İMANIN MƏRTƏBƏLƏRİNDƏN ÖTRÜ ME’YAR
İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə çatmaq üçün istisnasız olaraq bütün dini göstərişlərə əməl etmək lazımdır. Əməl azaldıqca iman dərəcəsi də azalır. Amma hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir. Yalnız bütün dini göstərişləri qəlbən qəbul edib bu göstərişlərə əməl etmək fikirində olan insan imanın birinci pilləsinə qədəm qoyur. Qəlbən qəbul etdiyi buyuruqlara qismən əməl edən insan öz əməlinə uyğun iman mərtəbəsində yer tutur. Diqqət edin, söhbət qismən qəbul etməkdən yox, qismən əməl etməkdən gedir. Yə`ni hansısa bir ilahi göstərişi qəlbən qəbul etməyən insanda iman axtarmağa dəyməz. Allahı qəbul edən insan Onun qarşısında tam təslim olur. Allah qarşısında qismən təslimçilik məqbul deyil. Amma bütün dini buyuruqları qəlbən qəbul etmiş insan bu buyuruqlara qismən əməl edirsə, o, kafir yox, günahkar mö`min sayılır. Kafirin nöqsanı inamında, günahkarın nöqsanı isə əməlindədir. Günahkar şəxs kafir şəxsdən fərqli olaraq bütün həqiqətləri qəbul edir, sadəcə, nəfsin vəsvəsələri ucbatından əmələ münasibətdə süstlük göstərir.
Nöqsansız inam və nöqsansız əməl sahibləri “mə`sum”, yə`ni günahsız adlanır. İslam dini yalnız on dörd nəfəri mə`sum hesab edir. On dörd mə`sum dedikdə Həzrət Peyğəmbər (s), qızı Fatimə (s) və on iki imam nəzərdə tutulur. Sözsüz ki, bu on dörd nəfərdən başqa da günahsız adamlar ola bilər. Məsələn Xanım Zeynəb (ə), Həzrət Əbülfəzl Əbbas (ə) kimi ilahi şəxsiyyətləri günahkar hesab etmək olmaz. On dörd mə`sumu digərlərindən fərqləndirən isə onların günahsızlığına zamin durulmasıdır. Bu on dörd nəfərin günah-sızlığına e`tiqad şiə məzhəbində əsas şərtlər-dəndir. Amma başqalarını günahsız qəbul etmək şərt deyil.
Dostları ilə paylaş: |