Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə23/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

Ədəbİyyat:


  1. Abdulbaki Gölpınarlı. Mevlana Muzesi Yazmalar kataloqu. Ankara (1967).

  2. Bursalı Tahir. Osmanlı Müəllifləri. İstanbul h.1333.

  3. Məhəmməd Baqir Muxtari, Hacı İmamverdi Həmidov. “Di­van”. Bakı 2001.

  4. AMEA Əlyazmalar institutu: A-1.

  5. Kamandar Şərifli. Alim, pedaqoq və kitabşünas. Bakı 2007.


Tahirə Əlİyeva

(Əlyazmalar İnstitutu)
Səfəvİlər dövrü Azərbaycan ədəbİyyatının Əlyazmalar İnstİtutunda tədqİqİnə daİr
İki əsr yarıma qədər davam edən Səfəvilər dövrü (1501-1524) Azər­bay­canda mədəniyyətin, incəsənətin, elmin, xüsusilə də anadilli ədə­biy­yatın çiçəklənməsi ilə əlamətdar olmuşdur. Sam Mirzənin “Töhfeyi-Sami”, İbrahim Mirzənin “Fərhəngi-İbrahimi”, Əhdi Bağdadinin “Gül­şə­nüş-şüəra”, Sadiq bəy Əfşarın “Məcməül-xəvas”, Məhəmməd Tahir Nəs­rabadinin “Təzkireyi-Nəsrabadi” təzkirələrində həmin dövrün Azər­bay­can şairləri haqqında maraqlı məlumatlar vardır.I Şah İsmayılın (1501-1524) sarayında şüruri , Şahi , Matəmi, Tüfeyli, Kişvəri kimi şair­lərin fəaliyyət göstərdiyi, buradakı ədəbi məclislərin “Məliküş-şüə­ra” Həbibi tərəfindən idarə edildiyi tədqiqatçılar tərəfindən göstəril­miş­dir.

Əlyazmalar İnstitutunun mərhum əməkdaşı, filologiya elmləri dok­toru Əzizağa Məmmədov elmi fəaliyyətini əsasən Şah İsmayıl Xətainin ədəbi irsinin tədqiqinə həsr etmiş,1949-cu ildə “Şah İsmayıl Xətainin yaradıcılığı” adlı namizədlik, 1970-çi ildə isə “Şah İsmayıl Xətai əsər­lə­rinin tekstoloji tədqiqi və elmi-tənqidi mətni” adlı doktorluq disserta­si­yası yazaraq müdafiə etmişdir. Ə. Məmmədovun dünyanın müxtəlif kitabxanalarında saxlanan nüsxələr əsasında tərtib etdiyi, 56 çap vərəği həcmində Xətai divanın elmi-tənqidi mətni şairin əsərlərinin nəşrində ən mötəbər mənbə hesab olunur. Mətn bütövlükdə 1966 və 1973-cü illərdə iki cilddə çapdan çıxmışdır. Alim həmin tənqidi mətn əsasında 1975-1976-cı illərdə Azərnəşrdə Xətai əsərlərinin ikicildliyini nəşr et­dir­mişdir. 1988-ci ildə “Yazıçı” nəşriyyatında Ə.Məmmədovun bö­yük sər­kərdə və şairə həsr etdiyi “Şah İsmayıl Xətai” monoqrafiyası işıq üzü görmüşdür.

Ə.Məmmədovun əməyi sayəsində Şah İsmayılın müasiri və onun sarayında məliküş-şüəra rütbəsini daşımış görkəmli Azərbaycan şairi Həbibinin əsərləri ilk dəfə çap edilmişdir. 1980-ci ildə işıq üzü görən hə­min kitaba Həbibinin o vaxtadək bəlli olan 42 şeirinə daha 5şeir əlavə edilmişdir. Alim bu yeni şeirləri əlyazma şeir topluları-cüng­lər­dən, Salman Mümtazın və Əliabbas Müznibin şəxsi arxivindən götür­müş­dür.

XV-XVI əsərlərin görkəmli şairi Kişvəri ömrünün son, ən kamil il­lərini Şah İsmayıl Xətainin sarayında keçirmişdir. Akademik Həmid Araslı 1946-cı ildə Kişvərinin AMEA Əlyazmalar İnstitutunda saxlanan divanı (M-27) haqqında ilk dəfə məlumat vermişdir. 1976-cı ildə pro­fes­sor Cahangir Qəhrəmanov “Əlyazmalar xəzinəsində” məcmuəsinin IV cildində Kişvəri divanının Bakı nüsxəsinin elmi təsvirini vermişdir. 77 vərəqdən ibarət olan bu yarımçıq və nöqsanlı əlyazma divanında Kişvərinin 253 qəzəli, 9 müxəmməs və 26 rübaisi olduğunu bildirən alim divanın imla və qrafik-orfaqrafik xüsusiyyətlərinə dair ətraflı mə­lu­mat vermişdir. Kişvəri divanı ilk dəfə 1984-cü ildə Cahangir Qəhrə­ma­novun tərtibatı və ön sözü ilə çap edilibdir. Ön sözdə Kişvəri diva­nının Bakı nüsxəsindən başqa aşkar edilən iki əlyazma nüsxəsi barədə də məlumat verilir. Onlardan biri Səmərqənd Elmi-Tədqiqat İnstitu­tu­nun kitabxanasında, digəri isə Daşkənddə-Əbu Reyhan Biruni adına Şərq­şünaslıq İnstitutunda saxlanır. Səmərqənd nüsxəsinin Bakı nüsxə­sin­dən köçürüldüyü məlum olmuşdur.

Almaniyada yaşayan həmvətənimiz, Əlyazmalar İnstitutunun ştat­dan­kənar əməkdaşı Məmmədəli Hüseyni Tehranın Məclise-Şuraye-İs­lamiye-İran kitabxanasından Kişvəri divanının avtoqraf nüsxəsini aşkar edərək, 2010-cu ildə “Nurlan” nəşriyyatında çap etdirmişdir. Fars və Azər­baycan dillərində yazılan dıvanın vərəqlərinin çox hissəsi tökül­müş, əsərdən yalnız 91,5 vərəq (183 səhifə) qalmışdır. Bunun da 26,5 və­rəqi (53 səhifə) şairin ana dilində yazdığı qəzəlləri və bir neçə müəm­manı əhatə edir. Əlyazmanın Bakı, Daşkənd və Səmərqənd nüsxələri ilə müqayisədə Tehran nüsxəsinin ən önəmli və diqqətəlayiq məziyyəti on­dan ibarətdir ki, bu divan şairin öz əli ilə yazılmışdır. Kitabın ön sözünü M.Hüseyni yazmış, mətni müasir əlifbaya transfoneliterasiya edən və redaktor isə filologiya üzrə elmlər doktoru Paşa Kərimov olmuşdur. Qeyd etmək istərdik ki, P. Kərimov son zamanlarda Kişvərinin anadilli divanın daha iri həcmli nüsxəsini Bursanın Əlyazmalar və əski çap əsər­ləri kitabxanasından (№46) aşkar etmiş, “Elm” qəzetinin 20 noyabr 2012-çi il tarixli nömrəsində bu barədə məlumat vermişdir. Məqalədə deyilir ki, yeni nüsxə şairin həyat və yaradıcılığı haqqında daha çox söz deməyə imkan verir. Müəllif məqaləsinə bu divandan götürdüyü, Kiş­və­rinin Xətainin mədhinə həsr etdiyi 40 beytlik tərkibbəndini əlavə etmişdir. Şeirdə bir sıra ölkələri, “Şərqi və Qərbi” fəth etmiş “Xurşidi-mülk Şah İsmaili-Heydəri”, onun ədaləti mədh edilir. Burada Xətai “Meh­diyi-zəmanə” adlandırılır.

Əlyazmalar İntitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Ək­rəm Bağırov 1616-cı ildə vəfat etmiş Rəhməti Təbrizi divanının filo­loji tədqiqinə həsr etdiyi monoqrafiya yazmışdır. Kitab 2006-ci ildə çap­dan çıxıb. Bundan başqa, onun “Rəhməti Təbrizi və onun divanı” ad­lı 2006-cı ildə Nurlan nəşriyyatında nəşr edilmiş kitabında Rəhməti Təb­rizi divanındakı farsca şeirlər tərcümə edilib, Azərbaycan dilindəki şeirlərin isə transfoneliterasiyası verilib.

Filologiya üzrə elmlər doktoru Paşa Kərimovun elmi yaradıcılığının əsas hissəsi Səfəvilər dövrü anadilli Azərbaycan ədəbiyyatının tədqi­qi­nə və nəşrinə həsr edilibdir. Onun M. Hüseyni ilə birlikdə tərtib edib, ön sözlə çap etdirdiyi “XVİİ əsr Azərbaycan lirikası” antologiyasında hə­min dövrün Sadiq bəy Əfşar, Müsahib Gəncəvi, Məczub, Vəhid Qəz­vini, Tərzi Əfşar, Mövci Əhəri, Mirzə Saleh Təbrizi, Məlik bəy Avcı, Vaiz Qəzvini, Mürtəzaqulu Sultan Şamlu, Təsir Təbrizi kimi şairlərinin anadilli şeirləri ilk dəfə olaraq təqdim edilmişdir. P.Kərimov Səfəvilər dövründə yaşamış şairlərimizdən Qövsi Təbrizi (Bakı, Nurlan,2005), Mürtəzaqulu xan Şamlu Zəfər (Bakı,Nurlan,2006), Vəhid Qəzvini (Bakı, Nurlan,2009), Sadiq bəy Əfşar (Bakı,Elm və təhsil, 2010), Təsir Təbrizi (Bakı, Nurlan,2011) və Yusif bəy Ustaclunun (Bakı,Elm və təhsil, 2012) türk divanlarını ilk dəfə olaraq geniş ön sözlə tam həcmdə çap etdirmişdir. Bundan başqa, onun tərtibatı ilə Sadiq bəy Əfşarın cı­ğa­tay türkçəsində yazdığı məktubları ön sözlə 2012-ci ildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüşdür. Qeyd etmək istərdik ki, klassik­lərimizin bu divanları onların əsərlərinin dünyanın müxtəlif ki­tab­xanalarında, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxla­nan əlyazma nüsxələri əsasında çap edilmişdir. P.Kərimov Qövsi Təb­rizi divanının elmi-tənqidi mətnini 918-beytlik Bakı,4200 beytlik Tif­lis, 3382 beytlik London və 2767 beytlik İstanbul nüsxəsi əsasında tərtib edərək 2006-cı ildə “Nurlan” nəşriyyatında çap etdirib. Sonradan o, əsə­rin Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasında saxlanan 3910, Təb­riz Milli Kitabxanasında saxlanan 4700 beytdən ibarət nüsxələrini əldə etmiş, bunlardan da istifadə etməklə Qövsinin divanını müasir əlif­ba ilə nəşr etdirmişdir (Bakı, Nurlan,2005; Bakı, Elm və Təhsil, 2012).

Səfəvi hökmdarı I Şah İsmayıl (1501-1524) və Şah Təhmasibin (1524-1576) dövründə yaşayıb-yaratmış, bir müddət şahzadə Sam Mirzə (1517-1576) ilə dostluq münasibətlərində olmuş, Təhmasibin əmri ilə 1571-1573-cü illərdə baş vermiş Təbriz üsyanının yatırıl­masın­da iştirak etmiş, qısa müddətə Təbriz valisi olmuş Yusif bəy Ustaclunun anadilli divanı barədə son dövrlərə qədər məlumat yox idi. P.Kərimov Y.Ustaclunun anadilli divanının Londonun Britaniya Muzeyində saxla­nan, 755 beyt və 1 misra həcmində, 94 qəzəl, 2məsnəvi, 2 təxmis, 3 rü­bai, 1 beyt və 1 misradan ibarət nüsxəsini müasir əlifbaya transfoneli­te­ra­siya edərək 2012-ci ildə “Elm və təhsil” nəşriyyatında geniş ön sözlə çap etdirib. Kitaba divanın fotofaksimilesi də əlavə edilmişdir.

P.Kərimovun Səfəvilər dövrü ədəbiyyatımızın araşdırmasına həsr etdiyi iri həcmli monoqrafiya “XVII əsr anadilli Azərbaycan lirikası” adlanır. Müəllif burada indiyədək tədqiqata cəlb edilməmiş mənbələrin köməyi ilə XVII əsr anadilli poeziyamızın inkişaf özünəməxsusluqları barədə bir sıra diqqətəlayiq elmi fikirlər irəli sürmüşdür. Kitabın “Azər­baycan ədəbiyyatında XVII əsr anadilli lirikasının yeri, coğrafiyası, təd­qiqi və nəşri tarixi” adlı birinci fəslində müəllif dövrünün ictimai-siyasi vəzəyyətini, Azərbaycan türkcəsinin sarayda və ədəbiyyatda mövqe­yi­ni, XVII əsr anadilli Azərbaycan lirikasının coxrafiyasını, tədqiq və nə nəşr tarixini nəzərdən keçirmişdir. XVII əsr anadilli Azərbaycan lirika­sının mövzu dairəsi” adlı ikinci fəsildə dövrün lirikasının səciyyəvi xü­susiyyətləri, dünyəvi və təsəvvüfi eşq, didaktika, təbiət mövzusu, liri­kada ictimai, vətənpərvərlik mötivləri, ideoloji mübarizənin, tarixi ha­disələrin əksi, söz sənəti haqqında fikirlər, Qızılbaş poeziyasının XVII əsrdə davamçıları və s. araşdırılır. “XVII əsr anadilli Azərbaycan li­rikasında ənənə və yenilikçilik” adlı üçüncü fəsildə dövrün ədəbiy­ya­tında ənənə və yenilikçiliyə münasibət, şifahi xalq ədəbiyyatının təsiri ilə yaranan anadiilli lirik poeziya, şeirdə Nəvai, Füzuli ənənələri, Azər­baycan lirikası ilə Türkiyə poeziyası arasında əlaqələr və oxşar cəhətlər, dövrün poeziyasında “hind üslubu” tədqiq edilir. Dördüncü fəsildə XVII əsr anadilli Azərbaycan lirikasının janr və forma xüsusiyyətləri, bədii ifadə vasitələri, qafiyə və vəzn məsələləri, dil və üslub xüsusiy­yət­ləri, bədii metodu mətndən keçirilir. Monoqrafiyasında tədqiqatçı xü­susi olaraq vurğulayır ki, XVII əsr Azərbaycan lirikası ədəbiyyat ta­riximizdə yeni bir mərhələnin başlanğıcı kimi önəmli yer tutur. Dövrün anadilli poeziyası bəzi araşdırıcıların qeyd etdikləri kimi, Füzuli sehrinə düşərək durğunluq keçirməmiş, humanizm, xalq həyatına, və dilinə ya­xınlaşma, şifahi xalq ədəbiyyatından bəhrələnmə, həyat gerçəkliyinin daha təfərrüatlı təsviri, realizm meyllərinin artması yolu ilə getmişdir. Əsrin əsas şairləri Füzulinin gücli təsiri altında olsalar da, onların ya­radıcılığında yaşadıqları dövrün tələblərinə cavab vermək, şeirin mövzu dairəsini genişləndirmək, yeni ifadə formalarını tapmaq istəyinin çox güclü olduğu görünür. Şifahi xalq ədəbiyyatı təsirinin güclənməkdə da­vam etməsi, Abbas Tufarqanlı, Sarı Aşıq, Əzizi kimi aşıqlarla bərabər Əmani, Zəfər kimi klassik üslubda yazan şairlərin folklor janrlarında əsər­lər yazması, danışıq dilinə meylin artması dövrün türkdilli Azər­bay­can lirikasının ən səciyyəvi cəhətlərindəndir.

P.Kərimov 2012-ci ildə “Nurlan” nəşriyyatında “XVII anadilli Azər­baycan poeziyası” adlı icmal və portret-oçerklərdən ibarət kitab nəşr etdirmişdir. Buraya XVII əsrin Sadiq bəy Əfşar , Mürtəzaqulu xan Şamlu Zəfər, Vəhid Qəzvini, Tərzi Əfşar,Vali, Məczub Təbrizi, Qövsi Təbrizi, Təsir Təbrizi, Şükri kimi şairlərinin həyat və yaradıcılığına dair portret-oçerklər daxil edilibdir.


Qətibə Vaqİfqızı

(Əlyazmalar İnstitutu)
Qədİm uyğur abİdəsİ “Xuastuanİft”
Uyğur abidələrinin, dini məzmunlu qədim uyğurca mətnlərin nəşri və tədqiqi XIX əsrin 20-ci illərindən başlanmışdır. Bu tədqiqatlar əv­vəl­lər Orxon-Yenisey abidələ­rinin tərkib hissəsində aparılmışdır. XX əs­rin başlanğıcında Şərqi Türküstanda çoxsaylı uyğur abidələrinin tapıl­masından sonra uyğurşünaslığın təməli qoyuldu. XX əsrin ortalarından başlayaraq isə bu sahədəki araşdırmalar daha konkret bir müstəvidə inkişaf etməyə başladı. Rusiya, Almaniya və Böyük Britaniya Elmlər Akademiyasının müxtəlif vaxtlarda təşkil etdikləri elmi ekspedisiyaları nəticəsində tapılan abidələr tədqiq olunarkən bu yazıları uyğurların is­la­maqədərki dövrlərdə yaratdıqları məlum oldu.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Orta Asiyaya edilən elmi eks­pe­disiyalar zamanı Turfan vadisində və Dunhuanqda tapılan əlyaz­ma­lar bu gün Almaniyada Berlin Berlin Dövlət Kitabxanasının Şərq De­par­tamentində və Maynz kitabxanasının uyğur abidələri, İngiltərədə London “British Library” kitabxanasında Ser Aurel Steyn, Fransada Paris “Biblioteque Nationale” kitabxanasında Paul Pelyo, İsveçdə Stok­holm şəhərində Etnoqrafiya Muzeyində Sven Heyden, Finlandiyada Hel­sinkidə G.G.Mannerheyn, Yaponiyada Kiotoda Kont Otani, Türki­yə­də İstanbulda İstanbul Universiteti kitabxanası və Ankara Arxeoloji Muzeyi, Rusiyada Sankt-Peterburq Asiya Muzeyində Roborovski və Klements, Çin Xalq Respublikasında Pekin Milli Muzeyi, o cümlədən başqa ölkələrin kitabxana və muzey kolleksiyalarında mühafizə olunur.

Ümumiyyətlə, son illərdə qədim abidələr, əski türkçə və müasir türk dil­ləri sinxron metodlarla yanaşı, diaxronik tədqiqatlara söykənən üsul­larla daha dəqiq və hərtərəfli surətdə öyrənilir. Əski mətnlərin filoloji-tekstoloji tədqiqatı zamanı üsulların təkmiləşdirilməsinə, müqa­yisə za­manı qaynaqların tam və orijinal olmasına, araşdırılan sahə ədəbiy­yat­la­rının müqayisəli şəkildə təhlilinə müasir türkologiyada xüsusi diqqət edi­lir.

Qədim uyğur abidələri müxtəlif prinsiplər əsasında sistem­ləşdiril­miş­dir. Müxtəlif məzmun və üslublarda yazılan və sayca göytürk abidə­lə­­rindən dəfələrlə çox olan uyğur abidələri aşağıdakı şəkildə təsnif olu­nur: Janr və məzmununa görə; Yazıldığı əlifbaya görə; Dini məzmu­nu­na görə.

Bu qruplar arasında dini səciyyə daşıyan yazılı mətnlər xüsusilə diq­qəti cəlb edir. Məlumdur ki, tarixi şəraitdən, müxtəlif daxili və xarici amil­lərin təsirindən, dini inancların fərqliliyindən asılı olaraq qədim uyğur mətnləri müxtəlif əlifbalarda yazılmışdır. Uyğur türklərinin mü­əy­yən zaman dönəmində manixey, budda, xris­tian və islam dinini qəbul etmələri, onların ardıcıl olaraq manixey, brahma-hindi, suryani, ərəb əlif­balarından istifadə etmələrinə səbəb olmuşdur. İstər coğrafî və istər­sə də düşdükləri sosial mühitin şərtlərindən çox yaxşı istifadə edən uy­ğur türkləri yüksək təşkilatçılıq və idarəçilik bacarıqlarına malik idilər. Bu bacarıqların təmin etdiyi sabitlik və əmniyyətin sayəsində inkişaf edən iqtisadi həyatın hasilə gətirdiyi cəmiyyət qədim və yüksək mədə­niy­yətin beşiyi olmuşdur.

Dini mətnlər təkcə bədii sənət nümunəsi deyil, bu əsərlər uyğur ta­rixinin müxtəlif dövrləri haqqında əvəzsiz faktlarla zəngin olan əsas mən­bələrdir. Qədim uyğurların yaratdığı bu abidələr təkcə uyğurların deyil, bütövlükdə Şərqi Türküstanın, Orta Asiyanın tarixini araşdır­maq­da, bu bölgənin mədəniyyət tarixinə aid faktların daha dəqiq təhlil olun­masında böyük əhəmiyyət kəsb edir. Manixey uyğur mətinləri, xüsusilə mənsur mətnlər budda dini məzmunlu uygur mətnləri ilə müqayisədə çox azdır. Buraya Ezop təmsillərindən edilmiş tərcümələr, tövbə duaları və müxtəlif mətnlərə aid fraqmentlər daxildir. Əski uyğurca manixey ədəbiyyatına aid ən həcmli mətn orijinalının orta İran dilində yazıldığı iddia edilən Tövbə duasıdır. Tövbə mətni müəyyən bir insana bağlı ol­mayan bir təhkiyə üsulu ilə yazılmışdır və üslub etibarı ilə Orta Asiyada yaranan buddist tövbə dualarını xatırladır və ola bilər ki, tərtib olu­nar­kən elə bu mətnlər nümunə rolunu oynamışdır.

Qədim uyğurcadan nümunə qalan materialların (mətnlər), yuxarıda da ifadə edildiyi kimi, böyük əksəriyyəti başqa dillərdən bu dilə edilən dini mövzulardakı tərcümələrdir. Hər bir dinin özünəməxsus bir ter­mi­nologiyası vardır. Tərcümə edilərkən bu terminologiyanı tam şəkildə çe­virmək qeyri-mümkündür. Bu səbəbdən də termin xüsusiyyətindəki söz­lərin dilə daxil olması təbii haldır. Bu mənada qədim uyğur dilindən danışarkən göytürk dili qədər saf bir dildən bəhs etmək mümkün deyil (6). Mətnlərin oxunuşu zamanı müxtəlif dinlərə aid terminlərin fərqli dillərdən (Çin, toxar, soqd, sanskrit) uyğur dilinə daxil olduğu görünür. Tərcüməni edənlərin zaman-zaman qismən də olsa terminlərin tərcümə­sinə, yaxud da türkcə sözlərlə qarşılığını tapma cəhdi hiss edilsə də, bu məsələdə çox müvəffəqiyyətli olmadıqları aydın olur.

Dini səciyyə daşıyan abidələr içərisində manixey dini dönyagö­rü­şü­nü təbliğ edən, bu dinə aid adətləri, qaydaları, dini ayin və ritualları özün­də əks etdirən əsərlər, yazılı nümunələr daha çox fərqlənir. Bu abi­dələr həm qədim uyğur, həm də manixey əlifbalarında yazılmışdır. Bu baxımdan manixey dininin qayda-qanunlarından bəhs edən, bu dini inancı uyğurlar arasında geniş təbliği üçün tərtib edilən “Xuastuanift” abi­dəsi həm məzmununa, həm həcminə, həm də dil-üslub xüsusiy­yət­lərinə görə başqa dini məzmunlu abidələrdən fərqlənir. Abidənin təd­qi­qinə XX əsrin əvvəllərindən başlanılsa da, onun yazılma dövrü, mətnin orijinal və ya tərcümə əsəri olması, qaydalarından bəhs edilən manixey dininin türklər arasında yayılma tarixi haqqında irəli sürülən fikirlər müx­təlifdir və hələ də mübahisəlidir.

“Xuastuanift” abidəsi uyğur və manixey əlifbası ilə qədim türkcədə yazılmışdır. Hələ ki, elm aləminə abidənin 3 nüsxəsi məlumdur. Mətnin tərcümə olunduğu orijinal əldə olunmamışdır. Nüsxələrdən birincisi Ber­lin nüsxəsi adlanır. Bu nüsxəni 1907-ci ildə A.Qrünvedel Turfanda aşkar etmiş, 1911-ci ildə A. fon Le Koq nəşr etdirmişdir. Bu nəşr mət­nin özündən, transkripsiyasından, alman dilinə tərcümə və şərhdən iba­rət­dir (4). İkinci nüsxə London nüsxəsi adlanır. Nüsxəni 1907-ci ildə A.Steyn Dunhu­anqda tapmışdır. Abidənin bu nüsxəsi də manixey əlif­bası ilə yazılmışdır. 1910-cu ildə A. fon Le Koq bu nüsxəni digər nüs­xə­dən daha tez nəşr etdirir. Bu nəşr mətnin faksimilesindən, trans­krip­siyasından, ingilis dilinə tərcümədən və şərhdən ibarətdir (5). Nüsxənin ilk sətrləri pozulduğundan bu nəşrdə həm də Berlin nüsxəsindən istifa­də edilmişdir.Abidənin üçüncü nüsxəsi Sankt-Peterburq nüsxəsidir. Bu nüs­xə 1909-cu ildə Turfan yaxınlığından, Astana ərazisindən A.A.Dya­kov tərəfindən tapılmışdır. Bu nüsxə digərlərindən gec əldə edilsə də, bi­rinci və ikinci nüsxədən daha əvvəl 1909-cu ildə V.V.Radlovun redak­torluğu ilə nəşr olunmuşdur (3). Bu nəşrdə abidənin fotosurəti ilə yanaşı alman dilinə tərcümə və şərhi də verilmişdir. Sankt-Peterburq nüsxəsi uyğur əlifbası ilə yazılmışdır və 160 sətrdən ibarətdir.

Ümumilikdə, abidə 338 sətrdən ibarətdir. Bu üç nüsxənin hamısında pozul­muş sətrlər, cümlələr və sözlər vardır. Onlardan nisbətən ən dol­ğun olanı London nüsxəsi, ən çox qüsurlu olanı isə Berlin nüsxəsidir. Abidəni hər üç nüsxənin köməyi ilə bərpa etmək mümkündür.

Ümumiyyətlə, abidənin tarixindən bəhs edərkən, ilk növbədə onu qeyd etmək lazımdır ki, “Xuastuanift” İran mənşəli manixey icması tə­rə­findən soqd dilində hazırlanmışdır. Sonra mətn manixey etiqadına ina­nan türk icması tərəfindən təbliğat məqsədilə qədim türkcəyə tər­cümə olunmuşdur və bu mənada “Xuastuanift” tərcümə abidəsidir. Daha doğrusu, abidə soqd dilində olan manixey traktatı əsasında türk­dilli tayfalar üçün tərtib edilmişdir. Missionerlər isə təxminən 300-cü ildə İranın bütün sərhədləri boyu müxtəlif istiqamətlərə səpələnmiş, Çinə, Şərqi Türküstana, Suriyaya və hətta Anadolunun içərilərinə qədər gəlib çıxmışdır (1, s. 74, 2 s.89). Əvvəlcə manixey əlifbası ilə qədim türk­çədə yazıya alınan bu əsər 762-ci ildə Bögü xaqan tərəfindən rəsmi din elan olunduqdan sonra uyğur əlifbası ilə də yazıya alınaraq nüs­xə­ləri çoxaldılmışdır. V-VIII əsrlərdə qədim türk tayfalarının, əsasən də uy­ğur türklərinin müxtəlif dini inanc sistemlərinə keçdiklərində təbliğat məqsədi ilə tərcümə etdikləri müxtəlif yazılı mətnlər dini səciyyəli ol­maq­la bərabər, həm də türk tərcümə sənətinin ilkin elementlərini, əla­mətlərini, xüsusiyyətlərini daşıması etibarilə də türk ədəbiyyatı və dili tarixində ilkin tərcümə nümunələri hesab edilə bilər. Beləliklə, “Xuas­tua­nift” abidəsi də türk dilinə tərcümə edilən ilkin əsərlərdən biri və türk mədəniyyətində tərcümə tarixinin öyrənilməsi baxımından əvəzsiz əhəmiyyət kəsb edir.

“Xuastuanift” manilik dininin tövbə duasıdır. Əsərin adı mətndə “Niğoşaklarning suyın yazukın öküngü “Xuastuanift” ifadəsi əsasında mü­əyyənləşdirilmişdir. Bu cümlədəki “niğoşak” soqd mənşəli olub, din­dar mənasını ifadə edir. Bu, mani dini toplumunda ən yüksək dərə­cəni bildirir. “Suy yazuk” qoşa sözlər olub günahlar, xətalar mənasını bildirir, “öküngü” sözü isə müasir özbək dilində işlədilən ukiniv, yəni tövbə etmək sözünün eynidir. Bu cümlədən “dindarların günahlardan peş­man olub, tövbə etməsi (Xuastuanift)” mənası çıxır (7, s. 28). “Xu­as­tuanift”in türk versiyaları uyğur və manixey əlifbalarında yazılmışdır. Əsər 15 bölmədən ibarətdir. Bölmələrin hər biri müəyyən məsələyə, dini rituala aiddir. Uyğur nüsxəsində cümlələr qoşa nöqtə (..), bölmələr isə iki qoşa nöqtə (.. ..) ilə ayrılır. Mətndə hər bir bölüm özünün ifadə etdiyi məsələyə uyğun sıralama ilə başlanır, məsələn: üçünc, törtünc, bi­şinc, altınc, yitinc və s. Əlyazmanın sonunda onu köçürən katib töv­bənamənin tərtibinə aid belə bir qeyd yazmışdır: “Bötürmiş tarxan, tü­gəti niğoşaklarınıng suyın yazukın öküngü Xuastuanift”. “Mətni tərtib edən tarxan. Dindarların günahlardan peşmanlıq kitabı Xuastuanift”.

Mətnin üslubunun ən xarakterik cəhətlərindən biri bədiliyi, təsirliliyi artırmaq üçün cümlələrin düzülüşündə, fikirlərin bəyanında müəyyən bir ahəngin olmasıdır. Bunu mətnin yazı xüsusiyyətində görmək müm­kündür. Sətirlərdə cümlələr arasındakı qoşa nöqtələr də mətn qiraətinə kö­mək məqsədi ilə işlənmişdir. Belə ki, sintaktik paralelizmlər, allite­rasiya vahidləri, ahəng yaradan standart qəliblər bütün mətn boyu bu ritmin yaranmasına, mətnin cazibəli oxunuşunu təmin olunmasına xid­mət edir. Əsərin dil və üslubuna aid bir cəhət də qədim türk ədəbi dili­nin klassik normativlərini özündə yaxşı əks etdirməsindədir. Sözlərin yazılışı, leksik, morfoloji, sintaktik, stilistik xüsusiyyətlərində türk dili­nin əski normaları gözlənilmişdir. Ən mühümü isə odur ki, “Xuas­tua­nift” abidəsi və digər manixey məzmunlu əsərlərin yazılması və ya tər­tibi zamanı qədim türkçənin malik olduğu qayda-qanunlara əməl edil­mişdir.

Ümumiyyətlə, əski dini əsərlər, xüsusən, manixey məzmunlu əsər­lə­rin özünəməxsus yazı üslubu vardır. “Xuastuanift”in yazı üslubu qədim dövr uyğur yazısının klassik üslubunu əks etdirməklə yanaşı, dəm də dini mətn stilistikasının xüsusiyyətlərini ehtiva etməsi baxımından da diq­qəti cəlb edir. Mətnin estetik təsirini artırmaq üçün tərcüməçi bədii üslubdan özünəxas şəkildə istifadə etmişdir (7, s. 33 ). Mətn üslubu gös­tərir ki, tərcüməçi bilikli olduğu qədər, türk dilinin incəlik­lərinə va­qif olan, söz ehtiyatı zəngin, həm də şair təbiətli şəxs olmuşdur. Əlyaz­mada tanrıya olan ilticalarda mətnin təsirliliyi, tapınanların duyğuları xü­susi bir vurğu ilə ifadə olunmuşdur. Bədiiliyin təminatı, əsərin təsiri­ni artırmaq üçün yazılı ədəbi dilin müxtəlif vasitələrindən istifadə edil­mişdir. Birincisi, qoşa sözlərdən, dubletlərdən, sinonim sözlərdən isti­fa­də üsuludur. Bu, təkcə mənanı artırmır, bədiiliyi təmin etmir, həm də əla­və mənalar yaratmağa, dilin daxili zənginliyini ortaya qoymağa xid­mət edir. Bu tip sözlərin tədqiq etdiyimiz mətndəki kimi qoşa şəkildə geniş işlənməsini digər qədim abidələrin dilində müşahidə edə bilmərik.

Əsərdə tez-tez istifadə edilən, məzmunla bağlı olaraq şəkillənən qə­lib cümlələr vardır. Belə ki, əsərin bölmələri “Tənqrim yazukta boşunu ötünür biz”; “Emti Tənqrim yazukta boşunu ötünür biz”; “Tənqrim, emtı ökünür biz, yazukta boşunu ötünür biz” və s. cümlələr ilə bitir. Bu cümlələrdən sonra isə “manastar ğırz a!” (manixey yazılı nüsxələrdə “manastar xirza-a”) duası gəlir. Bu dua şəkli mənşə olaraq orta İran dil­lərindən olan soqd dilində yaranmışdır və Tanrıya xitabən “günah­ları­mızı bağışla”, “bizi bağışla” kimi tərcümə olunur. Bu cür qəlib ifadə­lə­rin mövcudluğu manixeyizmin türklərin arasında daha erkən zaman­larda gəldiyini xəbər verir. Əski dini mətnlər manixey dövrü uyğur ədə­biyyatında yazılı bədii üslubun bir nümunəsi timsalında yalvarış, tövbə növünün digər janrlara nisbətən daha geniş istifadə edildiyini göstərir. Bu tip əsərlər, o cümlədən, qədim türk dini mətnlərinin ən mükəmməl təmsilçisi “Xuastuanift” türk ədəbiyyatında tövbənamə üslubunun bədii qəlibini yaratmış, bu tip əsərlərin məzmun və formasına uyğun dil üs­lubunun formalaşmasını təmin etmişdir. “Xuastuanift” mani dini inan­cı­na sığınanların bilərək və ya bilməyərək işlədikləri günahlara görə tanrıya yalvarışıdır, tapınanların qəlbindəki duyğularını, onların tanrıya ilticasını, müraciət və yalvarışını əks etdirir.

Bütün fikirləri ümumiləşdirərək deyə bilərik ki, “Xuastuanift” türk yazılı mədəniyyəti tarixində tövbənamə üslubunun ən mükəmməl nü­mu­nəsi kimi bu janrın xarakterik xüsusiyyətlərini özündə cəm edən dil abidəsidir.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin