QUR`AN AYƏLƏRİNDƏ İMAN MƏSƏLƏSİ
Həqiqi imanın ünvanını öyrənməyən insan gec-tez səhvə düçar olacaqdır. Həqiqi imanı tanımaq üçün Qur`an ayələrinə müraciət edək. “Bəqərə” surəsinin 177-ci ayəsində buyurulur: “Yaxşılıq təkcə üzünüzü gün çıxana və ya günbatana çevirməklə deyil. Yaxşı əməl odur ki, insan Allaha, axirət gününə, mələklərə, kitab və peyğəmbərlərə inanıb olanından Allah yolunda sərf etsin”. Ayədən aydın görünür ki, insan hansı həqiqətlərə iman gətirməlidir. Amma iman üçün sadalanmış ünvanları bir adla da ifadə etmək olar: Allaha bütün sifətləri ilə birgə iman! Bəli, bütün İslam bilikləri tövhiddən qaynaqla-nır. Bütün imanların ruhu Allaha imandır. Digər həqiqətlərə iman Allaha imanın əsərləridir. Əlbəttə ki, Allaha iman gətirmiş insan Onun sifətlərinə də iman gətirməlidir. Bu sifətlərdən biri hikmətdir və Allahın hikməti peyğəmbərlərin göndərilməsini zəruri edir. Beləcə Allaha imanın ardınca peyğəmbərə iman gəlir. Peyğəmbərlərə iman onların Allah tərəfindən gətirdiyi kitablara iman doğurur. Bu məqamda mələklərə də iman gətirmək lazım gəlir. Bu sadalananların nəticəsi olaraq məad və qiyamət gününə iman gətirmək vacib olur.
Öz mühakiməsində ədalətə əsaslanan istənilən bir şəxs heç vaxt inkar etməz ki, Qur`ani-kərim iman dedikdə Allah, onun sifətləri və şərtlərinə imanı nəzərdə tutur. Qur`anda mövzudan asılı olaraq insan üçün müxtəlif ünvanlar göstərilir ki, bütün bu ünvanlar tövhidd ətrafında cəmlənir. Nümunə olaraq bir neçə ayə göstərək:
“Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirdi və bütün mö`minlər Allaha, mələklərə, kitablara və peyğəmbərlərə iman gətirdilər”.1 “Allaha və axirət gününə iman gətirib saleh əməllər edənlər üçün heç bir qorxu yoxdur”.2 “Allah və Onun rəsuluna iman gətirin”.3 “Bizim ayələrimizə iman gətirənlərə de ki, salam olsun sizə”.4 “Allaha, Onun rəsuluna və göndərdiyimiz nura iman gətirin”.5
Dostları ilə paylaş: |