Eyvəz xana bu sözdə bir az höösələsi gəlüb dedi:
–Aşıq, sözin de.
Koroğlı dedi:
İki sözdür bir- birinnən saruşur,
Dəva olur, cəng-cədəl qaruşur,
Bir otunan məmləkətlər alışur,
Xəşmin utan cəvan köhənkar olmaz.
Eyvəz bu sözə küllən xəşm eləmişdi, xəşmini utub, gültək çehrəsi açulub dedi:
–Aşıq, de:
Çamlıbelidür əsl mənim məkanum,
Aləmə şöhrətdür bu adu-sanum,
Keçüb Koroğlınan keçən döranum,
İndi bilməm yox övlada var olmaz.
Bu sözdə məclis dəgdi bir-birinə. Dedilər:
–Ay uşaq, əcəb oldi, bu, Çamlıbel adamlarunandur. Gəlün bunu dutax salax zindana, o vəqt kağəz yazax Koroğlıya ki, sən əgər vaqeən qolçomaqe zərəngi, gəl Türkmənə, sənün adaşlarundan birini tutmuşux zindandadur.
Türkmənbaşı dedi:
–Haala danışmıyun, görüm adı nəmədür, dedi:
–Aşuq, adun nəmədur, de görüm, Çamlıbeldən tərif elə, görüm xəbər varun, nə unvandur?
Koroğlı dedi:
Bir qasidi bir mahala girəndə,
Sifarişi gərək bu qərar ola.
Cəfa sözi mərd igidə yaramaz,
Həqiqət söz gərək aşikar ola.
Kifayətli cavan bilibdür səndə,
O, mənsəb sahibi bu Türkəməndə,
Ərz budur sənə, gəlmişəm mən də,
Gərəkər qasidi köhnəkar ola.
Koroğlı çox gedüb-gəzüb dünyanı,
Tapmıyıbdur ləyaqətli cavanı,
Onu edə dəlilərün sultanı,
Küllən Çamlıbelə o sərdar ola.
Türkmən bu sözə çox xoşı gəlüb, dedi:
–Əcəb, baxub gördi Eyvəz xanun rəngi açılub. Məsələn ki, bu hikayətə nəzəri varıdur.
Türkmən dedi:
–Aşıq, Koroğlı nə işə məşğuldur ki, bir belə adama möhtac olub?
Aşıq dedi:
Min-min ağac olmaz bir şam ağacı,
Hamı quşlar ola bilməz aluci.
Hər dəmirdən olmaz Misri qılıcı,
Polad isdər təmiz cohərdar ola.
Türkmən dedi:
–Bərəkəllah, əhsən! Xoşum gəldi. Haala de görüm, Çamlıbel nə qərardur, basəfadır, ya yox.
Koroğlı dedi:
Çamlıbel bir uca sıldırım daşdur,
Qeyrəz Türkəməndən hamudan başdur,
O vəqt Koroğlıya, millətə xoşdur,
Eyvəz kimin cavan sipəhdar ola.
Türkmənbaşı dedi:
–Xeyli xub, bəs vacib old bizə Koroğlınun Çamlıbelinə gəlməg. Ziyarət və həm ticarət, beqoule qədimian görək, necə mahaldur. Bəs indi durun gedün yatun. Səhər sənünlə biz neçə səvarə Çamlıbelə gəllik.
Aşıq dedi:
–Türkmənbaşı, indi ki, lütf elədün, qulaq ver ərzim var.
Türkmənbaşı dedi:
–Danuş, arada daha sən bizimlə aşina oldun.
Koroglının kefi gəlüb yerinə, sazı alub sinəsinün üstünə, görək nəmə deyir:
Bir ərzim var sənə, Türkmənbaşı,
Mərd igitlər ələ verməz mahana.
Dəva günü coşğun bulut bək coşar,
İldırım tək çağub girər meydana.
İcazə ver Eyvəz mənilə gələ,
Girə bilməz hər kəs o Çamlıbelə,
Eyvəzün gəlmağun Koroğlı bilə,
Özü öz hesabın çəkər bəyana.
Böyüklərdə bu rəsmdir gidərlər,
Neçə gündən bircə didən edərlər.
Çox fərqi var qoruq ola caddələr,
Müşgülə qeyri- çarələr calana.
İcazə ver, Eyvəznən mən gidim,
Sizdə gəlmağizi baxəbər idim,
Qurbanluqlar kəsər qədəmbəqədəm,
Ögəc leşi caddələrdə qalana.
Söz tamam olub. Saz ilə dedigin söz ilə dedi. Dedi ki, Türkmənbaşı, əvvələn dünyadə rəsmidür cəvanı ki qüdrətmənd ola, lazım bilər bir nəfər onı bir şouğlə tərufluğ edə. Cəvan şirumənd və kardan parti istəməz. Buyur, sözüm mətləbi dübarə Eyvəz xan özü mənim kəlamıma fi nəticə varı. Hər xan və xaqan və hər məmləkətdən paşalar, sultanlar və hər dəstə Çamlıbelə gələlər namə yazalar. Nobət gəlmağ Koroğlıdan alullar. O vəxt çox bac–xərac gəlürlər. Dünənnən ta bugünə kimdə qüdrət ölməyub, bizdən icazə var. Əvvələn, Çamlıbelə əmma Eyvəz gəlsün. Koroğlı bir ibrət aparsun, bilsün ki, Böyükzadələr bibak olullar və getməgə mətləb budur. Bu miğdar on gündən siz neçə atluynan didən və təfrih Çamlıbelə təşrif gətirir. Koroğlı o vəxtdür ücrətindən tirmə yollara salacağdır. Qədəmdə neçə qurbanluqlar kəsər. Haala mən bəd danuşuram, ya xoş, onu da xuda bilir.
Ələlxüsus, Eyvəz çox pəsənd edüb, dedi:
–Ağacan, mən səhər gedərəm, siz də on gündən soora gəlün, döyran edün.
Söz tamam olub, Türkmənbaşı qəbul edub. Ta qalsun səhərə, görək Eyvəz Koroğlıynan istər Çamlıbelə gedə, ata-ana, Türkməndə olan cəvanlar, rüfəqalərindən necə üzr və xudahafizluq istər. Ümide xuda onu da ayrı məqulda yazaram.
Qardaşlar, aşığun vədə-vəidləri və Eyvəzdən məğdur olmağı, atası da razı olmağı səhər gün çalup. Munadi nida verdi ki, Türkmən cəvanları cəm olsun, Eyvəz xan gedir müsafirətə, şayəd neçə muddət tul çəkə. Bu cara hər tərəfdən cəvanlar, rəfiqlər, aşinalar tökülüb gəlüblər. Eyvəz bir-bir hamıynan göruşmağa başladı. Dedi:
Gəlün–gəlün rəfiqlərim,
Həlal edün mən Eyvəzə.
Rüfəqa-aşinalərim,
Həlal edün siz Eyvəzə.
Bu sözdə təmam ağladular, dedilər:
–Sən hara gedirsən?
Eyvəz dedi:
Həlal edün, həlallaşax,
Cəvanlari ki yoldaşıx,
Həqiqət ilə qardaşıx,
Həlal edün mən Eyvəzə.
Türkəmənün cəvanları,
Nizami sazumanları,
Səvari pəhlüvanları,
Həlal edün mən Eyvəzə.
Eyvəz iradə edüb gedər,
Türkəmənün tərkin edər,
Atacan, olasən pəkər,
Həlal elə sən Eyvəzə.
Söz təmam olub. Hamı cəvanlar yığılub görüşdülər və ana-atadan xudahafizluq edüblar. Koroğlı dedi:
–Türkmənbaşı sağ olsun, səbr edün mən də gedüm atum gətürüm.
Koroğlı getdi at gətürə. Eyvəz libasi-faxir geyüb, təmam tac-təlai başuna qoyub, durna telli taçun üstündən alub, qızıl heykəl humayunı çiyninə çəp salub, qızıl kəmərbəndi bağladı. Qızıl çəkmələrün geyüb, bir ərəbi ata səvar oldi. Xəlq təmam onun cəmalına məbhut qalmışdı. Bir vəxt gördilər aşıq bir at minüb gəlür. Dərvazanun qəbağunda dayandı. At belə uca, xoşxolq əslən ruzgarda belə at didə ruzgar görməyüb. Türkmənbaşı və təmam Türkmənü məxluqi bu atun heykəl hər tərəfinə məbhut qaldular. Türkmən soruşdi:
–Aşıq, bu at özünündür, ya Koroğlı atıdur?
Koroğlı dedi:
–Türkmən sağ olsun, bu Qıratdur, Koroğlınundur.
Türkmən dedi:
–Aşiq, deyillər, Qıratta neçə xasiyyət var, gerçəkdüür?
Koroğlı dedi:
–Bəli, dörd xasiyyət vari. Xasiyyətlərin deyərəm.
Dostları ilə paylaş: |