bir dişlədi - V.27: Bey­rək üç öpdi, bir ısırdı.

Get- / var-: D.111: Nerəyə gedər isə getsün / V.45: Ne­rəyə varursa varsun.

Adaqlu / nişanlı ; apar - / elt - : D. 94: Biz bunı tanımazuz, adaq­lus­ına aparuñ görsün, ol yaxşı bilür - V.35: Biz bu köm­ləgi tanımazuz. Nişanlusına eltüñ, ol yaxşı bilür, zira ol diküb­dür.

Tuş ol - / bulış -: D. 45: Sudan keçdi, bu kəz bir qurda tuş oldı - V. 58: Keçdi getdi, yolda qurda bulışdı və s.

2. “Kitabi- Dədə Qorqud”un Vatikan nüsxəsindəki leksik fərq­lərin bir qismini Drezden nüsxəsində işlənmiş sözlərə ya­xın mənalı sözlər təş­kil edir. Bu sözlər Drezden nüsxə­sindəki leksik vahidlərlə məna cə­hət­dən tam eyni olmasa da, mətnin semantik strukturunda elə bir ciddi fərq və anlaşılmazlıq yaratmır. Məs.: Qısıl - / sığın -: D.83: Gen ətə­güñə, tar qoltu­ğuña qısılmağa gəlmişəm - V.29: Gen ətəgüñə, tar qoltu­ğuña sığınmağa gəlmişəm.



Çalın - / öt -: D.63: Borılar çalındı - V.66: Borılar ötdi.

Hazır ol - / yetiş -: D.26: Oğlan anda yıqılduqda boz atlu Xızır oğla­na hazır oldı - V.15: Oğlan anda yıqılduqda boz atlu, yaşıl tonlu Xızır İlyas oğlana be izni - allah yetişdi .

Yönəl - / get -: D.30: ...alubanı qanlu kafir ellərinə yönəl­di­lər - V.17: Alubanı kafir elinə getdilər.

Murdar / məlun: D.41: Altmış tutam köndərüñi nə ögərsin, murdar kafir - V.56: Köndərüñi nə ögərsin, məlun kafir .

Zərb eylə - / zor et -: D.50: Qaraca çoban zərb eylədi, qaba ağacı yeri ilə, yurdı ilə qopardı - V.60: ... zor edüb ağacı kö­küylə qopardı.

Bögür - / ağla -: D.54: Qadın ana, qarşum alub nə bö­gü­rür­sin? - V. 62: Qatın ana, nə ağlarsın?

Batur - / bulaşdur -: D.93: Vardı köñləgi qana - quna baturdı - V.34: Vardı qana - quna bulaşdurdı.

Zarılıq et - / ağla -: D.96: “Vardı gəlməz qardaş” deyü za­pılıq edər gördüm, Bamsı - V.36: “Vardı gəlməz qardaş” deyü ağlar gördüm.

Ökcələ - / dəp -: D.44: Qoñur atını ökcələdi - V.58: Qoñur atı­nı dəp­di.

Bəg / ərən: D.120: Qalın Oğuz bəgləri aru sudan abdəst al­dılar. - V.51: Oğuz ərənləri arı sudan abdəst alub.... və s.

3. Müəyyən hallarda Vatikan nüsxəsi katibi bir növ “müa­sir­ləş­dirmə” aparmış, qaynaq nüsxədəki qədim leksik vahidlə­rin yerinə kö­çür­mə prosesini həyata keçirdiyi dövrə aid işlək sözlərdən istifadə et­məyə üstünlük vermişdir. Məs.: Təbər / xə­bər: D.19: Arqurı yatan Ala tağdan təbər aşa - V.11: Arqurı yatan Ala tağdan xəbər aşa; Gə­lür- / gətür-: D.86: Bu nəsnə­lə­ri gətürəcək olur isəñüz, qız qarındaşumı verürəm, gəlürmə­yə­cək olursañ, gözimə görinməyəsin - V. 31: Əgər bunları gə­tü­rəcək olursañ, qız qardaşımı verürəm. Gətürməyəcək olur­sañ, gözümə gözükmə; Qovla - “qeybət etmək, arxasınca danış­maq, pis­ləmək” / yavuzla - “pisləmək” D.18: Gəlüñ oğlanı ba­basına qovlaya­lum - V.10: Gəlüñ oğlanı babasına yavuzlaya­lum; Toyla - / qonuqla -: D.23: “Qanlu Oğuz bəglərin toyla­yayım”, - dedi - V. 13: “Oğuz bəglə­rin qonuqlayayım”, - dedi;



Bol / böyük : D. 25: Ağır xəzinə, bol ləşkər alayın - V.14: Ağır xəzinə, böyük ləşkər bən alayın; Ökcələ - / mahmuzla -: D.26: Bədəvi atın ökcələdi - V.14: Bədəvi atın mahmuzladı; Olur- / otur-: D.44: Qa­rı­cıq anam oluranda yeri qalmış - V.57: Qarı­cıq anam oturanda yeri qal­mış; Yamac / yan: D.52: Boyı uzun Burla xatun oğlınuñ yamacına gəldi - V.61: Boyı uzun Burlı xatun bunı eşitdi, oğlınuñ yanına vardı; Yigit / cuvan: D.71: ... bir imirzə xub yigit qırq yigit ilən, sağında və so­lında otu­rırlar - V.23: ... bir mirzə xub cuvan qırq yoldaşı ilə sağ - sol otur­mışlardı; Üzərimizə quyıl - / üstümüz ur -: D.71: ...Evnük qalası­nuñ beş yüz kafiri üzərümüzə quyıldı - V.23: ...Evnük qəl’əsinüñ beş yüz kafiri üstümüz urdı.

Düş ver - / qon -: D. 71: Pasinüñ Qara Dərvənd ağzına düş vermiş idük - V.23: Pasinüñ Qara Dərbənd ağzına qonmışıduq.

(At) dəp - / (at) çap -: D.79: At dəpdilər - V.27: At çap­dı­lar.

Yar - / keç -: D. 79: Ox atdılar, Beyrək qızuñ oqın yardı - V.27: Oq at­dılar, Beyrək keçdi.

Dün puçuğında - gecə içində : D. 38: ...kafir bindi, yılğadı, dün pu­çu­ğında Qazan bəgüñ ordusına gəldi - V.34: ...kafir yılğadı, gecə içində Qazan bəgüñ ordısınuñ üstinə gəldi.

Ulu / böyük : D.39: Şol qoyunları dəxi götürsək, Qazana ulu heyf edərdük - V.55: Şol qoyunı dəxi alsaq, Qazana böyük heyf olurdı.

Oñal - / eyü ol - : D. 29: Xanum, oğlanuñ qırq gündə yarası oñaldı, sa­pa - sağ oldı - V.16: Xanum, oğlanuñ qırq gündə ya­rası tamam eyü ol­dı.

Alaqırdı / hərzə - mərzə : D. 41: Alaqırdı söyləmə, mərə itüm kafir! - V. 55: Hərzə - mərzə söyləmə, itüm kafir! və s.

4. Bir sıra məqamlarda Vatikan nüsxəsi katibi klassik bədii dildən gələn söz və ifadələr işlətməyə, dastanın nəsr dilini poe­tikləşdirməyə səy göstərmişdir. Məs.: Bulaş - / qərq ol - : D. 27: Baqsa görsə oğ­lan­cuğı alca qana bulaşmış yatır - V.15: Baqsa görsə oğlancuğı alca qana qərq olmış yatur.



Dök - / saç -: D.64: ... alca qanın yer yüzinə dökdi - V.67: ... alca1 qa­nın yer yüzinə saçdı.

Xub yüzlü / xub surətlü: D.36: Toquz qara gözlü, xub yüzlü... kafir qızları... - Toquz qara göz[lü], xub surətlü... kafir qızları...

Nəsr parçalarında poetikliyə meyil Drezdfen nüsxəsində olmayan və Vatikan nüsxəsi katibinin mətnə etdiyi əlavələrdə də özünü aydın bü­ruzə verir. Məs.: Rəvan ol -: D.113: An­lar[uñ] buldur - buldur göz­lə­ri­nüñ yaşı aqar. V.46: Gözlərinüñ yaşı rəvan olub aqar; Süvar ol-: V.52: ... atlarına süvar olub... D.-də heç bir boyda bu sözə təsadüf edil­mir. Bu nüsxədə hər yerdə bin - feli işlənmişdir və s.

Vatikan nüsxəsi katibi bu tipli əlavələrdə qafiyələrdən və al­litera­si­yadan da geniş şəkildə istifadə etmişdir: D. 91: Bey­rə­güñ babası qaba sarıq götürüb yerə çaldı, tartdı yaqasın yırt­dı - V.33: Beyrəgüñ ata – ana­sı baqub gördilər kim, gərdək­xa­na görinməz olmış. Ah etdilər, yaqaların çak etdilər; D. 54: Oğlan böylə degəc buldur - buldur gözinüñ yaşı rəvan oldı - V.62: Və ağladı, buldur - buldur gözinüñ yaşı aqub çağ­ladı; D.102: Beyrəgə qatı fəraq gəldi, qatlanımadı, buldur - buldur gö­zi­nüñ yaşı rəvan oldı - V.40: Eşidicək Beryigə qatı fəraq gəl­di, qat­lanımadı, buldur - buldur ağladı, gözinüñ yaşı aqu­ba­nı çağladı; D.80: Aydur: “Nə görəyim, oğlı olan evərmiş, qızı olan köçürmiş” - V.27: Beryək aydur: “Nə görəyim, oğlı olan evərmiş, qızı olan ərə vermiş”, - dedi; D.88: Pürələr Dəlü Qarçara üşdilər. Gördi bacarı bilməz, aydur: “Mədəd, Dədə, kərəm eylə, allah eşqinə qapuyı aç, çıqayın”, - dedi - V. 32: Ac bürələr üşdi dəlüyə. Bar - bar bağırur, zar - zar ağırur: “Mə­dəd, Dədə!”, - deyü çağırur; D.35: Ol ögdügüm yücə tañrı dost olubanı mədəd ersün - V.20: Ol ögdügüm yücə tañrı dost olub mədəd ersün / Xanum saña, canum saña!; D.64: Altı pərlü gürz ilə dəpəsinə qatı tuta urdı - V.67: Altı pərlü gürz ilə dəpəsinə çaldı, canın cəhənnəmə saldı və s.

“Kitabi-Dədə Qorqud”un Drezden və Vatikan nüsxələrinin leksik struk­turu ilə bağlı apardığımız müqayisələr göstərir ki, Vatikan nüs­xəsindəki fərqli sözlərin böyük əksəriyyəti Drez­den nüsxəsində də iş­lən­mişdir və bilavasitə mətnin məzmunu ilə bağlıdır. Bir sıra hallarda leksik dəyişikliklər (nəsr parça­la­rında qafiyələrdən, alliterasiya yaradan sözlərdən istifadə edil­məsi) dastanın mətnində nəzm və nəsrlə yazılmış hissələr ara­sındakı bağlılığı gücləndirməyə xidmət edir. Vatikan nüsxə­si katibi dastanın müxtəlif boylarında təsadüf edilən standart söz və ifa­dələrə sərbəst yanaşmış, dastanın ümumi struktur – se­man­tik ovqatını zə­də­ləmədən yeri gəldikcə onlardan öz şəxsi bədii zövqünə uyğun şə­kildə istifadə etmişdir. Katibin əlavə etdiyi bəzi söz və ifadələr, habelə mətn parçaları abidənin məz­­mun komponentinin ayrı-ayrı detallarını də­qiqləşdir­mə­yə, bütövlükdə hadisələrin təhkiyə axarının xronoloji ardı­cıllığını və məntiqi bağlarını bərpa etməyə imkan verir.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin