İMANIN ALİ MƏRTƏBƏLƏRİNDƏN NÜMUNƏLƏR
Mərhum Seyyid Mürtəza və Mərhum Seyyid Rəzi böyük şiə alimlərindəndir. Bu iki qardaş mərhum Şeyx Müfidin şagirdiləri olmuşlar. Bir gün Şeyx Müfid yuxuda görür ki, Həzrət Fatimə (s) imam Həsən və imam Hüseynin əlindən tutub Şeyx Müfidin yanına gətirir və buyurur: “Ya Şeyx, bu uşaqlara fiqh öyrət”. Şeyx bu yuxunun tə`sirində ikən sübh tezdən bir qadın iki uşaq gətirib Həzrət Zəhranın (ə) sözlərini təkrar edir: “Ya Şeyx, bu uşaqlara fiqh öyrət”. Bu uşaqlar həmin Seyyid Mürtəza və Seyyid Rəzi idi. Şeyx Müfid öz yuxusunu bu uşaqlara yozur.
Bir gün bu iki böyük şəxsiyyət ikilikdə namaz qılmalı olurlar. Fiqhə əsasən cəmiyyət namazında daha təqvalı və pəhrizkar şəxs pişnamaz dayanmalıdır. Seyyid Mürtəza və Seyyid Rəzi hər ikisi bu hökümlə tanış idilər. Seyyid Mürtəza deyir: “Buyurun, heç bir günaha yol verməmiş insan pişnamaz durarsa daha yaxşıdır”. Seyyid Rəzi belə cavab verir: “Siz buyurun, fikrindən günah keçməmiş insan pişnamaz durarsa daha yaxşı olar”.
Ayətullah Behcət buyurur: “Nəcəfdə təhsil aldığımız zaman Qacar nəslindən olan bir nəfərlə tanış idim. O, bir vaxt İranın İraqda konsulu vəzifəsində çalışmışdı. Bu pak insan konsulluğ işini bitirdikdən sonra Nəcəf şəhə-rində həzrət Əlinin (ə) məqbərəsi yaxınlığında məskunlaşmışdı. Bu cüssəli, vüqarlı yerişə malik insanın daim təvazö ilə aşağı əyilmiş başı sanki, o pəhləvan cüssədən deyildi. Bu şəxs ehtizar halında, can verərkən belə deyirdi: “Pərvərdigara, özün bilirsən ki, yetkinliyə çatdığım gündən indiyədək bilərəkdən günah etməmişəm. Amma e`tiraf edirəm ki, hüzurunda əlim boşdur. Əgər mənə rəhm etməsən, heç bir mükafata haqqım yoxdur. Rəhm et mənə, ya Rəbb!”
Əqli və fəlsəfi baxımdan adi bir insanın kamilliyə çatması, imanını qoruyub günaha yol verməməsi mümkündür. Amma, əlbəttə ki, böyük əksəriyyətin imanı zəifdir. İnsan yıxılır, durur, bir gün müt`i, bir gün isə asi olur. İnsanın iman mərtəbəsi onun yol verdiyi günahların miqdarı ilə tə`yin olunur. Hər birimiz çalışmalıyıq ki, Allahın yardımı ilə günahdan uzaqlaşaq.
Dostları ilə paylaş: |