Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə20/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

Ədəbİyyat:


  1. Библиотека в саду. Москва, 1985.

  2. K.Şərifli. Əbdülqəni Nuxəvi Xalisəqarızadə. Bakı, 2002.

  3. Ümmi İsa. Mehri və Vəfa. B-7768; B-5655. Əlyazmalar İnstitutu.

  4. Ümmi İsa. Mehrü Vəfa. Atatürk Universitetinin kitabxanası №282, 283.

  5. Fehmi Edhem Karatay. Topkapı sarayı muzesi kütüphanesi türkcə yazmalar kataloqu. IIc. İstanbul, 1961.

  6. شمس الدين سامى. قاموس الاعلام. ٦ جلىه. استنبول، ١٣٠٦־١٣١٦.

  7. مصطفى بن عبدالله الشهير بكاتب چلبی و حاجی خلیفه. کشف الظنون عن اسامی الکتب و الفنون. بیروت.

  8. الشیخ اقا بزرک الطهرانی. الذريعة الى تصانيف الشيعة. تهران.

  9. Ethe Hermann. Katalogue of persian manuscripts in the İndia office libraryş Volume I. London, 1980.

  10. Асадуллаев С. «Лейли и Меджнун» в фарсоязычной литера­туре. Душанбе, 1981.

  11. اسماعيل باشا بن محمد امين بن مير سليم البغدادى. ايضاح المكنون فى الذيل على كشف الظنون عن اسامى الكتب و الفنون. بيروت.

  12. Г.Ю.Алиев. Темы и сюжеты Низами в литературах народов Востока. Москва, 1985.

  13. Tərbiyət M. Danişməndani-Azərbaycan. Bakı, 1987.

  14. Ismail Hikmət. Azərbaycan ədəbiyyatı tarixi. IIc., Bakı, 1928.

  15. Agah Sirri Levend. Türk edebiyatı tarihi. Ic. Ankara, 1988.

  16. Fuad M. Köprülü. Türk edebiyatı tarihi. Ankara, 2008.

  17. Amil Çelebioğlu. Türk edebiyatında mesnevi (XV yy-a kadar). İstanbul, 1999.


Zaur Orucov

(Əlyazmalar İnstitutu)
Əlyazmalar İnstİtutunda saxlanılan qədİm əlyazma cildlərİ
M.Füzüli adına Əlyazmalar institutunda orta əsrlərə aid min­lərlə əl­yazma kitabları saxlanılır ki, onların da xeyli hissə­si­nin cild qapaqları bu və digər səbəblərə görə böyük maraq doğurur.

VII əsrdən etibarən Türk xalqlarının kitab qapaqlarında də­ridən is­tifadə edildiyi aydındır (1). Bin Buda mağaralarında Dr.A.Stein ve Pel­lot tərəfindən aparılan qazıntılar zamanı üzə­rində dəmir qəlib basılmış dəri gön qapaqlara rast gəlmişlər (2). Sonrakı dövrlərdə cildləmə işinin daha da inkişaf etdiyini görürük. İslam dinini qəbul edən türk xalqları hər sahədə ol­du­ğu kimi cild sənətində də öz bacarıqlarını göstərmişlər (3,122). Quran nüsxələri qapaqlarının bədii tərtibatında aşkar gö­rü­nən incəlik və bədiilik bunu deməyə əsas verir.

Orta əsr hökümdarları üçün hazırlanan kitabların bədii tər­ti­batı daha zəngin ornamentlərlə bəzədilirdi. Ancaq bu cür əl­yazma kitabla­rı­nın sayı çox azdır.

Həqiqətən Türk İslam cild sənəti tarixdə ozünə xas yer tutur. Şərq cildçilik sənəti ilə Qərb cildçilik sənəti arasındakı fərq çox böyükdür. Türk İslam cildi hazırlanma texnikası çox çeşitliliyilə fərqlənir, (4,31) belə ki, hər cild qapağı öz dövrü­nün üslub və çalarlarını öz üzərində əks etdirir. XV əsrə qədər klassik cild sənətində çox böyük dəyişiklik baş verməmişdir. Bu­na səbəb olaraq o dövrdə sabitliyin uzun sürmədiyini və da­im davam edən muharibələr buna səbəb ola bilər.

İncəsənətin inkişafı orta əsrlərdə demək olar ki, hər sahədə özünü bi­ru­zə vermişdir. Buna misal olaraq xəttatlıq, nəqqaşlıq, həkkaklıq (5), toxuculuq və başqa sahələri göstərə bilərik. Əl­yazma kitablarının bədii tərtibatındakı inkişaf xususilə diqqəti cəlb edir.

Azərbaycan ərazisində XI əsrdən etibarən yüksələn cild sənəti hər əsrdə öz töhfəsini vermişdir. Səlcuqilər, Teymurilər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər və dövrlərinə aid cild numunələr bunu de­mə­yə əsas verir. Orta əsrlərdə Azərbaycan cildçilərindən Məhəmməd Əli Təbrizi (XIV), Məhəmməd Za­man Təbrizi (XVI), Mirzə bəy Təbrizi (XVI), Məhəmməd Sa­leh (XVII) bu kimi dahi sənətkarlarımızın adını çəkmək yerinə düşərdi.

Professor C.Qəhrəmabnovun yazdığı kimi, XIII-XIV əsrdə ya­ranmış və bu günə qədər gəlib çatan Azərbaycan əlyazma ki­­tab­larının, demək olar ki, çox hissəsi başqa ölkələrin kitab­xa­­nalarındadır. Sonrakı əsrlərdə yaranmış Azərbaycan əl­yaz­ma kitablarının ən nəfis nümunələri Hindis­tan, İran, Misir, İn­giltərə, Fransa, Amerika və b. dövlətlərin kitabxana­la­rın­da və şəx­si kolleksiyalardadır. (6,s.5)

Cildçilik sənəti sənətkarlıq baxımından çox zərif və çox ustalıq tələb edən bir sənətdir. Belə ki, əlyazma kitabının ər­səyə gətirilməsi kağızın yazı üçün hazırlanması, müzəhhibin bəzək vurması, bir sıra digər əmə­liyyatlardan sonra, onun mü­cəllid tərəfindən cildlənməsi ilə tamam­la­nır. Bildiyimiz kimi, qədim zamanlarda kağızlar birbaşa istifadəyə ya­rar­lı deyildi. Belı ki, yumurta ağından hazırlanan ahər məhlulu çəkilən ka­ğızlar möhrələnərək cilalanır və yazıya yararlı hala gətirilirdi (7). Mücəllid (cildçi) vərəqləri uyğun ölçülərdə kəsir, dəftər ha­lına salırdı. Dəftərlər bir - birinə tikilirdi. Daha sonra qərb cildlərindən fərqli ola­raraq, kitabın kötük dediyimiz kaptal his­səsinə şirazə adlanan hörgü atı­lır­dı (8,17-18). Bu hörgü (şira­zə) dəftərlərin bir - birindən qopmama­sına xidmət edir.

Qapaqlarda istifadə olunan dəri uzun bir iş prosesindən son­ra hazır hala gəlir. Xüsusi bıçaq vasitəsilə nazildilir. Şüşə löv­hə üzərinə yapışdı­rı­lır ki, dəri quruyanda burulmasın. Kartonu oymaqla küncbəntlər və or­ta şəmsə, yəni medalyonun yerləri hazır hala gətirilir. Qəliblər ağırlıq va­sitəsilə basılaraq qəlib­lər­dəki bəzəklər dəriyə həkk olunur. Naxış vu­rulmuş qapaqlar müvafiq üsluba uyğun qızılla işlənir. Daha sonra hazır­lanan qapaq kitaba bərkidilir. Cildin hazırlanması prosesinin çox ge­niş izaha ehtiyac olduğu üçün burada qısa məlumatla kifayət­lənirik.

Qədimdə mürəqqə (karton) indiki kimi hazır karton deyildi. Qarala­ma kağızlar bir –birinə çarpaz şəkildə yapışdırılır, kənar təsir olmadan təd­ricən qurudulur və kartondan daha sağlam, uzun ömürlü, həmçinin möhür vurmaq üçün daha yumşaq və daha elastik hala gətirilirdi.

Mürəqqədən söhbət açılmışikən, fikrimizcə, əlyazma kitab­larının bər­pası zamanı rast gəldiyimiz maraqlı hadisələrdən söz açmaq yerinə düşərdi. Yuxarıda geyd etdiyimiz kimi, keç­mişdə həm kağız qıtlığı sə­bə­bindən lazımsız qaralama kağız­lardan murəqqə düzəldirdilər. Bəzən qapaqlar, uzun illərdən sonra yapışqanı zəiflədiyi üçün və ya kağızın üzə­rinə çəkilən ahərin nəmlənməsi ilə vərəqlər bir birindən ayrılmağa başla­yırdı.

İş prosesində dəfələrlə qaralama kağızlarda maraqlı yazısı olan ma­terial­larla qarşılaşmışıq. Bundan başqa xəttatlıq sənə­ti­nə aid müxtə­lif xətt növləri ilə rastlaşmışıq. Bu məqalədə, son ay­larda bərpa etdiyim əl­yazmadan biri barədə bəhs etmək istərdim.

Əlyazmalar institunun xəzinəsində saxlanılan D-424 şifrəli “Ləva­qih-ul ənvar fi təbəqətül- əxyar” adlı əsərin içərisində belə bir qeyd var:

مشهور صحا به لرك و مشهور عالملرك ترجمهء حا لى اليضاح ايديلير.بوندان با شقا تصوّف علمينه وطريقينه عا ئد كه نيش معلومات ويريلير. بونلاردان علاوه برجوق منظوم شعرلرواردر كه شا عرلرك ترجمهء حاليندا شعرلريندن ده نمونه لر ويريلمشدر.

بوكتاب 961 نجى ايلينده تأليف ايديلمش 1067 ينجى ايلده شامدا يازيلمشدر. آ غداشلى محمدافندى محمد صالح افندى اوغلوشامدان ساتين الوب كتيرمشدر.

Məşhur səhabələrin və məşhur alimlərin tərcümeyi- halı izah edilir. Bundan başqa, təsəvvüf elminə və təriqinə aid geniş məlumat verilir. Bunlardan əlavə bir çox mən­zum şeirlər vardır ki, şairlərin tərcümeyi-halında şeir­lərin­dən də nümunələr verilmişdir. Bu kitab 961-ci ildə təlif edil­miş, 1067-ci ildə Şamda yazılmışdır. Ağdaşlı Məhəm­məd əfəndi Məhəmməd Saleh əfəndi oğlu Şamdan satın alıb gətirmişdir.”

Əsər nəfis işlənilən ornamentlərlə zəngin və qızıl suyu ilə bəzə­dilmiş qəhvəyi rəngli dəri cildə malikdir. Qapağın üzərinə ortada “şəmsə”1 adlanan medalyon basılıb. Medalyonda XVI-XVII əsrə aid nə­fis “saz yolu”2 üslubunda çiçək, yarpaq və xətayi motivlərindən isti­fa­də edilmişdir. Medalyonun fonuna qızıl işlənmiş, çiçək və yarpaq mo­tivləri isə dərinin öz rən­gin­də saxlanılmışdır. Qapağın haşiyəsinə qızılı bir xətt çəkilmiş, künclərində isə üç ədəd çiçək vurulmuşdur. Qızıl ciz­gilərin kənarına adi cizgi və zəncirək3 vurulmuşdur. Qapağın içində, yəni forzas hissəsində klassik “daraqlı” əbru kağızından istifa­də edil­miş­dir.

Bu əsərin qapağı olduqca yararsız vəziyyətdə idi. Qapağın üst his­səsindəki dəri qopmuş və içərisindəki kartonu təşkil edən vərəqlər bir birindən haçalanaraq ayrılmışdır. Cild səthi­nin uzun sürən təmizlənməsi prosesindən sonra buradakı mo­tiv­lərə qızıl işləndiyi aşkarlandı. Əlyaz­ma qapağını təşkil edən və aralanan vərəqlərdə bəzi yazılar diqqətimizi çəkdi. Belə ki, bu vərəqlərdəki yazılarda xəttatın məşqi-xətt yazıları və Şam qalasına aid olan əmlakın hesabat siyahısı var idi. Vərəqdə belə bir məlumat da yazılmışdı:

مخلقات مر حوم مومن با شاالمتوفى............................سنه 1053

Burada bəzi yazılar “siyaqət” xətti ilə yazıldığı üçün oxuya bil­mə­dik. Məlumdur ki, siyaqət xətti ilə qədim dövrlərdə xə­zi­nə əmlakının giz­li hesabatı aparılırdı.Qədim zamanlardan bu yana bu yazı növünə belə deyərdilər:

Əhli tərəfindən yazılar və əhli tərəfindən də oxunar”. (9, 20)

Hər iki qapağın içindəki vərəqlərdə buna bənzər məlumatlar və xət­tatın yazı məşqləri var idi. Bu vərəqləri gələcək tədqi­qa­ta cəlb oluna­ca­ğına ümid edərək ayrıca saxlanılmasına qərar ver­dik.

Qapaq əslinə uyğun şəkildə bərpa və konservasiya olundu. Qapaq­da­kı naqis dəri hissələrə muasir dəri çəkildi. Qızılla işlə­nən hissələr yenidən bəzədildi. Əlyazmanın kötüyünə şirazə hörüldü. Beləliklə, bu əsər ilk günündəki kimi bərpa və kon­servasiya edilərək xəzinəmizə qay­tarıldı.

Bərpadan əvvəl Bərpadan sonra


Ədəbİyyat:
1.http://www.dersimiz.com/belirligun-494-Turklerde-Kutuphane.html#.UO8WJrI1SlUhttp:

2.www.okulyolu.org/index.php/eski-tuerk-sanatlar.html?start=10

3. K.Zeynep Güney, A.Nihan Güney. Osmanlı süsleme sanatı. Ankara-1999 170s.

4.Mehmet Ali Kağıtçı, Kağıtçılık Tarihçesi. İstanbul-1936

5. http://mct.gov.az/service/lang/az/page/103/letter/u004d/

6.C.V.Qəhrəmanov. Əlyazmalar xəsinəsində. Azərbaycan əl­yaz­ma kitabı tarixindən, Bakı-1987

7.Engin Özdeniz. Türk Cild Sanatı, İstanbul-1981

8.M.Husrev Subaşı. Yazıya Giriş, İstanbul-1997.152 s.



Teyyubova Pərvanə

(Əlyazmalar İnstitutu)
Zİyalı, tərcüməçİ və İlk Azərbaycan mühəndİsİ Rəşİd bəy Axundov
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına əl­yaz­malar institutunun şəxsi fondlar şöbəsində Azər­bay­­­can dramatur­gi­ya­sının banisi, böyük mütəfəkkir, ictimai xa­dim və filosof M.F.Axun­do­vun arxivi saxlanılır.

Bu ən zəngin arxivlərdəndir. M.F.Axundovun (1812-1878) şəxsi ar­xivində mühafizə edilən 824 adda materialların böyük hissəsi onun ailə üzvləri, övladları, nəvələri ilə bağlı material­lardır. Həmin materiallar içərisində M.F.Axundovun oğlu Rə­şid bəy Axundovun yaradıcılıq irsi, Brüsseldə təhsil aldığı müd­dət ərzində atası ilə məktublaşması xüsusi yer tutur. Ədə­biy­yat kitablarında M.F.Axundovun tərcümeyi-halı veri­lər­kən onun 13 övladının olduğu bu uşaqların 11-nin çox tez vəfat et­dik­ləri, yalnız ikisinin-oğlu Rəşid və qızı Nisənin qaldığı bil­dirilir. M.F.Axundovun həyat və yaradıcılığını nəzərdən keçi­rər­kən Rəşid bəy Axundov haqqında verilən materiallar dəq­qəti cəlb edir. O, dövrünün ən maraqlı simalarından biri ol­muş­dur. Ziyalı, tərcüməçi ilk ali təhsilli Azərbaycan mühən­disi olan Rəşid 1854-cü ildə Tiflisdə doğulmuş və ilk təhsilini də burada almışdır. Erkən yaşlarından musiqini sevir, gözəl tar çalmağı bacarır, şahmata maraq göstərirdi. Rəşidin dünya gö­rüşü və düşüncə tərzinin formalaşmasında M.F.Axundovun bö­yük rolu olmuş­dur. M.F.Axundov Rəşidin tərbiyəsi ilə ciddi məşğul olmuş onu çox müstəqil gənc olaraq yetişdirmişdir. O, fizikanı, təbiətşünaslığı və fəl­sə­fəni yaxşı bilirdi.

Rəşid tərcüməçilik bacarığına da malik idi və ilk tanınmış tərcü­mə­çidir. Əcnəbi dilləri öyrənməkdə də o çox mahir idi. Azər­baycan dilin­dən başqa rus, fransız fars və ərəb dillərində də sərbəst danışmağı ba­carırdı. Əcnəbi dilləri bilməsi sayə­sin­də M.F.Axundova bir çox məsələ­lərdə kömək edirdi. 1872-ci ildə «Şarl Mismerin Ali Paşaya məktubu» fəlsəfi əsərini fran­sız­cadan ruscaya çevirmişdir. Bundan başqa «Bir ba­laca parij­li­nin həyatı» adlı fransız romanını da Rəşid tərcümə etmişdir. Lakin bu roman 30-cu illərdə M.F.Axundovun əsəri adı ilə çap olunmuş sonralar Ə.Ələsgərzadə bu əsəri məhz Rəşid tərəfin­dən tərcümə edildi­yini müəyyənləşdirilmişdir. Şamil Zamanov isə onun müəllifini dəqiq­ləşdirmişdir.

Bir çox dilləri mükəmməl bilməsinə və yüksək tərcüməçilik qabiliy­yə­tinə malik olmasına baxmayaraq, Rəşid mühəndis ol­ma­ğı qərara alır. Bununla əlaqədar olaraq 20 yaşlı Rəşid 1874-cü ildə Avropaya gedir. O, Avropanın ən tanınmış ali təhsil ocaq­larından biri olan Brüssel uni­versitetinə qəbul olu­nur. İm­ta­hanları isə müvəffəqiyyətlə verir .

Avropaya gəlişi Rəşidin həyatında və dünya görünüşündə də­yişik­lik­lərə səbəb olur. O, çoxlu oxuyur, məşğələ keçir, elm öy­rənməyə ça­lışır. Eyni zamanda buranın mədəniyyət və in­cəsənəti ilə yaxından ta­nış olmaq üçün teatra və muzeylərə ge­dir. Ziyalılarla tanışlıq əlaqələri ya­radır.

Rəşid həm Brüsseli, həm də oranın camaatını çox sevirdi. Ən çox xoşuna gələn cəhət isə insanların səmimi və hiylədən uzaq olmaları idi. Məktublarında Brüsselin azad, sakit və dinc ölkə olduğu haqqında ya­zırdı. Ancaq öz ölkəsini isə Avropanın bir çox ərazilərinə və bütün dün­yaya nisbətən sadəcə olaraq cən­nət adlandırırdı.

Rəşid vətəndən uzaq belə bir yerdə özünə dostlar tapır, sə­mi­miliyə ilə özü də yoldaşlarının hörmətini qazanırdı.O , dost­luğa böyük önəm ve­rirdi. Özünə dost seçəndə insanlıq keyfiy­yətinə xüsusi diqqət yetiridi.

Oxuduğu universitetdə dərs proqramları çox dolğun idi, bu­nun üçün kifayət qədər zəhmətə qatlaşmaq lazım gəlirdi. An­caq dərslərin çətin­li­yi Rəşidi qorxutmurdu. O, yaxşı mühəndis ol­maq üçün nəinki dərslərin ağırlığına, bütün çətinliyə döz­mə­yə hazır idi. Vətəndən uzaq, ağır hə­yat, maddi çətinliklərə bax­mayaraq, Rəşid vətənə mühəndis diplomu al­madan qayıtmaya­ca­ğını qəti qərarlaşdırmışdır.

Valideynlərinə məhəbbət və qayğıkeşlik Rəşidin xarakte­ri­nin əsas cizgilərindən idi. O, validenlərini ülvi bir məhəbbətlə se­vir və onlara bö­yük ehtiram bəsləyirdi. Rəşid atasına eyni za­manda dost, məstəkdaş və silahdaş olmuşdur. Elə bu səbəb­dən də Brüsseldəki problemlərinə, dərslərinin çətinliklərinə bax­mayaraq M.F.Axundovun əsərlərinin Av­ro­pa dillərinə tər­cü­məsi və Avropa teatrlarında tamaşaya qoyulmasına çox səy göstərirdi. Bununla həm M.F. Axundovun yaradıcılığını təb­liğ etmək, həm də Azərbaycanlılara xas olan xüsusiyyətləri Av­ro­palılara çat­dırmaq istəyirdi .

Rəşid çox həsas bir oğul idi. 1878-ci ildə M.F.Axundovun vəfatı Rəşidi çox sarsıdır. O, təkcə atasını deyil, eyni zamanda ustad və müəl­limini itirmiş olur. Onu da qeyd edək ki, M.F. Axun­dovun ölü­mün­dən qabaq Allahdan yalnız bir istəyi ol­muşdu, ona iki il ömür ver­sin ki, Rə­şidin Brüsseldən qayıt­dı­ğını görsün və onun toyunu etsin. La­kin M.F.Axundova bu qis­mət olmamışdı.Artıq M.F.Axundovun vəfatı ilə maddi cə­tin­liklər də yaranır. Digər tərəfdən də Rəşidin xəstələnməsi və­ziyyəti daha da ağırlaşdırır. 1882-ci ildə Rəşid təhsilini bi­tir­mədən Tif­lisə qayıdır. Lakin mühəndis olmaq arzusundan əl çəkmir.

Az keçmir ki, Rəşid təhsilini davam etdirmək üçün artıq Brüs­selə yox Peterburqa gedir.Ona dayısı Mirzə Mustafa kö­mək­lik edir. O, Brüs­seldə təhsilini bitirmədiyi üçün çox təəs­süf­lənirdi. Ancaq Peter­burq da onun həyatında mühüm rol oy­nayır.

Nəhayət, Rəşid mühəndis diplomu ilə Tiflisə qayıdır və Qaf­qaz Dairəsi Yollar İdarəsində işə başlayır. Eyni zamanda Tiflisdəki Müsəl­man Xeyriyyə Cəmiyyətinin işində də fəal iş­tirak edirdi. Rəşid həm də xeyriyyəçi kimi Rusiyanın və Avro­panın ali məktəblərində təhsil alan tələbələrə də maddi yardım göstərirdi.

Göründüyü kimi Rəşid bəy Axundov izi qalan və mənalı bir ömür sürmüşdür. Onun həyatı çox mürəkkəb olmuşdur. Brus­seldə və Peter­burqda oxuduğu zaman bütün çətinliklərə bax­ma­yaraq, təhsilini səbr və qətiyyətlə dəvam edən Rəşid vətənə qayitdiqdan sonrada bir sira çə­tin­liklərlə üzləşir.Vətənini, xal­qı­nı, valideynlərini odlu bir məhəbbətlə se­vən, xalqının işıqlı gə­lə­cəyinə inanan, qəlbində gələcək arzuları aşıb-daşan, fə­da­kar, ən tərifəlayiq keyfiyyətlərə,ciddi mənəviyyata malik Rə­­şid bəy Axundovun həyatı isə faciəli sonluqla bitmişdir. Ata­sı­nın və­fatı, Brüssel Universitetini yarımçıq qoyması, ailə prob­lem­ləri onun xəstələnməsinə səbəb olmuş və nəhayət, Rəşid bəy 1909-cu ilin yanvar ayında faciəli halda vəfat etmişdir.

Aynur Hacıqədİrlİ

(Əlyazmalar İnstitutu)
Osmanlı İmperİyası və Makedonİya məsələsİ
XIX əsrin II yarısında Osmanlı İmperiyasının beynəlxalq vəziyyəti daha da gərginləşmişdi. Qeyd edək ki, bu dövrdə yalnız Osmanlı İmpe­ri­yası üçün deyil bütövlükdə beynəlxalq vəziyyət gəgin olaraq qalmaq­da idi. Çin limanları iri dövlətlər tərəfindən bölünmüş, yaponlar ABŞ təh­didi altında yaşayırdı, Əfqanıstan Rusiya dəstəyi ilə ingilislərə qarşı mü­qavimət gös­tərirdi. Mustafa Armağanın qeyd etdiyi kimi “belə və­ziy­yətdə Osmanlının əli-qolu bağlanmışdı. Edə biləcəyi bir şey isə qü­ru­­runu və torpaq bütünlüyünü qorumaq üçün vaxt qazanmaq və sülh dövrünün imkanlarından istifadı etmək idi. (5, s. 211)

Bu dövrdə yaşanan problemlərdən biri də Makedoniya mə­sə­ləsi idi. Makedoniya deyərkən haralar nəzərdə tutulur? Bu məsələ ilə bağlı əski çap kitablarından Əhməd Səlahəddinin Makedoniya məsələsi və Bal­kan­ların axırı əsərinə müraciət et­dik. Kitabda belə bir faktla üzləşdik:

“İdarətən Makedoniya Selanik və Manastr və Kosova vila­yət sələ­səsindən ibarətdir ki, Üskübdür. Fəqət ümumiyyətlə qə­bul olunur ki, Makedoniya bu üç vilayət hüdudlarına qədər gedib çıxmır. Bu üç vila­yət sahə məcmuəsindən bir tərəfdən mütəədid Arnavudluq sancaqlarını və digər tərəfdən Tağın şi­ma­lında əski Serbiyaya aid olan Kosova vi­layəti qismini çı­xart­maq lazımdır. Ondan başqa cənubda rumların məs­kunlaş­dığı Vyestriça vadisinin də Makedoniya qismindən olmadığı söy­lənilir.” (2, s. 24)

Osmanlı tarixində Makedoniya məsələsi 1878-ci il Berlin Traktatı ilə özünə yer almışdı. Berlin konfransında qəbul edil­miş bu Traktata görə Rusiya Avropa dövlətlərinin verdiyi qə­rar­la razılaşmaq məcburiy­yə­­tində qaldı. Traktata əsasən Bol­qar dövləti üç hissəyə bölündü: şimal hissəsi Osmanlı İmpe­ri­yasına xərac pdəyəcək muxtar bir prenslik oldu; Şərqi Rumeli adlanan cənub hissəsi Osmanlı idarəsi altında yarımmux­tar bir əyalət oldu; Makedoniya və Trakya isə yenidən birbaşa Os­man­lı idarəsi altına verildi. (1, s.97)

Makedoniyanın ərazisinin əhatə etdiyi rayon böyük strateji və iq­tisadi əhəmiyyətə malik bir məkandır. Mərkəzi Avropanı Ağ dənizə bağ­layan Moraviya ilə Vardar vadiləri burada yer­ləşir. Ona görə də Ser­biya və Bolqarıstan dənizə çıxış üçün əl­ve­rişli bir rayon olduğundan Ma­ke­doniyanı daim öz ərazilə­rinə birləşdirmək istəmişlər. Avropa və Asiyada hun, slavyan, və türk fəthləri buradan keçərək reallaşdırıl­mış­dır. Burada nü­fuz bərqərar etmiş dövlət ümumən regionda təsir dairəsi for­malaşdırmağa müvəffəq olurdu.

Makedoniya bir çox millətlərin məskunlaşdığı bir ərazi ol­duğundan Berlin Traktatından sonra burada öz nüfuzlarını bər­qərar etmək istiqa­mə­tində müxtəlif siyasi avantüralar həyata keçirmək istəyirdilər və bu da­vamlı hal almışdı. Bu mənada, Ma­kedoniyada məskunlaşan millət­lə­rin nisbəti də maraq doğu­rur­du. Burada həmin dövr 1 508 507 mü­səl­man türklər, 896 497 bolqar, 307 000 rum, 100 717 serb, 99 000 ulah, az sayda alban və yəhudi yaşayırdı.

Makedoniyalıların dili serbcədən çox bolqarcaya, özləri də serbdən çox bolqara bənzəyirlər. Lakin onlar Bolqarıstan bol­qar­larından daha çe­vik, daha mahirdirlər. Bu keyfiyyət yəqin ki, rum irqi ilə qaynayıb-qa­rış­manın nəticəsidir. (2, s. 25)

Makedoniya uğrunda mübarizə aparan əsas dövlətlər isə Bol­qarıs­tan, Yunanıstan və Serbiya idi. Sonradan bu müba­ri­zə­yə Rumıniya da qo­şulmuşdu. Strateji əhəmiyyət daşıyan bu ra­yonda möhkəmlənmək is­təyən əsas dövlət Bolqarıstan idi. Bolqarlar buraya etdikləri iddianı ta­rixi haqları kimi qələmə verir və bunu bolqar çarı Simonun yaratmış olduğu keçmiş Bö­yük Bolqarıstan imperatorluğunun ərazisi olması ilə izah et­məyə çalışırdılar. Ayastefanos Andlaşması ilə bu ərazilərin on­lara verilməsini ön plana çəkən bolqarlar öz haqlarının Berlin Traktatı ilə pozulmasını qabardırdılar. Ona görə də, onlar Ma­ke­doniyaya olan id­dialarında haqlı olduqlarını israr edirdilər.

1885-ci ildə Avropanın etirazına rəğmən Şərqi Rumeli Bol­qarıstanla birləşərək Berlin Traktatının ən azından bir qismini pozdu. Bununla da Makedoniya məsələsi həll edilməmiş qaldı. (1, s. 99)

Bolqarıstanda Makedoniyanın ələ keçirilməsinin slavyan birliyinə gedən əsas yol adlandırmaqla, Ağ dənizə yeni ticarət qapısı açacaq­la­rına ümid bəsləyidilər. Bu səbəbdən də, açıq şəkildə «Bizim gələcə­yi­miz Makedoniyadadır. Makedoniyasız Bolqar Dövləti Balkanlarda kö­mək­siz və əhəmiyyətsiz olacaq­dır. Salonik Bolqar dövlətinin qapısı ol­malıdır» iddialarını bə­yan edirdilər. Ona görə də, burada bolqarlar pra­vos­lav kilsə və ibtidai təhsil məktəbləri açmağa başladı ki, bu qarşıya qoyul­muş məqəsədə nail olmaqda ilkin addımları səciyyələndirirdi. Bol­qarıstanın baş naziri Stambulov Makedoniya məsələsində sultan Da­nohri və Üsküpdə Bolqar yepiskopluğunun açılması­nı xahiş etmiş və buna 1890-cı ildə nail olmuşdu. Sultanın belə bir razılıq verməsi isə Ro­ma katoliklərinin qəzəbinə səbəb ol­muş­du. Bu səbəbdən eyni za­manda katolik və pravoslav kilsə­lə­ri arasında da kəskin mübarizə baş­lanmış oldu. Bu müba­ri­zədə öz marağından çıxış edən sultan 1897-ci il­də türk-yunan mü­haribəsi zamanı yunanlardan intiqam almaq məq­sə­dilə bol­qarlara daha dörd kilsə tikmək üçün razılıq vermişdi. İstan­bu­lun Bolqarıstana loyal siyasəti onun Makedoniyada möhkəm­lən­məsini əsas­landırmış oldu. Belə ki, 1895-ci ildə Makedo­ni­yada artıq 600-dən çox bolqar məktəbi fəaliyyət göstərirdi ki, bu məktəblərdə də 25-30 min tələbə təhsil alırdı. Bolqarıstan hər il bu məktəblərə 1-2 milyon frank həcmində maliyyə və­saiti sərf edirdi. Lakin proseslərin bu istiqamətdə inkişaf etmə­si paralel olaraq, Osmanlı dövlətinin də əleyhinə təkamül et­mək­də idi. Belə ki, Bolqarıstanın Makedoniyada açmış olduğu həmin məktəb və təhsil mərkəzləri eyni zamanda Osmanlı döv­lətinə qarşı mü­barizə aparan millətçilərin yetişdirilməsi ilə məşğul olurdu. Bu faktor 1893-cü ildə Bolqarıstanın baş naziri Stambulovun həyatına sui-qəsd edil­məsindən sonra açıq şəkil­də özünü büruzə vermiş oldu. Yeni baş nazir isə Stambulov­dan fərqli olaraq, sultan hökumətinə loyal mövqe­dən deyil, ona qarşı mübarizə mövqeyindən çıxış edirdi. Həmin il Res­ne­də Makedoniya Daxili Ixtilal Təşkilatının yaradılması bunun ba­riz nü­munəsi idi. Ilk dövrlər türklərə qarşı mənəvi və psixo­loji mübarizə aparan Təşkilat gizli fəaliyyət göstərirdi. Bu fəa­liy­yətin məntiqi nəticəi kimi, 1895-ci ildə Sofiyada Makedoni­ya Xarici Ixtilal Komitəsi yara­dıl­dı. Hər iki təşkilatın əsas məq­sədi Makedoniyanı Bolqarıstana birləş­dir­mək idi.

Romalılar isə Makedoniyanı Bizans imperatorluğunun bər­pası isti­qa­mətində başlıca keçid adlandırırdılar. Qeyd etmə­liyik ki, yunanlar da Makedoniyaya tarixi haqlarının olduğunu id­dia edir, bunu bir zamanlar Makedoniyanın Yunan kralı Filip və İskəndərin hakim olduğu bu əra­zinin Bizans imperiyasının daxili rayonlarından biri olması ilə əsas­lan­dırmağa çalışırdılar. Bu mövqedən çıxış edən Yunanıstan kralı I Geor­gi, hətta Yu­na­nıstanın Makedoniyasız yaşaya bilməyəcəyini deyirdi. (3, s.57) Bu məqsədlə də 1894-cü ildə, yunanlar Makedoniyada Et­niki Eter­ya təşkilatı yaratdılar ki, bundan əsas məqsəd ilk növbədə antibol­qar təbliğatının aparılmasını intensivləşdirmək və burada Yunanıstanı təbliğ etmək idi. Bildiyimiz kimi, Yu­na­nıstanın bütün rum dilində danı­şanları bir dövlət içində bir­ləşdirmək arzusu 1920-ci ildə faciəvi son­luq­larla nəticələndi. (1, s.94)

Serblər də bolqar və rumlar kimi Makedoniyaya tarixi haq­ları olma­sı iddiaları ilə çıxış edirdilər. Bu istiqamətdə təbli­ğa­tın əsas ana xəttini makedoniyalıların bütünlüklə serb olduq­ları, Üsküpün Serb hökmdarı Duşanın dövründə Serbiyanın paytaxtı olması təşkil edirdi. Ona görə də, serblər Bütün Ma­ke­doniyanın Serbiyaya məxsus olduğunu iddia edir və bu mə­sə­lədə heç bir tərəfə güzəştə getməyəcəklərini bəyan edir­dilər. Serbiyanın belə açıq təcavüzkar mövqedən çıxış etməyə ruh­lan­dıran isə onların Avstriya-Macarıstan tərəfindən dəstəklən­məsi idi. Əs­lində Berlin Traktatı ilə Avstriya-Macarıstana Bos­niya-Herseqovinanı hi­mayəsinə almaq icazəsi də verilmiş­di. (1, s.97) Lakin 1879-cu ildə Bosniya-Herseqovinada Av­stri­ya-Macarıstanın nüfuzunun bərqərar edil­məsi Serbiyanın ciddi narazılığına səbəb olmuşdu və Avstriya-Ma­carıstan Ser­biyanı nominal olaraq dəstəkləməklə Bosniya-Herseqovina it­kisi ilə barışmağı təlqin etməyə səylər göstərirdi. Buna görə də tərəfər 1881-ci ildə Serbiyanın Makedoniyaya genişlənməsini əsaslandıran mü­qavilə imzalamışdılar. Avstriyanın xarici işlər naziri Baron Haymer Bu məsələ ilə əlaqədar bildirmişdi ki, «Makedoniyanın Bir hissəsi olan Kosovo üzərində Serbiyanın iddiasını bir rəsmi sövdələşmə ilə tanıma­ğa indidən razıyıq və buna hazırıq. Gələcəkdə Avropanın Böyük döv­lətləri tərəfin­dən toplanacaq bir konfransda bu ərazinin Serbiyaya bir­ləş­di­rilməsini tanımağa yönələn siyasətimizdə bütün nüfuzumuz­dan is­ti­fadə edəcəyik». Avstriyanın bu vədi həmin müqvilənin 7-ci maddə­sin­də öz əksini tapmışdı.

Avstriya ilə müvafiq razılaşmalar əldə edən Serb kralı Alek­sandr 1894-cü ildə Istanbula səfər etdi və sultandan Ma­kedoniyada, xüsusilə də Kosovoda serb məktəblərinin açılma­sına razılıq aldı. Qısa bir za­manda burada 100-dən çox serb mək­təbləri açıldı ki, bu məktəblərdə 5 mindən çox tələbə və şagird təhsil almağa başladı. Makedoniyada bir serb yepiskop­luğunun açılması məsələsi isə 1896-cı ildə həll edilmiş oldu. Üsküpdə açılan bu yepiskopluğa qarşı rumlarla birgə bolqarlar da mübarizə aparmağa başladılar. Kosovo və Üsuküpün qədim Serbiya ad­landırılmasına qarşı bolqarlar açıq mübarizəyə baş­ladılar. Buna cavab olaraq serblər də analoji mövqedən çıxış et­məyə başladılar. Nəticədə bolqar, yunan və serblər bir-biri ilə mübarizə etməyə başladılar.

Belə bir vəziyyətdə Makedoniyadakı türk əhalisi ən çox zərər çəkən və zərbə alan tərəf kimi çıxış edirdi. Həmin dövr, yəni hələ 1897-ci ildə bu proseslərə dair öz düşüncələrini qey­də almış Tunalı Hilmi özünün «Makedoniya Mazisi Hali İstik­bali» adlı əsrində bu məsələyə toxunaraq yazırdı ki, « türklər hələ də müdafiə olunmaq haqda düşünmürlər. Sa­ba­hını düşün­məyi ağlına gətirməyən bir Makedoniya sakini var idisə də,o da türklərdir. Bu gün özünü düşünməyən bu xalq sabah məhv olacaq­dır». Zaman və həmin siyasi proseslərin məntiqi nəticəsi Hilminin uzaq­görənliyini təsdiqləmiş oldu. Türklər Avropa Türkiyəsini XX əsrin əvvəllərində əbədi olaraq itirmiş oldular. Belə bir vəziyyətdə Osmanlı dövləti buradakı prosesləri öz gü­cü hesabına məqsədəuyğun istiqamətə yönəltmək iqtidarında olmadığından Makedoniyada serb, yunan və bol­qarların bir-birinə qarşı mübarizə aparmasını burada öz nüfuzunun qal­ma­sı­nın əsas vasitəsi kimi baxırdı. Sultan II Əbdül Həmid özünün si­yasi xatirələrində bu münasibətlə yazırdı ki, «Bizim Avropa­dakı qüd­rətimizin Balkan dövlətlərinin bir-biri ilə anlaşa bil­məmələri üzərində qurulduğu doğrudur».

Makedoniyada bolqar, yunan və serblər arasında qızğın mü­barizə getdiyi bir dövrdə, həmin mübarizə ulahların da Make­doniyaya iddia­la­rı çərçivəsində daha da kəskin xarakter almış oldu. Ulahlar yunan mən­şəli bir xalqdır. Roma imperatorluğu­nun rumın legionu, hələ eramızın IV əsrində barbarların hü­cumlarına məruz qalaraq məğlub olduqdan son­ra,onların bö­yük bir qismi Karpat dağlarına çəkilmiş, bir qismi isə Dunay ça­yını keçərək cənuba doğru hərəkət etmiş, Makedoniyaya qə­dər olan bir ərazidə, eləcə də Pidus dağ silsilələrində məs­kun­laş­mışdı­lar. Əsas məşğuliyyətləri isə kosmopolit səviyyədə ti­ca­rət etmək ol­muşdur. Pravoslav olan və rumın dilində danışan ulahlar, uzun müddət yunan mədəniyyətinin təsiri altında ol­muş­lar.

XIX əsrin ikinci yarısında Balkanlarda milli-azadlıq hərə­ka­tı başla­dıq­dan sonra onlar da bu mübarizəyə qoşulmuş və öz məqsədlərinə nail olmaq uğrunda mübarizəyə başlamışdılar. Onların əsas himayədarı isə Ru­mıniya idi ki, onlara hələ 1869-cu ildən etibarən müxtəlif sahələri, o cüm­lədən siyasi mübari­zə­ni əhatə edən müvafiq ədəbiyyatlar göndər­məyə başlamışdı. (3, s.59) Ulahların mübarizəsinə təkan verən isə pra­vos­lav pa­pası Marqariti olmuşdur. Belə ki, o Ulah kilsəsini Roma ka­to­lik kilsəsinin təsiri altından çıxarmaq məqsədilə kilsənin kato­lik kilsə­sin­dən ayrıldığını bəyan etmişdi ki, bu da Roma kato­lik­lərinin etirazına səbəbolmuşdu. Bu etirazdan isə o, siyasi məqsədlər üçün istifadə etmə­yi qərarlaşdırmış, nəticədə ulah­lar dini zəmində başladıqları müba­rizə­lə­rinə sonradan siyasi rəng vermiş və Makedoniyada gedən siyasi pro­ses­lərə təsir et­məyə başlamışdılar. Bununla belə ulahların «Ulah impe­ra­­tor­luğu» yaratmaq və Rumıniya ilə birləşmək məqsədləri əvvəl­cə­dən utopik bir ideya idi və heç bir halda reallığı nəzərə al­mırdı. Çünki ilk növbədə onların sayı kifayət qədər olmamaqla bərabər Rumıniya ilə həmsərhəd deyildilər. Digər tərəfdən Ru­mıniya ulahları onların mübari­zə­lərinin ilk günündən etibarən yalnız bolqarların irəliləmələrinin qar­şısını almaq məqsədilə dəs­təkləyirdi. Ona görə də sonradan onlar Bal­kan­­larda slavyan xalqları tərəfindən assimilyasiya olunmamaq məqsə­dilə sultan­dan yardım istəməyə məcbur oldular. Bu məqsədlə də 1897-ci ildə türk-yunan müharibəsi zamanı Fessaliyada kompakt halda ya­şayan ulahlar buranın türk hakimiyyəti altında qalması uğ­run­da müba­ri­zə aparmış və bunun üçün hətta Avropa dövlət­lə­rinə müraciət də etmiş­dilər. Belə bir addıma əsas verən faktor isə türklərin xristinlara, xü­su­silə də ulahlara yaratmış olduğu mə­dəni inkişaf şəraiti idi. Belə bir şə­rai­ti isə yunanlar onlara vəd etmirdi. Ona görə də ulahların türk haki­miyyəti altında qal­maq istəməsi və bunun uğrunda apardıqları mübarizə tam səmimi idi.

Ulahların belə bir mövqedən çıxış etməsi isə yunan, bolqar və serb­lərin onlara qarşı birləşməsinə təkan vermiş oldu. Nə­ticədə, bu üç mil­lə­tin ulahlara qarşı törətdikləri qırğın və iğti­şaş­ları nəzərə alaraq, Ru­mıniya sultana təyziqlər etməyə başla­dı. Nəticədə Ulah faktorunun Ma­ke­doniyada ayrıca bir ünsür olmasına dair sultan 1905-ci il mayın 25-də xüsusi bir fərman imzaladı. Bu fərman yunanların ulahlara qarşı istib­dadını daha da artırmış olduğundan,onlar Rumıniyadan yardım istə­di­lər. Nə­ticədə, Rumıniya və Yunanıstan arasında hərbi-siyasi vəziy­yət gər­ginləşdi.

Makedonyadakı bu proseslər 1898-ci ildə özünün kulmina­si­­ya nöq­tə­sinə çatmış oldu. (3, s. 61) Belə ki, münaqişə tə­rəf­ləri bir-biri ilə apar­dıqları mübarizə çərçivəsində, eyni za­man­da türklərə qarşı da iğtişaşlar törədirdi. Bu iğtişaşların tö­rədil­məsində isə boqarlar əsas yer tuturdular. Bolqarlara qarşı mü­barizə aparan serb və ulahlar isə türklərə yardım edirdilər. Et­nik münaqişə məngənəsində boğulan Makedoniyada bu si­yasi proseslərin fonunda Osmanlı dövlətinin nüfuzu aşağı düşmüş­dü. Belə bir vəziyyətdə Avropa dövlətlərinin diqqətini Make­do­niyaya yö­nəlt­mək istəyən bolqarlar Makedoniyadakı siyasi proseslərdə türkləri günahlandıran geniş bir təbliğat kompani­ya­sına başlamışdılar. Həmin dövr buradakı prosesləri işıqlan­dıran fransız jurnalisti Stefan Lusan ya­zırdı ki, «əgər həqiqəti söyləsək demək olar ki, Makedoniyadakı bütün qətl və iğtişaş­lar bolqar terroristləri tərəfindən əvvəlcədən hazırlanmış və qə­bul olunmuş mexanizmlə gerçəkləşdirilir. Məqsəd isə Por­ta­nın vəhşi, mədəniyyətsiz bir ölkə kimi yanlış olaraq tanıtmaq, xris­tianların burada ən ibtidai hüquqlara malik olmadığını Av­ropa dövlətlərinin nə­zərinə çadırmaqdır. Halbuki, belə bir halı sezmək çox çətindir. Bunun üçün onlar Makedoniyadakı xarici vətəndaşlara qarşı qəsdlər təşkil edir, onları oğurlayır, xarici və­təndaşlara məxsus müəssisələri yandırırlar». Dağıdılan hə­min müəssisələrin əksəriyyəti isə Salonikdəki Osmanlı Ban­kına məxsus idi. Bu addımlar isə 1896-cı ildə ermənilərin İs­tanbul­dakı Osmanlı Bankına qarşı törədilən terror aktından bəh­rələnirdi.

Qeyd edək ki, XIX əsrin II yarısındn başlayaraq, Osmanlı Türki­yə­sində ermənilərin guya çətin durumda olduqlarını bə­ha­nə edərək xarici dövlətlər Türkiyədən yeni güzəştlər tələb edir­dilər. Makedoniya məsə­lə­si ilə təxminən eyni zamanda baş ve­rən bu çıxışların xaricdın dəstək­lənməsi Osmanlı İmperiya­sında mərkəzdənqaçma meyllərini stimullaş­dırmaq idi. Avropa dşvlətləri tərəfindən silahlandırılan ermənilər 1894-1895-ci illərdə üsyan qaldırdılar Anadolu və İstanbulda qarışıqlıq ya­ratdılar. (6, s. 60)

Lakin Bolqarlar ermənilərdən də uzağa getdilər. Belə ki, onlar Sa­lo­nik­dəki Osmanlı Bankının divarları altında lağım aç­maq kimi dəhşətli bir faciənin həyata keçirilməsinə başladılar. Bu proses 1903-cü il apre­lin 7-də başa çatdıqdan sonra lağım açılan yerlərə dinamit qoyaraq Ban­kı yerlə yeksan etdilər. Ana­loji addım Vardar körpüsünə münasibətdə də atıldı. Frank mə­həlləsində isə davamlı olaraq bombalar partladıldı. Nəticə­də Makedoniya məsələsinə dair 1903-cü il oktyabrın 3-də Av­striya-Macarıstan və Rusiya imperatorlarının görüşü oldu. Bu görüşdə Makedoniyada islahatların keçirilməsinin məqsədəuy­ğun olmasına dair razılaşma əldə olundu. Bu isə Osmanlı döv­lətinin daxili işlərinə qarış­mağın başlanğıc mərhələsi idi.

Məhz belə bir vəziyyətdə Ingiltərə xarici işlər naziri Lord Ləndsduv təkliflə çıxış etdi. Onun təklifinə əsasən islahat işi tam olaraq Osmanlı döv­lətinin öz ixtiyarına verilməli idi. Bu müm­kün olmadığı halda Makedoniyaya ayrıca bir xristian valisi təyin edilməsi təklif edilirdi. Nəhayət belə bir halın qey­ri-mümkünlüyü şəraitində isə Makedoni­ya­dakı Osmanlı va­li­si­nə iki xristian köməkçisinin təyin edilməsinin məq­sədəuyğun ol­duğu təklif edildi. Makedoniyadakı Osmanlı valisinə iki xris­tian yardımçının təyin edilməsi təklifi Almaniya istisna ol­maqla, Bü­tün Avropa dövlətləri tərəfindən qəbul olundu. Qeyd edək ki, nə­zərdə tutulan həmin yardımçılar ayrıca jandarm və polis qüvvələri ilə təmin edilirdi. Sultanın təklifinə əsasən bu proseslərdə islahatları nə­za­rətdə saxlayacaq xüsusi bir təşki­la­tın da formalaşdırılması nəzərdə tutu­lurdu ki, bu təşkilat da Av­ropanın «sivil agentləri»ndən təşkil olunurdu. İngilislər hə­min proseslərə öz nəzarətlərini yaratmaq təklifini etsələr də, bu qəbul olunmadı. Buna sultan da etiraz etdi. Bununla belə əldə olun­muş razılaşmanın saxlanması və sultanı daha bir neçə mə­sələdə güzəştə getməyə məcbur etmək məqsədilə Avropa döv­lət­ləri Avstriya admiralı Riperin komandanlığı altında Midil­li­yə bir hərbi gəmi göndərməklə gömrük məntəqələrini, poçt mər­kəzlərini nəzarətə aldılar. Bu hal sultanı İngiltərənin nə­za­rət təklifini də qəbul etmək məcburiyyətində qoydu. Bütün bu razılaşmalar isə öz əksini Müzenberq proqramında tapdı.

Sultan II Əbdül Həmid Müzenberq proqramının həyata ke­çirilməsi məqsədilə Hüseyn Hilmi Paşanı Makedoniyaya yeni vali təyin etdi. 1903-cü il dekabrın 8-də fəaliyyətə başlayan Hil­mi Paşa qısa zamanda ədalətli bir idarə sistemi yaratmağa müvəffəq oldu. Lakin Bu müsbət irəliləyişlərə baxmayaraq Ma­kedoniyada seperatizm prosesləri sön­mə­di. Çünki bu prose­sin yalnız Makedoniya miqyaslı olmadığı artıq tam şə­kildə özü­nü büruzə vermiş oldu. Yalnız bundan sonra, yəni Ma­ke­do­niyada islahatların keçirlilməsi bayrağı altında davam edən bolqar hə­rə­katına Avropa dövlətlərinin qarışmasından sonra Bal­kanlarda baş verən proseslər Osmanlı dövlətinin parçalan­ma­sı istiqamətində yeni mərhə­lə­yə keçmiş oldu.

Nəticə olaraq qeyd edək ki,1878-ci il Berlin Traktatı heç kimi razı salmamışdı. Buradakı maddələrə sonradan dəfələrlə nəzər yetirilməsi və bunun ardınca baş verən çəkişmələr yeni Avropa ittifaqlarının yaran­masına şərait yaratdı. Rusiya, Bri­taniya və Fransa bir tərəfdə, Alma­niya, Avstriya-Macarıstan və Osmanlı İmperiyası digər tərəfdə birləş­di­lər. (1, s. 96) Yeri gəlmişkən qeyd edək ki, 1872-ci ilin sentyabrında Al­maniya, Av­striya-Macarıstan və Rusiya birləşərək Üç İmperatorlar Li­qi­ni yaratmışdılar. Lakin 1877-1878-ci il rus-türk müharibə­sin­dən sonra Balkanlar məsələsində razılığa gələ bilmədik­lə­ri­nə görə münasi­bət­ləri pozuldu.(5, s. 24) Almaniya da bu iki döv­ləti bir ittifaqda sax­laya bilmədiyindən Avstriya-Macarıs­ta­na üstünlük verdi. 1879-cu ilin ok­tyabrında Almaniya və Av­striya-Macarıstan arasında müdafiə İttifaqı yarandı. (5, s. 25) Bu yaranmış bloklar arasındakı gərginlik 1914-cü il Birinci Dünya Müharibəsinə gətirib çıxartdı.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin