Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili I. Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım
göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop
maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını
müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər.
II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mütəxəssislərlə, şöbə və palatalarla təchiz
olunmuş, müayinə və müalicə etmək imkanına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
stasionar postları ilə rabitə əlaqəsinə malik olan müalicəxanaları yolların konkret sahələrinə təhkim edirlər. Bu
müalicəxanalar yol-nəqliyyat hadisəsi yerinə dərhal getmək və zərər çəkənlərə zəruri tibbi yardım göstərmək üçün
lazımi tədbirlər görməlidirlər.
III. Yolların yaxınlığında olan tibb müəssisələri (xəstəxanalar və müalicə-profilaktika müəssisələri) rabitə vasitələri ilə
təchiz edilməli və tibbi yardım çağırışlarına cavab verməlidirlər. Yollara təhkim edilmiş xəstəxanalar və təcili yardım
stansiyaları da müvafiq rabitə cihazları ilə təmin olunur. Məlumatı qəbul etməməyə, eləcə də yol-nəqliyyat hadisəsi
yerinə vaxtında getməməyə və ya ixtisaslı tibbi yardım göstərməməyə görə, tibbi heyətin məsul şəxsləri Azərbaycan
Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
IV. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini
təmin etməlidirlər.
Maddə 21. Ətraf mühitin mühafizəsi I. Mexaniki nəqliyyat vasitələrini layihələşdirən, istehsal və istismar edən fiziki və hüquqi şəxslər göstərilən nəqliyyat
vasitələrinin ətraf mühitə çirkləndirici maddələr buraxmasının, eləcə də səs-küyün və vibrasiyanın qarşısını almaq və
onları azaltmaq üçün tədbirlər görməlidirlər. Tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr
olan nəqliyyat vasitələrinin istehsalı, idxalı və istismarı qadağandır.
II. Bütün hüquqi və fiziki şəxslər müvafiq nəqliyyat tipinin ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol
verilən hədlərini və fiziki təsir göstərilməsinin yol verilən səviyyələrini müəyyən edən normativlərə əməl edilməməsi
üçün məsuliyyət daşıyırlar.