Ayə və rəvayətlərə nəzər saldıqda aydın olur ki, axirət xoşbəxtliyi yalnız iman və imandan doğmuş əməl sayəsində əldə edilə bilər. Küfr isə insanı əbədi bədbəxtçiliyə aparır. Əlbəttə ki, düşüncə nöqteyi-nəzərindən “müstəz`əf”, yə`ni zəif hesab olunanlara münasibət ayrıdır. O insan müstəz`əf hesab olunur ki, həqiqətdən xəbəri olmadığına görə heç bir təqsiri yoxdur. Amma həqiqəti anlamağa gücü çatdığı halda buna cəhd etməyənlər təqsirlidir. Həqiqəti bilərəkdən inkar edənlər hökmən cəzaya çatacaqlar. Onların öz əməllərinə güvənməsi əsassızdır. Bə`zən insan öz nəfsinin və şeytanın tə`siri altında bilə-bilə şər işlərə qurşanır, sonra isə peşman olur. Amma elələri də var ki, özünü yaxşı insan hesab etdiyi halda bir də ayılır ki, cəhənnəmdədir. Ən ziyankar kəslər belələridir: “De ki, sizə əməlləri baxımından daha çox ziyana düşən kəslərdən xəbər verimmi? Onlar yaxşı iş gördüklərini güman etdikləri halda dünyadakı sə`yləri boşa çıxan kimsələrdir. Onlar Rəbblərinin ayələrini və Onunla görüşəcək-lərini inkar etmələrinin nəticəsində əməl-ləri heç olanlardır”.1 Bəli, ən ziyankar o kəslərdir ki, əslində puç dünya əməllərinə arxayın olublar. Bir daha qeyd edək ki, cəhalət səbəbindən iman gətirməyənlərin hesabı ayrıdır və onlar düşüncə zəifliyinə görə bağışlana bilər. “Ən ziyankar” sinfinə isə düşüncəli şəkildə küfr edənlər daxildir.