Maddə 16. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılmasının təşkili I. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması lazımi texniki-metodiki tədris vasitələri ilə
təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış kurslarda
həyata keçirilir. Belə kursların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilən “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında” Əsasnamə
ilə nizama salınır. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün
tədris müəssisələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqan tərəfindən müvafiq icra hakimiyyəti
orqanından alınmış məlumatlara əsasən uçota alınmalıdır.
II. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması xüsusi proqramlar üzrə aparılır. Müvafiq
kateqoriyalı nəqliyyat vasitələrinin sürücüləri üçün proqramlar, dövlət təhsil standartları əsasında, Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq edilir.
Maddə 17. Nəqliyyat vasitələri sürücülərinin sağlamlığının qorunması və onlar üçün lazımi əmək şəraitinin yaradılması I. Nəqliyyat vasitəsinin sürücüsünü işə götürmüş hər hansı fiziki və ya mülkiyyət formasından asılı olmayaraq hüquqi
şəxs:
1) yol-nəqliyyat hadisələrindən sürücünün sığortalanmasını təşkil etməlidir;
2) sürücülərin işini Azərbaycan Respublikasının qanunvericiliyinə, əmək və istirahət rejiminə uyğun olaraq təşkil
etməlidir;
3) sürücülərin əmək gərginliyinin və yorğunluğunun səviyyəsini azaltmağa yönəldilmiş lazımi tədbirlər
görməlidir.
II. Sürücülərinin sayı 100 nəfər və daha çox olan nəqliyyat vasitələrinin sahibləri ixtisaslaşdırılmış tibbi idarə və
sağlamlaşdırma məntəqələri, tibbi-sanitariya hissələri, poliklinika bölmələri və səhiyyə müəssisələri yaradırlar.
Sürücülərinin sayı 100-dən az olan nəqliyyat vasitələrinin sahibləri isə, onlara tibbi xidmət göstərilməsi üçün ərazi
tibb müəssisələri ilə müqavilələr bağlayırlar.